Sevginin formulu

Sevginin formulu

Bilirsizmi, adi qadından qeyri-adi qadın yaratmaqçün cəmi bir detal lazımdı: onu sevmək kifayətdir ki, həyatının ağ-qara dilləri rənglənsin. İnanmırsız? Bəlkə, təcrübədən keçirəsiz? Əlbəttə, siz artıq bunun dadını çox yaxşı bilirsiz. Odur ki, əzizi oxucum, sevgiyə inanmayanların dediklərini dinləməyin. Nifrətdən usanmış ürək heç vaxt sevə bilməz axı! Sən dünyanı heyrətləndirməkçün yaranmamısan, ey insan! Sən ömrünü elə yaşamalısan ki, xoşbəxtliyin tamını dadasan. Xoşbəxtlik və sevginin qapıları isə heç kiminçün bağlı deyil. Sədəcə, bəziləri bu qapının hansı tərəfə açıldığını hələ yaxşı bilmirlər. Sən ki dünyaya öz seçimiylə yaşamağa imkan verirsən. Bəs niyə öz seçiminlə yaşaya bilmirsən axı?

sevgi və məhəbbət. Ailənin əsasında sevgi durmalıOlarmı, oxucum, sənə «sən» deyə müraciət edim. Belə söhbətdə rəsmilik heç yerinə düşmür. Bu kiçik köşəni oxumağa səbrin çatmasa, heç incimərəm. Köşəni yazmağa məni sevgi yox, qorxu məcbur elədi. Qorxdum ki, sevgidən yazılanlara uyub əllərin yanına düşər, ümidini itirərsən. Onda sevginin gözəlliyini heç vaxt görə bilməzsən.
Oxucum, əgər dərddən və qüssədən göz yaşı axıtmamısansa, itirdiyin insanın ardınca qəzəbindən zəncir çeynəyib qızmamısansa, demək, hələ sevməmisən. Sevgi sevinc deyil, sadəcə, bu sözlər hər ikisi eyni hərflə başlayır. Bütün dünyanın dərdini çiyninə şələləmisənsə, deməli, hər şey hələ də irəlidədi.

Sevgi çeynənmiş, əzilmiş və heç vaxt da tüpürülmüş ola bilməz. Çünki bu, iki nəfərin arasında olan hiss deyil. Bu, sənin qəlbinin səsidir! Bu, sənin dünyagörüşündür! Bu, sənin o dünyadan gələn hədiyyəndir, ey insan! Nə vaxtacan sevgini başqalarının ürəklərində axtaracaqsan? Tapmayanda bunu əlində bayraq eləyib bütün dünyadan qisas alacaqsan? Qəlbinin nifrətini bir az azalda bilsəydin, bəlkə, orda sevgiyə də yer tapılardı.
İnsanın sevgi obyekti özü ola bilməz. Bu, xəstəlikdi, ondan sağalmaq lazımdı. Nə vaxtacan özünü sevəcəksən, bezmədinmi? Öz sevgilin olmaqdan absurd nə olar ki?  Özünə inanmalısan ki, başqasını sevə biləsən. Sevginin əvəzində heç nə qazanmayacağını bəyəm indi eşidirsən?

Ola bilər ki, heç vaxt sevməmisən. Bu da sənin taleyindi, qəbul elə. Bəlkə, kiminsə özünü (saçının rəngini, gözlərini, boy-buxununu), kiminsə himayədarlığını («evlənəcəkmi?», «arxamda duracaqmı?», «tək qoyarmı, görən?»), kiminsə varidatını («kimlərdəndi?», «əsilli-nəsillidir») arzulamısan.? Sevginin əvəzində yanındakını öz qulun kimi görmək istəmisən. Ürəyində axtaracaqlarını onun gözlərində tapmaq istəmisən. Vətəni də ona görə sevmisən ki, onun çoxlu münbit torpaqları, 9 iqlim qurşağı, bir eşelon şair, yazıçı, musiqiçisi var. Sən də bu torpaqda yaşayıb uşaqlarının qarşısında Vətəninlə fəxr eləmək istəmisən. Hünərin var, ermənilərin becərdiyi torpaqları sev! Uşaqlarına da de ki, heç vaxt ayaq basa bilməyəcəyin torpaqların sevgisindən xoşbəxtsən. Vətənə verdiyin dırnaq ucu boyda sevginin əvəzində bütün insanların sevgisini necə tələb eləyə bilərsən axı? İki-üç nəfərin axmaq söhbətlərini eşitməyə bəndsən ki, ürəyinin olan-qalan sevgisini silib zibil yeşiyinə tullayırsan. Yəqin ki, doğulmağı öyrədən kimi sevməyi də öyrətməliydilər sənə...

P.S. Qəribədi, amma qızdırma içində yatan oğlum arabir diksinib qorxulu yuxularını gözünün səkisindən tullayan kimi yarıqapalı gözlərini süzüb klaviaturanın səsiylə onu dəng eləməyimi mənə o dəqiqə bağışlayır. «Mama, mən səni çox istəyirəm» deyib elə bil arxayınlaşırmış kimi yuxusunun ardını yatır. Xəstə olduğu üçün onun bu sözü eşitməkdən çox deməyə ehtiyacı var. Görürsüz də, uşaqlar sevməyi və sevgisini bildirməyi bizdən, böyümüş uşaqlardan daha yaxşı bilirlər.

Müəllif: Gülnarə RƏFİQ [email protected] Mənbə: Bizim Yol
Həmçinin bax: Sevgi hissi nədir?

Top