Firdovsi, Nizami, Məhsəti Gəncəvi, Ömər Xəyyam, Dante, Höte, Volter, Puşkin, Turgenev, Brext, Hemenquey, Qaliley, Nyuton, Leybnits, Mendeleyev, R.Ştraus, E.Karuzo, Rimski-Korsakov, Lenin və başqaları çılğın şahmat həvəskarı idilər.
Məlumdur ki, görkəmli fizika alimi L.O.Landau
şahmat oyununu sevir və oynamağı bacarırdı. Buna baxmayaraq, onu şahmat oynamağa dəvət edənlərin təklifindən imtina edirdi. O eşidəndə ki, məşhur ingilis fiziki Zommerfald öz tələbələrinə şahmat oynamağı qadağan etmişdir, bunu xüsusi rəğbət hissi ilə alqışladı. Yəqin ki, bu elmi işlə məşğul olanların əsas işlərindən yayınmaları ilə əlaqədardır.
Məşhur şahmatçı Morfi yazı taxtasına baxmadan eyni zamanda 3 oyunçu ilə, rus şahmatçısı Alyoxin 32 nəfərlə, Argentina qrossmeysteri Miquel Naydorf 45 oyunçu ilə oynamışdı.
1960-cı ildə macar şahmatçısı idman ustası Yanoş Freş şahmat taxtasına baxmadan 52 oyunçu ilə oynamışdır. Ona qarşı 4 nəfər ustalığa namizəd, 12 nəfər birinci dərəcəli, digərləri isə 2-ci və 3-cü dərəcəli şahmatçılar oynamışlar. Yanoş Freş bu oyunlardan 31-ni udmuş, 18-ni heç-heçə qurtarmış, yalnız 3 oyunu uduzmuşdur. Bu seans 13 saata yaxın bir müddət ərzində keçirilmiş, cəmi 4 dəfə 10 dəqiqəlik tənəffüs verilmişdir. Bu oyun zamanı o, 6 kq qədər çəkisini itirmişdir.
D.İ.Mendeleyev çox ehtiraslı şahmat pərəstişkarı və oyunçusu idi. O, yazırdı: «Mənim üçün elm - şahmat oynamaq kimidir. Odur ki, vaxtı bu cür əyləncələrlə keçirmək xoşuma gəlir.»
Fransa kralı XIV Lüdovik (1638-1715) bir dəfə şahmat oynadığı zaman üzünü hersoq Qrammona tutaraq demişdir: «Siz hakim olun, oyunun vəziyyətini müəyyən edin. - Əlahəzrət, siz oyunu uduzmuşsunuz» - deyə hersoq oyun taxtasına baxmadan cavab vermişdir. Kral ona: «Siz oyun taxtasına baxmadan, hökm yürüdürsünüz» - deyə etiraz edərkən. Hersoq: «Əlahəzrət, baxıb-baxmamağın fərqi yoxdur. Siz uduzmuşsunuz. İnandıraram sizi ki, əgər bir balaca sizin xeyrinizə olsaydı indi hamı vəcdə gələrək, sizi qabiliyyət münasibətilə təbrik edərdilər!» - demişdir.