Dərsimi yaz | Mir Cəlal

Dərsimi yaz | Mir Cəlal

Mən bir uşaq tanıyıram, hörmətli bir ailədəndir. Atası, anası onu çox sevir, əzizləyir, bir sözünü iki eləmir. İstədiyini alır, istədiyi yerə göndərir, handa bir qəşəng, bahalı libas geyindirir, addımbaşı sağına-soluna keçir, kefini soruşurlar:
— Necəsən, bala, indi ürəyin nə istəyir?
Əslinə baxsan, haqqı demək lazımdır, işlərin çoxunu ata-anadan qabaq bacılar eləyir. Bacı insan üçün böyük nemətdir, illah da ki bir qardaş olasan!
 
Bir dəstə bacı, tək bir qardaş. Tofiqin işi lap belə idi. Əvvəldən ailədə oğlan uşağı olmamışdı. Dalbadal bacılar doğulub böyümüşdü: Lalə, Bənövşə, Yasəmən, Zanbaq, Xətmi!
Axırda dəstə bacılar içində Tofiq boy atanda hər kəs onun başına sadağa deyir, hər gün bir bacının qucağından yerə düşmürdü. Atakişinin ailəsində Tofiqə, doğrudan da, bir əlamət, bir xoşbəxtlik kimi baxırdılar.
Qızların hərəsi bir məktəbə, sənətə, bir peşəyə getmiş, iş sahibi olmaq qəsdi ilə çalışdıqları halda, anası Tofiqi yanından kənara buraxmır, «bayıra çıxma, soyuq dəyər», «tərpəşmə, quyuya düşərsən», «orada oturma, buraya keç...» deyirdi.
Məktəb vaxtı gələndə hamı Tofiqi qayğı ilə əhatə edirdi. Qızlar yer-yerdən səs-səsə verib qardaşları haqqında düşünürdülər. Biri yaraşıqlı portfel alır, biri məktəb forması, üçüncüsü saat, dördüncüsü qələm, beşincisi boğazlı çəkmə.
Birinci gün məktəbə yola salanda da bacılar bir-birinə macal vermirdilər. Müəllimlə xüsusi danışırdılar:
— Müəllimə, bu bizdə tək uşaqdır, ana uşağıdır. Bunu pəncərə qabağında, dal cərgədə, ayaq altında oturtmayın! Yoxsa xətrinə dəyər, anası bizi evə qoymaz!
Qızların qayğısından, hayküyündən Tofiq özü də şübhəyə düşürdü. Aşkar görürdü ki, beş bacının bir qardaşı zarafat deyil, hər kəsə səadət qismət olmaz. Bacılar Tofiqin qulluğunda dayanmaqda bir-birinə macal vermirdilər: biri paltarını ütüləyir, biri kotlet qızardır, biri ayaqqabılarını gətirirdi...
Dərs hazırlamağa gələndə də Tofiq özünü xoşbəxt gördü: hesabını bir bacı, yazısını başqası, coğrafiyasını o birisi hazırlayıb dərsə yola salırdı. Uşaq elə öyrəndi ki, müəllimin dediyi tapşırıqları bacılarına təhvil verib səhər də hamısını hazır istəyirdi. Bəzən də hökmünü dürüst yerinə yetirməyəndə hirslənir, qışqırırdı:
— Ay qız, Lalə, götür mənim dərslərimi yaz!
— Bənövşə, sən də məsələləri hazırla!
— Yasəmən də elə misalı toplasın, niyə durmusunuz, tez olun!
Tofiqin anası hər kəsdən əvvəl qızları danlayırdı:
— Ay yaramazlar, aman-zaman bir qardaşdır, onun ürəyini niyə qırırsınız, götürüb dərsləri hazırlasanız! Di tez olun, gedin qardaşınızın dərslərini hazırlayın!
Qızlar, doğrudur, bilirdilər ki, bu dərslər Tofiqə verilib, ondan soruşulacaq, onun özü hazırlamalıdır. Ancaq qardaşlarının xətrinə, analarının xahişinə bu işlərə boyun əyirdilər. Aşağı siniflərdə Tofiqin dərslərdən kütlüyünü, tənbəlliyini biləndən sonra anasına xəbər verdilər, məsuliyyəti boyunlarından atdılar.
Bir il də üçüncü sinifdə qalandan sonra Tofiq bacılarını məzəmmət edib məktəbi atdı.
Anası, bacıları təkrar Tofiqi məktəbə cəlb etməyə çalışsalar da, fayda vermədi. Uşaq oyundan əl çəkmədi. Axırda Tofiq birtəhər montyorluq öyrəndi. O, evlərdə pozulan işıq xətlərini düzəldir, xırda qazancı ilə restoranlarda yeyib-içir, gününü keçirirdi. Bacıları bundan pərişan olsalar da, analarına bildirmək istəmir, qardaşlarının cibinə pul qoyurdular. Tofiq lap sonradan anlamışdı ki, bacılarının istəyi, qayğısı onu əməkdən, peşədən, sənətdən məhrum eləmişdir.
Atalar yaxşı deyib: «Məhəbbətdən mərəz hasil olur». «Oha» var dağa qaldırar, «oha» var dağdan endirər! Axırda bacılar bir yerə yığışıb iyirmi səkkiz yaşlı qardaşlarına bir sənət seçmək istədilər:
— Ay canım, bu gədə avara qalacaq, məktəbdən, peşədən kənarda adam olarmı? Nə zəmanədir, indi dünənki hambal isbatlı peşə, sənət sahibi olur, bu bığıburma oğlana nə olub ki, avara gəzə, görən bizə nə deyər, eyib deyilmi!
Tofiq indi montyorluq kursuna daxil olub biliyini artırmağa cəhd edir.
Gec olsa da, yaxşıdır. Uğur olsun!
Top