Qəribə vergilər

Qəribə vergilər

Vergilər bəşər tarixinin özü qədər qədimdir. İbtidai icma quruluşunun dağılması və ilkin dövlətlərin yaranması ilə vergilər də dövlətin maliyyə mənbələrinin əsas elementi kimi meydana çıxmışdir. Məğlub edilmiş xalqların qaliblərə ödədiyi bac-xərac verginin ilkin forması hesab olunur. Vergilər əsasən coğrafi şəraitə və iqtisadi vəziyyətə uyğun olaraq formalaşmışlar. Tarixi inkişaf dövründə müxtəlif vergilər və vergi sistemləri yaradılmışdır. Bununla belə tarixdə qədim zamanlardan müasir dövrümüzə qədər bəzi qəribə vergilər də mövcud olmuşdur.

Bizim eranın 70-ci illərində Roma imperatoru Tit Flavi Vespasian dövlətin maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün vergiləri artırmış, yeni vergilər tətbiq etmişdir. İctimai tualetlərin təmizlənməsi üçün təyin etdiyi “tualet vergisi” ni gülüş hədəfinə çevirənlərə Vespasian bir cümlə ilə cavab vermişdir: “Puldan iy gəlmir”. Digər məlumata görə oğlu vergini iyrənc saydığından Vespasian qızıl pulu oğluna qoxlatdıraraq belə söyləmişdir.

Qədim Bizans imperiyasında “hava vergisi” olmuşdur. Bu vergi yaşayış evinin və binaların daxili həcminə görə alınırdı. Həcm nə qədər böyük idisə verginin miqdarı da artırdı.

Orta əsrlər Fransasında isə “qapı-pəncərə vergisi” mövcud olmuşdur. Evlərdə qapı və pəncərələrin sayına görə alınırdı. Bu dövrə aid evlərin əksəriyyətində pəncərə çox vaxt olmamış və ya çox balaca olmuşdur. İngiltərə və Şotlandiyada isə pəncərə vergisi olmuşdur. Əhalinin çoxu evlərdə pəncərənin yerini saxlasalar da onu nazik kərpic layla hörürdülər. Amma bu evlərin estetik görünüşünə xələl gətirdiyi üçün çöldən həmin yerə pəncərənin rəsmini çəkirdilər.

XII əsrdə İngiltərə kralı I Henri “qorxaqlığa görə vergi” təyin etmişdi. Bu vergi o adamlardan alınırdı ki, onlar kral uğrunda müharibəyə getməkdən imtina edirdilər. Sonralar onun varisi kral Corc bu vergini 300 faiz artırdı və vergi bütün cəngavərlərdən alınmağa başlandı.

 XVI-XVII əsrlərdə İngiltərədə insanlar yeməkdən sonra kart oynamağı sevirdilər. Bunu xəzinəni doldurmaq üçün əlverişli sayan I Yakov “kart vergisi”ni tətbiq etdi. Bu vaxtdan başlayaraq tuz kartlarına verginin ödənildiyini bildirən ştamplar vurulurdu.

Yenə də İngiltərədə XVIII əsrdə “şlyapa vergisi” tətbiq edilmişdir. Hakim dairələr ingilislərin silindr və şlyapalara sevgisini bildikləri üçün büdcə doldurmalarında uğurlu bir vergi kimi istifadə etmişlər. Onlar bilirdilər ki, kasıblar bundan sonra papaq geyinməyəcəklər, varlılar isə özlərini göstərmək üçün daha bahalı baş geyimlərindən istifadə edəcəklər.

Böyük Pyotr Avropaya səfərindən sonra başa düşdü ki, ruslar avropalılardan mədəni cəhətdən xeyli geridə qalmışlar. Pyotr Avropada təmiz geyinmiş üzü qırxılı səliqəli adamlara rast gəldi. Amma Rusiyada əhali hələ də uzun saqqallar saxlayır, çox gec çimirdilər. Məhz buna görə 1704-cü ildə “hamam vergisi”,  1705-ci ildə isə “saqqal  vergisi” təyin edildi. Saqqalın uzunluğuna əsasən vergi daha da artırdı. Vergini ödəyənlər xüsusi nişanlar taxırdılar. Lakin saqqala görə vergini ilk dəfə İngiltərədə XVI əsrdə VIII Henrix təyin etmişdir. Kralın düşündüyünə görə saqqallı insanlar vəhşiyə oxşayırlar.

Bu vergilərin əksəriyyəti köhnə əyyamlarda tətbiq edilsə də XX əsrdə yaradılan vergilər qəribəliyinə görə heç də keçmişdəkilərdən geri qalmır. XX əsrdə Britaniya hakimiyyəti müstəmləkəsi Hindistanda 1930-cu ildə duza görə vergi təyin etdi. Buna etiraz olaraq əhali M.Qandinin çağırışı ilə kütləvi surətdə Ərəbistan dənizi sahillərinə “duz yürüşünə” çıxdılar. Qorxuya düşən hakimiyyət bu vergini ləğv etməyə məcbur oldu.

1941-ci ildə SSRİ-də ən məşhur vergilərdən biri “sonsuzluq vergisi” alınmağa başlandı. Məqsəd çoxuşaqlı ailələrə əlavə yardımların edilməsi idi.

İtaliyanın Venesiya şəhərində 1993-cü ildən “kölgə vergisi” alınır. Bu vergi küçə kənarında yerləşən mağaza və kafelərə aid çardaq və zontlara görə yığılır. Qanuna görə onların kölgəsi kommunal mülkiyyətin üzərinə-səkiyə düşdüyü üçün vergi ödənməlidir.

Avstriyada turizm obyektlərində dağdan enən hər bir xizəkçi enmə zamanı “gips vergisini” ödəyir. Vəsait Avstriya klinikalarına köçürülür. Statiskaya görə hər il Alp dağlarında 150 min xizəkçi zədələnir. Onların müalicəsinə isə ildə 1 milyard şillinq pul xərclənir.

Belçikada “Qırmızı fənərlər” kvartalındakı vitrinli mağazaların qabağında duran fahişələrə görə mağaza sahibləri hökümətə “seks vergisini” ödəyirlər. Seks vergisi ildə büdcəyə 4 milyon frank gəlir gətirir.

İsveçlilər dünyada yeganə xalqdırlar ki, uşağa verilən qəribə adlara görə hələ də vergi verirlər. Dəfələrlə əhalinin etirazına baxmayaraq İsveç höküməti vergini ləğv etməkdən boyun qaçırır. Qanuna görə uşağa verilən qəribə adlar insanlarda diskomfort  hissi yaratdığı üçün vergi təyin edilə bilər.

 Müasir XXI əsrdə tətbiq edilən ən qəribə vergi bir sıra Avropa ölkələrində, xüsusən İrlandiya və Danimarkada fermerlərdən alınan “qaz vergisidir”. Danimarka vergi komissiyasının hesablamalarına görə ildə hər bir avtomobil havaya atmosferdə “parnik effekti” yaradan 2,7 ton metan qazı buraxır. Fermerlərin saxladıqları inəklərin defakasiya zamanı buraxdığı  qazın həcmi isə hər inək üçün 4 ton civarındadır. Atmosferi avtomobildən daha çox çirkləndirdikləri üçün inəklərin sahibləri bu vergini ödəməlidirlər.

Azərbaycan tarixində isə XIX əsrdə toyla bağlı vergilər olmuşdur. Əgər kəndli evlənərdisə torpaq sahibinə-yəni bəyə toypulu vergisini verməli idi. Əgər bəy evlənərdisə onun torpaqlarında yaşayan ümumi kəndlilər bəyə toyxərci vergisini ödəyirdilər.

   

Top