Hans Xristian Andersen

Hans Xristian Andersen

Hans Xristian Andersen dünyanın ən məşhur nağılçılarından biridir. O, “Çirkin ördək balası”, “Çaxmaq daşı”, “Kibritçi Qız”, “Qalay əsgər”, “Düyməcik”, ”Su pərisi”, “Qar kraliçası”, “Kralın təzə libası”, “Noxud üstündə yatmış şahzadə qız” və başqa nağılları ilə məşhurdur. Andersenin nağılları özünəməxsus xüsusiyyətləri və qeyri-adilikləri ilə seçilir. Amma dahi nağılçının həyatı heç də nağıllardakı kimi olmamışdır. Adi bir başmaqçı olan atası oyuncaq hazırlamağı çox sevərdi.

Atasının həyatdan erkən köçməsi ilə Hans uşaqlıq çağları ilə vaxtından əvvəl vidalaşmış və işləməyə məcbur olmuşdur. Daha sonra Hans Kopenhagenə köçmək qərarına gəlir. O, bütün asudə vaxtını kitabxanada keçirirdi. Beləliklə, Hans Kopenhagen universitetinə daxil olur və yazıb-yaratmağa başlayır. Onun əsərləri nəşr olunur və teatrlarda səhnələşdirilir.

Bu zaman Hans şəxsi həyatında ilk zərbəni alır. Belə ki, onun sevdiyi qız valideynlərinin təkidi ilə başqa biri ilə ailə qurur. Bu hadisədən kədərlənən Hans Xristian Andersen qəlbindəki yaraları sağaltmaq ümidi ilə Kopenhageni tərk edir. Lakin nə uzaq məsafələr, də nə zaman Andersenə kömək edə bilmir. Məşhur yazıçı olmaq ümidi ilə yaşayan Hans çoxlu əsərlər yazır və böyük qazanc əldə edir. Onun nağılları ilk dəfə Fransada, sonra digər ölkələrdə tanınır, yalnız bundan sonra yazıçının vətəni Danimarkada sevilir. Uşaqlar Andersenin nağıllarını əzbərləyir və bütün tanışlarına danışırdılar.

Andersen bütün həyatını tənha keçirdi, tənha və bədbəxt bir insan olaraq həyatdan köçdü. Amma dahi yazıçı özündən sonra zəngin irs — qeyri-adi və möhtəşəm nağıllar qoyub getdi.
Top