Rus dahiləri

Rus dahiləri

      • Lev Tolstoyun (1828-1910) belə bir maraqlı fikri vardır: «Əgər oxucuya elə gəlirsə ki, oxuduğu kitabı o da yaza bilər, deməli bu kitab yaxşıdır».
      • D.İ.Mendeleyev uşaqlıqda həmişə xəstə olub, vaxtaşırı ağzından qan gəlirdi. Həkimlər belə hesab edirdilər ki, o tezliklə öləcək. Lakin Mendeleyev 73 il yaşadı.
      • İ.İ.Meçnikov, İ.M.Seçenov, D.İ.Mendeleyev, K.E.Sialkovski və b. çar hakimiyyətinin təzyiqlərinə məruz qalaraq, universiteti və akademiyanı tərk etmişlər.
      • Bir dəfə Meçnikov mikroskop altında infuzorlara baxarkən qəribə bir hadisə olub. İnfuzorların regenerasiyasını görmüş, bunu öyrənmiş və məqalə yazıb redaksiyaya göndərmişdi. Redaksiyada məqalənin qəbul edilməsini eşitdikdə Meçnikov qorxmuş və məqaləni geri istəmişdir. Lakin artıq gec idi, məqalə dərc olunmuşdur. Onda İ.İ.Meçnikovun 16 yaşı vardı. İ.İ.Meçnikov (1845-1916) uşaqlıqda botanika ilə çox maraqlanmışdı, hətta herbarilər də düzəltmişdi. Uşaqlıqda onu «balaca alim» adlandırmışdılar. Gimnaziyada Meçnikovun istirahəti musiqi çalmaq idi.
      • Smolenski qubernatoru bir dəfə gileylənir ki, mənim barəmdə hər yerdə şayələr, böhtanlar yayılır ki, guya mən rüşvət alıram. Bunu eşidən qraf Aleksey Qriqoryeviç Orlov məsləhət görür:
        — Yaxşı olar ki, sən də mənim kimi edəsən: bax mənim barəmdə uzun müddət İtaliyada hamı danışırdı ki, guya mən yazıq qədim büstləri oğurlayıram. Elə ki, mən büstləri oğurlamaqdan əl çəkdim, bütün bu söz-söhbətlər də elə bir andaca kəsildi.....
      • A.S.Puşkin yazmışdır: «Böyük şəxsiyyətin fikirlərini izləmək özü maraqlı bir elmdir.»
        Deyilənə görə on altı dil bilən söz sehrkarı dahi Puşkin zarafatı, yumoru, gülüşü sevir və başqalarını da həmişə buna şövqləndirirdi.
        Dueldə ağır yaralanan Puşkin həkimlərin müayinəsindən sonra ona vəziyyəti haqqında dəqiq məlumat vermələrini həkimlərdən israrla xahiş edir. Vəziyyəti belə görən həkimlər böyük şairin xahişi əleyhinə çıxa bilməyib, açığını deməyə məcbur olurlar.
        Puşkinin müasirlərinin dediklərinə görə liseyə daxil olarkən şairin qeyri-adi yaddaşı varmış. O, ixtiyari şeiri iki dəfə oxumaqla onu əzbər yadda saxlayarmış.
        Puşkinin yaradıcılıq enerjisinin ən coşqun çağı onun öz nişanlısı Natalya Qonçarovadan məcburən ayrı düşdüyü unudulmaz Boldino payızında məhəbbət işgəncələrindən əzab çəkdiyinə görə təsadüf edir. O, çox qısa müddət ərzində bir sıra gözəl əsərlər yaratmışdır.
      • Məşhur skripkaçalan Henrix Venyavski Peterburq konservatoriyasının skripka şöbəsinə qəbul komissiyası üzvlərindən biri idi. Komissiyanın üzvləri, musiqi təhsili olmayan S.Abayevin skripkaçı olmaq arzusuna təəccüb etsələr də, belə qərara gəlirlər ki, onu imtahan etsinlər. İmtahanda S.Abayevdən bir hava çalmasını xahiş edirlər. O, skripkasının olmadığını bildirdikdə, imtahan verən gənclərdən birinin skripkasını alıb, ona verirlər. Sonra S.Abayev skripkada çalınan əsərlərlə tanış olmadığını söyləyir və xahiş edir ki, bir hava çalsınlar. Müəllimlərdən biri skripkada kiçik bir melodiya çalır. S.Abayev həmin musiqiyə qulaq asdıqdan sonra onu eyniylə təkrar edir. Bu zaman bir qədər mürəkkəb əsər çalırlar. S.Abayev bu əsəri də heç bir səhvə yol vermədən təkrar edir. Bunu görən H.Venyavski daha mürəkkəb bir simfonik əsər çalır. S.Abayev bu əsərə də diqqətlə qulaq asır və onu heç bir səhvə yol vermədən ifa edir. Bundan sonra S.Abayevi konservatoriyanın skripka şöbəsinə qəbul edirlər. Qüvvətli hafizəsi nəticəsində S.Abayev az müddət ərzində gözəl incəsənət əsərlərini mənimsəyir və məşhur bir bəstəkar kimi şöhrət qazanır.
      • Xərçəng xəstəliyinə tutulmuş olduğunu hiss etmiş olsa da, bu dəhşətli xəstəlik haqqında həkimlərin son qəti qərarından qorxan adlı-sanlı həkim N.İ.Piroqov düzgün hərəkət etməmiş, uzun müddət dərdini «özündən» və həkimlərdən gizlətmişdi. Həkimlər 70 yaşlı məşhur rus cərrahı N.Piroqovun üst damağındakı sağalmaz yaranın xərçəng şişi olduğunu ona söyləyərək cərrahiyyə əməliyyatı aparmağı təklif etdikdə o, ruhdan düşərək əlini hər şeydən üzmüş, yalnız xəstəliyi barəsində düşünməyə başlamışdı. Onu konsilium üçün Vyanada məşhur həkim T.Bilrota avstriyalı cərrah Piroqovun yaşının çox, orqanizmin həddindən artıq haldan düşmüş, xəstəliyin isə son mərhələdə olduğunu nəzərə alıb, ona qəsdən yaranın xərçəng şişi olmadığını demişdi. Həkimin sözü bir neçə saat içərisində Piroqovun əhvalını yaxşılığa doğru kökündən dəyişdirmiş, ona yeni qüvvə gəlmiş, xəstəliyini unudaraq daha bir il yaşamış və həkimlik praktikası ilə məşğul olmuşdu.
      • I Pyotr sərxoş adamın boynuna yeddi kiloqram ağırlığında yük asdırar və yükün üstündə bu sözü yazdırardı: «Sərxoş olduğuna görə.» Sonra isə sərxoş adamı həbsxanaya salarmışlar.
      • A.İ.Ulyanov yoldaşlarını cəzadan qurtarmaq üçün məhkəmədə çar II Aleksandrın həyatına edilən qəsdin bütün günahlarını öz üzərinə götürmüşdür.
        Aleksandr Ulyanovun edam edilməsi çar və onun ailəsi üçün çox baha başa gəlmişdir. Aleksandrın qardaşı Vladimir İliç Ulyanov (Lenin) qardaşının intiqamını almışdır.
      • Bir dəfə Kazan universitetinin professoru kimyaçı N.N.Zininin yanına bir tələbə gələrək deyir ki: «Mən təhsilimi qurtardım — Doğrudanmı?» deyə professor soruşur və əlavə edir: «Men isə hələ yenicə başlayıram.»
      • русские такие русские
      • Bir dəfə xidmətçi məşhur akademik N.N.Beketovun otağına girib həyəcan içində ona deyir: « Nikolay Nikolayeviç, kitabxananızda oğru var!» Alim məşğul olduğu işdən bir anlığa ayrılıb, xidmətçidən soruşur: «Həyəcanlanmaq nə üçün, o, hansı kitabı oxuyur?»
      • V.Q.Belinski demişdir: «Talant — ağıla, təhsilə, zəngin məlumatlara, hadisələrə və şeylərə orijinal və düzgün baxışlara əsaslanmırsa, o tezliklə fərasətsizliyə çevrilir.»
      • Q.M.Dobrova görə elmin məhsuldarlığını iki dəfə artırmaq üçün məlumat bolluğunu 8, alimlərin sayını 16, sərf olunan xərcləri isə 32 dəfə artırmaq lazımdır.
      • Deyilənə görə, ikinci dünya müharibəsindən sonra, növbəti repressiyalar zamanı marşal Budyonnının da həbs edilməsi əmri verilmişdi. Lakin marşal qabaqcadan duyuq düşmüş, öz bağ evinin çardağına pulemyot qoymuşdu. Onu həbs etməyə gələndə pulemyotu işə salmışdır. Ölən ölmüş, sağ qalanlar isə kömək dalınca qaçmışlar. Fürsətdən istifadə edən Budyonnı Stalinə zəng edərək, məsələni ona danışmışdı. Stalin ucadan gülərək demişdi: Afərin Semyon! Lap düz eləmisən! O cür də davam elə!...» Və Budyonnının həbs edilməsi öz şəxsi əmrini geri götürmüşdür.
      • Milyoner bir qadın məşhur rus rəssamı Brüllova (1799-1852) müraciət edərək şəklini çəkdirmək istəyir. Şəkil hazır olandan sonra qadın şıltaqlığa başlayır:
        — Şəkil xoşuma gəlmir, rəngləri yaxşı deyildir! — deyir. Rəssam belə cavab verir:
        — Əgər məsələ rəngdəndirsə, onda heç söz ola bilməz. Mən bu şəklin rənglərini siz yanaqlarınıza sürtmək üçün rəng aldığınız mağazadan almışam.
      • N.İ.Piroqov cəbhə xəttini keçərək düşmən ordugahı Şamilin qızğın tərəfdarı olan Maxulaunu məsciddə operasiya etmişdir.
      • P.L.Kapitsanın belə bir fikri vardır: «Elmdə aşağıdakıları həmişə müşahidə edirik: kəşf edilmiş qanunauyğunlar nə qədər sanballıdırsa, onu bir o qədər qısaca və dürüst ifadə etmək olar. Məsələn, mexanikanın əsas qanununu ifadə etmək üçün Nyutona dörd hərf kifayət etmişdir. Fotoeffektin Kvant qanuna uyğunluğunu ifadə etmək üçün Eynşteyn üç hərfdən istifadə etmişdir.»
      • Görkəmli alim, professor, terapiya və kardiologiya məktəbinin banilərindən sayılan L.L.Myasnikov tibb institutunda təhsil alan oğlunun intizamı pozduğunu eşidən kimi təcili rektorun yanına gedib onun institutdan qovulmasını inadla tələb edərək demişdi: «Belə tələbəni tibb institutunda saxlamaq olmaz, intizamsız, peşəsini bilməyən həkimin kimə xeyri var? Belələrinə insan həyatını etibar etmək olmaz. Xahiş edirəm əmrini verin.»
      • Görkəmli sovet alimi, akademik Otto Yulyeviç Şmidt 14 yaşında olarkən bütün ömrü üçün proqram tərtib etmişdi. Bu proqram onun hansı fənlər üzrə məşğul olması, necə kitablar oxuması, hansı problemlərin həlli ilə məşğul olması və fiziki olaraq necə inkişaf etməsi haqqında idi. Şmidt bütün bu işlərə nə qədər vaxt lazım olduğunu hesabladıqda 900 il almışdı. O, proqramı qısaldaraq 500 il, bir daha azaltdıqda 150 il almışdı. Bundan sonra Şmidt vaxtını dəqiqələrə qədər bölərək gərgin yaradıcı bir həyat sürmüş və nəzərdə tutulmuş bütün proqramı artıqlaması ilə yerinə yetirmişdir. Şmidt 64 il yaşamışdır.
      • Rus bolşevizmin atası Lenin demişdi: «Nə qədər ki, bıçaq rahat gedir saxlama qoy getsin, gördün ki, sümükdür saxla.»
      • Bir dəfə gecə saat üçdə, şəhər tam sükut içərisində olanda, Pavlov barmaqlarının ucunda iyirmi iki il oyanmadan yatan Kaçalkin adlı bir şəxsin çarpayısına yaxınlaşıb pıçıltı ilə deyir: «Dur ayağa!» O da durur. Bu hadisə 1920-ci ildə olmuşdur, xəstə isə 1898-ci ildə yuxuya getmişdi.
Mənbə İlyas Həsənov,Ellada Həziyevanın Əslində onlar kimdir? kitabından
Top