İncəsənət dahilərinin həyatından

İncəsənət dahilərinin həyatından

KİNO VƏ TEATR

Teatr sahibkarı rus səhnəsinin məşhur artisti Samarini (1817-1885) danlayaraq demişdi: «Dünən Otello rolunu oynayarkən qeyri təbii öldün!» Samarin ona belə cavab vermişdi: «Mən özüm də təəccüb edirəm. O maaşı ki, sizdən alıram onun müqabilində təbii ölmək çətin deyildir!» — demişdir.

«Nəyi özünüzə əsas peşə hesab edirsiniz?» — sualına Adriano Çelentano belə cavab vermişdi: «Mən özümü hər şeydən əvvəl oynamağı sevən bir insan hesab edirəm. Nə vaxt ki, bunu etmək istəyirəm, onda özümü heç nə ilə məhdud edib saxlaya bilmirəm və ağlıma gələn hər şeyi edirəm.»

XIX əsr italyan səhnəsinin məşhur artisti Salvini (1829-1916) bir tamaşa zamanı səhnədə oynayarkən əsərin qəhrəmanı adından «At gətirin mənə, at!» — deyə salona müraciət etmişdir. Bu vaxt tamaşaçılardan biri: «At yoxdur, eşşək var, gətirib gəlim?» — deyə cavab verdikdə: «Gəl, gəl eşşək də olar!» — deyə artist özünü itirməmişdi.

Komediya ustası Eddi Kortardan xəstələnərkən nə etmək lazım gəldiyi haqda soruşarkən demişdir: «Mütləq həkimə gedin, çünki həkimin yaşaması gərəkdir. Dediyi dərmanları mütləq alın, çünki əczaçının yaşaması gərəkdir. Lakin dərmanları qəbul etməyin,çünki sizin də yaşamanız gərəkdir.»
 

Çarli Çaplin ABŞ-da yaşadığı müddətdə ciddi şəkildə FBI tərəfindən təqib edilib. Buna tab gətirməyən dahi sənətkar nəhayət ki, ABŞ-ı tərk etmək məcburiyyətində qalır. Ondan soruşanda ki, əgər ABŞ-da bir başqa adam prezident seçilərsə onda o qayıtmağa razı olarmı?.. Cavabında Çarli Çaplin deyir: — Bu gündən sonra ABŞ-da hətta İsa peyğəmbər özü gəlib prezident olsa da, o bir daha qayıdası deyil.
Ekranda zavallı adam rollarında çıxış edən Çarli Çaplin həm də öz müstəbid xarakteri və acıdilliyi ilə də məşhur idi. Bir dəfə o, öz itini gəzintiyə çıxarır. İt yaxında durmuş son dərəcə arıq bir qadına «sarmaşaraq» onu yalamağa başlayır. Çarli Çaplin qadından guya üzr istəyib:
— Bağışlayın, madam, mənim itim heç vaxtı bu qədər sür-sümüyü bir yerdə görməyib.
Məşhur kino aktyoru və rejissoru Çaplinə (1889-1975) müraciət edən bir fransız: «Cənab Çaplin, siz özünüzü Fransada necə hiss edirsiniz?» — deyə soruşduqda: «Pis hiss etmirəm, bəs siz özünüzü Fransada necə hiss edirsinız?» — deyə o cavab vermişdi.Məşhur fransa aktyoru Koklen (1841-1909) bir dəfə səhnədə Hannibalın rolunu oynayarkən, əsərin məzmununa görə yatmalı idi. Lakin özü də hiss etmədən, doğrudan da yuxulayır. Tamaşaçılar isə xoruldamağını eşidib, bunun oyunun gedişi ilə əlaqədar olduğunu zənn etmişdilər. Lakin tamaşaçıların birisi: «Aktyor yaxşı xoruldamağı bacarmır, adam yatarkən belə xoruldamaz!» — deyə onun həqiqətən xoruldamağına irad tutmuşdu.

RƏSSAMLIQ

Leonardo da Vinçi əsərlərinin əlyazmasını ancaq ayna ilə oxumaq olar. Çünki o, solaxay idi və sağdan sola yazırdı.
Kilsə xadimləri bildikdə ki, Leonardo da Vinçi (1452-1519) hospitalda çox işləyir, meyitlər yarır, anatomiya, akustika ilə məşğul olur, maye mühitdə səsin yayılmasını öyrənir və s. onu fal açmaqda, bidətçilikdə, cadugərlikdə, cəsədləri təhqir etməkdə və bu kimi məsələlərdə təqsirləndirirlər. Böyük alim İtaliyanı tərk etmək məcburiyyətində qalır. Fransaya köçür və orada mühəndislik elmi ilə məşğul olur.
Leonordo Da Vinçi misilsiz binaların proyektini yaratmış, müasir tank, vertolyot və sualtı gəmilərin eskizlərini çəkmiş, ümumiyyətlə, XX əsrin çoxlu sayda elm və texnika ixtiralarının müjdəçisi olmuşdur. Lakin düşünmək və yaratmaq bu fövqəlinsanı elə çəkib aparmışdı ki, ömrü boyu gözəl və zəngin xanımların, kraliçaların sevimlisi olmasına baxmayaraq, evlənmək yadına düşməmişdir.

Mikelanjelo çirkin və qozbel Mediçinin gözəl şəklini çəkir. Şəklə baxanlar rəssama irad tutduqda, o deyir:
— Beş yüz ildən sonra Mediçinin qozbel olduğunu kim biləcək.
Heç kim mənim kimi özünü işlə üzməyib. Mən gecə-gündüz yalnız bir şey barədə — işləmək barədə düşünürəm. Bu sözləri deyəndə dahi rəssam Mikelanjelonun 84 yaşı vardı.

86 il yaşamış dahi rus rəssamı İ.Y.Repin ölənədək öz sevimli işindən ayrılmamış, hətta ağrıyan sağ əlilə fırçanı saxlaya bilməyəndə, sol əli ilə işləməyi öyrənib, yaradıcılığını davam etdirmişdir. Ardıcıllıq fəaliyyət müalicə vasitəsi olmaqla onun uzun ömür sürməsinə səbəb olmuşdur.
Bir gün bəstəkar M.P.Musorqski rəssam İ.E.Repindən şəklini çəkməyi xahiş edir. Şəkil çəkilib hazır olan kimi Musorqski ölür. Repin A.Pismenskinin portretini çəkir. Pismenski de ölür. Repin şair F.İ.Turqenevin portretini çəkməyə hazırlaşanda o da dünyadan köçür.
Bir dəfə yumoristlərdən biri Repinə yalvararaq deyir: «İlya Efimoviç. Bizə rəhminiz gəlsin. Stolıpinin də şəklini çəkin.» Repin Saratov dumasının sifarişi ilə P.A.Stolıpinin də şəklini çəkir. Şəkil hazır olan kimi Stolıpin Kiyevə yola düşür və orda onu güllə ilə vurub öldürürlər.

Məşhur rəssam Ayvazovski (1817-1900) həyatının son günlərinədək işləmiş və altı minədək qiymətli şəkil çəkmişdir. O, həmişə deyərmiş:
— Mənim üçün yaşamaq — işləmək deməkdir.

Tisian 6000 tablo yaratmışdır. Soyuq təbiətli Tisian 99 yaşında ölmüşdür. Onun meyitini Venesiyada taundan həlak olmuş qırx min adamın meyitinin içərisindən tapmışdılar. Bu «qaraqabaq nəhəng» misilsiz yaradıcılıq ehtirası ilə fərqlənmişdi və görünür, onun çox yaşaması üçün məhz bu əlavə stimul olmuşdur.

Məşhur alman rəssamı Holbeyn (1497-1543) İngiltərə kralı VIII Henrixin saray rəssamı idi. Lordlardan biri rəssamdan şikayət edərkən, kral dedi: «Mən 7 nəfərdən 7 lord düzəldə bilərəm, lakin 7 lorddan bir Holbeyn düzəldə bilmərəm.»

Varlı bir mülkədar Fransanın Məşhur rəssamı Renuarın (1841-1919) yanına gələrək: «Xahiş edirəm oğlumun çəkdiyi rəsmlərə qiymət verəsiniz!» — deyir. «Mənə qalarsa, oğlunuz ədəbiyyatla məşğul olsa daha yaxşıdır. — Nə üçün? — Çünki kağız korlamaq parça korlamaqdan daha ucuz başa gəlir!» — deyə Renuar mülkədarın xahişini rədd edir.

Məşhur rəssam Salvador Dali şöhrətin zirvəsində olub pul içərisində üzdüyü vaxtlardan birində şəhərin varlı adamlarından biri söhbət əsnasında ona deyir:
— Bu qədər böyük şöhrət və pul sizə həm də iztirab gətirmirmi? Axı onlar həm də çoxlu sayda dedi-qoduların, şayələrin, böhtanların hədəfi olmaq deməkdir.
Salvador Dali bildirir ki, qətiyyən yox. Həmin adam buna inanmadığını bildirdikdə Salvador Dali deyir:
— İnanmırsınızsa, mən öz səmimiliyimi elə bu dəqiqə sizə sübut edə bilərəm. Gəlin belə edək. Hər şeyi öz gözünüzlə görüb əmin olmanız üçün, bu dəqiqə çıxarıb mənə əlli min dollar verin. Məhz onda görərsiniz ki, mən heç gözümü də qırpmadan onu sizdən necə alıram və bu vaxt heç əhvalım cüzi də olsa pisləşmir.

MEMARLIQ VƏ HEYKƏLTƏRAŞLIQ

Vandinelli adlı bir heykəltəraş klassik heykəllərdən birinin kopiyasını qayırmış və özünü öyərək: «Kopiya, orijinaldan yaxşıdır» — demişdir. İtaliyanın dahi heykəltəraşı, rəssam, memar və şairi Mikelanjelo (1475-1564) bu sözü eşidərək demişdir: «Başqasını izləyənə qabaqda gedən deməzlər!»

Bizim eradan əvvəl V əsrdə Yunanıstanda yaşamış Fidiy əzəmətli mərmər sütunlar üzərində yüksələn möhtəşəm bir məbəd olan Parfenonun yaradıcısıdır. Parfenon dünya memarlığının tacı sayıla bilər. Fidiy dünyanın yeddi möcüzəsindən biri sayılan və yalnız şəkildə bizə çatan əzəmətli Zevs heykəlinin də yaradıcısı idi. Bu möhtəşəm sənət nümunəsini o, qızıl və fil sümüyü qarışığından yaratmışdı. Onu görənlərdən biri heyrətlə yazmışdı: «Fidiy, Zevsini göydən enib sənin qabağında dayanmış, yoxsa sənmi göylərə uçub onu görmüşdün?»
Fidiy ilahə Afinanın da abidəsini eyni materialdan yaratmışdır. Bu heykəllər bu günə qədər heykəltəraşlığın zirvəsi sayılır. Lakin Fidiy haqsız olaraq ittiham olunub həbs edilmiş və sürgünlərdə səfil günündə vəfat etmişdi.

Mənbə: İlyas Həsənov,Ellada Həziyevanın "Əslində onlar kimdir?" kitabından
Top