Yatana qədər uşağın ağlamasına göz yummaq çox pis fikirdir. Bu cür ideya, bu cür məsləhət uşağa və onun inkişafına qəti lazım deyil. Uşaqlar məyus olduqda, həyəcan keçirdikdə və ya bihudə yerə (istədikləri şey olmadıqda) ağladıqda, onlar özlərinə görə məsuliyyət daşıyan böyüklərin qucağında ağlamalıdırlar. Düzdür, uşaqlar ağlaya-ağlaya yuxuya gedə bilərlər, məsələn, təzə doğulmuş körpələri analarından ayrı otağa yerləşdirdikdə bu baş verir. Amma bu həqiqi yuxu yox, psixoloji müdafiədir. Uşaq üçün ən çətini – ayrılıqdır. “Yaxşı, bəsdi, söhbəti qurtaraq, mən qapını bağlayıram” dedikdə, biz uşağı ayrılıq və həyəcanla üzləşdiririk. Bu uşaqda psixoloji müdafiə əmələ gətirir və uşaq bu səbəbdən yuxuya gedir. Lakin, bu doğru yatızdırma üsulu deyil.
Uşaqlar sakit şəkildə, rahat bir yerdə yatmalıdırlar. Eynilə bizim kimi. Əgər siz bir valideyn kimi onun yuxusunu düzgün təşkil etsəniz, bu qalan bütün münasibətlər üçün əsas rolunu oynayacaq. İki şey çox mühümdür, birincisi: biz uşaqlarla arasıkəsilməz münasibətlər qurmalıyıq. Siz uşaqların istədiyi vaxt sizinlə ola bilmə tələbini ödəməlisiniz. Odur ki, əgər onlar sizi görmürsə, heç olmasa məsələn sizi eşitmələrinə imkan yaradın. Əgər eşitmirlərsə, heç olmasa sizin qoxunuzu duysunlar. Bunun üçün öz gecə köynəyinizi uşağın yanına qoya bilərsiniz. Onunla yaxınlıq hissini başqa üsullarla təmin edin. Nəticədə onların sizə bağlılığı o qədər dərinləşir ki, uşaqlar fiziki cəhətdən yanımızda olmadan da bizimlə yaxınlıq duya bilərlər. Onlar bizə öz qəlbləri ilə bağlıdırlar. Onlar bizə bənzəmə, təqlid yolu ilə bağlıdırlar. Bu bizim əsas məqsədimizdir və biz səbrli olmalıyıq. Uşaqlar bu mərhələni ötüb keçəcək.
Digər bir məqam isə odur ki, biz onların diqqətini ayrılıq barədə fikirlərə yönəltməməliyik. Onlar xəyalən bizimlə növbəti görüşü fikirlərində canlandırmalıdırlar. Yuxu ilə bağlı problemlərdə bu, əsas məqamdır. Odur ki, daim diqqəti növbəti görüşünüz üzərində cəmləyin. Məsələn, “Yuxuda görüşərik”. Əgər bir neçə dəqiqəlik ayrılmaq məcburiyyətindəsinizsə və uşağınız ən kiçik ayrılığa belə dözə bilmirsə, o zaman taymerdə 2-3 dəqiqə vaxt qoyun və deyin: “Vaxt bitənə qədər ana qayıdacaq, ata qayıdacaq. Səni bir dəfə də qucaqlamaq istəyirəm”. Daha sonra diqqəti görüşəcəyinizə yönəltmək çox mühümdür. Tədricən uşaq sizinlə görüşmək üçün səhərin açılacağını gözləyəcək qədər böyüyəcək. Əgər ona “Yuxuda görüşərik” desəniz, o səhər soruşduqda ona onunla əlaqəli gördüyünüz yuxunu maraqlı şəkildə danışın. Tezliklə, uşaq yuxunun sizinlə yeni görüş olduğu fikrinə alışacaq və yuxuya getməyi səbrsizliklə gözləyəcək. Yuxuya getmə prosesi getdikcə asanlaşacaq.
Əgər siz bu problemi həll edə bilsəniz, uşaqlıqda meydana gələn bir çox problemləri həll edə bilərsiniz, çünki ən əsas məsələ, uşaqların diqqətini növbəti görüşünüzdə cəmləməkdir. Beləliklə, siz onun diqqətini ayrılıqdan yayındıracaq, ayrılığın qarşısını almış olacaqsınız.
Müəllif: Qordon Nyufeld
Mənbə: «Что может быть альтернативой методу “дайте ребёнку выплакаться”?»
Tərcümə edən: Xumar Ərşadlı