Deyirlər ki, Teymurləng döyüşlərin birində məğlub olur, qoşunu pərən-pərən düşür. Teymurləng özü də canını güclə qurtarıb, bir kolun dalında gizlənir. Bu vaxt onun gözü yarğana çıxmaq istəyən bir qarışqaya sataşır. Qarışqa apardığı dənlə yarğana çıxmağa çalışır və hər dəfə yolun müəyyən bir hissəsində sürüşüb aşağı düşür. Bir az sonra yenə çıxmağa başlayır, yenə də aşağı sürüşür və yenə təzədən çıxmağa çalışır. 69 dəfə sürüşüb düşəndən sonra qarışqa, nəhayət, 70-ci dəfədə yarğana dırmaşıb gedir. Teymurləng öz halından utanıb gizləndiyi yerdən çıxır və pərən-pərən düşən qoşununu toplayıb, yenidən hücuma keçir. Belə bir həmləni gözləməyən düşmən ağır məğlubiyyətə uğrayır və Teymur qələbə qazanır. Belə döyüşlərdən birində budundan yaralanan Teymur axsamağa başlayır və o vaxtdan Teymurləng adını alır.
Teymurləng 1402-ci ildə Ankara altında İldırım Bəyazidi əsir etmişdi. Teymur-topal, Bəyazid isə kor idi. Teymur eyş-işrət məclisi qurub sultanı da qəfəs içində həmin məclisə gətirmişdi. Əmir əyanlarla keyf etdiyi zaman qəfəsdə oturan sultanın qəmgin olduğunu görüb:
— Sultan əfəndim, belə qəmgin oturub nə düşünürsünüz? — deyə soruşduqda,
Bəyazid:
— Düşündüyüm odur ki, görəsən bu dünyanı bir çolaq ilə bir koramı tapşırıblar? — deyə cavab vermişdir.
Orta Asiyanın məşhur sərkərdəsi və dövlət xadimi Teymurləngin (1336-1405) qəbrinin yerini müəyyən etmək xeyli mübahisələrə səbəb olmuşdur. Onun Səmərqənd şəhərində Qur-Əmir məqbərəsində dəfn edildiyini sübuta yetirmək üçün orada Teymurləngə aid edilən qəbri açmaq, cəsədin qalıqlarını tədqiq edib, bu skeletin hansı şəxsiyyətə mənsub olduğunu aşkara çıxarmaq lazım idi. Məşhur arxeoloq və antropoloq olan M.Gerasimov bu sahənin mahir mütəxəssisi kimi qəbrin açılmasında iştirak edirdi. M.Gerasimov çürümüş cəsədin skeletinə, onun qalan sümüklərinin quruluşu, ölçüləri və s. əlamətlərinə əsasən bu skeletə mənsub olan şəxsin zahirən görünüşünü bərpa etmək işində dəyərli tədqiqatların müəllifi kimi tanınır. Qəbri açarkən skeletin yanında parçaya bükülmüş və üzərində yazı olan bir lövhəcik də var idi. Burada yazılmışdır ki, kim mənim tabutuma toxunmağa cəsarət edirsə, qoy bilsin ki, onun ölkəsi məndən qat-qat güclü və amansız bır düşmənin hücumuna məruz qalacaq, düşmən onun vətənini elə bir kökə salacaq ki hətta mənim fəth etdiyim və dağıtdığım ölkələr belə bunu görmək çox maraqlıdır: tabutun açılışı 21 iyun 1941-ci il tarixinə təsadüf edir Bu, Hitlerin SSRİ üzərinə hücumunu, ölkəni min bir əziyyətə salan Sovet-alman müharibəsinin başlanğıcı günüdür.
Mənbə İlyas Həsənov,Ellada Həziyevanın
Əslində onlar kimdir? kitabından