Övladınızla münasibətiniz necədir? Anlaya biləcəyi hər mövzuda fikrini öyrənib, onun da fikrinə dəyər verdiyinizi hissetdirirsinizmi? Yoxsa “çünki mən belə istəyirəm, mən sənin ananam”, “bunu eləmək məcburiyyətindəsən” kimi cümlələrdən istifadə edirsiniz? Ya da uşağınızı məyus etmək istəmədiyiniz üçün hər istəyinə icazə verirsiz? Bu davranış formalarına əsasən mütəxəssislər 4 fərqli ana modeli olduğunu söyləyir:
1. Demokratik analar / səmimi, ancaq sərt
“Çünki mən elə dedim”, “mən elə istədim” yerinə, uşağınızı dinləyir, onu anlamağa çalışır və fikirlərinə dəyər verirsinizsə;
Övladınızın inkişafı üçün müxtəlif fəaliyyətlər həyata keçirir və televizor və ya komputer qarşısında keçirdiyi müddət kimi bəzi hərəkətlərini məhdudlaşdırırısınızsa;
Evin qayda-qanunlarına nəyə görə əməl etməsi, qoyduğunuz qaydaların nə işə yaradığını ona başa salıb, onunla ortaq bir yol tapmağa çalışırsınızsa, lakin qaydalara əməl etmədiyində ona cəza deyil, xəbərdarlıq edirdinizsə;
Uşağınız sizinlə rahat şəkildə münasibət qura bilirsə, hər mövzuda düşüncələrini sizinlə paylaşa bilirsə, onu günahlandırmayacağınızı və danlamayacağınızı bilirsə;
Müstəqil bir fərd olmasına çalışırsınızsa.
Uşağa təsirləri
Araşdırmalara görə, demoktarik anaların uşaqları mübahisəli məsələləri yaxşı sonluğa gətirə bilirlər. Bu tərzdə valideynlik uşağın sağlam bir mühitdə böyüməsini təmin edir, ana və uşaq arasında məhsuldar münasibət yaradır. Demokratik anaların uşaqlarının sosial cəhətdən yetkin və məsuliyyətli olma ehtimalı daha yüksəkdir.
2. Avtoritar analar / “Mən belə istədiyim üçün”
Şərtlər nə olursa olsun uşağınızın hər zaman sual vermədən qaydalara əməl etməsinin lazım gəldiyinə inanırsınızsa;
Ona seçim hüququ vermək yerinə öz gözləntilərinizi ön sıraya qoyursunuzsa;
Tez-tez “Mən elə istədiyim üçün”, “çünki mən belə istəyirəm, mən sənin ananam” kimi ifadələr işlədirsinizsə;
İstəklərinizi elətdirmək üçün cəza verməyi vasitə olaraq istifadə edib tez-tez cəza verirsinizsə;
Övladınıza qarşı az səmimiyyət göstərir, “belə etsən səni sevməyəcəm”, “qardaşın daha ağıllıdır, onu daha çox sevirik”, “səni atıb gedəcəm” kimi cümlələrlə onu günahlandırırsınızsa.
Uşağa təsirləri
Avtoritar formada rəftar görən uşaqların məktəb sevgisinin az olduğu müşahidə edilmişdir. Belə uşaqlar avtoritar davrandığınızda səssiz qalıb, olmadığınızda isə daha təcavüzkar olurlar. Avtoritar anaların uşaqlarının özünə hörməti az, təcavüzkar və ya utancaq, sosial mühitdə çətinlik çəkən və bəzən ana yanında olmayanda uyğun olmayan davranışlara meyilli olurlar. Avtoritar tərzdəki bəzi qaydalar sağlam uşaq böyütmək üçün önəmli olsa da, qaydalar sərt olduqda uşağa zərər verə bilər.
3. İcazə verən analar / Ana deyil, dost kimi
Uşağınızın ruhdan düşməməsi üçün “xeyr”dən qaçırsınızsa, Qaydaları ümumilikdə uşağınızın hiss və istəklərinə görə formalaşdırırsızsa;
Ana olmaqdan çox dost olmağa çalışırsınızsa, Övladınızın bir şeyi etməsinə motivasiya etmək üçün şişirdilmiş mükafatlar verir və ya vəd edirsinizsə;
Sevginizi göstərməyinizin yolunun onun bütün istədiklərini vermək olduğunu düşünürsünüzsə;
“Əgər istəyirsənsə gec saatlara qədər otura bilərsən”, “Eləmək istəmirsənsə heç bir şeyi eləmək məcburiyyətində deyilsən” tərzində cümlələr qurursunuzsa.
Uşağa təsirləri:
Bu ana modelinin uşaq üçün zərərli olduğu düşünülür. Bir uşağın ən çox istədiyi ana modeli bu olsa da, verilən bu azadlıq hissi uzun müddətdə uşağa zərər verə bilər. Araşdırmalara görə, bu formada rəftar görən uşaqların alkoqollu içkilərə aludəçiliyi digər uşaqlara görə üç dəfə daha çox olduğu aşkar edilmişdir. Bu da ana-uşaq münasibətlərində sərhəd anlayışının önəmini ortaya qoyur.
4. Laqeyd analar
Övladınızın mənəvi və fiziki ehtiyacları ilə maraqlanacaq zaman tapmır, sadəcə bəsit ehtiyaclarını qarşılayırsınızsa;
Uşağınızın ev həyatı xaricində, təhsil və ya sosial həyatı haqqında məlumatınız yoxdursa;
İş və ya başqa səbəblərdən dolayı uşağınızı tez-tez yalnız buraxırsınızsa, evdən kənarda çox vaxt keçirir və onunla keçirdiyiniz zaman azdırsa;
Uşağınızın ehtiyaclarına, məktəbdəki təcrübələrinə, dostları ilə münasibətlərinə və harada nə elədiyinə münasibətsiz qalırsınızsa.
Uşağa təsirləri
Yuxarıdakılar sizə və ya tanıdığınız bir insana xasdırsa, bu uşağın zərər görmə riskinin yüksək olduğuna işarə edir.Anası ilə tərs münasibətdə olan və ya münasibətdə olmayan uşaqlar yaşıdları ilə və ya digər insanlarla münasibət qurmaqda və qurulan münasibəti davam etdirməkdə çətinlik çəkə bilirlər. Özünüzün və ya bir yaxınınızın laqeyd bir valideyn olduğunu düşünürsünüzsə, uşağın zərər görməməsi üçün məktəbin direktor və psixoloqlarından yardım almanız önərilir.
Ən yaxşısı “demokratik” ana olmaqdır, amma ki...
Mütəxəssislər 4 fərqli ana modelindən sağlam uşaq inkişafı üçün ən uyğun modelin “demokratik” ana modeli olduğunu qeyd edirlər. Bununla yanaşı bu modelləri birləşdirərək istifadə edən analar da vardır. Məsələn, uşağının dostları ilə tətilə getməsinə icazə verən ana, səbəbini açıqlamadan onun dostlarının sürdüyü maşına minməsinə icazə verməyərək avtoritar modellə demokratik modeli bir arada istifadə edir.
valideyn.az