Bir gün Teymur Azərbaycana işğalçı hücum eləyir. Gəlib bir diyarda məskunlaşır. O öz vəzirindən soruşur ki, bu dağ hansı dağdır? Vəzir cavab verir ki, «Ağrıdağdır». Teymur bir də soruşur ki, «Bu çay hansı çaydır?» Vəzir isə cavabında «Əyriçaydır, şah sağ olsun» deyir. Teymur qarşısındakı kəndin adını soruşur. Vəzir cavab verir ki, Qibleyi-aləm, Oğrukənddir». Teymur qəzəblənib qoşuna buranı tərk eləmək əmri verir: «Buranın ağrısı da, əyrisi də, oğrusu da öz içindədi. Daha mənim buranı işğal eləməyimə ehtiyac yoxdur». Quran oxumaqla və at çapmaqda keçən uşaqlıq Teymurilər nəslinin banisi Amudərya və Sırdərya çaylarının arasındakı vadidə yerləşən Müvəraünnəhrdə, Keş şəhərində (müasir Şəhrisəbz) türkləşmiş monqol tayfasında anadan olub. Atası Tuqay Barlas bəylərindən idi. Uşaq yaşlarından at çapmaqda, ox atmaqda mahir olan Teymurləng erkən gəncliyindən tayfalararası döyüşlərdə, hərbi yürüşlərdə iştirak etməyə başlamışdı. Əksər vaxtını Quran oxumaqda, şahmat oynamaqda və xüsusən at çapmaq məşğələlərində keçirirdi.
Həmin dövrdə Müvəraünnəhr türk əmirlərinin əlində idi. Teymurun cəsarətini görən bir neçə dəliqanlı onun başına yığışdı. Düşmən tayfalara qarşı hərbi meydana atılanda onun cəmi on nəfər adamı vardı. Az keçmiş nüfuzlu türk əmirinin qızıyla evlənən Teymur İlyas Xacəyə qulluq etmək istəmir. O öz qaynı Hüseynlə ittifaq bağlayır. Monqollar ölkəni ələ keçirəndə Hıcı Xorasana qaçan vaxt qətlə yetirilir və Keşin hakimiyyəti Teymura qismət olur. Bəlx şəhərində toplanan türk minbaşılarının və tümən başçılarının qurultayında Teymur türk ənənələriylə ağ keçə üzərində yuxarıya qaldırıldı və üləma Seyid Bərkənin oxuduğu duadan sonra Müvəraünnəhrin əmiri elan edildi.Tam hüquqlu hakim olanda da Teymur başqa hakimlər kimi xan titulunu götürməyərək «Böyük əmir» rütbəsiylə kifayətlənirdi. Ölkənin paytaxtı kimi Səmərqəndi seçəndən sonra ona ölkənin sərhədlərində sakitliyi və daxilində səliqə-sahmanı bərqərarına 9 il lazım gəldi. Misir piramidalarından Böyük Çin səddinə qədər Ölkənin müdafiəsi üstündə baş sındırarkən əmir Teymur özüyçün 3 qanun müəyyyən elədi ki, ömrünün sonunacan onlra sadiq qaldı: öz ərazində müharibə eləməmək, müdafiəyə baş qoşmamaq və düşmənin zərbəsindən əvvəl həmlə eləmək. Ordunun və ölkənin möhkəmlənməsində Teymur Çingizxanın təcrübəsindən istifadə etdi. O vaxt Çingizxan Yasa adlanan qanunlar toplusu elan eləmişdi ki, bu qanunlar xalqın bütün həyatını müəyyən eləyirdi. Qadağalar şəklində elan olunmuş həyat tərzini təmin edən qaydalarda əmir Teymur bircə əsil-nəsil məsələsini çıxarmışdı. İndi bütün mükafatlar və rutbələr döyüş meydanında qazanılırdı. Qoşunu xalqla birləşdirmək məqsədilə əmir Teymur monqolların buynuzlu bayraqlarını qızılı aypara ilə əvəz elədi. İndi Teymur qoşunları qızılı ayparanın altında hücuma keçirdilər.
Hər yeni qələbəni Böyük əmir tikili abidəylə əbədiləşdirirdi. Onlardan ən məşhurları – Registan, Şahi-Zində, Qur-Əmir məqbərəsi və Bibi Xanım məscididir. Onun əsgərləri hər yeni şəhərdə sənətkarları soraqlayıb sağ-salamat Səmərqəndə gətirməyə borclü idi. Əfsanəyə görə Dəməşqi yandırmazdan əvvəl Teymur məşhur məscidin gümbəzinin layihəsini çıxarmağı əmr edib ki, sonradan onu Səmərqənddə quraşdıra bilsin. İtirdiyi sevimli adamların da xatirəsinə abidələr ucaldardı. Bibi Xanım məscidi sevimli arvadı Alcay-ağanın xatirəsinə tikilib. Sevimli nəvəsini itirəndə isə Qur-Əmir məqbərəsinin tikintisinə əmr verir. Gələcəkdə həmən məqbərədə onun öz tabutu və teymurilərdən bir neçəsi də rahatlıq tapacaqdı.
Onun imperiyası sanki gözəl yollardan hörülmüşdü. Səfərləri yorucu etməməkçün ara-sıra karvansaraylar, mehmanxanalar tikilirdi ki, səyyahlar atlarını dəyişib yorğunluğu çıxara bilsin. Yaxşı nəqliyyat sisteminə görə də Səmərqənddən gələn əmrlər bir neçə gün ərzində lazımı ünvana yetirdi. Gizli cəsuslar ölkə hakimiyyətindən və sadə camaatdan da xəbər daşıyrdılar. Həmin xəfiyyələr düşmənin hərəkəti, maddi durumu haqqında dəqiq informasiya verməklə yanaşı lazım gələrsə qorxu toxumu da səpirdilər. Bu vasitələrin hesabına əmir Teymur böyük əraziləri tam nəzarət altında saxlaya bilirdi. Tacirlər çox az rüsum verirdilər. Əvəzində onların toxunulmazlığına təminat verilirdi deyə ticarət yaxşı inkişaf edirdi. Tacirlər Hindistan, Çin, Avropa ilə sıx əlaqələr yaratmışdılar. Zəbt edilmiş ölkələrin şəhər hakimləri cinayətkarlıqla güclü mübarizə eləməli olurdular. Çünki qoyulan qanuna görə oğru tapılmasaydı şəhər hakimi zərəri öz cibindən ödəməliydi. Torpaqları birləşdirdikcə tədricə vergilər də azalırdı. «Yer üzünün məskunlaşmış əraziləri iki padşah arasında bölünməyə layiq deyil» Orta əsrlərdə beynəlxalq münsibətlər «ata-oğul-qardaş» anlayışları üzərində qurulurdu. Öz tayına «qardaş», səndən asılı olana «oğul» deyirdilər. Beynəlxalq əlaqələrdə qalib olan «ata»ya çeırilərək termin kimi işlədilirdi. O, ələ keçirdiyi ərazilərdə adının dualar zamanı çəkilməsini, pulların üstündə öz cizgilərinin əks edilməsini tələb eləyə bilərdi. Bu şərtlər gəlir vergisi qədər vacib sayılırdı. Əmir Teymur ispan kralını «oğlu» adlandırmaqda işguzar söhbətlərdə bir daha vurğulayırdı ki, uzaq İspaniya belə onun əmrinə müntəzirdir.
Üçillik adlanan birinci səfərdə Teymur monqolları İrtışa qədər şimala, şərqdən isə Böyük Ulduza qədər qovalaya bilir. «Beşillik» yürüşdə Xəzər ətrafı əraziləri, Qərbi Persiya və Bağdadı əldə edir. Əmirin oğlu Ömər Şeyx Farsın, Miranşah Azərbaycan və Zaqafqaziyanın hakimi təyin edilir. Monqolları rus sərhədlərinə qədər sıxışdırandan sonra Qafqaz dağları Teymur imperiyasının şimal sərhəddi olur. Hindistana yürüşü nəticəsində Teymur sərhədlərini genişləndirməsə də çoxlu şəhərlər əldə edərək Səmərqəndə çox böyük sərvətlə qayıdır. Arxasıyca qanlı iz qoyaraq Dehliyə qədər gedib çatan əmir geri qayıdanda 90 filin belində Səmərqənddə tikiləcək məscid üçün sal daşlar gətizdirirdi.Yeddi ililk yürüşün başlamasına Miranşahın havalanması təkan oldu. Çünki onun idarəçiliyindəki ərazilərdə narazılıqlar baş alıb gedirdi. Öz oğlunu da taxtdan salaraq Osmanlı sultanı Bəyazidlə döyüşə başlayır. Anqora ətrafında olan türkün türkə qılınc qaldırdığı döyüşdə Bəyazid məğlub olur və əsir düşür. Bağdadın hakimi Miranşahın oğlu Əbu Bəkr, Azərbaycanınkı isə o biri oğlu Ömər təyin edilir. Səmərqəndə qayıdnadan sonra Əmir Teymur çoxdan planlaşdırdığı nağıllar ölkəsi Çin üzərinə yürüşə hazırlaşır. Amma Çini də öz imperiyasına qatmağa ömrü kifayət eləmir. Kürən Avropalı? Əmir Teymurun hərəkətləri, səfərləri haqqında çoxsaylı məlumatlar yazmış tarixçilər onun görkəmi barədə çox az təsvirlər qoyublar. Əmirin əsiri ərəb İbn Arabşah onu hündür boylu, iri kəlləli və hündür alınlı kimi təsvir edir. Onun yazdığına görə Teymur çox güclü, cəsarətli, əla bədən quruluşlu, enli kürək kişi idi. Uzun saqqal saxlayırdı, saçı vaxtından qabaq ağarmışdı, bir ayağını çəkərək gəzir və qalın, bəm səslə danışırdı. Dərisini də qəribə olsa da ağ rəngdə təsvir edirdi. 1941-ci il 22 iyunda Qur-Əmir məqbərəsindən çıxarılmış sümüklərə əsasən əmirin portretini yaratmış antropoloq Gerasimov da bu təsvirə uyğun nəticələr əldə eləmişdi. Gerasimov sümüklərin sahibinin ayağını çəkməsini və əlinin qurumasını təsdiq eləmişdi. Alimin təsvirinə inansaq Teymur monqoloid yox, avropalı görkəmində idi. Əldə edilmiş skileti sahibi monqollar üçün hündür sayılan 170 sm-lik boyda idi. Teymurun vaxtından qabaq ağarmış kürən saçları və uzun bığları vardı. Saçın binokulyar altında tədqiqi saçların kürənliyinin tarixçilərin dediyi kimi xına ilə rənglənmiş yox, təbii olmasını təsdiqləyib.
Kəllələrdən qüllələr
Orta əsr bioqrafları Teymurun fitri yaddaş sahibi olduğunu, türk, fars dillərini bildiüyini yazırlar. Deyilənə görə əmir Teymur dahi sərkərdə və qəhrəmanların tarixçələrini çox yaxşı bilirmiş və döyüşdən qabaq əsgərləri ruhunu qaldırmaqçün onlara danışarmış. Bununla belə tarixçilər yazır ki, Teymur yazıb oxumağı bilmirdi. Savadsız adam müsəlman tarixçilərindən ən biliklilərindən olan İbn-Həldunu necə məftun edə bilərdi? Həmin ciddi-cəhdlə tarixçilər əmir Teymuru böyük şəhərləri başabaş qılıncdan keçirən, qansız və rəhmsiz qəssab kimi qələmə verirlər. Onun İran səfəri zamanı İsfahanda 70 min adamın başını üzüb kəllələrdən qüllə yaratması barədə də çox danışırlar. Guya Xorasan şəhəri Səbzəvarda o, adamları diri-diri divara hördürüb inildəyən canlı divarlar yaratmışdı.
Sonra Teymurun Hindistan səfərində Orta Asiyaya aparmaq çətin olduğundan yüz min əsiri qırmasından da danışırlar. Guya o, Bağdad səfəri zamanı bir gün ərzində 90 min adamın qılıncdan keçirib kəllələrdən 120 qüllə ucaldıb. Şaiyələrə görə Misiri zəbt eləyəndə əmir Teymur bir damcı müsəlman qanı axıtmayacağına söz verdiyinə görə guya ki, xristianları qılıncdan keçirib müsəlmanları diri-diri torpağa basdırmışdı. Tarixçilər Teymurləngin qaniçənliyini fiziki əzablarıyla bağlayırlar. Bu gün əsassız yazılardan başqa əmir Teymurun törətdiyi «vəhşiliklər»dən bizə bir dənə də təsdiq edici sübut məlum deyil. Kəsilmiş başlardan ibarət qüllələrin bir fraqmentini arxeoloji qazıntılar ortaya çıxarmayıb. Orta əsrlərdə qulların yaxşı satıldığı vaxt kim öz varidatını məhv eləyərdi ki? «Mən, Tanrının qulu Teymur..» Əmir Teymur ruhanilərə, dərvişlərə xüsusi hörmətlə yanaşıb. Küfr elan edilmiş (fəlsəfə və məntiqlə maraqlanmaq) işlərlə məşğul olmağa qoymur və böyük gəlir gətirməsinə baxmayaraq ticarət şəhərlərində əyləncə yerlərini bağlatdırmaqla dinin qadağalarına riayət etməyə çalışırdı. Teymur Allaha dərindən inanır, daim yanında Quran gəzdirir və mütaliə edirdi. Ustadı Seyid Bərkə onun ən yaxın adamı və məsləhətçisi idi. Teymurun qılınc hesabına qazandıqlarını öz dualarıyla möhkəmləndirirdi. Böyük fateh öz məktublarını «Mən, Tanrını qulu Teymur..» sözləri ilə başlayırdı. Ölüm yatağında isə o, Seyid Bərkənin ayaqları altında basdırılmağı vəsiyyət etmişdi.
Əmir Teymur düşmənə qarış amansız idi, lakin onunla açıq döyüşə girən igid sərkərdələri yüksək qiymətləndirirdi. Azərbaycanda Əmir Altın 300 nəfərlik qüvvə ilə uzun müddət Əlincə qalasını Teymurun ordusundan müdafiə etmişdi. Onun Mərənd hakimi tərəfindən xaincəsinə öldürüldüyünü eşidəndə Teymur buna təssüflənmiş, qatili həbs edib edam etdirmişdi. Böyük fateh əsir götürdüyü İldırım Bəyazidə də ehtiramla yanaşırdı. Onunla tez-tez fəlsəfi söhbətlər edir, şahmat oynayırdı.
Birinci İbrahim İbn Soltan Məhəmməd ibn Keyqubad Şirvan taxt-tacını saxlamaq üçün Teymurla dil tapa bilmişdi. Türklərdə belə adət var ki, hədiyyə edəndə hər şeydən 9 dənə verərmişlər. Həmən qaydalara riayət edən Şeyx İbrahim özüylə 8 qul aparmışdı. Ondan soruşanda ki, niyə belədir, demişdi ki, doqquzuncu qul mən özüməm. Bu söz Teymurun o qədər xoşuna gəlir ki, onu Şirvan və Şamaxının rəsmi hakimi elan eləyir. Tədricən 1-ci İbrahimlə əmir Teymur arasında «ağa-qul» münasibətləri dostluğa keçir. İbrahim ona xərac vermirdi, amma Teymurun yolu Şirvana düşəndə təmtəraqlı ziyafətlər verməklə, qiymətli hədiyyələr göndərməklə kifayətlənirdi. Azərbaycana yolu düşəndə Teymur tez-tez düşərgəsini Qarabağda salırdı. O, monqolların dağıtdığı Beyləqanı abadlaşdırır, Arazdan suvarma kanalı çəkdirir.
Əmir Teymur Karl Marksa da qalib gəldi Xalq arasında belə bir inam vardı ki, böyük sərkərdənin qəbrini açanda yenə də müharibə ola bilər. 1941-ci ildə Əlişir Nəvainin 500 illik yubileyi ərəfəsində təşkilat klmitəsinə Teymurun məqbərəsini açıb materialları tədqiq eləməyə icazə verildi. Qazıntılar 16 iyunda başladı. Əvvəl nəvəsi Uluqbəyin oğullarını, sonra Teymurun oğulları Miranşah və Şahruhun cənazəsini yerindən çıxardılar. Əmir Teymurun qəbir daşını yerindən tərpədəndə ətrafa boğucu qətran, kamfara, qızılcül və büxur ətrindən qarışıq boğucu qoxu yayıldı. Alimlər 21-dən 22-nə keçən gecə Teymurun sərdabasına düşdülər. Bundan bir saat keçmiş Almaniya SSRİ-yə hücum haqqında elan elədi. Teymurun sümükləri qəbirdən çıxarılıb Moskvaya gətirilmişdi. Stalin taleyini bir az da sınamaqdan çəkinib əmirin sümüklərini yerinə qaytarmağı əmr edir.
Bü yaxınlaracan Qur — Əmir məqbərəsini ziyarətə gələnlərə Teymurləngin törətdiyi vəhşiliklərdən danışılır, zəbt edilmiş xalqların əzablarını təsvir edirdilər. Teymurun kanonlaşması 1995-ciildə Daşkəndin mərkəzində Marksın heykəlini yıxıb yerinə Əmir Teymura abidə qoyandan sonra başlayıb. Ölümündən sonra əmir Teymur Karl Marksa da qalib gəldi.
Müəllif: Gülnarə Rəfiq
Mənbə: Bizim Yol qəzeti
Həmçinin bax: Teymurləng (Əmir Teymur) haqqında