Salvador Dali

Salvador Dali

1934-cü il… Nyu-York Salavador Dali kimi birisini gözləyir. Qəzetlər dinc, ekssentrik, intellektual tacir – Dali haqqında yazır. Dali ilə görüşün ilk təəssüratı belədir: əlində 2,5 metrlik fransız bulkası gəzdirən balaca və əsəbi insan bədəninə ən azı yarım düjün şəkil bağlamış tərzdə var-gəl eləyir. O, Nyu-Yorkun oğrularından qorxur. Jurnalistlər bu insanla çiyinlərində epolet əvəzinə donuz kotletləri çəkilmiş Qalanın portretindən sonra maraqlanmışdılar. Hamı bu kotletlərin çiy, yaxud qızardılmış olmasını müzakirə eləyir. Dali isə jurnalistlərə izah eləyir ki, bu kotletlər onun Qalanı yemək arzusunun simvoludur.

«Hərdən mən anamın portretinə tüpürməyi sevirəm»

Salvador Filipp Yaxinto Dali Fiqerasda notarius ailəsində doğulub. Atası ateist olsa da, anası tipik katolik kimi uşaqlarını kilsəyə ibadətə getməyə məcbur edərdi. Nədənsə Salvador belə bir qəribə nəticəyə gəlir ki, valideynləri onu yox, doğulmasından bir il əvvəl ölmüş qardaşını sevirlər. Ansının xərçəng xəstəliyindən vəfatından aldığı zərbədən sonra Dali uzun müddət özünə gələ bilmirdi. Atasının arvadının ölmündən 4 il sonra evlənməsini Salvador xəyanət kimi qiymətləndirirdi və bu da öz oğlunu məhv eləməyə çalışan obrazın yaranmasına təkan verdi.
«Müqəddəs ürək» rəsmində Madonnanın silueti altında kobud tərzə cızılmış «Hərdən mən anamın portretinə tüpürməyi sevirəm» sözlərini oxuyandan sonra atası bunu arvadının xatirəsinə təhqir kimi qəbul eləyərək Daliyə evlərinə gəlməyi qadağan eləyir. Dali günahkarlıq hisslərindən və peşmanlığından canını qurtarmaq üçün saçlarını qırxaraq sevimli Kadakesdə basdırır.

Sürrealizm mən özüməm

Qalaya rast gələnədək Dalinin həyatında irreal qadınlar və qızlardan başqa kimsə yoxuydu. Onlar rastlaşanda Qalanın 35, Dalinin 25 yaşı vardı. Qala 11 yaşlı qızı Sesil və əri Pol Elüer ilə qonaq gəlmişdi. İlk görüşdə qonağını heyrətləndirmək üçün Dali ekstrovaqant görkəmdə araya çıxmaq fikrindəydi. Qoltuqlarının altını qırxıb oranı göy rəngə boyayandan, bədənini keçi piyi, balıq yağı və lavandadan ibarət qəribə ətirlə sürtəndən, qulağının ardına şamdangülü çiçəyi taxandan sonra təsadüfən pəncərədən Qalanı görür. O qədər təsirlənir ki, bütün hoqqabazlığının izlərini yuyub adi adam kimi geyinərək onları qarşılamağa çıxır. O, çaşqınlığından tez-tez həyasızcasına hırtıldayırdı. Qala isə masturbasiya və axtalanmaq ideyalarına «yoluxmuş» bu cavan, əsəbi oğlana az sonra «Mənim balaca oğlanım, biz səninlə heç vaxt ayrılmayacağıq» demişdi. Pol Elüarın çamodanı götürüb getməkdən başqa çarəsi qalmamışdı. Arvadının əvəzində ona pulsuz portretini hədiyyə verirlər...
Qala fransızcadan tərcümədə «bayram» deməkdir. Onun əsil adı Yelena Dmitriyevna Dyakonova idi. Volqa boyunda Kazanda anadan olub. Dalini ələ keçirəndən sonra o, rəssamın əqlini zəbt eləyir. Anadangəlmə eqoizminə baxmayaraq, Dali Qalanı ilahiləşdirmişdi: «Mən Qalanı atamdan, anamdan, Pikassodan da artıq, hətta puldan da çox sevirəm». Qala isə Dali adlanan imperiyanın dayəsinə, katibinə, menecerinə, ilham pərisinə, modelinə çevrilir. Qala Daliyə uşaq kimi baxır, gecələr yatmazdan əvvəl kitab oxuyurdu. Qəribə tabletlər atmağa vadar edir, onun qorxulu yuxularını araşdırır, daimi inamsızlığını dağıdırdı. Məişətdə Qala onu idarə eləyir, geyindirir, ayaqqabılarının da bağını bağlayırdı. Dali növbəti sifarişçiyə külqabı tolazlayanda Qala əlində sakitləşdirici damcılarla əzizini əsəbləşməyə qoymurdu.

Əgər Qala olmasaydı...

Cəmiyyətdə Qala Dalinin öz əsəri kimi görünürdü. O, sanki axan saat və ya tüklü əl ağacı kimi Dali əsərlərinin ayrılmaz hissəsi idi. Qala təbiətcə çox simic olduğundan böyük qənaətlə yaşayır və rəssamın əsərlərinin qiymətini də özü qoyurdu. Dali hərdən buna göz yumur, hərdən isə onun məsləhətlərinə inadcıl müqavimət göstərirdi. Nə qədər olmasa da, rəssam axı, özüdür! Belə olanda Qala qapını çırpıb gedirdi. Amma onların mübahisəsi bir saatdan artıq çəkməzdi. «Olivye, gəl məni qucaqla» sözləri səslənən kimi Qala öz dəlisini ağuşuna alardı.
Dali modelyer Koko Şanellə dostluğunu bərpa edərək əsərləri ona aşağı qiymətə təklif eləyir. Simic Qala isə vəziyyətdən istifadə edib modelyeri dilə tutur ki, ətir və xalatları ucuz qiymətə ala bilsin. Qala bu paltarları hələ 20 il də, tamam süzülüb cırılanacan geyəcək. Dalini işləməyə Qala məcbur edirdi. Dostları deyir ki, Qala emalatxanadan çıxan kimi Dali palitranı atıb böyük şövqlə avaraçılıq eləyirmiş. Yaxınlaşan addım səslərini eşidən kimi tələsik fırçanı götürüb işə başlayardı.

Dali, yoxsa dəli?

1934-cü ildə Qala və Dali İspaniyaya qayıdıb nikah bağladılar. Amma ispan qanunlarına görə, Dali ağlını itirsəydi, nikahın maddi tərəfini daha çoz düşünən Qala bütün varidatı itirə bilərdi.
Dali insan şüuruna tanış obrazları elə çəkirdi ki, əl-ayaqlar təbii tərzdə balığa çevrilə, qadın bədəni atın badəninə keçə bilərdi. Unikal yanaşma tərzini Dali «paronoidal tənqidi üsul» adlandırırdı. Rəssam təkid edirdi ki, dəlilər şüuraltı obrazlardan necə azad olursa, həmən cür o da bu obrazları çəkməklə azadlığa çıxır. Dəlidən fərqi o idi, o dəli deyildi. Rəssam tam əmin idi ki, dərində gizlədilmiş fikirləri azad eləməkçün dəlilik həddində olan şüur lazımdı. Heç nə ilə məhdudlaşmamış şüurun dəli olmaqdan başqa çarəsi qalmır. Amma Dali öz tamaşaçısını inandırırdı ki, o, dəli deyil və tənqidi yanaşma ilə hər şeyi yoluna qoya bilər. Dali dünyasını anlamaq üçün Freyd nəzəriyyəsini bilmək və açar kimi işlətmək lazımdı. Öz şüurunun qapılarını açmaqdan əlavə bu üsul yaradıcılığının reklamına da geniş imkan açırdı.

«Hamı mənim bığlarımı müşahidə edərkən mən öz işimlə məşğul oluram»

Nyu-Yorkun böyük bir mağazası Daliyə nəhəng vitrinin tərtibatını sifariş vermişdi. Dali və Qala gecə-gündüz işləyərək köhnə vannanı qara quzu dərisinə bükmüş, sonra onu su ilə doldurmuşdular. Suyun üstündə bir neçə dənə güzgü tutmuş əllər üzürdü. Ağzında qanlı göyərçin tutmuş öküz kəlləsi olan pərdə vannanın arxasında yerləşdirilmişdi. Bu kompozisiyaya baxmaqçün toplaşan tamaşaçılar 5-ci avenyu küçəsində hərəkəti dayandırmışdılar. Məlum olur ki, mağaza o qədər şikayət alıb ki, Dalinin əsəri tənqidə məruz qalıb. Ayağını vannaya uzadan çılpaq manikenin geyindirilməsini görüb özündən çıxan Dali vitrinə soxularaq vannanı pəncərədən bayıra atır. Daha sonra onun özünü həmən vitrindən bayıra tullayırlar və ekssentrik rəssam qırıq şüşələrin içində səkidə uzanmış vəziyyətdə qalır. Polisə düşəndən və şərti cəza ilə cəzalanandan sonra hamı ona insan azadlığı uğrunda mübarizə aparan insan kimi baxırdı. Ekssentrik olsa da, səliqə ilə geyinən, tərbiyəli və gözəgəlimli Dalinin üstəlik inqilabçı və kommunist olmaması da tamaşaçısının çox xoşuna gəlirdi.

Qadını nə üçün soyundurmaq lazımdır?

Məşhurluq gəldikcə qadınlar rəssamın başına pərvanə kimi dolanırdı. Adlı-sanlı qadınlar belə asanlıqla onun görüşünə tələsirdi. Bir dəfə Dali daniyalı xanımı soyundurub sonra onun bədənini dəniz xərçəngi və başqa dəniz heyvanlarıyla bəzəmişdi. Nəticəsi çox gözəl adınmışdı deyə Dali çox razı qalmışdı. Amma qadını deyə bilmərik...
Dali Hollivudun böyük cazibəsindən heç cür yan keçə bilməzdi. O, aktyorların, rejissorların portretini 125 min dollara çəkirdi. Hətta Qreti Qarbo da öz tənhalığını pozub Daliyə portret sifariş eləmişdi. Qarbo Dalinin sevimli aktrisası olduğundan o, bu görüşü səbirsizliklə gözləyirdi. Qarbonun gəlişinə 1 saat qalmış o, saçına pomada çəkir, bığlarını burub yuxarı qaldırır. Xarici görünüşü barədə əzablı düşüncələrdən sonra parlaq sətin kostyum, nişastalı koynək və qalstuku seçir. Qarbo isə həmişəki kimi gecikir. Onun əynində kişi şalvarı və tennis ayaqqabısı var idi. O, Daliyə baxıb: «İkimizdən birimiz səhv eləyib. Nə üçün bir daha cəhd eləməyək ki?» deyib Dalinin dodaqlarından öpüb getdi. Dalinin elə bil nitqi kəsildi. Onun dodaqdan öpüşməkdən zəhləsi gedirdi, öpən qadın Qreti Qarbo olsa belə. Onlar bir daha görüşmədilər…

«Madonna Qala»

Qalanın ən yaxın dostu varlı mədən sahibləri ailəsindən olan Raynolds Mors belə xatırlayırdı: «Qala məni otağa dəvət elədi. Dali yaxınlıqda yox idi. O, Dalinin bir neçə erotik rəsimini çıxarıb göstərərək «Burada təsvir olunan qadın əslində daha qənimətlidir» deyib özünü mənə təklif elədi. Mənsə boyun qaçırdım. Qala mənim zovqümə uyğun gəlmirdi. Mən təzəlikcə evlənmişdim və Qala mənim anam yaşında idi. Şükür Allaha ki, o, mənim anam deyil. Biz Dali ailəsiylə dost olmağa cəhd eləsək də, onlar həmişə bizə  nəsə qoparmaq mümkün olan müştəri kimi baxıblar».
Qala hələ də gənc kişiləri pusan və tovlayan qadın, Dali üçün isə təkəbbürlü və qəddar keşikçi idi. «Madonna Qala»nı bitirmiş rəssam onu Vatikana aparıb Papanın xeyir-duasını almağı arzulayırdı. Bu görüşü təşkil edib onu Vatikana təqdim eləyən cavan oğlanı Dali əvvəl-axır işə götürməli olur. Onun «gərgin fəaliyyəti» Dali və Qalanın həyatındakı xaosu səliqəyə salmağa kömək eləmişdi. Daliyə «kərgədan buynuzu» lazım olanda da, Qalanın Dalini xatırladan «uşaqla» ünsiyyətə ehtiyacı olanda da bu cavan hər şeyi yerbəyer eləməyi bacarırdı. Qalanın daha bir qüsuru da vardı. O, qumarı sevirdi. Onun Atlantikanın hər iki tərəfində səpələdiyi borclarını ödəməkçün böyük pullar gərək idi.

«Daim mən dahiyəm deyə düşünsəniz, əvvəl-axır dahi olacaqsız»

Dali incəsənəti barədə fikir yürütməkçün onun yağlı boya ilə işlədiyi əsərlərinə baxmaq lazımdır. Amma pulun əsas hissəsini o, açıqca, litoqrafiya işlərindən və başqa cəsarətli layihələrin satışından qazanırdı. Qala tezliklə başa düşür ki, Dalinin imzası olan hər bir əşya da qiymətlidir. Ona görə də Qala bir neçə redaktor və ispan mətbuatı tərəfindən reklam edilmiş bir layihəni reallaşdırır. Daliyə isə 35 min blanka sadəcə imza atmaq qalırdı.
Axtalanmaq qorxusundan əsərlərdə  falloslar yaranırdı, vaxt əlindən çıxanda axan saatlar. Bir-birini yeyən barmaqlar müharibənin simvolu idi. Qəribəliklər sırasına xərçəng-telefon, divan dodaqları, bokallar asılmış smoktnqi də əlaqə etmək olar. Onun xəyanət etmədiyi mövzuları dağılma, çürümə, ölüm, insanın seksual həyəcanları dünyası ilə çulğalaşmış şəkildə çıxış eləyirdi. Sarbonada «paranoidal tənqidi üsulun fenomenal aspekti» məruzəsini oxumaqçün gül kələmi ilə bəzənmiş limuzində gəlməsi də Daliyə bir qucaq pul gətirmişdi. Sürrealistlər sərgisi çərçivəsində tədbirə Dali sualtı kostyumda gəlmişdi. Bu, şüurun alt qatlarına baş vurmağın rəmzi idi. Hamının alqışı ilə müşayiət edilən Dali az keçməmiş boğulmağa başladı. Əlbəttə, boğulmaq Dalinin planlarında yox idi, amma diqqəti cəlb eləyə bilmişdi.
Erotik yaxud qara yumorlu rəsmlər yaradanda Dali istirahət eləyirdi. Dostu fotoqraf Xalsmanla birgə buraxdığı «Dalinin bığları: fotomüsahibə» kitabında yazdığı giriş sözü «Mən dəli olmuşam görəsən? Mən bu kitabı almış hər hansı adamdan daha normalam» onunçün tipik ifadə idi. Bu kitabın təqdimat mərasimində onun bığları daha çox müzakirə edilirdi. Bığlarını Dali «Sənəti qəbul etmək üçün antennalar» adlandırırdı.

Sürrealizm qalasının məhbusu

70-i haqlayanda Qala birgə 53 il yaşadığı adamdan uzaqlaşmağı qərara aldı. Qalanın xahişiylə aldığı qəsrə Dali gəlmək üçün yazılı icazə almalı idi. Çünki Qala burda vaxtını cavan oğlanlarla və qumar oynamaqla keçirirdi.
Qalanın Dalidən 10 yaş böyük olmasına baxmayaraq, heç kim, ən çoxu da Dali özü inanmazdı ki, o, birinci ölə bilər. Bu itkidən sonra Dali nəinki incəsənətə, hətta həyata da marağını itirir. O, otağının qapısını kilidləyib, pərdələri sıx çəkib bu qaranlığı pozmamaqçün heç kimi qəbul etmirdi. Dali Qalanın adını çəkməyi də qadağan eləmişdi. Sürrealist muzeyin qalasında oturub bığlarını, ruhunu təkmilləşdirməklə və böyük dəhşət hissiylə ölümü gözləməklə məşğul idi…

Aforizmləri:

•Tarixlə müqayisədə siyasət lətifə kimi bir şeydir
• Səhv Allahdan gəlir. Ona görə də səhvi düzəltməyə yox, onun səbəblərini anlamağa çalışın.
• Öz ortabablığınızı səliqəsiz rəngkarlıqla ört-basdır eləməyin. İlk cızıqda bu özünü büruzə verəcək.
• Kamillikdən qorxmayın. Onsuz da ona çata bilməyəcəksiniz.
• İnsanı bütün zir-zibili, murdarlığı ilə, hətta ölümü ilə birgə qəbul eləmək lazımdı.
• Axmaqlar elə bilir ki, mən hamıya verdiyim məsləhətlərlə yaşayıram.

Lətifə:

Restoranda bir kişi oturub. Cavan bir qız onun yanında əyləşir. Kişi şampan sifariş verir, onlar birgə içirlər. Az keçməmiş kişi əlini qızın dizinə qoyur və yavaş-yavaş yuxarı qalxmağa başlayır. Qız deyir:
- Sizin axtardığınız mənim sağ qulağımın arxasındadır. Axı mən Salvador Dalinin naturasıyam.

Müəllif: Gülnarə Rəfiq [email protected]
Mənbə: Bizim Yol qəzeti
Həmçinin bax: Salvador Dalinin La persistencia de la memoria rəsm əsəri

Top