Sahəsi 54 mln km2 olan Avrasiya materiki dünyanın ən böyük materiki olub, bütün qurunun 1/3-ni əhatə edir.
Avrasiya 2 qitədən ibarətdir. Onun ərazisinin 4/5 hissəsi Asiya; 1/5 hissəsi isə Avropanın payına düşür. Avropa ilə Asiya arasında sərhəd şərtidir. Hazırda bu sərhəd Ural dağları, Ural (və ya Emba) cayı, Xəzərin şimalı, Kuma-Manıç çökəkliyi, Azov dənizi, Kerç boğazı, Qara dəniz, Bosfor boğazı, Mərmərə dənizi, Dardanel boğazı, Egey və Aralıq dənizi vasitəsilə ayrılır.
Avrasiya 4 yarımkürədə yerləşib. Avrasiya ekvatordan şimalda, bəzi adaları isə ekvatordan cənubda yerləşib. Materikin ucqar qərb və şərq hissəsi Qərb yarımkürəsində yerləşib. O, bütün okeanlarla həmsərhəddir. O, şimal-şərqdən Berinq boğazı ilə Şm. Amerikadan, Cəbəllütariq boğazı, Aralıq və Qırmızı dəniz, Süveyş kanalı və Bab-Ül-Məndab boğazı ilə Afrikadan ayrılır. Materikin sahilləri əsasən qərbdən, qismən isə şərqdən daha çox girintili-çıxıntılıdır. Skandinaviya yarmadası sahillərində dalğaların dağıdıcı fəaliyyəti nəticəsində fiord tipli sahillər formalaşıb.
Adalar-Böyük Britaniya, Irlandiya, Islandiya, Siciliya, Sardiniya, Kipr, Krit, Şri-Lanka, Kuril, Yapon, Saxalin, Böyük Zond adaları.
Yarmadalar –Skandinaviya, Priney, Apennin, Balkan (Avropada) Kiçik Asiya, Ərəbistan, Hindistan, Hind-Çin, Koreya, Kamçatka, Çukot, Taymır (Asiyada)
Körfəzlər: Biskay, Fin, Botnik, Iran, Benqal, Ədən, Siam.
Dənizlər –Azov, Qara, Mərmərə, Egey, Aralıq, Adriatik, Şimal, Baltik (Atlantik okeanı), Barens, Norveç, Ağ, Kara, Laptevlər, Şərqi-Sibir, Çukot (Şm.Buzlu okeanı), Berinq, Oxot, Yapon, Sarı, Şərqi və Cənub-Şərqi Çin (Sakit okean), Ərəbistan, Andaman, Qırmızı (Hind okeanı).
Avrasiya qədim Lavraziya materikinin 1 hissəsidir. Avrasiya-şərqi Avropa, Sibir, Çin-Koreya, Cənubi Çin platformalarının birləşməsindən yaranıb. Sonralar bura Qondvananın hissələri olan Ərəbistan və Hindistan tavaları birləşib. Məhz bu tavaların qovuşduğu yerdə güclü dağəmələgəlmə prosesi baş vermişdir. Nəticədə Atlantik okeanından Sakit okeana qədər ərazidə Alp-Himalay geosinklinal qurşağı yaranmışdır. Bu qurşağa Pireney, Appenin, Alp, Dinar, Balkan, Karpat, Krım, Qafqaz, Pond, Tavr, Elbrus, Kapetdağ, Pamir, Hindiquş, Karakorum, Himalay dağları daxildir. Bu dağlar cavan olduğundan burada tez-tez vulkanlar püskürür (Yalnız Aralıq dənizi sahillərində) və zəlzələlər baş verir. Ikinci dağlıq qurşaq materikin şərqində Avrasiya və Sakit okean tavalarının toqquşduğu sahədədir. Burada hündür dağlarla yanaşı, dərin okean çökəklikləri və adalar var. Kamçatka yarmadasından Böyük Zond adalarına qədər uzanan bu qurşaq Sakit okean dağlıq (odlu) qurşağı adı ilə tanınır. Bu qurşaqda da tez-tez zəlzələ və vulkanlar olur. Avrasiyanın ən uca vulkanı Klyuçeviskaya Sopka (4750m) bu qurşaqdadır. (Kamçatka yarımadasında)
Vulkanlar. Krakatau, Fudziyama, Hekla, Vezuvi, Etna Klyuçeviskaya Sopka və s.
Avrasiyadan bəzi dağlar qədim olduğundan hündür deyil. Bura Skandinaviya, Tyan-Şan, Altay, Ural dağları, Qazaxıstan xırda təpəliyi aiddir. Onların bəzisində məs. Tyan-Şan, Ural, Altayda yenidən qalxma prosesi gedir.
Düzənliklər. Avrasiyanın ən qədim sahəsi Şərqi Avropa düzənliyi, Orta Sibir yaylası, Böyük Çin düzənliyi platforma üzərində yerləşib. Ərəbistan və Dekan yaylaları da qədimdir. Sahil zolağında çoxlu ovalıq var. Hind-Qanq, Mesopotomiya, Qərbi Sibir, Orta Dünay, Kür-Araz və s.
Qədim materik birləşməsi Avrasiyanın relyefinə onun şimal hissəsini (Skandinaviya və Kola yarımadaları, Novaya Zemlya adası) tutmuş qədim buzlaşma böyük təsir göstərmişdir. Bu buzlaşma nəticəsində bir sıra dağlar hamarlanmış, daimi donuşluq sahələri yaranmış, buzlaq əridikdən sonra isə moren təpələri və çökəkliklər formalaşmışdır. Bu çökəkliklərdə buzlaq mənşəli göllər formalaşmışdır.
Avrasiyanın ən hündür zirvəsi Himalay dağlarındakı Comolunqma (Everest) dağıdır. Hündürlüyü 8848 m-dir. Ən alcaq yeri Ölü dənizin sahillərindədir (-395 m). Bu ərazi dünyada ən dərin quru çökəkliyi sayılır.
Faydalı qazıntıları: Materikin cənub-şərqində qalay və volfram filizləri qurşağı uzanır. (xüsusən Cənub-Şərqi Asiyada). Rusiyanın Asiya hissəsində qızıl və almaz, Hindistan və Şri-Lankada zəngin yaqut yataqlar var. Hindistan, Çinin şimal-şərqi, Skandinaviya, Rusiya (Ural, Kursk, Sibirin cənubu) dəmir filizi ilə zəngindir.Qərbi Sibir, Volqa-Ural, Iran körfəzi, Şimal dənizi neft və qazın əsas hasilat rayonlarıdır. Daş kömürün əsas yataqları Rusiya (Tunquska, Pecora, Kuznetsk, Kansk-Acinsk, Lena), Ukrayna (Donetsk), Qazaxıstan (Karaqanda), Polşa ( Yuxarı Sileziya), Almaniya (Rur), Çin, Hindistan v s.-dir.
Avrasiyanın iqlimi başqa materiklərdə olduğundan çox müxtəlifdir. Buna səbəb ərazinin çox böyük olması, relyefin müxtəlifliyi və daxili hissənin okeanlardan çox uzaqlaşmasıdır. Şimal yarımkürəsinin ən soyuq yeri Oymyakon -710S buradadır. Ekvatordan qütbə doğru getdikçə temperatur aşağı düşür. Avrasiyanın iqliminin formalaşmasında Atlantik və Şimal Buzlu okeanlarının rolu böyükdür. Materikin şimalında və qərbində dağlar olmadığından bu okeanlardan gələn hava kütlələri maneəsiz olaraq materikin daxili hissələrinə qədər irəliləyir. Xüsusi ilə Avropanın iqliminin formalaşmasında qərbdən (Atlantik okeanından) gələn dəniz hava kütlələri mühüm rol oynayır. Şərqdən və cənubdan hündür dağların olması Hind və Sakit okeandan gələn hava kütlələrinin qarşısını alır. Okean və quru arasında kəskin təzyiq fərqinin yaranması nəticəsində Şərqi və Cənub-Şərqi Asiyada güclü tayfun küləkləri yaranır.
Avrasiya bütün iqlim qurşaqlarında yerləşib:
1. Arktik qurşaq-materikin ucqar şimalını və Şm.Buzlu okeanındakı adaları əhatə edir. Il boyu arktik hava kütləsi hakimdir. Təzyiq yüksək, hava enən hərəkətli, il boyu quru və soyuqdur. Bu qurşaqda arktik səhra təbii zonası formalaşıb.
2. Subarktik qurşaq — materikin şimalında nazik zolaq əmələ gətirir. Yay rütubətli, mülayim, qış quru və soyuq olur. Daimi donuşluq və ifrat nəmlənmə nəticəsində burada bataqlıqlar geniş sahə tutur. Bu qurşaqda tundra və meşə-tundra kimi təibii zonalar formalaşıb.
3. Mülayim qurşaq Avrasiyada mövcud olan ən geniş iqlim qurşağıdır. Qərbdən şərqə doğru 4 iqlim tipi yaranır. Buna səbəb Atlantik hava kütlələrinin materikin daxilində təsirinin zəifləməsi, kontinentallığın artmasıdır.
a) materikin qərb kənarında Avropada-mülayim-dəniz,
b) Şərqi Avropadan Ural dağlarına qədər mülayim-kontinental;
c) Materikin daxilində (Orta Sibir yaylası və Mərkəzi Asiyada) kontinental;
d) Sakit okean sahillərində musson iqlim tipləri yaranır.
Avrasiyanın mülayim iqlim qurşağında-iynəyarpaq, enliyarpaq, qarışıq və musson meşələri, çöl, meşə-çöl, yarımsəhra və səhralar kimi təbii zonalar formalaşıb.
4. Subtropik qurşaq daxilində 3 iqlim tipi var:
a) materikin qərbində (Xəzərə qədər) yayı isti və quru, qışı mülayim və rütubətli Aralıq dənizi iqlimi;
b) materikin daxilində kontinental;
c) Şərqdə musson iqlim tipi var. Bu qurşaqda cod yarpaqlı meşə və kolluqlar, yarımsəhra və səhralar, musson meşələri kimi təibii zonalar formalaşıb.
5. Tropik qurşaq – musson küləklərinin təsiri nəticəsində Avrasiyada tam zolaq əmələ gətirmir. Bu qurşaq yalnız Ərəbistan yarımadası və Iran yaylasının cənubunu əhatə edir. Hava il boyu isti və quru olduğundan səhralar geniş yayılıb.
6. Subekvatorial qurşaq — musson iqlim tipli olub, Hindistan və Hind-Çin yarımadalarını əhatə edir. Musson küləklərinin təsiri nəticəsində şimalda tropik yox, subtropik iqlim qurşağı ilə həmsərhəddir. Bu qurşaqda musson tipli meşələr və savannalar formalaşıb.
7. Ekvatorial qurşaq-rütubətli ekvatorial meşələrdə örtülü olan Indoneziya adalarını əhatə edir.
Asiyada bütün, Avropada isə arktik, subarktik, mülayim və subtropik iqlim qurşaqları var.
5 hövzəyə aiddir.
Avrasiyanın ən uzun çayları- Amur, Xuanxe, Yansızı, Mekonq, Volqa (Avropanın ən uzun çayı): ən bol sulu çayları isə Qanq və Yansızıdır.
Avrasiyanın gölləri — əsasən Şimali Avropada (Skandinaviya, Finlandiya və Koreliyada) daha çoxdur. Buna səbəb qədim buzlaqların fəaliyyəti nəticəsində yaranan çökək relyef formalarnıın geniş yayılmasıdır. ən iri gölləri-Xəzər, Venerin, Balaton, Cenevrə, Boden, Ladoqa, Oneqa (Avropada); Aral, Sevan, Tuz, Van, Urmiyə, Baykal, Balxaş, Issık-kul (Asiyada).
Dünyada mövcud olan bütün təbii zonalar Avrasiyada rast gəlinir. Buna səbəb materikin çox böyük olmasıdır. Relyef və okean tipli hava kütlələrinin təsiri ilə Avrasiyada təbii zonalar qərbdən şərqə doğru dəyişir. Avrasiyada aşağıdakı təbii zonalar var:
1. Arktik səhralar zonası-Iqlimi sərtdir. Bitkiləri mamır, şibyə; heyvanları ağ ayı, tülkü, maraldır.
2-3. Tundra və meşə tundra zonası — Avrasiyada qərbdən-şərqə doğru iqlim sərtləşdiyi üçün tundra genişlənir. Bu zona üçün daimi donuşluq və bataqlıqlar xarakterikdir.
4. Meşə zonası – mülayim qurşaqda yerləşib, 4 hissəyə ayrılır:
a) Şimalda iynəyarpaqlı meşələr tayqa adlanır. Torpaqları podzoldur. Bitkiləri şam, küknar, sidr, heyvanları xəz dərilidir.
b) Qarışıq meşələr — torpaqları çimli-podzoldur.
c) Enliyarpaq meşə zonası torpaqları qonur-meşədir.
d) Materikin şərqində Sakit okean sahilində Musson meşələri yayılıb. Musson meşələri həmdə subtropik və subekvatorial iqlim quraqlarında da formalaşıb.
Tayqadan fərqli olaraq qarışıq və enliyarpaq meşə zonası Avrasiyada tam zolaq əmələ gətirmir. Buna səbəb şərqə doğru iqlimin kontinentallığının artmasıdır.
5-6. Meşə-çöl zonası və Çöl zonası–mülayim iqlim qurşağının boz-meşə və qara torpaqları üzərində formalaşıb. Avrasiyada çöl zonası step adlanır. Əsasən Rusiyada geniş yayılıb.
7-8. Yarımsəhra və səhralar – mülayim, subtropik və tropik iqlim quraqlarında formalaşıb. Yaranmasının başlıca səbəbi-materikin daxilində, okeanlardan uzaqda yerləşməsidir. Mülayim dəniz iqliminin hakim olmasından Avropada səhralar yaranmır. Asiyanın ən iri səhraları-Qaraqum, Qızılqum, Təklə-Məkan, Qobi, Tar, Dəştü-Kəbr, Dəştü-Lut, Böyük və Kiçik Nefut, Rüb-əl-Xari v s-dir.
9. Subtropik qurşağın codyarpaqlı meşə və kolluqları-Aralıq dənizi iqlimində formalaşıb. Torpaqları-qəhvəyidir.
10. Savanna və subekvatorial meşələr — Avrasiyanın cənub-şərqində formalaşıb.
12. Ekvatorial meşələr — əsasən Böyük Zond adalarını əhatə edir.
Dünyanın ən çox məskunlaşmış materiki olub, 3 irqə mənsubdur. I yerdə avropoid irqinə mənsub olan əhali durur. Onlar-Avropa, Cənub-Qərbi Asiya və Hindistanda yaşayır. II yerdə monqoloid irqinə mənsub əhali durur. Onlar-Mərkəzi, Cənub-Şərqi və Şərqi Asiyada yaşayırlar. Şri-Lanka və Hindistanın cənubunda neqroidlər yaşayır.
Qərbi Avropa, Cənubi, Cənub-Şərqi və Şərqi Asiyada əhali daha sıx məskunlaşdığından, burada antropogen landşaftlar daha geniş yayılıb.