Qızın adı Lonni idi. Sözəbaxan, böyüklərin hörmətini saxlayan idi, dərslərini yaxşı oxuyurdu. Lonni qəşəng qız idi: iri gözləri, hamar alnı ona xüsusi gözəllik verirdi. Onların ailəsi Kentukki ştatında, Luisvill şəhərinin zəncilər yaşayan Uest-End məhəlləsində yaşayırdı. Valideynləri ümid edirdilər ki, qızları həyatda onlardan çox uğur qazanacaq...
Bir vaxtlar Luisvill şəhərində ağ və qaralar ayrı-ayrı avtobuslara minir, müxtəlif mağazalardan bazarlıq edirdi, onların qəbiristanlıqları da ayrı idi. Kennedinin prezidentliyindən sonra çox şey dəyişdi. Lonninin valideynləri düşünürdü ki, belə getsə, qızları oxuyub həkim, ya da vəkil ola bilər. Qızın fikrini soruşanda Lonni atasının gözünün içinə baxıb dedi:
— Universitetdə oxuyub vəkil olacağam.
Həmin an qız xəcalət çəkdi, axı ata-anasına yalan demişdi. Qız nə vəkil, nə də həkim olmaq istəyirdi. Lonni məşhur boksçu Məhəmməd Əliyə ərə getmək istəyirdi. O, sadəcə, valideynlərinin könlünü qırmaq istəmirdi.
Kassius Kleyin ailəsi Luisvilldə çoxdan yaşayır və həmyerliləri ilə müqayisədə pis dolanmırdı. Atası plakatlar çəkməklə, anası isə ağların evini yığışdırmaqla dolanır, uşaqlarına qarındolusu yemək verirdi.
Lonni ilk dəfə Kassiusu iki yaşı olanda görmüşdü. O vaxt bütün şəhər Olimpiya çempionunu qarşılamaq üçün küçələrə axışırdı. Lonninin anası da qızını götürüb şənliyə yollanmışdı. “Ura!” səsləri indiyədək qızın yadında qalmışdı. Sinəsini qızıl medal bəzəyən Kassius Kley üstüaçıq “Kadillak«da ayaqüstə dayanıb həmyerlilərinə əl edirdi: “Mən qalibəm! Mən dahi olacağam!”.
Kassiusun anası Odissanın qızıl xasiyyəti vardı: bir dəfə ikiyaşlı Kassius əl-qol atanda anasının iki ön dişini sındırmışdı. Gələcək çempionun zərbələri hələ körpəlikdən qüvvətli idi. Bu əhvalatı Odissa indiyədək gülə-gülə xatırlayır: “Mənim oğlumdan tapmaq olmaz!”.
Kleyin boksla məşğul olmasının qəribə tarixçəsi vardı: bir dəfə yarmarkada onun 600 dollar dəyərində velosipedi oğurlanır. Hiddətlənmiş Kley polisə yaxınlaşıb əhvalatı danışır.
— Oğrunu tapın! Velosipedimi tapmaq sizin borcunuzdur! Velosipedi qaytarmasanız, özüm o yaramazı tapıb dərsini verəcəyəm!
Oğlan hiddətlə danışdıqca polis işçisi hey gülümsəyir və deyir:
— Yarmarkada adam çox olur, oğrular çevikdir, onları tapmaq elə də asan deyil. Velosipedi yadından çıxart.
Amma hüquqdan dəm vuran oğlan ağdərili polis Co Martinin xoşuna gəlir. Ondan dalaşmağı bacarıb-bacarmadığını soruşur. “Yox” cavabını eşidəndə oğlanı özünün boks məktəbinə dəvət edir. Aydın olur ki, Co Martin pis məşqçi deyilmiş. Kassius Kley də ona layiq şagird oldu. Bir həftədən sonra Kassius özündən həm boyca, həm də yaşca böyük, özü də boksla çoxdan məşğul olan ilk rəqibini məğlub etdi; bir il keçmiş Olimpiadada iştirak etmək üçün Romaya yollandı.…
Lonni Kassiusla bağlı hər şeylə maraqlanırdı. Qız onu da eşitmişdi ki, hələ doğum evində olarkən, az qala, Kassiusu başqa körpə ilə səhv salıblar. Odissa balasını tez tanıyıb: ananın qucağına verilən uşaq çox sakit imiş, amma onun oğlu hey bağırırmış. Qız bilmirdi ki, illər keçdikcə bu keyfiyyət oğlanda daha da möhkəmlənəcək. Professional boks aləmində Kassius Kleyin bu cəhətinə görə qəti fikir yaranmışdı: Kassius Olimpiadada qalib çıxıb, amma o yenə də boşboğaz, lovğa və gopçu olaraq qalır. Hələ bəlkə də dəlidir — Kassiusun davranışı boksa ləkədir, ondan uzaq olmaq məsləhətdir.
Professional boksun yazılmamış dəmir qanunları vardı, onları dəyişmək olmazdı. Boksçular arasında aşağı təbəqədən çıxanlar, keçmiş məhbuslar da vardı — adətən, bir neçə oyunda qalib gələnlər qanqsterlərin əlinə keçirdi. Onların arxasında isə mafiyanın bossları dayanırdı. Boksçunun hansı oyunu udması, yaxud uduzması məhz mafiyanın qərarından asılı idi. Belə oyunçu milyonlarla dollar qazanırdı, amma qaydaya görə, pullar boksçuya çatmırdı, varlanan ancaq arxa planda dayanan mafiya olurdu; qisməti əlindən çıxan çempion isə sonda ya çəkməsilən, ya da alverçi olurdu.
Romada keçirilən Olimpiya Oyunlarında qalib çıxandan sonra Kassius Kley professional rinqə qədəm qoydu. Onun ağırçəkili rəqibləri arasında “quldur zənci” adlanan Sonni Liston da vardı. Keçmiş soyğunçu Liston boksçulara ona görə qoşulmuşdu ki, soyğunçular onlardan az qazanc götürürdü. Muzdur ailəsindən çıxmış Sonni Listonun atası iyirmi beş övladını atıb getmişdi. Sonni yeddi yaşından qarğıdalı tarlalarında tər tökmüş, on dörd yaşından yükdaşıyan işləmiş, nəhayət, soyğunçuluğa qurşanmışdı. Liston möhkəm zərbələrə malik idi, oxuyub-yazmağı bacarmırdı, həbsxanaya düşənədək doyunca çörək tapmamışdı. Harınlamış öküzə bənzəyən zəhmli Listonun qarşısında heç kəs davam gətirə bilmirdi. Liston rinqin dəhşəti sayılırdı. O Çikaqo mafiyası ilə də əməkdaşlıq edirdi. Sonni borclu qalanların qıçını sındırırdı.
Liston ağların qaydası ilə həyat sürən məşhur zənci bokçu Floyd Patersonu məğlub etmişdi. Döyüşdən qabaq prezident Kennedi özü Floydu qəbul etdi. Amma döyüş zamanı prezidentin xeyir-duası da onun köməyinə çata bilmədi. Floyd Sonniyə uşaq kimi məğlub oldu. Rəqibləri Sonninin ağlının çaşmasından qorxurdu. Təkcə Kassius Kley onlardan fərqlənirdi. Kleyin zərbələri dəqiqədə 55-dən 120-yə çatırdı, qan təzyiqi 190-a çatan vaxtlar olurdu, amma az keçmiş hər şey qaydasına düşürdü.
Kassius Kleyin həyat təcrübəsi çox deyildi, amma bir şeyi dəqiq bilirdi: başqalarının diqqətini cəlb etmək üçün qışqırmaq, ədabazlıq etmək lazımdır. Odur ki Kassius elə bir şou yaratdı ki, həmvətənləri o vaxtadək belə şey görməmişdilər.
Listonla Kleyin yarışı şouya çevrildi. Boksa bələd olanlar, elə Liston Sonni özü də Kleyi ağıldankəm, davakar, ədabaz hesab edirdi. Sonninin bu hay-küyçü idmançıdan o qədər zəhləsi gedirdi ki, məşqlərə başdansovdu yanaşır, ya da heç gəlmirdi, vaxtını içkiyə və qadınlara sərf edirdi.
Boksçuların çəkisi ölçülən zaman Kley yenə qalmaqal saldı. Bir neçə adamın güclə saxladığı idmançı rəqibi Sonniyə tərəf dartınır, bağıraraq onu elə indi, burada əzəcəyini deyirdi. Mən basılmazam! Mən təkəm! Onun nəbzini ölçən həkim qaşlarını çatdı. Tonometr 180-i göstərirdi.
Yarışın ilk anlarında həyəcan keçirən Kley rəqibinin qayğılı simasına nəzər yetirəndən sonra ürəkləndi. Sonni zərbələri səhv istiqamətləndirir, cavabı ləngidirdi. Kley isə böcək kimi onun dövrəsində pərvaz edir, hədəfi dəqiq seçirdi. Başdansovdu məşqlər, özünə arxayınlıq, içkilər öz nəticəsini verdi. Ön sıralarda yer tutmuş icmalçılar həyəcanla qeyd edirdi: möcüzə baş verir! Bəli, Kassius Kley boşboğazdır, lovğadır — amma bunun dəxli yoxdur, belə oyunu onlar heç vaxt görməmişdilər. 97 kq-lıq ağırçəkili boksçu quş lələyitək havada süzür. Kassius Kley rinqi balerina kimi dolanır! Baxın, baxın, o tullanır və havada süzür!
Nəhayət, 7-ci raunddan əvvəl karıxmış, döyülmüş, rəqibinə bir dənə də tutarlı zərbə endirməmiş Sonni təslim oldu.
Bu, görünməmiş hadisə idi! Bəli, qorxunc Sonni oyunu uduzdu! İndiyədək heç vaxt nokauta düşməmişdi, amma bu döyüşdə onun “küncü” rinqə ağ dəsmal çıxardı. Zal ayağa qalxdı, Kleyin məğlub və biabır olacağını vəd etmiş jurnalistlər rüsvay oldu. Döyüşdən sonra Sonni alaqapıdan çıxıb getdi, Kassius Kley isə bayram etdi, özü də təntənəli şəkildə. İlk öncə yeni çempion qəzetçilərə müraciət etdi ki, indi onlar vədlərini geri götürməlidirlər. Mətbuat səssizcə geri çəkildi. Həmin vədi təzələmək isə yalnız bir jurnalistə nəsib oldu. Cəmi bir neçə gündən sonra həmkarlar yenidən oyuna qoşuldular, çünki məhz bu yarışdan sonra Kassius Kleyin Məhəmməd Əli adını qəbul etdiyi və “İslam davamçıları” cəmiyyətinin üzvü olduğu məlum oldu. Bu yenilik onları daha da heyrətləndirdi: Necə? Bu nə deməkdir? Çempion gənclərə nümunə olmalıdır; yoxsa ki təzə tanınmış idmançı hara, totalitar dini sekta ilə əlaqə hara? Bu görünməmiş hadisədir! Nə baş verdiyini heç kim anlamırdı.
Amma Məhəmməd Əli heç də ağılsız deyildi — Sonninin arxasında qanqsterlər dayanırdı, indi onun da güvəndiyi möhkəm və elə təhlükəli dayaq ki, banditlər, arı pətəyindən çəkinən kimi ondan uzaq qaçırdı. Mafiya sahibləri istəmirdilər ki, oğurluq törətdiyinə görə məhkum olunmuş və indi Allaha tapınan qaradərili onlara güllə atsın. Bundan əvvəl belə hadisələr olmuşdu: gələcək çempionun yaxın dostu, “İslam davamçıları” cəmiyyətinin nüfuzlu lideri Malkom İks ilə cəmiyyətin başçısı arasında fikir ayrılığı yarananda, mürtəd (hakim dindən ayrılmış şəxs- red.) lap məscidin içində qətlə yetirilmişdi. Hadisədən öncə isə naməlumlar onun evini yandırmağa cəhd etmişdilər.
“İslam davamçıları” cəmiyyətinə üzv olmaq Əlinin qazancının xeyli hissəsini itməsinə və şöhrətinə, ən azı nüfuzlu şəxslərin nəzərində etimadına xələl gətirdi. Amma bunlar elə də vacib deyildi: əsas o idi ki, Kassius qəti əmin idi ki, sektanın liderləri müsəlman adlanır.
Məhəmməd Əli “İslam davamçıları»nda yüksək nüfuza malik idi — çempion 10% qonorarı bu təşkilatın hesabına keçirirdi. Qaradərili, qaynargözlü gənclərdən ibarət dəstələr Məhəmməd Əlinin istənilən rəqibini məhv etməyə hazır idi. Listonla revanş matçından əvvəl belə gənclərdən ikisi (qırmızı avtomobildə gələnlər əyinlərinə gözqamaşdırıcı ağ rəngdə köynək, qara kostyum geymiş, qara qalstuk taxmışdılar) Sonninyə baş çəkib onunla elə söhbət etmişdilər ki, bərkgedən oğlan içməyə valerian axtarmalı olmuşdu.
“İslam davamçıları” cəmiyyətinin lideri, dünyada Elayca Pul kimi tanınan Elayca Məhəmməd Əliyə etimad göstərmiş və Əli yeni etiqadının adətlərinə tam dəqiqliyi ilə əməl edirdi. Boksçu karyerasını bitirəndən sonra ölkəni gəzib dini moizələr oxumağa hazırlaşırdı. Bütün bunlar onun şəxsi həyatına təsirsiz ötüşmürdü.
Lonni Əlini ilk həyat yoldaşı Sonji Roya dəhşət dərəcədə qısqanırdı. Ucaboylu, ahugözlü, duruşu qəşəng, qaməti yaraşıqlı Sonji əsl gözəl idi.
Sonni Listonu döyüşdə məğlub edəndən sonra, Əli subaylığın daşını atmağa qərar verdi: onun 22 yaş vardı, Əli o qədər həsrət çəkmişdi ki, gördüyü hər qadına meyil salırdı. Dostları ona nyu-yorklu qaradərili maneken qızın şəklini göstərdilər. Əli elə ilk baxışdan qıza vuruldu. Nəhayət, onları tanış etdilər; qız şəkildə göründüyündən heç də fərqli deyildi — qızı görən Əlinin qan təzyiqi 190-a qalxdı və elə ilk görüşdə Əli qıza evlənmək təklif etdi. Sonji də razılıq verdi. Əli həm məşhur, həm də varlı idi, qız isə kasıb ailədən çıxmışdı — beləliklə, onlar bir-birlərinə uyğun gəlirdi.
Onlar xoşbəxt nikah qurdular, Əli həyat yoldaşından razı idi. Amma necə deyərlər, bu sevgidən sonadək kam almaq Əliyə nəsib olmadı: Sonji özünü müsəlman qadınları kimi aparmaq istəmirdi.
Dekolte koftalar, bədəninə yapışan dar paltarlar, boyalı dodaqlar, rənglənmiş gözlər… Hündürdaban ayaqqabılar, boyalı dırnaqlar, hündür saç düzümləri… Biabırçılıq! Böyük bədbəxtlik — dizədək açıq yubkalar!
Məhəmmədi dəhşət bürümüşdü. “İslam davamçıları” sifariş göndərdi — Əli ondan boşanmalı idi. Əli bunu etmək istəmirdi, amma Sonji inadından əl çəkmədi. Boşanandan sonra Sonjiyə çox az məbləğdə pul düşdü — bir qədəri əvvəl, qalanları aybaay. Sonji ləyaqətli insan idi. Ərini soymaq fikri yox idi. Sonralar onu xatırladıqca Əli bu boşanmanı həyatının ən böyük uğursuzluğu adlandırırdı. Məhəmməd bir də heç vaxt bu qədər sevdiyi qadına rast gəlmədi.
Lonni Əlinin karyerası barədə qəzetlərdən, televiziya verilişlərindən, onu tanıyanlardan xəbər tuturdu. Məhəmməd Əlinin qəzetlərdən kəsilmiş fotoşəkillərdən ibarət qalın albomunu isə şkafındakı koftalarının arasında gizlədirdi. Axşamlar onları çıxarır, Məhəmməd Əlinin Listonu ikinci dəfə necə döyməsi barədə materialları təkrar-təkrar oxuyurdu. İkinci döyüşdə Əli top kimi ağır zərbəsi ilə elə birinci raundda Listonu nokauta göndərmişdi. Listonun döşəməyə sərilməsi üçün Əlinin tək bircə zərbəsi kifayət etmişdi. Tamaşaçılar heç nə anlaya bilmirdi, Əlinin yumruğunun Sonninin qulağına doğru necə uçduğunu isə ancaq kinolentdə görmək olardı. Əlinin döyüşləri, yarışlarda qazandığı milyonlarla pul bundan sonra da çox oldu. Əli rinqdə incəliklə rəqs etməklə, demək olar, zərbələrin heç birini ötürmədən yarışdığı hər kəsi məğlub edirdi.
Xeyli sonra onu əsgəri xidmətə çağıran və Vyetnamda vuruşmağa göndərmək istəyən federal hökumətlə Əlinin arasında qalmaqal yarandı. Bu qalmaqal Əlinin karyerasına ciddi zərbə vurdu.
İlk vaxtlar Əli ordudan yayına bilirdi. Amma Vyetnamda vəziyyət getdikcə kəskinləşirdi. Onda hökumət ağıldankəmləri də əsgəri xidmətə cəlb etməyə başladı. Əliyə hərbi çağırış gəldi, o isə imtina etdi. Nəhayət, bir dəfə Əli ona tuşlanan mikrofonla belə dedi: “Mənim vyetnamlılarla davam olmayıb!”. Bir neçə gün sonra isə andiçmədən imtina etdi.
Əli nəyə qol qoyduğunu özü də anlamırdı. O zaman Luisvill konsorsiumu Əli üçün bir neçə əlverişli yer təşkil etdi. Əlini Ştatlarda saxlatdırıb, Milli Qvardiyaya təyinat almaq mümkün idi, amma boksçu təslim olmaq istəmirdi. Nəhayət, bütün bunların sonu yaxşı alınmadı. Məhəmməd Əliyə 10 000 dollar cərimə və 5 il həbs cəzası təyin olundu. WFA Boks Federasiyası Əlinin boksçu lisenziyasını ləğv etdi. Külli miqdarda girov müqabilində məhbusluqdan xilas olan Əli rinqdən kənarda qaldı. İndi qəzetlər Əlinin haqqında yazılar dərc etmirdi, bir qədər də böyümüş Lonni də gözlədiyi sevgilisindən ötrü nigaran idi. Nəhayət, dörd ildən sonra bu müharibəyə münasibət dəyişdi və Məhəmməd Əli bəraət qazandı. Əlinin bir daha rinqə qayıda biləcəyinə az adam inanırdı — axı turnir yarışmalarından uzun müddət ayrı düşmüş professional boksçu formasını itirir və geriyə qayıda bilmir! Məhəmməd Əli isə yenə qalib gəldi, dünya tacına sahib oldu — bu, nadir hadisə idi — Əli üçüncü dəfə dünya çempionu adını qazandı! Amma hər halda, dəyişikliklər də baş vermişdi: Məhəmməd Əli əvvəlki qədər sarsılmaz deyildi, getdikcə o, ağırçəkili boksçuların qorxunc zərbələrini ötürməyə məcbur olurdu. Co Frezerlə olan döyüşləri — ilk matçda məğlubiyyəti, revanş matçında qələbəsi, başına dəyən ağır zərbələr… Corc Formenlə döyüşü zamanı ilk 11-ci raundda əzilməsi, sonra Əlinin onu nokauta göndərməsi… Ken Nortonla keçən gərgin döyüşü...
Əli əvvəlki kimi öndə gedirdi, saysız pullar qazanırdı, amma bu pullar ona ağır zəhmətə başa gəlirdi. Əlini ilk dəfə boksa gətirmiş məşqçi Ancelo Dandi ona boksla vidalaşmağı məsləhət gördü: ləyaqətlə getmək yaxşıdır, qalib çempionun adı tarixdə qalır.
Əlinin seksual iştahı getdikcə artırdı; belə hallar xaricə səfərlərdə daha çox olurdu. Onun ikinci həyat yoldaşı Belinda bunlara xeyli müddət dözdü. Amma Manilada matç zamanı Əli məşuqəsi Veronika Porşeni həyat yoldaşı kimi təqdim edəndə Belinda boşanmağa qərar verdi. Məhkəmədə Belinda böyük məbləğdə alimentə, o cümlədən içindəki bütün əşyalarla birgə yaşadıqları evə sahib çıxdı.
Əli isə dərhal Veronika ilə evləndi. Veronika gözəl idi, amma onun qədər tamahkar, oğru qadın ola bilməzdi. Əlinin SSRİ-yə səfərləri olurdu. Onu yuksək səviyyədə qəbul edir, respublikalara gəzintilərə aparır, şərəfinə ziyafətlər təşkil edirdilər. Hər dəfə ziyafət sona yaxınlaşanda Porşe stolun altından iri çantasını çıxarır, gümüş əşyaları ora doldururdu. Boşanandan sonra Veronika, demək olar, Əlinin var-yoxunu əlindən aldı; Əlinin milyonlarla pulları ona qaldı.
Üç qadına və səkkiz uşağa aliment vermək Əlinin büdcəsinə təsirsiz ötüşmədi. Onun qazancının digər hissəsi “İslam davamçıları«na axırdı. Əlbəttə, Məhəmmədi pulları sovrulmuş və çəkməsilən, yaxud səyyar alverlə məşğul olmağa məcbur qalan çempionların aqibəti gözləmirdi, amma hər halda, onun varidatı xeyli azalmışdı.
Məhəmməd Əli Corc Formeni döydü, Leon Spinksi məğlub etdi və rinqi qalib kimi tərk etdi. Sonra yenidən rinqə qayıtdı: boks onu buraxmaq istəmirdi, bundan başqa ona pul da lazım idi. Nəhayət, bir vaxtlar ilan qədər müdrik, həyata çox yaxşı bələd olan məşqçisi Ancelonun dediyi hadisə baş verdi. Larri Holms Əlini döydü. Bu çox alçaldıcı məğlubiyyət oldu, axı o öz keçmiş sparrinq — tərəfdaşına uduzmuşdu.
Bu əhvalatdan xeyli sonra qəzetlərdə Əlinin Parkinson xəstəliyindən əziyyət çəkdiyi barədə xəbərlər yer aldı. Məhəmməd Əlinin arzusu gerçəkləşmədi — aldığı yüzlərlə zərbə, anomal qan təzyiqləri nəticəsini verirdi. İndi heç kəs deyə bilməzdi cəmi bir neçə il əvvəl Məhəmməd Əli qəşəng idi; onun siması getdikcə hərəkətsiz maskaya çevrilir, nitqi daha da əlaqəsiz olurdu, əlləri əsirdi.
Əli başqalarının müdaxilə edə bilmədiyi daxili aləminə qapanır, başqalarının anlamadığını həyata keçirirdi. Əli səfərlərə çıxır, “İslam davamçıları” cəmiyyətinin üzvü kimi moizələr oxuyurdu. Amma boks yenə ondan əl çəkmirdi. Məhəmməd Əli nəhəng matçların keçirildiyi şəhərlərin ətrafına səfər edirdi. Səfərə maşın karvanı ilə çıxmırdı. Səfərə qırmızı avtobusundan başqa xidmət maşını, cangüdənlərin və bir də bir neçə qızın əyləşdiyi maşınlarla çıxırdı. Onun dəstəsi motellərdə (avtoturistlər üçün mehmanxana — red.) qalırdı və görüşə gələnlərin gözləri ağzındakı saqqızı güclə hərləyən, siması hərəkətsiz qara daşı xatırladan, baxışları donuq çempiona zillənirdi. Bəzən cəsarət tapan uşaqlar ondan avtoqraf istəyirdi: “Valideynlərimiz deyirlər ki, siz möhtəşəm boksçu olmusunuz...”. Əli səssizcə, əlləri titrəyə-titrəyə ona uzanan kağızlara imza atırdı, uşaqlar cəld geri qaçırdı — Məhəmməd Əli qorxunc görkəm almışdı. Bəzən onun nitqi moizə dinləyənlərə gülməli gəlirdi. Belə hallarda Əli yumruqlarını düyünləyib adamlara tərəf atılırdı: “Burda kim mənimlə tutaşmaq istəyir?”. Bu vəziyyətdə onun əlləri daha çox titrəsə də, belə fikrə düşən olmurdu.
Amma bir dəfə onun qəşəng bir qadınla söhbəti oldu. Gözəlin adı Lonni, özü də Əlinin həmyerlisi idi. Lonni Vanderbilt universitetini bitirmiş, “Kraft” firmasındı işləyirdi. Lonni ona ərə getməyə razılıq verdi. Məhəmməd Əli səlis danışığını itirmişdi, amma qızğın sevmək qabiliyyətini qorumuşdu. İndi cütlük Miçiqanda yaşayır, övladlığa götürdükləri oğlanların böyüdür. Məhəmməd Əlinin xəstəliyi artır, nitqi getdikcə anlaşılmaz olur, bəzən söhbətin yarısında yuxuya gedir. Amma onların evinə qədəm basan hər kəs onun ailəsi ilə xoşbəxt olduğunun şahidi olur.