Dünya iqtisadiyyatına aid terminlər

Dünya iqtisadiyyatına aid terminlər

Adambaşına düşən pul gəlirləri – pul gəlirlərinin cəmini mövcud əhalinin sayına bölməklə hesablanır.
Bank – Bank termini masa mənasını verən “bansa” italyan, “banque” qədim fransız sözündən götürülmüşdür.  Fiziki və hüquqi şəxslərin pul vəsaitini depozitə cəlb etmək. Həmin vəsaiti müddətlilik və faizlə geri qaytarmaq şərti ilə öz adından və öz hesabına yerləşdirmək, fiziki və hüquqi şəxslərin  hesablarını açmaq və aparmaq əməliyyatlarının məcmusunu həyata keçirmək üçün müstəsna hüquqa malik kredit təşkilatıdır
Banknot – Dövlətin rəsmi puludur, pul sisteminin əsas maliyyə alətidir, mərkəzi bank tərəfindən tədavülə buraxılır.
Bazar – 1. Əmtəə istehsalı və tədavülü qanunları əsasında təşkil olunmuş mübadilədir, əmtəə mübadiləsi münasibətlərinin məcmusudur.2. Alıcı ilə satıcının qarşılıqlı münasibətləri mexanizmidir, başqa sözlə tələbə təklifinin münasibətləridir.3. Ölkə daxilində və ölkələr arasında,məhsul istehsalçıları ilə istehlakçıları arasında, əlaqəni təmin edən mübadilə sferasıdır.4. Malların (əmtəənin) satışı üzrə mübadilə sahəsi, meydanıdır.
Birbaşa investisiya – Fond vəsaitlərinə və ya əmlak (mülkiyyət) şəklində olan aktivlərə, investorun tələblərini ifadə edən kapital qoyuluşuna birbaşa investisya deyilir.
Brutto – İtalyan sözüdür. Xərci çıxmadan cəmi gəlir. Malın tara ilə çəkisi.
Büdcə — İngilis mənşəli söz “budget” olub çanta, torba mənasını verir, dövlət və yerli orqanlarının özünün idarəetmə üçün yönəldilmiş pul vəsaiti fondunun yaranması və xərclənməsi funksiyasını (təmin edən) maliyyələşdirən formadır.
Büdcə artıqlığı (profisit) – Müəyyən dövr ərzində büdcə gəlirlərinin büdcə xərclərindən artıq olan məbləğidir.
Büdcə kəsri(defisit) – Büdcənin xərclərinin gəlirlərindən artıq olan hissəsidir, büdcə xərclərinin gəlirlə təmin olunmayan məbləğidir. Büdcə kəsrinin maliyyələşməsi dövlət borcu, kredit və digər mənbələr hesabına həyata keçirilir. Hər bir dövlət büdcə kəsrinin müəyyənləşdirilmiş limiti keçməsinə imkan verməməyə və onu aradan qaldırmağa çalışır.
Büdcə kəsrini maliyyələşdirən mənbə iki hissəyə bölünür: daxili və xarici. Daxili mənbələr – kreditlər, dövlət istiqraz vərəqələri, qiymətli kağızlar, büdcə sudalarıdır. Xarici mənbələr – istiqraz vərəqələri, dövlət adından xarici valyutayla buraxılan qiymətli kağızlar və xarici dövlətin hökumətlərindən, bankların və firmaların, beynəlxalq maliyyə təşkilatlardan xarici valyuta şəklində daxil olan vəsaitlərdir.
Büdcə nəzarəti – Büdcə layihəsinin tərtibi, müzakirəsi, təsdiqi, icrası və icra haqqında hesabatın tərtibi prosesində büdcə vəsaitinin formalaşması, bölüşdürülməsi və ifadəsinin qanunvericilikdə nəzərdə tutulan norma, qayda və şərtlərinə əməl edilməsi vəziyyətinin yoxlanılmasıdır. Büdcə nəzarəti onun həyata keçirildiyi zaman baxımından qabaqcadan nəzarət, cari nəzarət və sonradan nəzarət şəklində olur. Büdcə nəzarəti dövlət maliyyə nəzarəti və ictimai nəzarət formalarında ola bilər.
Büdcə prosesi – Mərkəzi və yerli büdcələrin tərtibi, baxılması, təsdiqi və icrası üzrəhakimiyyət orqanlarının qanunvericiliklə reqlamentləşdirilmiş fəaliyyətidir.onun məzmunu ölkənin dövlət və büdcə quruluşu, habelə müvafiq orqanların və hüquqi şəxslərin büdcə hüquqları ilə müəyyən edilir.
Büdcə prosesi büdcə fəaliyyətinin 4 mərhələsi əhatə edir:     
  • büdcə layihəsinin hazırlanması;
  • büdcənin icrası barədəhesabatın hazırlanması və təsdiq edilməsi.
  • büdcənin icrası;
  • büdcəyə baxılması və təsdiq edilməsi;
Büdcə xərcləri – Dövlət və yerli özünüidarəetmənin tapşırıq və funksiyalarının yerinə yetirilməsi üçün maliyyələşdirilməsinə yönəldilən pul vəsaitidir.
Büdcənin gəliri – Dövlət idarəetmə səviyyəsində respublika və yerli büdcələrə büdcə və vergi sisteminə uyğun olaraq təmənnasöz və geri qaytarılmamaq şərti ilə ödənilən pul vəsaitidir.
Büdcəyə ictimai nəzarət – Büdcəyə ictimai nəzarət parlament, QHT və KİV tərəfindən təşkil eilə bilər.Azərbaycan 2006-cı ildən etibarən büdcəyə ictimai nəzarəti təşkil etmək məqsədilə bir sira QHT-lər tərəfindən Milli Büdcə Qrupu yaradılıb.
Deflyasiya – Tədavül üçün lazım olan kağız pulun miqdarını qızılın miqdarına daha çox uyğunlaşdırmaq üçün tədavüldən artıq pul kütləsinin çıxarılmasıdır.
Dempinq – Rəqabət mübarizəsi formalarından biri olub, xarici bazarlarda əmtəələrin istehsal xərclərindən ucuz qiymətə satılmasıdır.
Devalvasiya – İxracın stimullaşdırılması və əmtəə idxalının məhdudlaşdırılması üçün milli valyuta kursunun aşağı salınmasıdır.
Dolayı investisiya – Depozitdə saxlanılan qiymətli kağızlara və ya daşınmaz əmlaka yönəldilən kapital qoyuluşu formasıdır.
Dotasiya – Dövlət büdcəsindən digər səviyyəli büdcələrə (məsələn, Azərbaycan Respublikasının dövlət büdcəsindən Naxçıvan MR büdcəsinə və  yerli büdcələrə) onların gəlir və xərclərini tənzimləmək məqsədilə əvəzsiz verilən maliyyə vəsaitidir.
Dövlət borcu – Müvafiq xərclərin maliyyələşdirilməsi üçün dövlət zəmanəti ilə alınan və dövlətin öhdəliyi əsasında müəyyən edilmiş müddətlərdə qaytarılması nəzərdə tutulan maliyyə vəsaitidir.
Dünya ərazisi – Yer kürəsinin ümumi quru sahəsi 135,8 milyon km2 olmaqla yer səthinin 29,2 faizini əhatəedir.
Dünya okeanı – Sahəsi 361 milyon km2 olmaqla yer kürəsinin su sahəsinə deyilir və yer səthinin 70,8 faizini tutur.
Dünya qiymətləri – Kənd təsərrüfatı məhsulları üzrə idxal və ixrac əməliyyatlarında istifadə olunur.Onlar dünyanın aparıcı əmtəə istehsalçıları və məhsul tədarükçülərinin qiymətlərinə əsaslanır.
Eksport — Əmtəələrin (xidmətin) və kapitalın xarici bazarlara satış üçün nəql edilməsi və aparılması.
Erzonomika – İqtisadiyyatda insanın funksional imkanlarını öyrənən elm.
Əhalinin faktiki gəlirlərinin həcmi – Müəyyən dövrdə əmək haqqı, pensiya, müavinət, təqaüd və s. bu növlər üzrə təyin olunmuş məbləğ borcunun dəyişilmə həcmi qədər az və ya çox ola bilər.
Əhalinin həyat səviyyəsi – Əhalinin pul gəlirləri və xərcləri dövlət statistika orqanları və bankların məlumatları əsasında hesablanır. Əhalinin pul xərclərinə mal alınması və xidmətlərin ödənilməsi, məcburi ödənişlər və könüllü üzvlük haqları, əmanət qoyuluşlarının artımı, qiymətli kağızlar və digər xərclər aid edilir.
Əhalinin pul xərcləri – Mal və xidmətlərin alınması xərcləri, mütləq ödəmələr və müxtəlif üzvlük haqları (vergilər və yığımlar, sığorta üzrə ödəmələr, ictimai və kooperativ təşkilatların haqqları, kredit malları üzrə faizlər və s.), xarici valyutanın alınması, həmçinin qiymətli kağızlar və əmanət yığımlarının artımıdır.
Əmək – 1. İnsanın məhsul istehsal etmək üçün müəyyən məqsədyönlü fəaliyyətidir; 2. İnsanın məqsədəuyğun, şüurlu iş fəaliyyətinin nəticəsidir.
Əmək haqqı fonduna, müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün işçiyə verilən pul və ya natura formasında hesablanan əmək haqqı,qanunvericiliyə uyğun olaraq işlənilməyən vaxtda işçilərə verilən pul məbləği(məsələn hər il verilən məzuniyyət), iş rejimində və əmək şəraitində asılı olaraq  həvəsləndirici ödəmələr, əlavələr, mükafatlar və birdəfəllik mükafatlar,kompensasiya ödəmələri aid edilir.
Əsas kapitala investisiyalar — Əsas fondların yaradılmasına, təkrar istehsalına və alınmasına yönəldilmiş xərclərin məcmusudur.
Əsas kapitala yönəldilmiş xarici investisiya – Xarici investorlar tərəfindən hesabat dövründə aparılan tikinti işləri üzrə maliyyə (valyuta xərcləri) və yaxud material (avadanlıq, texnologiya) xərcləri daxil edilir.
Faktorinq – Hesabını almadan xaricə mal göndərən ixracatçının alacağının böyük bir hissəsini ( 80%-ə qədərini) yükləmədən o saat, qalanını da idxalatçıdan pulunu təhvil aldıqdan sonra faktor adı varilən bir vasitəçi bank tərəfindən ödənişini təmin edən kredit əməliyyatıdır.
Federativ dövlət – Bir dövlətin tərkibinə daxil olan dövlət təşkilatı və ya inzibati -ərazi təşkilatının dövlət quruluşu formasıdır.
“Holland xəstəliyi”. Ötən əsrin 50-60-cı illərində Şimal dənizinin Hollandiyaya məxsus hissəsindən zəngin qaz ehtiyatları aşkarlandı. Həmin yataqların mənimsənilməsi və böyük həcmlərdə qaz ixracı qısa bir müddətdə Hollandiyaya böyük valyuta axını yaratdı. Nəticədə milli valyuta sürətlə möhkəmləndi ki, bu da öz növbəsində digər ixrac yönümlü sahələrdə bir sıra mənfi nəticələrə gətirib çıxardı. Bu hadisə iqtisad elmində “Holland xəstəliyi” adını aldı. Milli valyutanın məzənnəsinin birdən-birə belə yüksəlməsi ölkədən ixrac edilmək üçün istehsal olunan məhsulların istehsal xərclərini şişirdir, daxili bazarda məhsul istehsalı əlverişsiz olur və nəticədə tez bir zamanda istehsallar dayandırılır. Eyni zamanda, bu proseslər ölkəyə hazır məhsul idxalını stimullaşdırır ki, nəticədə yerli istehsal gətdikcə sıradan çıxır. Elə bir vəziyyət yaranır ki, ölkənin ixracında mineral hasilat sənayesi məhsulları (xam neft, təbii qaz vəs.) tam üstünlük təşkil edir, əhalinin istehlak etdiyi ərzaq məhsulları və sənaye malları isə əsasən kənardan idxal edilir. Burada nəzərə almaq lazımdır ki, neft, qaz və s. kimi resursların qiyməti bazarın konyuktur dəyişikliklərindən biləvasitə asılı olduğundan, qiymətlərin kəskin düşməsi milli valyutanın da sürətlə zəifləməsinə və infilyasiya prosesinin zəifləməsinə gətirib çıxarır. Bu isə böhran vəziyyətinə düşən yerli istehsalın tənəzzülünü bir qədər də dərinləşdirir və ölkə iqtisadiyyatını uzun müddətli struktur böhrana düçar edir. Milli valyutanın kursunun belə dəyişkənliyi iqtisadiyyatın digər sahələrinin inkişafına, ölkənin investisiya cəlbediciliyinə və kredit reytinqinə, ölkəyə gələn xarici investisiyaların həcminə və s. mənfi təsir göstərir. Qeyd etmək yerinə düşərdi ki, 2004-cü ilin yekunlarına görə Azərbaycanın ixracında xam neft və neft məhsulları 90 faizdən yüksək xüsusi çəkiyə malikdir. Eyni zamanda, əhalinin başlıca ərzaq məhsullarına və sənaye mallarına olan tələbatı isə idxal hesabına dənilir.
Deməli, klassik mənada “Holland xəstəliyi” dedikdə, ölkə təbii resursların istismarına başlayan zaman onun mənfi təsirinin digər sahələrin, konkret olaraq emaledici sahələrin inkişafında müşahidə olunması başa düşülür. Akademik Ribçinskin sözləri ilə desək, neftin üstün inkişafı digər sahələrin də resurslarını özünə səfərbər edir. Beləliklə, neftdən kənar sahələrdəki kapital, material, sahibkarlıq resursları da neft sektoruna cəlb edilir. Yeganə əmək resursları ifadəsizqalaraq uzun müddətli işsizliyin mənbəyinə çevrilir.
iqtisadi terminlər
İdxal - Ölkədə istehlak etmək və ya təkrar ixrac edilmək üçün ölkə sərhədlərindən kənarlarından mal gətirilməsidir. İdxalın dəyərinin qiymətləndirilməsi SİF qiymətləri və ya mal idxal edən ölkənin franko-sərhəd qiymətləri üzrə aparılır, yəni malın qiymətinə onun dəyəri, ölkənin sərhədlərinə qədər daşınması və sığorta xərcləri daxil edilir.
İerarxiya – Aşağıdan yuxarı tabeçilik.
İnhisar – İstehsalda və bazarda hakim mövqe tutmaq, istehsalın, satışın, xidmətin böyük bir hissəsini ələ keçirmək, istehlakçiları təklif edilən şərtlərə məcbur etməkdir.
İnvestisiya – Latın sözü olub “invest” tərcüməsi “geyindirən” deməkdir. İqtisadiyyatın əsas sahələrini maşınlarla, texnika və qurğularla, texnoloji proseslərələ təchiz etməkdir. Gəlir götürmək üçün iqtisadiyyatın müxtəlif sahələrinə uzun müddətli sərmayə qoyuluşudur.
İnvestor – Özünün (eləcə də, cəlb olunmuş borc vəsaitlərinin) maddi və intelektual sərvətlərinin birbaşa və yaxud dolayı yolla investisiya obyektlərinə qoyulması barədə qərar çıxarmış subyektlər başa düşülür.
İqtisadi artım – Müəyyən dövr ərzində istər milli və istərsə də dünya miqyasında baş verən kəmiyyət və keyfiyyət dəyişikliklərinin nəticəsi kimi məhsul istehsalı və xidmətlərin həcminin artması nəzərdə tutulur.Çox zaman bu termin – iqtisadi yüksəliş, iqtisadi tərəqqi, iqtisadi inkişaf kimi də işlədilir. İqtisadi artım ÜMM və yaxud ÜDM-un həcmi ilə müəyyən edilir.
İqtisadi dinamika – İqtisadiyyatda ardıcıl inkişaf olmaqla, iqtisadi proseslərin miqdar göstəricilərinin ardıcıl dəyişməsi prosesidir.
İqtisadi fəal əhali — Bütün işləyənləri və işsizləri özündə əhatə edir. Məşğul olmayan və müəyyən dövr ərzində iş axtarmayan şəxslər əmək qabiliyyətli yaşında olan iqtisadi qeyri-fəal əhaliyə aid edilir. Bunlar yuxarı sinif şagirdləri, tələbələr, ev təsərrüfatında məşğul olanlar, xəstəyə qulluq edənlər, işləməyə ehtiyacı olmayan şəxslərdir. Bu göstərici əmək ehtiyatları balansının hesablanması yolu ilə təyin edilir. İqtisadi qeyri-fəal əhalinin dinamikası (artım və ya azaldılması) ölkədə mövcud əmək ehtiyatlarından istifadə edilməsini səciyyələndirir.
İqtisadi modelləşdirmə — Normaların (abstrakt nümunələrin) yaradılması yolu ilə iqtisadi tədqiqatların aparılması metodudur.
İqtisadi proqnoz – İqtisadiyyatın və onun ayrı-ayrı bölmələrinin gələcək inkişafını əks etdirən sistem.
İqtisadi strategiya – Hər bir ölkə üçün həyata keçirdiyi iqtisadi siyasətin mühüm tərkib hissəsinə deyilir.
İqtisadiyyat – Qədim yunan mənşəli söz olmaqla, hərfi mənada iki sözün – “təsərrüfat” və “qanun” sözlərinin birləşməsindən əmələ gəlmişdir. O, təsərrüfatçılığın qanunlar, qaydalar və normalar əsasında aparılması kimi mənalandırıla bilər.İqtisadiyyat elmi fərdi və ictimai fəaliyyətin elə bir sahəsini öyrənir ki, bu həyat şəraiti ilə sıx surətdə bağlı olan, maddi nemətlərin yaradılması və istifadəsi ilə əlaqədardır.
İqtisadiyyat – bu təsərrüfatdır, təsərrüfatçılıq üzrə elm sahəsidir və nəhayət təsərrüfatçılıq prosesilə əlaqədar olaraq insanlar arasında olan münasibətlərdir.
İqtisadiyyat — əmtəələrin (xidmətlərin) istehsalı (göstərilməsi), bölgüsü, mübadiləsi və istahlakı ilə əlaqədar olan fəaliyyəti öyrənən elmdir.İqtisadiyyat elmi məhdud resurslar şəraitində müəyyən iqtisadi məqsədə nail olmaq üçün mümkün olan variantlardan ən əlverişlisinin seçilməsi ilə əlaqədar olan insan davranışını öyrənir.
İqtisadiyyat elmi qarşılıqlı əlaqədə olan aşağıdakı 3 qrup suala cavab verən biliklər məcmusudur:
  1. Nə və nə qədər istehsal etməli?
  2. Əmtəəni necə istehsal etməli, hansı resurslardan və texnologiyalardan istifadə edərək, kim onları istehsal etməli?
  3. Kimin üçün istehsal etməli, istehsal edilən əmtəə və məhsul kimə məxsusdur, istehlakçılar arasında onlar necə bölüşdürülməlidir?
İslahat – İctimai həyatın bu və ya digər tərəfinin dəyişdirilməsi, yeniləşdirilməsi, müasirləşdirilməsi, yeni və mütərəqqi məzmunlu qayda-qanunların tətbiq edilməsidir.
İşsizlik – İqtisadi aktiv əhalinin bir hissəsinin əmtəə istehsalı və xidmətlərlə məşğul olmamasıdır.
İşsizliyin səviyyəsi – İqtisadi fəal əhalinin sayına nisbətən məşğulluq xidməti orqanlarında qeydə alınmış işsizlərin sayı.
İstehsal təyinatlı obyektlərə yönəldilmiş investisiyalar – İstehsal təyinatlı obtektlər o obyektlərə aiddir ki, onların tikintisi başa çatdıqdan sonra maddi istehsal sahəsində fəaliyyət göstərəcəklər. Belə obyektlər sənayedə, kənd təsərrüfatında, nəqliyyatda, rabitədə, tikintidə, ticarət vəxidmətdə, meşə və su təsərrüfatında mövcuddur.
İxrac – Ölkədə istehsal olunmuş və ya başqa ölkələrdən gətirilmiş malların (təkrar ixrac) ölkə sərhədlərindən kənara göndərilməsidir.
İxracın dəyərinin qiymətləndirilməsi FOB qiymətləri və ya mal ixrac edən ölkənin Franko-sərhəd qiymətləri üzrə aparılır, yəni malın qiymətinə onun dəyəri, ölkənin sərhədlərinə qədər daşınması və sığorta xərcləri daxil edilir.
İxracın idxalı örtmə faizi – İxracın həcminin idxalın həcminə nisbətidir.
Konfederativ dövlət – Müəyyən siyasi və hərbi məqsədlərə nail olmaq üçün yaradılan suveren dövlətlərin ittifaqıdır.
Konosament – Yüklərin daşınmasında dünya praktikasında hamı tərəfindən qəbul edilən standart formalı sənəddir.
Korporasiya – Latın sözü olub cəmiyyəti birlik, ittifaq deməkdir.
Kvota – 1. İngiliscə ¼ mənası kimi işlədilir; 2. Müəyyən hissə, pay, norma; 3. məhsul satışı, təchizatı, gəlirin məbləği və s. üzrə iştirakçının iştirak etmə norması.
Lisenziya – Firmanın bazarda müəyyən olunmuş fəaliyyəti həyata keçirmək hüququdur, icazəni təsdiq edən sənəddir.
Lizinq – İngilis dilindən Lease- icarə deməkdir. Binaların, qurğuların, güc maşınlarının, avadanlıqların, hseablayıcı texnikanın, nəqliyyat vasitələrinin, alətlərin, istehsal və təsərrüfat invertarların (və onların sonradan artırılmasını nəzərdə tutan) icarədir. Maşın, avadanlıqların, nəqliyyat vasitələrinin və habelə istehsal xarakterli qurğuların uzunmüddətli icarəsi, yəni investisiyalaşdırma forması deməkdir. Bütün lizinq əməliyyatları iki tipə bölünür: Operativ lizinq(tam ödənilməyən); Maliyyə lizinqi (tam ödənilən).
Maliyyə investisiyaları – Maliyyə alətlərinə, yeni qiymətli kağızlara və bank depozitlərinə yönəldilən vəsaitdir.
MAQATE – Atom enerjisi üzrə beynəlxalq agentlik. 1957-ci ildə yaradılıb (123 ölkə).
Marşal planı – 1947-ci ildə ABŞ-ın dövlət katibi C. Marşalın adını daşıyan və Avropanın dirçəldilməsini nəzərdə tutan Marşal planı o dövlətlərə yardım etmyi nəzərdə tuturdu ki, onlar həmin maliyyə yardımını istehsalın artımına və maliyyə sabitliyinin yaradılmasına sərf etsinlər; digər ölkələrlə əməkdaşlıq edərkən ticarət maneələrini azaltsınlar; nadir materialları ABŞ-a göndərilməsinə və ABŞ-ın bu ölkələrə xüsusi investisiya qoyuluşlarına mane olmasınlar. “Marşal planı”nın qüvvədə olduğu 4 il ərzində ABŞ Konqresi 13 mlrd dollar vəsait ayırmışdır.Bu vəsaiti alan dövlətlər onun 2/3 hissəsini ABŞ mallarının satın alınmasına sərf etmişdir.
Mənfəət – Kommersiya hesabı əsasında fəaliyyət göstərən müəssələrin maliyyə nəticəsidir.
Mübadilə – Əmtəənin bir istehsalçıdan digər istehsalçıya hərəkətidir və ekvivalentliyi nəzərdə tutur.
Nəqliyyatın sərnişin dövriyyəsi – Sərnişin daşınması üzrə nəqliyyatın işinin həcmidir. Ölçü vahidi sərnişin-kilometr, yəni1 sərnişinin 1 kilometrə daşınmasıdır. Daşınmış sərnişinlərin sayının onların daşınma məsafəsinə vurmaq yolu ilə hesablanır.
Nəqliyyatın yük dövriyyəsi – Yüklərin daşınması üzrə nəqliyyatın işinin həcmidir. Ölçü vahidi ton-kilometr, yəni 1 ton yükün 1 kilometrə daşınmasıdır. Daşınmış yüklərin tonla miqdarının kilometrlə daşınma məsafəsinə vurulması hasillərinin cəmi kimi hesablanır.
Netto – İtalyan sözüdür. Xalis çəkisi. Bütün xərclər çıxıldıqdan sonra qalan xalis gəlir.
Ölkənin öz istehsalı sayılan mallara, həmçinin ölkəyə gətirilən və təkrar emal olunaraq əsas kəmiyyət və keyfiyyət göstəricilərini dəyişən xarici mənşəli mallar da daxil edilir.
Orta aylıq nominal əmək haqqı – Siyahı üzrə işçilərin əmək haqqı fondunu işçilərin orta sayına bölməklə alınır.
Patent – 1. İxtiraçının yaratdığı ixtira üzərində tam nəzarətini təmin edən şəhadətnamədir; 2. Hər hansı bir fəaliyyətin həyata keçirilməsinə dövlət tərəfindən icazə verilməsini təsdiq edən sənəddir.
Pərakəndə əmtəə dövriyyəsi – Şəxsi istehlak və ev təsərrüfatında istifadə üçün əhaliyə nağd pulla satılmış istehlak mallarının dəyərini xarakterizə edir.
Prioritet – Hüquqi cəhətdən istənilən hər hansı bir fəaliyyət sferasına və ya prosesə üstünlük vermək.
Provizyon – Müştərinin hər hansı bir anda cari hesabdan çıxara biləcəyi miqdara provizyon deyilir.
Qiymət – Əmtəənin və xidmətlərin dəyərinin pulla ifadəsidir.
Qrant – Daxili və xarici mənbələr hesabına əvəzsiz verilən məqsədli maliyyə yardımıdır.
Rabitə xidmətlərinin həcmi – Elektrik rabitəsi məmulatlarının və ya poçt göndərişlərinin qəbulu, işlənilməsi, ötürülməsi və çatdırılması üzrə işlərin dəyər ifadəsində həcmidir.
Real əmək haqqı – Baza dövründəki qiymətlərdən irəli gələn cari ildə (ayda) əmək haqqına əldə edilən mal və xidmətləri xarakterizə edir. Müvafiq dövr üçün real əmək haqqının indeksi nominal əmək haqqı indeksinin istehlak qiymətlər indeksinə bölmək yolu ilə alınır.
Real investisiyalar – Maddi-istehsal ehtiyatlarının artımı, əsas fondların təkrar istehsalı məqsədilə kapital qoyuluşlarıdır.
Rentabellik – Nisbi göstərici olub müəssisənin gəlirlilik dərəcəsini, onun alınan mənfəəti hansı xərclər hesabına əldə etdiyini göstərir.
Revalvasiya – Milli valyuta kursunun başqa ölkələrin valyutalarına nisbətən rəsmi yüksəldilməsi, tədavüldə olan pulun miqdarını dəyişmədən əmtəə dövriyyəsinin artırılmasıdır.Milli valyutanın faktiki kursunun yüksəlməsidir və ya rəsmi qızıl məzmununun artırılmasıdır.
Rüsum – Vergi və yığım kateqoriyalı ödəniş növüdür.
Sekvestr – Dövlət büdcəsi, Naxçıvan MR büdcəsi və yerli büdcələrin gəlirləri yerinə yetirilmədikdə, müdafiə olunmuş xərc maddələri istisna olmaqla, büdcə ilinin qalan ayları üzrə xərclərin müəyyən olunmuş qaydada ixtisarıdır.
Səmərə – İstehsal prosesində həyata keçirilən fəaliyyətin nəticəsidir.
Səmərəlilik – istehsal fəaliyyəti prosesində alınan nəticə ilə ona çəkilən xərclərin dəyər ifadəsində müqayisə edilməsini əks etdirən anlayışdır.
Sərəncamda qalan real pul gəlirləri – Gəlirlərdən mütləq ödəmələr çıxıldıqdan sonra istehlak qiymətləri indeksi ilə nəzərə alınmaqla hesablanılır.
Subsidiya – Dövlət büdcəsindən Naxçıvan MR büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaitidir.
Subvensiya – Məqsədli maliyyələşdirmənin həyata keçirilməsi üçün dövlət büdcəsindən Naxçıvan MR büdcəsinə və yerli büdcələrə məqsədli şəkildə verilən, lakin həmin məqsəd üçün və ya müəyyən edilmiş müddətdə istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaitidir.
Tafta-Xartli qanunu – Senator Tafta və Konqresmen Xartli müəllif olduğu üçün belə adlanır. İşçilərin tətil etmək hüququ məhdudlaşdırılır.
Təbii resurslar – Torpaq, su, hava, faydalı qazıntılar, bitki və canlılar aləmi, bir sözlə təbiətin insanlara bəxş etdiyi nemətlər.
Ticarət balansı – Ölkənin ixrac etdiyi əmtəələrin dəyərlərinin idxal olunan əmtəələrin dəyərinə nisbətidir.
Transfert qiymətlər – Beynəlxalq birliklər, firmalar və transmilli korporasiyalar çərçivəsində məhsulların və xidmətlərin tədarükü müqabilində hesablama apararkən tətbiq edilən qiymət növüdür. Transfert qiymətlərin tətbiq sahələri yarımfabrikatların, detalların, komplektləşdirən məhsulların tədarükü zamanı müəyyən edilir.
Ümumi daxili məhsul (ÜDM) – Ölkənin iqtisadi fəaliyyətinin ümumiləşdirilmiş göstəricisi olaraq, son istehlakı xarakterizə edən əlavə dəyərin həcmi ilə ölçülür. ÜDM cari əsas və bazarqiymətləri ilə (nominal ÜDM) və müqayisəli qiymətlərlə (real ÜDM) hesablanır.
Unitar dövlət – Vahid konstitutsiya, vahid hüquq sistemi və vahid idarəetmə orqanı, dövlətdə iqtisadi, sosial  və siyasi proseslərin mərkəzləşdirilmiş idarəetmə sistemi fəaliyyət göstərir.
Valyuta məzənnəsi – İki milli pul arasındakı dəyişmə nisbətidir və ya xarici ölkələrin pullarının qiymətinə valyuta məzənnəsi deyilir.
Vaxtı keçmiş əmək haqqı borcları – Kollektiv müqaviləsi və bank (haqq-hesab kassa mərkəzi) tərəfindən bağlanmış haqq-hesab kassa xidməti müqaviləsi ilə təyin olunmuş müddətdə ödənilməmiş faktiki hesablanmış işçilərin əmək haqqının məbləği hesab olunur. Ikinci gündən başlayaraq geçikmə günləri sayılır.
Veksel – Bir tərəfin digər tərəfə müəyyən müddətdə nəzərdə tutulmuş pul məbləğini qeyri-şərtsiz məcburi ödənməsini və sonuncunun bu məbləği tələb etmək hüququnu təsdiq edən ciddi formalı yazılı borc öhdəliyidir.
Vergi – Dövlətin və ya bələdiyyənin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.
Xarici ticarət – Dövlətin başqa ölkələrlə apardığı ticarəti, əmtəələrin idxal və ixracını əhatə edir.
Xarici ticarət dövriyyəsi – İdxal və ixracın dəyərinin cəmidir.
Xarici ticarət saldosu – İdxal və ixracın fərqidir. Əgər ixrac idxaldan çoxdursa müsbət saldo, idxal ixracdan çoxdursa mənfi saldo adlanır.
Xəzinədarlıq – Rüsumların, vergilərin və s. toplandığı və dövlət büdcəsinin kassa icrası əməliyyatları ilə məşğul olan xüsusi maliyyə orqanıdır.
Xidmət – Elə yayılmış iş növü, iqtisadi fəalyyətdir ki, bunun nəticəsində mövcud iqtisadi obyektlərin keyfiyyəti (müstəsna hallarda kəmiyyəti də) dəyişdirilir. Buraya ictimai iaşə xidməti, təmir xidməti, informasiya xidməti, mənzil-məişət xidməti, təmir xidməti və s. daxildir.
Yığım — Fərdin pul gəlirinin istahlak üçün sərf edilməmiş hissəsidir.
Yük daşımalarının həcmi — Nəqliyyatla daşınmış yükün tonlamiqdarıdır.
Yüklənmiş malların (işlərin, xidmətlərin) həcmi müəssisənin hesablaşma hesabına pulun daxil olub-olmamasından asılı olmayaraq hesabat dövründə istehlakçilara göndərilmiş (verilmiş) malların, sifarişçi tərəfindən qəbul edilmiş sənaye xarakterli iş və xidmətlərin dəyəridir.
Top