Komputer monitorları və ya adi televiziya ekranları vasitəsilə insan beyninə lazımi informasiyanı (fikri, ideyanı, baxışı, kodu və s.) yeritməyə qadir olan metodlar içərisində bu gün elmə məlum olan hələlik yeganə və ən güclü təsir üsulu – “25-ci kadr virusu”dur. Hətta min illərdən bəri insan oğluna məlum olan hipnoz da effektliliyinə görə ondan geri qalır. Təsirin mexanizmi insan beyninin unikal bir xüsusiyyəti ilə bağlıdır. Belə ki, kinomotoqrafiyanın yarandığı ilk gündən bəri elm insanın yalnız 25 kadr/saniyə sürəti ilə verilən video lentləri normal qavrayıb, digər sürətləri isə ekranda zolaqlar axını şəklində müşahidə etdiyini müəyyən edib (Hazırda müasir elmi nailiyyətlər nəticəsində bu sürətin ayrı-ayrı canlılar üçün bir-birindən fərqli olduğu müəyyən edilib. Məsələn, arılar üçün bu sürət saniyədə 300, tarakanlar üçün isə 12 kadra bərabərdir).
XX əsrin ikinci yarısında psixoloqlar bu 25 kadr arasına filmə heç bir aidiyyəti olmayan ayrıca bir müstəqil kadr yerləşdirməyi qərara aldılar və nəticəsi heyrətamiz oldu. Filmə baxanlar sonralar onun bütün məzmununu unutsalar da, bu yeganə kadrı beyinlərindən heç cür silə bilmədilər, özü də nəinki silə bilmədilər, hətta özlərindən asılı olmadan istər-istəməz onun məzmunundakı əmri icra etmək üçün ölümə belə atılmağa hazır oldular.
İyirmi beşdən bir saniyə ərzində görünüb yox olan bu kadr, ifrat dərəcədə qısa müddətliliyi səbəbindən diqqəti cəlb edə bilməyib filmin süjetinin təhlili ilə “məşğul olan” şüurun reaksiyasını doğura bilməsə də (çünki “diqqəti” filmin süjeti ilə məşğul olan şüurun bu aralıq informasiyanı dərk etmək üçün ona köklənməyə sadəcə, təcrübi olaraq imkanı çatmır), əslində ondan gələn siqnallar hiss reseptorlarına, göz analizatorlarına düşüb onları cüzi də olsa, qıcıqlandırdığından, həmin bu mikroproseslər izsiz də yox olub getmir və periferik sinir impulsları şəklində şüur senzorunu dəf edərək birbaşa təhtəlşüur sferasına düşür. “25-ci kadr virusu” metodunda əsas informasiya arasına bu cür əlavə siqnallar mütəmadi olaraq yerləşdirilərsə, ümumilikdə, bütün bunlar beynə soliton rezonansları şəklində periferik informasiya axınını təmin etmiş olur. Məlum olduğu kimi isə təhtəlşüur ona daxil olan istənilən informasiyanı heç bir sərhəd tanımadan icra etmək üçün müvafiq orqanlara göndərir. Çünki beynin mexanizmi elə qurulub ki, təhtəlşüura adi vaxtda yalnız şüurun analiz edib “müsbət rəy” verdiyi informasiyalar daxil ola bilir. “25-ci kadr” isə bu zaman sanki nəzərdə tutulmamış “arxa qapı” funksiyası rolunu oynayır.
“25-ci kadr virusu” ilk dəfə ABŞ-da klubların birində film nümayişi zamanı sınaqdan keçirilib. Belə ki, filmin lentinə “Coca-cola için!” əmri yerləşdirilib. Film qurtardıqdan sonra isə aşkar olunub ki, klubun həyətindəki köşklərdə bütün digər içkilər satılmamış qalsa da, bircə dənə də olsun “coca-cola” qalmayıb. Hazırda bu metod müxtəlif videofilmlər, peyk translyasiyaları, həmçinin digər üsullarla insanların beyninə lazımi ideologiyaları, baxışları, motivləri, ideyaları və s.-ni yerləşdirmək məqsədilə geniş tətbiq olunur. Bu metodun artıq səs üçün də xüsusi modifikasiyası hazırlanmışdır. Başqa sözlə, lazımi kodlar müvafiq auditoriyaların beyninə onların özlərinin xəbəri olmadan ayrı-ayrı radiostansiyaları dinləyərkən də yeridilə bilər. Hazırda səmərəli və faydalı məqsədlər üçün bu metoddan sürətli şəkildə xarixi dil öyrənmə metodu kimi də aktiv istifadə olunur. Təəssüf hissi ilə də olsa, qeyd edək ki, “25-ci kadr virusu” metodundan mütəşəkkil cinayətkar dəstələr və ya ayrı-ayrı bəd niyyətli şəxslər də öz qərəzli məqsədlərini gerçəkləşdirmək üçün geniş istifadə edirlər. Ən təhlükəli hal isə odur ki, hazırda yaşadığımız “informasiya müharibəsi cəmiyyəti”ndə böyük xalq kütlələri bəd niyyətlərin reallaşdırılması məqsədilə tətbiq edilən “25-ci kadr virusu” metodunun təsir dairəsinə düşməkdən demək olar ki, aciz və xəbərsizdirlər. Məhz bu baxımdan hesab edirik ki, tora düşməmək üçün bu metoddan müdafiə variantlarının da axtarılıb tapılmasının artıq vaxtıdır!
Düşünməyinə dəyər!
Yunis Fərman oğlu Xəlilov