Azad ruhlu uşaqların yazarı - Astrid Lindgren

Azad ruhlu uşaqların yazarı - Astrid Lindgren

XX əsrin əvvəllərində İsveç uşaq ədəbiyyatı
Astrid Lindgren 1907-ci ildə anadan olmuşdu. İsveçdə uşaq ədəbiyyatının onun adı ilə başlandığı hesab olunur. Ancaq bu doğru deyil: Lindgren anadan olanda İsveçdə artıq görkəmli uşaq yazıçıları və gözəl uşaq ədəbiyyatı var idi. Məsələn, Selma Lagerlöf-un “Nilsin vəhşi qazlarla möhtəşəm səyahəti” əsərini göstərmək olar. Bu pedaqoji roman uşaq ədəbiyyatının klassikasıdı: O, yazıçıların niyə uşaqlar üçün xüsusi əsərlər yaratmağa başladıqlarını parlaq şəkildə əks etdirir. Bu, ilk növbədə böyüklərə lazım idi – uşağa çox vacib məsələləri anlatmaqdan ötrü vəsait qismində.

Selma Lagerlöf müəllimə idi və məhz, öz işi gərəyi maraqlı mətnlər uydururdu. Yuxarıda adı çəkilən nağılı da sadəcə ölkə coğrafiyasını uşaqlara əyləncəli şəkildə izah eləməkdən ötrü yazmışdı. Qazlar bir məkandan digərinə uçduqca həmin məkanda hansı şəhərlərin yerləşdiyindən, flora və faunasından danışmaq mümkün idi. Tədris ideyası ilə yanaşı bu kitab həm də tərbiyəvi əhəmiyyət daşıyırdı. Əsərin əvvəlindəki və sonundakı Nils – iki fərqli oğlandı. Selma Lagerlöf deyir ki, insanın elə-belə, durduğu yerdə dəyişməsi mümkün deyil. Yalnız nə isə yaşayandan, müəyyən sınaqlardan keçəndən sonra dəyişmək olar. Yalnız şəxsi təcrübə insana dəyişmək imkanı verir.

Astrid Lindgrenin İdeyası nə idi?
Bəs Astrid Lindgreni nə dəyişmişdi? Məlum olduğu kimi o, qızı doğulandan sonra uşaqlar üçün yazmağa başlayıb. O vaxta qədər Lindgren jurnalist, makinaçı işləmişdi, pulunu bacardığı kimi qazanmışdı. Asrtridə qədər böyüklər üçün yazan istənilən yazıçı paralel olaraq uşaqlar üçün də yazmağı özünə borc bilirdi. Astrid Lindgren yalnız uşaqlar üçün yazan ilk müəllif idi. Bu o demək deyildi ki, o, böyükləri həyatından silmişdi, əksinə, böyüklər onu çox maraqlandırırdı.

Bizdən fərqli olaraq, isveçlilər Lindgrenin “Karlson”unu yox, “Uzuncorab Peppilotta”sını sevirlər. İkinci yerdə isə “Lyönneberqli Emil” gəlir. Deyilənə görə, isveçlilər Karlsonu, ümumiyyətlə, sevmirlər. Bu damda yaşayan dəcəl, şuluq balaca isveç valideynlərinin xoşuna gəlmir.

“Uzuncorab Peppilotta” – qeyri-adi gücə sahib, bütün qaydaları pozan 11-12 yaşlı qızcığaz haqqındadı. O, tək, valideynlərsiz yaşayır, yaşıdları kimi geyinmir. Bu əhvalatın əsas ideyası aşağıdakı parçada gizlənib:

“Peppi bir ayağı səkidə, bir ayağı yolda küçəboyu addımladı. Tommi və Annika gözlərini ondan çəkmirdilər, ancaq o, döngədə gözdən itdi. Qız tezliklə geri qayıtdı, amma bu dəfə dal-qabaq yeriyirdi. Üstəlik ona görə belə yeriyirdi ki, evə dönmək qərarına gəlsə də, çevrilməyə tənbəllik eləmişdi. Peppi, Tommi ilə Annikanın çəpərinə çatanda dayandı. Uşaqlar bir dəqiqə səssizcə biri-birilərinə baxdılar. Nəhayət, Tommi dedi:

Sən niyə xərçəng kimi dal-qabaq gedirsən?

Niyə xərçəng kimi yeriyirəm?- Peppi sualı təkrarladı. – Elə bil ki, biz azad ölkədə yaşayırıq, düzdü? Məgər hər insan istədiyi kimi yeriyə bilməz? Ümumiyyətlə, əgər bilmək istəyirsənsə, Misirdə hamı belə yeriyir, heç kim də bir qram da təəccüblənmir”.

Astrid Lindgren uşaq ədəbiyyatında, məhz, bunu eləmişdi: onu uşaqların, istədiklərini eləmək hüquqlarının manifestinə çevirmişdi.

Şəxsi travma
Astrid kəndli ailəsində doğulmuşdu və asan yaşamamışdı. O, böyüdüyü müddətdə ailəsi kifayət qədər ağır zamanlardan keçməli olmuşdu. Uşaq çox idi, hamısını yedirtmək lazım idi. Ancaq bir müddət sonra əvvəllər həddindən artıq yoxsul olan ailə öz maddi vəziyyətini elə yaxşı düzəltmişdi ki, nəinki uşaqları, evlərində yaşayan bütün muzdlu fəhlələri doyunca yedizdirə bilirdilər.

Astrid aclıq çəkən, ancaq isveçlilərin zəhmətkeşliyi sayəsində özünü toplayıb, çiçəklənən ölkəyə çevrilən İsveçdə dünyaya gəlmişdi. O, son dərəcə dindar ölkə idi (hərçənd indi də elədir). Həddindən artıq sərt qayda-qanunları, ənənələri, ailə kultu vardı, eyni zamanda inanılmaz zəhmətsevər və məqsədyönlü idi.

Astrid 16 yaşında yerli qəzetdə jurnalist işləməyə başlayır. Onun anadangəlmə ədəbi istedadı, yazmaq qabiliyyəti vardı, amma vərdiş elədiyi mühitdən ayrılıb tamamilə fərqli bir dünyada işləyərkən əksər gənc qızların başına gələn ondan da yan keçmədi: hamilə qaldı. Astrid nigahdan kənar uşağı valideynlərinin evində doğa bilməzdi, buna görə də Stokholma yollandı. Orda makinaçı işi tapdı və ev kirayələdi.

Gənc qız özünü təmin eləyə bilmirdi, bəs körpəni necə, harda saxlayacaqdı? Bu sualın cavabını axtararkən gələcək yazıçı, kopenhagenli bir qadınla tanış olur. Qadın, Danimarkada körpəni qəbul edəcək və anası maddi vəziyyətini düzəldənə qədər ona baxacaq bir ailə tapır. Danimarkada belə ailələr çox idi və bu, körpədən imtina eləmək, onu övladlığa vermək demək deyildi. Sadəcə çətin vəziyyətdə olan qadına yardım məqsədi daşıyırdı.

Uşağın 3 yaşı tamam olanda Astrid onu geri alır və kəndə, öz valideynlərinin yanına qayıdır. Keçən üç il ərzində o, həm özünü, həm də övladını təmin edə biləcək qədər pul toplamağı bacarmışdı. Lakin təbii ki, travma qalmışdı: övladından ayrılmaq istənilən qadın kimi ondan ötrü də böyük faciə idi və onu geri almaq üçün xeyli mübarizə aparmışdı.

Lindgrenin sonrakı həyatı kifayət qədər uğurlu olur: o, ərə gedir, bir qızı olur, xoşbəxt yaşayır. Elə bu şəxsi əmin-amanlıq da ona istedadını üzə çıxartmağa yardım edir.

Yazıçını yetmiş yaşında çəkdirdiyi bir şəkil var. Həmin şəkildə o, ağaca dırmaşır. Onun üçün hətta yaşlı vaxtında da ağaclara çıxa bildiyini, uşaqlığını itirmədiyini göstərmək çox vacib idi.


İ.Y.Novitskaya “Astrid Lindgrenin bədii dünyasının yaranması” adlı monoqrafiyasında sübut edir ki, yazıçı, bütün dəcəl qəhrəmanlarını öz uşaqlığından köçürüb.

Kitablar
 İsveçdən kənarda Astrid Lindgrenin ən məşhur əsəri “Damda yaşayan Karlson”du. Yazıçının digər əsərləri “Quldur qızı Roni”, “Lyönneberqli Emil”, “Avara-Rasmus”, “Mio, mənim Miom” keçmiş sovet ərazisində yazıçının ən geniş yayılmış əsərləridi.

Astrid fantastik məhsuldarlığı ilə fərqlənirdi, son dərəcə çox yazırdı. Onun əsas mövzuları hansılar idi? “Balaca Nils Karlson” və “Meşədə quldur yoxdu” əsərlərini götürək. Bu kitablar, uşaqlıqlarını tənha keçirməyə məcbur olan balacalar haqqındadı, yəni öz oğlu Larsın hekayətidi.

“Balaca Nils Karlson” “Damda yaşayan Karlson”dan xeyli əvvəl yazılıb. Bu, valideynləri işdə olanda məcburən evdə tək qalan oğlanın əhvalatıdı. Oğlanın bacısı ölüb. O, bütün günü evdə tək oturur, heç yerə çıxa bilmir və başını necəsə qatmalıdı. Beləcə onun sehrli dostu peyda olur. Dost çox balacadı və kiçik bir qapının arxasında yaşayır. Buna görə də uşaq, bacısından qalan bütün əşyaları ona verir.

Bu əsər, sözügedən şərtlərdə yaşamağın uşaq üçün necə çətin keçdiyini, həyatının nələrdən ibarət olduğunu göstərir. Özü də balaca varlı ailədən deyil, Astridin öz ailəsi kimi sadə ailənin nümayəndəsidi. “Meşədə quldur yoxdu” əsəri də, təxminən, eyni mövzudan bəhs edir, ancaq orda əsas qəhrəman balaca qızdı.

Ancaq mənim üçün Lindgerinin ən maraqlı əsərləri “Biz hamımız Byüllerbyudanıq” və “Saltkroka adasında” əsərləridi. Burda ailə mövzusu ilk dəfə peyda olur: diqqət uşaqlardan övladla valideyn münasibətlərinə, ailənin necə qurulduğuna, böyüklərlə balacaların qarşılıqlı münasibətlərinə keçir. Bu əsərlərdə əhvalatlar hələlik tamamilə problemsiz və sakitdi. Nəsə baş verəndə də adi məişət problemi çərçivəsindən çıxmır: evdə işıqlar sönür, kimisə arı sancır. Ən təhlükəli hadisə o olur ki, məsələn, uşaqlar qayıqda üzərək uzaqlaşırlar və bir müddət geri qayıda bilmirlər, amma elə həmin fəslin sonunda hər şey yaxşı bitir. Bu kitablar dünyanın uşaqlara müsbət yanaşdığı haqqındadı. Valideynlərin buraxdıqları səhvlər də əhəmiyyətsiz və zərərsiz olur.

Lindgrenin əsərləri sayəsində İsveç ədəbiyyatında uşaqlarla bağlı yeni bir yanaşma meydana çıxmışdı: Uşaq, özbaşına veyillənən avara Rasmus, Oliver Tvist deyil, ailədi. Uşağa kömək eləmək istəyirsiniz? Ailəsinə kömək eləyin. Bu baxımdan Astrid Lindgren İsveç cəmiyyətində ailə dəyərlərinin inkişafı və dəstəklənməsində əhəmiyyətli rol oynayıb.

Astrid yeniyetmələr üçün də kitablar yazıb. Onun müstəqil gənc qız olan Kati haqqında silsilə əsərləri var. Kati səyahət eləyir, Parisi, İtaliyanı, Amerikanı gəzir. Yazıçı bu əsərlərdə coğrafi süjet, yeni görüşlər vasitəsilə yeniyetmərlərlə onları narahat edən məsələlər haqqında danışmağa nail olur. Oğlanlarla necə ünsiyyət qurmalı? Görüşə necə getməli? Ümumiyyətlə, həyatında baş verənlərə necə yanaşmalı?

Bu kitabda artıq elə səhnələr var ki, uşağa oxumağa dəyərmi, dəyməzmi deyə tərəddüd eləməyə başlayırsan. Bəlkə hələ tezdi? Yaxşı, bəs 18, 19, 20 yaşda olacaqlar haqda nə vaxt danışmaq lazımdı? Hər halda 18 yaşda yox. Bu kitabların üzərində 18+ işarəsi ola bilməz. O, 13 yaşlılara –yeniyetmələrin həyat haqqında düşünməyə başladığı zaman- ünvanlanmalıdı. Və bu fikir, sonralar İsveç ədəbiyyatının inkişafına ciddi təsir edib.



Mürəkkəb mövzularda dürüst söhbət
Astrid Lindgren haqqında başqa nələri bilməliyik? O, kitab yazmaqla paralel öz əsərləri əsasında yaranan filmlərin çəkilişlərində iştirak eləyirdi, uşaqlarla ünsiyyət qurmaq üçün heç bir fürsəti əldən buraxmırdı.

Ümumiyyətlə, bu işıqlı, müdrik, bir qədər də sərt şəxsiyyət özünü insanlara səxavətlə bəxş edirdi. II Dünya Müharibəsi zamanı yazıçı senzura idarəsində işləyirdi. Başqa sözlə, xüsusi xidmət orqanında. Adətən, bu təşkilatın nəzarətindən keçən hər şey onun masasına gəlirdi. Astridin faşizmə münasibəti son dərəcə sərt idi. O, yaxşı və pisin nə olduğunu dəqiq bilirdi. Məhz, bu, onunla nəticələnmişdi ki, artıq nüfuzlu, yetişkin insan olduğu dövrdə vergilərlə bağlı iqtisadiyyat nazirliyi ilə polemikaya girmişdi və onun kitablarını oxuyan, olkədə onunla eyni həyatı bölüşən həmvətənlərini müdafiə eləmək öhdəliyini üzərinə götürmüşdü. Uşaq yazıçısı üçün bu cür mövqe – həmin dövrdə (elə indi də) nadir hadisə idi.

Yazıçının “Şir ürəyi qardaşları” əsəri Isveçdə böyük qalmaqal yaratmışdı. Bu əsər uşaqla ölüm haqqında danışan, ölümün həyatın bir parçası olduğunu deyən ilk dürüst və açıq söhbətdi. Kitabda ölüm, Nanqiyale adlı ölkə kimi təqdim olunur. “Nanqiyaledə görüşərik” ifadəsi isveçlərin başdaşına yazmaq üçün istifadə etdikləri epitafiyadı. Dindar ailədə böyümüş Astrid özünü aqnostik adlandırırdı.

Süjetə görə, iki qardaşdan kiçiyi sağalmaz xəstəlikdən əziyyət çəkir. Böyük qardaş isə daim ona təsəlli verir, balaca qardaşının həyatını mümkün qədər işıqlı eləməyə çalışır. Hər şey kiçik qardaşın tezliklə öləcəyinə işarə edir, ancaq gözlənilməz hadisə baş verir: birinci, böyük qardaşhəlak olur. Qardaşlar başqa ölkədə görüşürlər. Orda onları yeni sınaqlar gözləyir. Həmin sınaqlardan keçən qardaşlar yenidən ölümlə qarşılaşırlar.

Beləcə, Astrid ölüm mövzusunu uşaq ədəbiyyatına gətirmişdi. Bu o demək deyildi ki, ona qədər uşaqlar ölüm barədə heç nə bilmirdilər və oxumurdular. Yox. Lakin bu söhbət o halda ola bilərdi ki, uşaq gəlib “Ana, mən öləcəm?” sualıyla bizi sıxışdıraydı. Bu halda ona necə və nə cavab vermək lazımdı? Astrid deyir: uşaqla danışa bilməyəcəyimiz heç bir mövzu yoxdu. Biz uşağın istənilən sualını cavablandımalıyıq. Bu, böyüklərin uşaqlar qarşısında borcudu. Hər nəsil öz cavabını tapmalıdı – 50, 100 il əvvəl tapılmış cavablarla kifayətlənmək olmaz. Hərçənd onlara əsaslanmaq mümkündü. Bu, əbədi sosiallaşmadı: yalnız uşaqlar yox, onların valideynləri də sosiallaşır.

Bu da Astrid Lindgrenin fikri idi.



İsveçin müasir uşaq ədəbiyyatı
İsveçlilər qədir bilən, faydalı oxucular çıxdılar. Hazırda onlar uşaq ədəbiyyatını uğurla inkişaf etdirirlər.
Sven Nordqvist, Astrid Lindgrenin ideyalarını davam etdirən ilk uşaq yazıçılarından biridi. Onun ən əsas kitabı Petson və Findus adlı pişikdən bəhs eləyən hekayələrdi. Petson qoca kişidi, kənddə tək yaşayır. Findus isə onun pişiyidi. Findus tez-tez şablon olmayan vəziyyətlərə düşür. (Karlsonun, ya da pişik Matroskinin macəralarından fərqlənən).

Məsələn, hekayələrdən biri “Petson kədərlidi” adlanır. Valideynlərin ümumiləşmiş obrazı olan Petsonun kefi yoxdu. O, nə isə eləmək, işə getmək istəmir. Findus müxtəlif yollarla onun kefini açmağa çalışır, amma heç nə alınmır. Bu əhvalatın iki mesajı var: 1) kefsiz olmaq normal haldı; 2) həmişə böyüklər balacalara təsəlli vermirlər, hərdən əksinə də olur.

Digər yazıçı – Annika Thor yeniyetmələr üçün yazır. Onun dördhissəli “Dənizdə ada” əsəri Qırmızı Xaçın köməyi ilə gettonun əlindən xilas edilmiş və Avstriyadan İsveçə gətirilmiş dörd yeniyetmə yəhudi qız haqqındadı. Bir də onun “Həqiqət, yoxsa nəticə” adlı yeniyetmələr üçün yazdığı həddindən artıq sərt povesti var.

Növbəti yazıçı son dərəcə fenomenal və fantastik Ulf Starkdı. O, hərdən Rusiyaya gəlir, hətta “Ruslan və Lyudmila”nı isveç dilinə tərcümə eləməyə çalışıb. Stark, A.Lindgrenin “uşaqlarla hər şey haqqında danışmaq lazımdı” ideyasını davam etdirir. “Mənim bacım mələkdi”, “Ayaks adlı ulduz”, “Balaca Asmodey”, “Qara skripka” əsərləri uşaqlara bu və ya digər şəkildə həyatın əbədi olmadığından danışır. Ancaq birbaşa yox. Bu fikir mətnaltı oxunur.

Starkın dediyinə görə,“Ayaks adlı ulduz”, Makdonaldsda “Happy Meel” qutusunda uşaqlara verilirmiş. Bu on altı səhifəlik kitab bir köpəyin ölümündən bəhs edir. Bir ailədə oğlan uşağı dünyaya gəlir. Evin köpəyi onun ən yaxın dostuna çevrilir. Oğlanın yeddi yaşı olanda Ayaks dünyasını dəyişir. Oğlan çox kədərlənir, amma sonra yuxuda görür ki, sehrli bir atın üzərində Ayaks adlı ulduza səyahət eləyir.

Bu hekayəni qəhərlənmədən, kövrəlmədən oxumaq mümkün deyil. Dost üçün yas saxlamaq kədərlidi, amma doğrudu.

Ulf Starkın “Qoy, ağ ayılar rəqs etsin” və “Əcaiblər və zəhlətökənlər” adlı yeniyetmələr üçün yazılmış gözəl romanları var. Hər iki əsər, ailə dağılsa da, valideynlər bir yerdə yaşamasalar da, həyatın bitmədiyindən, yenə öz gözəlliyini qoruduğundan bəhs edən mürəkkəb əhvalatlardı.

Möhtəşəm İsveç yazıçısı Stefan Casta hər dəfə yeni janrda yazmağı hədəfləyən unikal müəllifdi.O, uşaqları təbiətlə tanış eləməkdən ötrü “Sofi ağaclar aləmində” və “Sofi otlar aləmində” adlı kitablar yazıb. “Özünü ölülüyə vurmaq” adlı povestində isə isveç ailəsi tərəfindən övladlığa götürülmüş vyetnamlı oğlan bir qıza vurulur və qızın xətrinə onun dostları ilə ünsiyyət qurur. Bir dəfə uşaqlar ev tapşırığını yerinə yetirmək üçün meşəyə, quşları dinləməyə yollanırlar. Yoldaşları, qəhrəmanı meşədə tək qoyub qaçırlar və o, həlak olmaq təhlükəsi ilə üz-üzə qalır. Ancaq kitab bununla bitmir: oğlan nəinki meşədən çıxır, həm də ona pislik edənləri bağışlayır.

***

Yaxşı, Astrid Lindgren uşaq ədəbiyyatına hansı yenilikləri gətirmişdi?
Uşaq ədəbiyyatı son dərəcə rəngarəng olmalı və hamı üçün nəzərdə tutulmalıdı;
Uşaqların hüquqlarını qorumalıdı, böyüklərə uşaqların kim olduqlarını göstərməlidi;
Səhvlərə yol verən, adi insan olan valideynlərin hüquqlarını müdafiə eləməlidi;
Və ən əsası – uşaq ədəbiyyatı valideynin övladı ilə ən mürəkkəb mövzularda danışmağına kömək eləyə bilər. Çünki o mövzulardan gizlənmək mümkün deyil.
 

azadliq.org 
Top