Çox qədim zamanlarda bir qoca qadın yaşayardı. Qadının gözünün ağı — qarası bircə oğlu vardı. Onlar meşədə bir komada yaşayardılar. Güzəranları çox ağır idi. Çox vaxt yeməyə bir parça çörək də tapmazdılar.
Oğlanın on iki yaşı tamam olan kimi anası onu uzaqlara, varlı bir evə nökərçiliyə yolladı. Oğlan mal-qaranı və qoyunları otarmağa başladı.
Bir il keçdi, oğlan bir ere zəhmət haqqı aldı, ikinci il üçün də eyni haqq aldı, üçüncü il də o birilərindən fərqlənmədi. O zaman oğlan üç il üçün bütün qazancını götürüb ağaları ilə sağollaşdı və evlərinə yola düşdü.
Oğlan sevinə-sevinə yol gedir, bu mahnını oxuyurdu:
— Üç il dalbadal çalışdım,
Üç dənə mis pul qazandım,
Sevincliyəm, çox şadam!
Gör necə də varlıyam!
Birdən, sanki göydən düşmüş kimi, qarşısına bir qarı çıxdı. Qarı üç mis pul haqqındakı mahnını eşitmişdi. Buna görə də oğlana dedi:
— Ağıllı bala, mənə bir az pul ver!
— Nə deyirəm ki, bu ədalətli olar!-deyə oğlan cavab verdi və bir eresini qarıya uzatdı.
Qarı ona təşəkkür etdi və qeyb oldu. İndi oğlanın iki eresi qalmışdı. Sonra yenə bir qarı oğlanın qarşısına çıxdı və pul istədi, oğlan verdi. Bir müddətdən sonra başqa bir qarı oğlanla qarşılaşıb pul istədi. Oğlan əlində qalan bir ereyə baxdı və qarıya tərəf uzatdı. Oğlan qəfil anladı ki, onun paltarını yamamaq üçün sap almağa da pulu qalmadı.
“Anam da məni danlayacaq, — deyə oğlan fikirləşməyə başladı.
— Yaxşıca qulaqburması verəcək… Bu da zəhmətimin haqqı!”
Birdən hardansa bir səs ondan soruşdu:
— Niyə belə acı-acı ağlayırsan, mənim balam?
Oğlan başını qaldırdı və beli bükülmüş balaca bir qarı gördü:
— Necə də ağlamayım? – deyə oğlan cavab verdi. – Üç il mal-qara otardım, əvəzində üç ere qazandım. Hansısa qarılar mənim bütün pullarımı əlimdən aldılar, indi də evdə məni yaxşıca kötək gözləyir.
— Ağlama, mənim balam, — dedi qarı. – Sən axı pullarını birinci dəfə də, ikinci dəfə də, üçüncü dəfə mənə vermisən.
Oğlan qulaqlarına inanmadı:
— Bu mümkün deyil!
— Mümkündür! Görürsən ki, qarşındayam, — deyə qarı onu inandırdı. – Hər verdiyin ere üçün sənin bir arzunu yerinə yetirəcəm. De görüm, ürəyindən nə keçir?
— Həqiqətən də çox sağ ol, — deyə oğlan gülməyə başladı. – Əgər doğru deyirsənsə, daha ağlamayacam. Görəsən səndən nə istəyim? Birincisi, elə bir pul kisəsi istəyirəm ki, içində həmişə pul olsun. Sonra, elə bir skripka istəyirəm ki, mən onu çalan kimi hamı oynamağa başlasın. Nəhayət, elə bir silah istəyirəm ki, həmişə hədəfə vursun.
— Nə deyirəm ki, bunu pis fikirləşməmisən, — dedi qarı. – Üç il ərzində qazandığın bütün pulları mənə verdiyinə görə mən də sənin arzularını yerinə yetirəcəm!
Həmin andaca oğlanın cibində pul kisəsi, çiynində tüfəng, əlində isə skripka peyda oldu.
— Çox sağ ol, — dedi oğlan. – İndi anam məni qətiyyən danlamaz!
O qarı ilə vidalaşdı və cəld addımlarla yola düşdü. Qarı isə bir qədər onun ardınca baxdı və meşəyə tərəf getdi.
Oğlan gəlib evinə çatdı, başına gələn əhvalatı anasına danışdı və qarının hədiyyələrini göstərdi.
— Tüfənglə skripkadan nə fayda, — dedi anası. – Amma pul kisəsi işə yarayar! Baxım, içində pul var? pul olsaydı, şəhərə gedib şam yeməyi üçün bir kömbə çörək, bir bardaq da süd alardım.
— Bir kömbə çörək, bir bardaq süd! – deyə oğlan gülməyə başladı.
— Niyə belə az! Yaxşısı budur, sən bir kisə un, iki pud da donuz piyi al, onda qarnımızı yaxşıca bərkidə bilərik!
— Ay səni avam, — ana başını yellətdi. – Bir kömbə çörəyə, bir bardaq südə pul çatsa odur ki, var. Pul kisəsini mənə ver görüm!
— İndi, — deyə oğlan cavab verdi. – Önlüyünü tut görüm, anacan!
Oğlan pul kisəsini açdı və önlüyün içinə cingilti ilə gümüş pullar tökülməyə başladı.
— Dayan! – deyə önlüyü gümüş pullarla dolan ana qışqırdı. – Bir az da gələn səfər üçün saxla!
— İndi isə şəhərə get və sənə dediklərimi al, — dedi oğlan. – Evə də araba ilə qayıt. Qayıdanda yenə pulumuz olacaq.
Qarı önlüyünü düyünləyib yola düşdü. Bir kisə un, iki pud donuz piyi alsa da, pulu azalmadı. O zaman o dükanları gəzməyə başladı. Xoşuna gələn mallardan alır, əlini önlüyünə atır, ordakı gümüş pullardan bir ovuc götürüb dükan sahibləri ilə hesablaşırdı.
Əlbəttə ki, bu, insanların gözündən qaçmadı, onlar qadına baxaraq pıçıldaşmağa başladılar.
— Bu qarıya nə olub? Görəsən bu pullar onda hardandır?
Bir-biriləri ilə məsləhətləşib burqomistrin yanına getdilər. Burqomistr əlbəttə ki, dərhal qarının kimi isə soyduğunu fikirləşdi. O öz mundirini geydi, lələkli şlyapasını başına qoydu, par-par parıldayan çəkmələrini ayağına taxdı, keşikçiləri çağırdı və meydana yola düşdü. Qarı isə hələ də dükanları gəzir, mallara baxırdı.
— Kral adından səni həbs edirəm! – deyə burqomistr qışqırdı.
Qarı söylənərək heç bir günahı olmadığını, pulları ona oğlunun verdiyini dedi. Amma onun bu sözləri əbəs idi.
— Boş-boş danışma, — dedi burqomistr. – Yaxşısı budur boynuna al! Yoxsa səni qazamata salaram, ömrün boyu ancaq su və çörək yeyərsən.
Qarı nə qədər ağlasa da, günahsız olduğunu söyləsə də ona heç kim inanmadı. Keşikçilər onu tutub burqomistrin evinə gətirdilər. Orda onu balaca bir otağa saldılar, burqomistr özü öz əli ilə qapını qıfılladı. Bütün şəhər sakinləri sorğu-suala çağrıldılar.
Çox keçmədən burqomistrin evində adam əlindən tərpənmək olmurdu. Evin içinə yerləşməyənlər eyvanda və həyətdə gözləməli olurdular. Nəhayət hamı yığışdı, burqomistr onlara dedi:
— Qoy bu gün qarət edilən qabağa çıxsın. Biz onun pullarını özünə qaytarar, oğrunu isə cəzalandırarıq.
Hamı ağzını açıb sonra nə olacağını gözləyirdi. Heç kim qabağa çıxmırdı. Burqomistrin üzü getdikcə daha çox qizarır, insanlar çaşqınlıq içində bir-birilərinin üzünə baxırdılar. Məlum oldu ki, heç kim qarət olunmayıb, heç nə itirməyib. Buna görə də heç kim qarını oğurluqda günahlandırmadı. Amma heç kim qarıda bu qədər pulun olmasını başa düşə bilmirdi.
Bunlar burda qalsın, sizə kimdən deyim, kimdən danışım, qarının oğlundan. Oğlan şəhərə gedən anasının yolunu gözləməyə başladı. Artıq acmışdı, lakin qarı gəlib çıxmaq bilmirdi. O zaman oğlan tüfəngini və silahını götürüb şəhərə yollandı. Şəhərə çatıb mat qalmışdı – küçələrdə bir ins-cins gözə dəymirdi, yalnız burqomistrin evinin yaxınlığında səs-küy gəlirdi. Oğlan yolunu ordan saldı, qapıya yaxınlaşdı və sakitcə evə girdi.
Baxıb nə görsə yaxşıdır: anası taxta skamyada oturub, qarşısında burqomistr durub, başını qaşıyır.
— Anam nəsə pis iş görüb? – deyə oğlan soruşdu. – Onu niyə həbs etmisiniz?
— Onun çoxlu təzə gümüş pulu var, — deyə burqomitr cavab verdi. Amma mən heç bir şey anlamıram – məlum oldu ki, heç kim heç nə itirməyib!
— Siz bəlkə elə düşünürsünüz ki, anam bu pulları oğurlayıb? İndi mən sizı sübut edərəm ki, səhv edirsiniz. Şlyapanı tut görüm!
Burqomistr şlyapanı uzatdı, oğlan pul kisəsini açdı və ordan cingilti ilə gümüş pullar tökülməyə başladı.
— Bax belə, — dedi oğlan. – İndi isə bu pulları böyüklərə də, kiçiklərə də bərabər payla. Anamı isə azad et! Madam ki, hamınız bir yerə yığılmısız, bəlkə oynayaq?
— Sən çala bilirsən? – deyə oğlanlar və qızlar qışqırmağa başladılar.
— Bilirəm, bilirəm, -deyə oğlan cavab verdi. O skripkasının yayını qaldırdı və elə şən polka çalmağa başladı ki, otaqda olan masalar da, stullar da rəqsə qoşuldular.
Bu vaxt burqomistrin kiçik qızının yatdığı beşik yelləndi və burqomistrin şlyapasını əlindən yerə saldı. Gümüş pullar ətrafa səpələndi və bir həngamə başlandı ki, gəl görəsən! Adamlar bir-birilərini itələyir, sıxışdırır, daha çox pul toplamağa çalışırdı. Bir mərəkə qopdu ki, dalaşır, sözləşir, bir yandan da oynayırdılar.
Nəhayət burqomistr oğlana çalmağı dayandırmağı söylədi. Bütün pulları yığıb ona verməyə hazır idi, təki, o daha çalmasın.
— Onlar nəyimə lazımdır ki? – deyə oğlan cavab verdi. – İstəsəm ondan da çox pulum olar.
Oğlan onları yetərincə yorduqdan sonra çalmağı dayandırdı.
— İndi isə anama dükandan aldıqlarının hamısını qaytarın, — dedi oğlan. — Bugünlük bəsinizdir.
— Burqomistr məlum işdir ki, canını oğlandan və anasından tez qurtarmaq üçün digər insanlara kömək etməyə başladı. Kimisi qarının aldıqlarını axtarırdı, kimisi araba dalınca getdi. Ana və oğul evə əsl ağa və xanım kimi qayıtdılar, un kisəsini və iki pud donuz piyini də evə gətirmişdilər, daha nə lazım idi ki?
Günlərin birində, səhər tezdən oğlan meşəyə yola düşdü. Meşədə gəzən vaxt şam ağacının təpəsində tetra quşunun oturduğunu gördü.
“İndi tüfəngimi sınaya bilərəm, — deyə oğlan fikirləşdi. – Görüm qarı məni aldatmayıb ki!”
O tüfəngini qaldırdı, başqa tərəfə çevirib tətiyi çəkdi. Atəş səsi gəldi və tetra quşu daş kimi şam ağacından tikanlı kolların üstünə düşdü. Elə bu vaxt meşədən rahib keçirdi. O atla monastra tərəf gedirdi.
— Ay səni lənətə gəlmiş oğru! Sən nə cürətlə burda icazəsiz ov ovlayırsan? – deyə oğlan cavab verdi. – Gülləni kimə atırdın?
— Tetra quşuna, — deyə oğlan cavab verdi. – O şam ağacında oturmuşdu. İndi isə tikanlı kolluğa düşüb. İstəyirsən onu özünə götür. Mənə tetra quşu lazım deyil. Amma danışanda bir az nəzakətli ola bilərdiniz.
— Sənə hələ bir söz də qaytarırsan! – deyə rahib acıqlandı. – Sənin yerin dar ağacıdır! Amma bir az gözlə, əvvəl tetra quşunu götürüm, yoxsa uçub gedər.
Rahib tetra quşundan hazırlanan qızartmanı çox sevirdi, belə nahar barədə fikirləşən rahibin ağzı da sulandı. Rahib atından düşdü, onu ağcaqayın ağacına bağladı, özü isə ehmalca kolluğa yaxınlaşdı. Əlini uzadıb tetra quşunun qanadından tutdu.
Amma bu an oğlan skripkasını götürüb çalmağa başladı. Rahib kolluqda hoppanıb düşməyə başladı, ancaq tetra quşunu da əlindən buraxmırdı. Quşun lələkləri uçuşdu, rahibin cübbəsi parça-parça oldu, özü isə qorxudan iyrənc bir səslə qışqırırdı. Ağacın yanında durmuş at da oynayırdı. Nəhayət at ipləri qırdı və qaçıb uzaqlaşdı.
— İndi bilərsən günahsız adamları oğru adlandırmaq necə olur, — dedi oğlan və daha da şövqlə çalmağa başladı.
— Dayan, dayan! Mən bir də eləməyəcəm! – deyə rahib qışqırdı. – Heç vaxt!
— Bax indi siz müqəddəs ataya yaraşan tərzdə danışırsınız! – deyə oğlan cavab verdi. – Bir də söz ver ki, bu rəqsə görə hayıf almayacaqsan.
— Söz verirəm, söz verirəm! – deyə rahib tövşüyə-tövşüyə söylədi. – Mən səni öz oğlum kimi sevməyə söz verirəm, təki daha çalma!
Oğlan skripkanın yayını aşağı saldı. Rahib isə arxasına belə baxmadan qaçmağa başladı, izi-tozu da qalmadı. Nə qədər tələssə də tetra quşu əhvalatını unutmadı.
Qaçıb monastra gəldi, çarpayısına uzandı, yaralarını, sıyrıntılarını saymağa, oğlandan hayıfını necə almaq barədə düşünməyə başladı.
— Düzdür, mən bu avaraya heç bir pislik etməyəcəyimə dair söz vermişəm, — deyə rahib fikirləşdi. – Amma bir var başın dərddə olanda söz vermək, bir də var ki, təhlükə sovuşduqdan sonra onu yerinə yetirmək!
Rahib sağaldıqdan sonra abbatın yanına şikayətə getdi. Abbat öz növbəsində yepiskopa, yepiskop isə arxiyepiskopa, arxiyepiskop isə krala şikayət etdi. Axı tetra quşu ilə baş çıxarmaq ruhanilərin işi deyildi.
Kral hiddətləndi, oğlanı tutub edam etməyi əmr etdi. Oğlanı kral sarayına gətirdilər, orda isə artıq adam əlindən tərpənmək olmurdu. Kralla kraliça taxtda oturmuşdular. Onların arasında isə şahzadə qız əyləşmişdi. Şahzadə qız çox qəmli idi, təkcə onun bu zavallı oğlana yazığı gəlirdi.
Rahib də burdaca durub, sevinclə əllərini bir-birinə sürtürdü. Nəyahət oğlandan hayıfını ala biləcəkdi.
Kral işarə etdi və oğlanı dar ağacının yanına apardılar. Birdən oğlan üzünü kral ailəsinə tərəf çevirdi və nəzakətlə baş əydi.
— Ey qüdrətli kral! – dedi oğlan. – Bilirəm ki, dar ağacından asılmağa məhkum edilmiş insanların son arzusu yerinə yetirilməlidir. Mənim də balaca bir arzum var. Əgər siz, əlahəzrət onu yerinə yetirsəniz, mən rahat və sevinclə ölə bilərəm.
— Sən deyən olsun, — deyə kral cavab verdi. — Arzunu yerinə yetirməyə söz verirəm. Öz kral tacıma and içirəm!
— Bir çoxları dar ağacından asılmazdan əvvəl nitq söyləyirlər, — dedi oğlan. – Mən gözəl danışmaq qabiliyyətinə malik deyiləm. Axı mən yalnız kasıb bir musiqiçiyəm. Lakin sonuncu dəfə öz skripkamı çalmaq istəyirəm. O mənim dostum idi və çox xoşbəxt günlərimin şahididir. İcazə verin onunla sağollaşım.
— İcazə verməyin! — deyə rahib qışqırdı. – Skripkanı çalmağa ona icazə verməyin! Əlahəzrət, onun arzusunu yerinə yetirməyin!
Rahib krala tərəf qaçıb onun ətəyindən yapışdı. Lakin kral qaşlarını düyünlədi və rahibə sərt bir nəzər saldı.
— Sən oğlanı cəzalandırmağı tələb edəndə mən səninlə mübahisə etmədim, — dedi o. — Necə demişəmsə elə də olacaq. Hər şeyin bir həddi olmalıdır. Bircə o qalmışdı ki,onun belə əhəmiyyətsiz arzusunu yerinə yetirməyək. Bu çoz ədalətsiz və insafsız bir hərəkət olardı!
— O zaman, əlahəzrət, əmr edin məni bax o şam ağacına bağlasınlar. Mən onun skripkasından artıq payımı almışam!
— Məmnuniyyətlə! — deyə kral başını tərpətdi və saray adamlarına işarə etdi.
Rahibi möhkəm iplərlə şam ağacına bağladılar, oğlan skripkasının yayını qaldırıb çalmağa başladı.
Həmin an hamı oynamağa başladı. Kralla kraliça da, gözəl şəhzadə qız da rəqs edərək hərlənir, saray əhli hoppanaraq oynayır, camaat atılıb-düşürdü.
Hamıdan çox rahib əziyyət çəkirdi. O quru öküz dərisi kimi şam ağacı boyunca yuxarı-aşağı sürünürdü.
Əlbəttə ki,bu hal kralı hiddətləndirdi.Axı o camaatın gözü qabağında hoppanmalı olurdu.
— Dərhal çalğını dayandırmasan, — deyə o qışqırdı, — səni elə indicə asdıracam!
— Məni onsuzda asacaqlar, — deyə oğlan cavab verdi, — amma əvvəlcə öz skripkamla vidalaşmaq istəyirəm.
— Mən səni bağışlayaram, ancaq çalğını dayandır! — deyə hələ də rəqs edən kral çığırdı.
— Bax, bu başqa məsələ, — dedi oğlan, — amma mən hələ doymamışam, bir az da çalmaq istəyirəm. Sonra bacarsanız məni nə qədər istəniz asa biləcəksiniz!
— De görüm daha nə istəyirsən? — deyə kral tövşüyə-tövşüyə soruşdu və dabanı üstə hərlənməyə başladı. Ürəyin istədiyini verərəm!
— Çox sağ olun, — dedi oğlan və təzim etdi. — O zaman gözəl şahzadə qızını, üstəlik var-dövlətinin yarısını da mənə ver!
— Axı mən onu Portuqal şahzadəsinə verməyi vəd etmişəm, — deyə kral qışqırdı və bir ayağı üstə döndü. — Əgər vədimi pozsam, o mənə müharibə elan edər. Mən nə edə bilərəm ki?
— Buna görə narahat olmayın, — deyə oğlan cavab verdi. — Onun öhdəsindən asanlıqla gələ bilərik, skripkama and olsun!
— Necə istəyirsən elə də et, — dedi kral. — Mən hər şeyə razıyam, yalnız çalğını dayandır.
O bir ayağı üstə fırfıra kimi elə fırlandı ki, onun sincab xəzindən olan arxalığı bədəninə yapışdı.
— Hə indi bir az da dincələ və işlərimiz barədə danışa bilərik. — dedi oğlan və çalğısını dayandırdı.
Adamlar ayaq üstə güclə durmuşdu, rahib isə elə ciddi cəhdlə ağac boyu sürünmüşdü ki, iplər davam gətirməmişdi. İplərdən azad olan rahib dabanlarına tüpürüb monastıra tərəf götürüldü.
Oğlan isə saraya getdi və şahzadə qızla nişanlandı. Demək lazımdır ki, şahzadə qızın qüssəsindən əsər-əlamət qalmamışdı.
Bunu Portuqal şahzadəsi öyrəndi, böyük qoşun toplayıb yürüşə çıxdı. Oğlan öz tüfəngini və skripkasını götürüb onların qabağına çıxdı.Tüfəngdən atəş açıb skripkasını çalmağa başladı.Bir mərəkə qopdu ki, gəl görəsən! Kimisi atəş səsini eşidən kimi dərhal həlak olur, digərləri oynamaqdan halsız düşürdülər! Bu minvalla qoşun pərən-pərən düşdü.
Bu hadisədən sonra da toy çaldırdılar. Krala ağıllı kürəkən, şahzadə qıza isə yaxşı ər qismət oldu. Krallıqda hamı buna sevinirdi.
Oğlanın anası da toyda şənləndi və oğlunun yerinə sevindi. Oğlan anasından soruşdu:
— Anacan, indi bizimlə birlikdə yaşayacaqsan, elə deyilmi?
— Qətiyyən olmaz! — deyə qarı cavab verdi. — Mən öz sobamdan və köhnə çarpayımdan əl çəkmərəm!
Oğlan anasının sözünü iki eləmədi — axı o yaxşı oğul idi.Yalnız ertəsi gün o ustaları anasının komasını qaydaya salmağa göndərdi. Sobaya və çarpayıya dəymədilər, onların ətrafında isə yeni divarlar hörməyə, yeni döşəmə vurmağa başladılar. Damı da yaddan çıxarmadılar.
Koma əsl saraya çevrildi, adamlar isə oranı Saman qəsr adlandırdılar.
Qarı ölənə kimi həmin qəsrdə şad-xürrəm ömür sürdü. Qarı keçən yay vəfat etdi, o səksən yeddi il, üç ay və doqquz gün yaşadı.