Azərbaycanın Ermənistana göndərdiyi ilk diplomat

Azərbaycanın Ermənistana göndərdiyi ilk diplomat

Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadımi və tanınmış diplomatlarından biri də Məmməd Xan Təkinskidir. Tariximizin hər bir səhifəsinə dərin hörmət və ehtiramla yanaşaraq arxiv sənəd və materialları, həmçinin  həmin dövrün mətbuatı və digər mənbələr əsasında Məmməd  xan Təkinski haqqında hazırladığım bu məqaləni hörmətli oxucularımızın diqqətinə  çatdırıram.
Məmməd Xan Təkinski Azərbaycan Xalq Cümhuriyyəti dövründə müxtəlif vəzifələrdə dövlətinə və xalqına layiqincə xidmət etmiş şəxslərdəndir. Məmməd Xan Təkinski Zaqafqaziyada azğın erməni-daşnak  qüvvələrinin dinc müsəlman əhalisinə qarşı törətdiikləri zorakılıq və vəhşiliklərin tədqiq edilməsi üçün Cümhuriyyət hökumətinin qərarı ilə 1918-ci il iyulun 15-də  yaradılmış Fövqəladə İstintaq Komissiyasının (iyul-dekabr) üzvü olmuşdu.Məmməd Xan Təkinski
Məmməd xan Təkinski 1919-cu il yanvarın sonlarında Azərbaycan Xalq  Cümhuriyyəti hökumətinin Ermənistanda diplomatik nümayəndəsi təyin edilmiş, Naxçıvan mahalında “erməni idarəçiliyi”nə son qoyulması məsələsinin zəruriliyini dəfələrlə Ermənistandakı beynəlxalq missiyaların qarşısında qaldırmış və  Cümhuriyyət hökumətininbu işə fəal müdaxilə etməsinə  çalışmışdır. M.X. Təkinskinin milli mənafelərin müdafiəsinə yönəlmiş fəal diplomatik mövqeyindən narazı qalmış Ermənistanın daşnak hökuməti onun geri çağrılmasına nail olmuşdur. M.X.Təkinski geri çağırıldıqdan sonra Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 11 oktyabr 1919-cu il tarixli qərarı ilə 1919-cu il oktyabrın 1-dən etibarən Xarici işlər nazirinin müavini vəzifəsinə təyin  edilmiş və Azərbaycan sovetləşdirilənədək  bu vəzifəni icra ermişdir. Lakin təəssüflər olsun ki,  M.X.Təkinskinin Cümhuriyyət dövründəki fəaliyyəti  bu günə qədər  kifayət qədər tədqiq edilməmişdir.
1918-1920-ci illərdə azğınlaşmış erməni-daşnak qüvvələrinin İrəvan quberniyasının türk-müsəlman əhalisinə qarşı törətdikləri vəhşiliklərin qarşısının alınmasında,  eləcə də qaçqınların problemlərinin həllində  Məmməd Xan Təkinskinin xidmətləri danınmazdır.  Məlum səbəblər ucbatından əvvəlki dövrlərdə nəşr olunmuş kütləvi ensiklopedik nəşrlərdə, həmçinin digər kütləvi nəşrlərdə  Məmməd Xan Təkinski haqqında hər hansı bir məlumat dərc edilməmişdir.
Hazırki dövrdə cəmiyyətimizdə Məmməd Xan Təkinski haqqında məlumat çox azdır.
M.X.Təkinskinin Cümhuriyyət dövründə fəaliyyəti haqqında qısa və natamam məlumat yalnız 2005-ci nəşr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın II cildində dərc edilmişdir. Yeri gəlmişkən qeyd edirik ki, M.X. Təkinskinin diplomatik  və  xarici işlər nazirinin müavini və müvəqqəti olaraq xarici işlər naziri  vəzifəsinin icrası üzrə fəaliyyəti  Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən işləyib hazırlanmış «Азербайджанская Демократическая Республика(1918-1920). Внешняя политика. Баку-1998»; «Азербайджанская Демократичская Республика(1918-1920).Армия.Баку -1998» və «Азербайджанская Демократичская Республика(1918-1920).Законодательные  акты.Баку -1998» adlı sənədlər məcmuələrində əks etdirilmişdir. Bu məqaləni hazırlayarkən həmin məcmuələrdə əks edilmiş arxiv sənədlərindən və digər mənbələrdən istifadə edilmişdir. Əlavə olaraq qeyd edirik ki, Azərbaycan Respublikasının Dövlət Arxivlərində Məmməd Xan Təkinskinin şəxsi işi və yaxud  onun formulyarsiyahısısaxlanmadığı üçün onu aşkar etmək mümkün olmamışdır.
Tədqiqatçı-alim Ataxan Paşayev “Məmməd xan Təkinski kimdir?” adlı məqaləsində qeyd edir  ki, “...Ukraynanın Odessa şəhərində xidməti ezamiyyətdə olarkən Odessa vilayətinin dövlət arxivində də olduq. Oradan digər sənədlərlə yanaşı vaxtilə Novorossiysk Universitetində təhsil almış azərbaycanlı tələbələrin də şəxsi işlərini aşkar edərək surətlərini gətirdik. Həmin işlər arasında Novorossiysk Universitetinin hüquq fakultəsinin tələbəsi olmuş Məmməd Xan Təkinskinin də şəxsi işi var”.
Bunu Məmməd Xan Təkinskiyə aid ilk şəxsi işin olduğunu  qeyd edə bilərik. Lakin təəssüflər olsun ki,  onun bir surəti Dövlət Arxivlərinə ötürülmədiyindən  ondan istifadə etmək mümkün olmamışdır. Tədqiqatçı –alim A.Paşayev “Məmməd Xan Təkinski kimdir?” adlı məqaləsini hazırlayərkən M.X.Təkinskiyə aid bir sıra bioqrafiq məlumatları məhz onun  şəxsi işindən əldə etmişdir. Xatırladırıq ki, 1918-1920-ci illərdə Cümhuriyyətin hökumət kabinələrində  vaxtılə Avropa və Rusiyanın  ən yaxşı Universitetlərində  və  texniki ali  məktəblərində  yüksək  təhsil almış nazirlər  təmsil olunmuşdular. Həmin tarixi şəxsiyyətlərin  şəxsi işlərini, həmçinin Azərbaycan tarixinəaid  digər qiymətli  sənədləri aşkar edərək surətlərini  Respublikamızın Dövlət Arxivlərinə ötürülməsinə  nail olmaq  lazımdır. Əgər  buna  nail olsaq  tariximizin, o cümlədən Cümhuriyyət  tarixinin tədqiqat  bazasının  zənginləşdirilməsi istiqamətində mühüm aqddım atmış olarıq.
M.X.Təkinskinin şəxsi  işində olan məlumatlara əsasən o, 1879-cu ildə Orta Asiyada Axal-Təki vadisində ruslarla türkmənlər arasında baş vermiş Göytəpə müharibəsi zamanı dünyaya gəlmişdir. M.X.Təkinski valideynlərini həmin müharibə zamanı 1879-1881-ci illərdə itirmişdi.
İki yaşında olarkən onu rus ordusunun polkovniki Ehsan xan Naxçıvanski oğulluğa götürmüş  və Məmməd Xan Təkinski adını vermişdir. M.X.Təkinski 1901-ci ildə Tiflis 1-ci  kişi gimnaziyasını bitirərək  həmin ilin avqustunda  Novorossiysk İmperator Universitetinin fizika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsinə qəbul olunmuşdur. 1901-1902-ci tədris ilinin I və II semestrində təhsil haqqı ödənilmədiyinə görə o, 1902-ci ilin martında universitetdən xaric edilmişdir. 1903-cü  ildə təhsil haqqının ödəniləcəyinə söz verdikdən sonra  M.X.Təkinski Universitetin idarə heyətinin 9 sentyabr 1903-cü il tarixli qərarı ilə hüquq fakultəsinin 1-ci  kursuna qəbul edilmişdir. Bir sıra problemlər ucbatından  onun buradakı təhsil müddəti 1908-ci ilə qədər uzanmış və nəhayət, 1908-ci ilin iyulunda universitetin hüquq fakültəsinin məzunu olmuşdur. Lakin təəssüflər olsun ki, Novorossiysk İmperator Universitetinin hüquq fakultəsini bitirdikdən sonra Məmməd Xan Təkinskinin 1918-ci ilə qədər  olan müddətdə harada işlədiyi haqqında əsaslı bir məlumat yoxdur. Belə guman edilir ki, M.X. Təkinski  hüquqşünas kimi Zaqafqaziyada məhkəmə orqanlarında fəaliyyət göstərmişdir. Beləliklə, zaman ötdükcə Məhəmməd Xan Təkinski gələcəyin görkəmli dövlət xadimi kimi yetişirdi.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin mətbu orqanı olan “Azərbaycan” qəzetinin 31 yanvar 1919-cu il tarixli 22№li buraxılışında  M.X.Təkinskinin Azərbaycan Respublikasının Ararat  Respublikası nəzdində diplomatik nümayəndəsi təyin olunduğu haqqında məlumat dərc edilmişdir. Azərbaycan  Respublikasının diplomatik missiyalarının  rəhbərlərinin  təyin edilməsi  haqqında  Xarici İşlər  Nazirliyinin 15 aprel 1919-cu il tarixli 2№li əmrində həmçinin  qeyd edilirdi ki, M.X. Təkinski 29 yanvar 1919-cu il tarixdən etibarən Ermənistan Respublikasının hökuməti nəzdində Azərbaycan Respublikasının diplomatik  nümayəndəsi  təyin  edilir. Diplomatik nümayəndə təyin olunana qədər isə M.X.Təkinski Xarici işlər naziri vəzifəsini icra etmişdir. M.X. Təkinski Xarici işlər naziri vəzifəsini icra edərkən 1918-ci il dekabrın 9-da Azərbaycanın Gürcüstandakı nümayəndəsi M.Cəfərova diplomatik məlumat göndərərək ondan xahiş edirdi ki, Qazax qəzasının Qaraqoyunlu kəndinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu Ermənistanın Gürcüstandakı nümayəndəliyinə bildirsin.

1919-cu il 27 mart tarixli 64№li “Azərbaycan” qəzetində Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi M.X.Təkinskinin martın 24-də Ermənistanın xarici işlər nazirinə nota təqdim etdiyi haqqında məlumat dərc edilmişdir. Həmin notada qeyd edilirdi: “Türklər İrəvan quberniyasını tərk etdikdən bir neçə gün sonra erməni zabitlərinin komandanlığı altında erməni  silahlı dəstələri Naxçıvan istiqamətində hücuma keçərək  Səib, Kataklı, Şalavb, Xaraba Kataklı kəndlərini tar-mar etmiş, dinc müsəlman əhalisini — qocaları, qadın və uşaqları, həmçinin bu kəndlərdə olan qaçqın müsəlmanları doğramışdılar.Lakin Şərurda müqavimətlə qarşılaşan silahlı erməni dəstələri Tarovluya geriyə çəkilmişdilər. Eyni vaxtda  digər erməni dəstəsi Cırmanısdən Qaraxaç, Şaqanlı, Kadılı, Yuxarı Qarabağlar, Ağasıbəyli, Dəhnaz, Şişi Dağ kəndlərinə doğru irəliləyərək əvvəlcədən  bir  neçə yüz  qəşəng  qadın və qızları kəniz qismində seçdikdən  sonra, onlar bu günə qədər də erməni əsgərlərinin əlindədir,  bu kəndlərin bütün dinc müsəlman əhalisini doğramışdılar. Müsəlman nümayəndələri erməni əsgərlərinin bütün bu iyrənc hərəkətləri haqqında məlumatı vaxtında Ermənistan Respublikası hökumətinin diqqətinə çatdırmışdır. Mənim hökumətimin tapşırığı ilə Ermənistan Respublikası hökumətinə təklif  edirəm  ki, aparılmış müsəlman qadın və qızlar erməni əsgərlərinin əlindən  dərhal azad etsin vəyuxarıda adları çəkilən kəndlərin müsəlmanlarına vurulmuş ziyanın  miqyasını  aydınlaşdırmaq üçün  ingilis, müsəlman və ermənilərdən ibarət birgə komissiya yaradılsın. Bununla yanaşı  ümid etmək istəyirəm ki, Ermənistan Respublikasının  hökuməti həqiqətən də Azərbaycan Respublikası ilə dostluq əlaqəsi saxlamaq istəyirsə, tezliklə mənim hökumətimin haqlı tələbinə kömək edəcəkdir. Sizin hökumətin qərarı  haqqında  mənə  məlumat  verməyinizi  xahiş  edirəm”.
1919-cu il  aprelin  2-də Azərbaycan  Respublikasının  Ermənistandakı  nümayəndəsi  M.X.Təkinski teleqrafla Xarici İşlər Naziri  M.Y.Cəfərova məlumat göndərərək bildirmişdi ki, ”o, martın 18-də Eçmiadzinən gedərək katalikosla görüşmüş  və  katalikos  Ermənistanla  müsəlmanların  dostluğunun  vacibliyini  buyurmuş  və  söz  vermişdi  ki, erməni xalqına müraciət  edəcəkdir  ki, müsəlmanlarla dostcasına yaşasınlar. Katalikos məni nahara saxladı və məni yola düşənə qədər tərk etmədi. Mazut olmadığına görə Eçmiədzin  kilsəsi və katalikosun  evi  elektrik işığı ilə  işıqlandırılmır, ona görə mən katalikosa enerji üçün mazut söz verdim, xahiş edirəm katalikosa ötürmək üçün mənə çəlləklərdə  mazut göndərəsiniz. Qaçqınların vəziyyəti ağırdır və onlara  dərhal geniş yardım  göstərmək  lazımdır. Yalnız  200 pud mazut  göndərin  ki, hökumət  mazutdan istifadə  edə  bilməsin. Mənum mazut çatdıracağım haqqında vədim  katalikosa böyük təsir bağışladı...Gəlir mənbəyi olmadığı üçün Ermənistan müstəqil yaşaya  bilməz. Hindli  əsgərlər Naxçıvana  yola  düşdülər. Lazım  bilirsinizsə  Qars  hökumətilə əlaqə  yaradım. 14 nəfər yuxarı sinif gimnaziya şagirdləri təhsilini davam etdirmək üçün  gələcəklər”.
Nazirlər  Şurasının sədri F.X.Xoyski tərəfindən aprelin 2-dəhəmin məlumata dair yazılmış dərkənarda qeyd edilirdi: “Bir sistern neft buraxılsın, əlaqə  yaradılsın, gimnazistlər qəbul  edilsin”.
Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini A.x.Ziyadxanovun ermənilərin müsəlman əhalisi üzərində zorakılıqlar  üzrə materialların  toplanması  haqqında 4 iyun 1919-cu il tarixdə Azərbaycanın  Ermənistandakı  nümayəndəsi  M.X. Təkinskiyə göndərdiyi  direktivdə qeyd  edilirdi: “Ermənilərin  İrəvan quberniyasında, Qarabağda, Araz Respublikasında  müsəlman əhalisi  üzərində  zorakılığını müzakirə  etmək  üçün ittifaq ölkələrinin də nümayəndələrini cəlb etməklə  fövqəladə parlament komissiyasının  yaradılması nəzərdə  tutulmuşdur. Parlament  komissiyanın  işini  təmin  etmək üçün  10  mln.rub. pul vəsaiti  ayıracaqdır. Bütün  materiallar  lazımdır, mümkün  qədər  tezliklə. İrəvan Milli şurasını da işə cəlb  edərək  bütün materialları  hazırlayın”.
Quldur   erməni-daşnak  silahlı  dəstələrinin  dinc  müsəlman əhalisinə  qarşı  törətdikləri  cinayətləri  əks etdirən materialların  toplanması  üzrə işlər davam etdirilirdi.Azərbaycanın  Ermənistandakı  diplomatik nümayəndəsi  M.X. Təkinskinin  erməni qoşunlarının Naxçıvana hücumu  ilə  bağlı  Ermənistan hökumətinə 1919-cu il mayın 3-də təqdim etdiyi  notada  qeyd  edilirdi: “Hökuməti  tapşırığı ilə mən Ermənistan Respublikasının qoşunlarının Azərbaycanın ayrılmaz tərkib  hissəsi  olan Naxçıvan rayonuna yeridilməsinəqarşı qəti etiraz edirəm. Mən ümid etmək istəyirəm ki, Ermənistan Respublikasının hökuməti iki qonşu respublikaların sərhədlərləri  haqqında məsələni eyni  vaxtda silah gücü və Qafqaz konfransındakı öz  nümayəndələri  vasitəsilə həll edə bilməyəcəkdir.Qafqaz konfransının  məqsədi mübahisəli ərazi  məsələlərini  sülh yolu ilə həll etməkdir. Xüsusən də Ermənistan  Respublikasının  hökuməti özünün 4 aprel 1919-cu il tarixli 1075№li notasında  qeyd  etmişdir ki, ərazi məsələlərinin həlli  Qafqaz Konfransının həll etməli olduğu  bütün  məsələrin ilkin  şərti  olmalıdır.Xahiş edirəm bu məsələ ilə bağlı hökumətinizin qərarını mənə  bildirəsiniz”.
M.X.Tekinskinin fəal diplomatik fəaliyyəti, onun yazışmaları  və nota mübadilələri bir daha təsdiq edir ki, Ermənistan özünün soyğunçuluq,  beynəlxalq qanun  və  qaydalara zidd  hərəkətindən əl çəkmək istəmir, Azərbaycanın əzəli- tarixi torpaqlarına yiyələnmək kimi cəfəng  siyasətini həyata keçirmək  istəyir. Azərbaycanın  Ermənistandakı  diplomatik nümayəndəsi  M.X. Təkinskinin Nazirlər Şurasının sədri N.Yusifbəyliyə  göndərdiyi 10 may 1919-cu il tarixli  şifrələnmiş  teleqramda qeyd edilirdi  ki, “Yayılan şayiələrə görə əgər Ermənistan  Qarabağı Azərbaycanın olduğunu qəbul  edərsə, ingilislər  Şərur-Naxçıvan  rayonunu  Ermənistana  verir. Bu şayiəni  ermənilər  yayır; mən düşünürəm  ki, ermənilərə  Qars  kifayətdir  və başdan-başa müsəlman əhalisindən ibarət olan Şərur-Naxçıvanı  onlara vermək olmaz, buranın əhalisi  Ermənistanın  digər hissələrində  olan müsəlmanların  dəhşətli  vəziyyətinə  düşər. Müsəlmanların dəhşətli vəziyyətdə olması haqqında subutlarım vardır.Bunu Tiflisdəki  ittifaq  komandanlığına  hərtərəfli  izah etməli və  daim  onlarla  əlaqədə  olmaq  lazımdır. Əks təqdirdə bizim diplomatiyamız uduza  bilər”.
Azərbaycan Respublikası Xarici İşlər naziri əvəzi Ziyadxanovun İrəvan quberniyasının müsəlman əhalisinə  qarşı edilmiş zorakılığın araşdırılması üzrə beynəlxalq  istintaq  komissiyasının təşkilinə rəhbərlik  edilməsi  haqqında  1919-cu il  iyunun  7-də imzaladığı 13№ li əmrdə qeyd edilirdi: “İrəvan  quberniyasının dağıdılmış  və  zorakılığa  məruz  qalmış kəndləri ilə bağlı beynəlxalq istintaq komissiyasını təşkil etmək üçün dəftərxana direktorundan xahiş  edirəm ki, rəhbər rolunu öz üzərinə götürsün  və bu  işə direktor müavinini, Şepotyevi, Abdulla bəyi və Olenevi  cəlb etsin”.
M.X. Təkinski Ermənistan tərəfindən edilən mümkün düşmən hərəkətlərə qarşı müqavimətin göstərilməsi üçün Şərur-Naxçıvan və Ordubadın milli şuralarına köməklik  göstərilməsinin vacibliyi  haqqında  Xarici işlər naziri M.Y.Cəfərova 7 iyun 1919-cu il tarixdə göndərdiyi  teleqramda qeyd  edir di ki,  “Bakını tutacaqlarına  ümid bəsləyən  ermənilər Könüllülər  ordusunun  hərəkət  etməsinəsevinirlər, baxmayaraq  ki, dəvət  etdiyim  naharda  Xatisov məni inandırırdı  ki, müstəqilliyin qorunması  məsələsində  Ermənistan  və  Azərbaycanın maraqları ümumidir. Könüllülər  ordusu ilə  münasibətlərimiz  ağırlaşarsa, Ermənistan bizə qarşı düşmən mövqe tutacaqdır, ona  görə də hərbi  təşkilata pul buraxaraq Şərur-Naxçıvan  bölgəsində  Ermənistana  təhlükə yaratmaq lazımdır. Mənim tərəfimdən görülmüş  tədbirlər  nəticəsində  artıq Şərur-Naxçıvan  və Ordubad milli sura şəklində  birləşmişdir və daim mənimlə  əlaqə  saxlayırlar”.

İrəvan quberniyası  və  Qars vilayətində müsəlman  əhalisi  üzərində ermənilərin  zorakılığına  aid ətraflı  ststistik  məlumatların toplanması haqqında Azərbaycan Xarici  işlər nazirliyinin Azərbaycanın  Ermənistandakı  nümayəndəsi  M.X. Təkinskiyə göndərdiyi  10 iyun 1919-cu il tarixli 1627 №li təcili diplomatik məlumatda qeyd  edilirdi ki, “İrəvan quberniyasında  və  imkan daxilində Qars vilayətində dağıdılmış  müsəlman kəndlərinin nümayəndələri ilə  birgə məxfi surətdə adı, familiyası, yaşadığı ünvan  göstərilməklə müsəlmanların insan  və əmlak itkisi,əsir düşmüş, əsirlikdən qayıtmış və  qayıtmamış qadın və  kişilər  haqqında, oğurlanmış mal-qara, dağıdılmış kəndlər, uşaq bağçaları  və s.  haqqında  statistik məlumatlar  toplasın. Yaxşı olardı  ki, şahidlərin və yaxud fəlakətə məruz qalmış şəxslərin öz dili ilə ermənilərin müsəlman kəndlərinə  mühüm- ciddi hücümları  təsvir  edilsin. Hökumət  qərara almışdır  ki, ermənilərin insan itkisilə məşaiət olunan  müsəlmanlara vurduqları ziyanın miqyasını müəyyən etmək üçün ingilis, italyan və digərlərindən ibarət beynəlxalq komissiya  yaratsın.Bu məsələnin həlli müəyyən vaxt tələb edir, ona gorə üzərinizə qoyulmuş vəzifənin icrasına başlayın”.
Azərbaycan  hökumətinin  Qarabağdakı  fəaliyyətinə  müdaxilə etməsinin  yolverilməz  olduğu  haqqında  Azərbaycanın  Ermənistandakı  diplomatik  nümayəndəsi  M.X.Tekinskininn İrəvandan xarici  işlər  naziri M.Y. Cəfərova  1919-cu il iyunun 26-da  göndərdiyi məlumatda  bildirilirdi:  “Mən, 1919-cu il iyunun  25-də  Ermənistan  Respublikasının xarici işlər  nazairliyinə  aşağıdakı  224№ li  notanı  təqdim  etdim:
“Mənim  hökumətimim  tapşırığı ilə  bildirirəm ki, Azərbaycan  Hökumətinin  15 yanvar  1919-cu il  tarixli  qərarı ilə Sultanov  Azərbaycanın  ayrılmaz  dağlıq  hissəsini  təşkil edən Zəngəzur, Cəbrayıl  və Cavanşir  qəzalarının general-qubernator  vəzifəsinə  təyin edilmiş  və aprelin 3-də rəsmi tanınmışdır. Ona görə də Sultanovun qeyd olunan qəzalarda fəaliyyətinə və yaxud azərbaycan qoşunlarının həmin qəzalarda olmasına qarşı Ermənistan Respublikası  hökumətinin  istənilən etirazı  Azərbaycan Respublikasının  daxili  işlərinə  müdaxilə etmək  deməkdir. Qarabağın general-qubernatoru  Sultanov ciddi tədbirlərlə artıq Şuşa rayonunda nizam-intizam yaratmış vəhəyat normal qaydasına düşmüşdür”.
Xarici İşlər naziri A.x.Ziyatxanovun Ermənistanın xarici işlər  nazirinə 1919-cu il iyunun 23-də göndərdiyi notada qeyd edilirdi ki, “ Zaqafqaziya xalqları öz müstəqilliklərini elan etdikdən sonra  Azərbaycan və Ermənistanın hüdudlarında  acınacaqlı nəticələri olmuş çox qanlı hadisələr baş verdi. Keçən il qarşılıqlı surətdə  xırda və iri kəndlərin dağıdılması, erməni və müsəlman əhalisi arasında qarşılıqlı surətdə qətllər,təsərrüfatların məhv  edilməsi  dayanmamışdır. Bu hadisələrin nəticəsində hər iki respublikanın ərazisində çox böyük sayda qaçqınlar yaranmışdır. Bunun  nəticəsində  ermənilər  və müsəlmanlar arasında arzuolunmaz toqquşmalar meydana gəlmişdir.
Müstəqilliyin  elan  edilməsinin başlanğıcında  yeni yaranmış respublikalar üçün əsas ideal mehriban qonşuluq əlaqələrinin  yaradılması olmuşdur. Təəssüflər olsun ki, yuxarıda qeyd olunan səbəblər ucbatındanbu münasibətlər  qaydasına düşə bilmir. Bu hadisələri, onun  səbəblərini  qərəzsiz və ədalətli araşdırılması və bunların gələcəkdə təkrar yaranmasının qarşısının alınması, həmçinin son dərəcə kəskin qaçqın məsələsinin həllli üçün qəti tədbirlərin görülməsi normal münasibətlərin  qurulması üçün etibarlı zəmin ola bilər. Qeyd olunanları nəzərə alaraq  Azərbaycan hökuməti Ermənistan hökumətinə təklif edir ki, yuxarıda xatırlanan məqsəd üçün Erməni və Azərbaycan nümayəndələrindən ibarətqarışıq hökumət-parlament  komissiyası yaradılsın.Əgər Ermənistan respublikasının hökuməti  lazım bilirsə, Avropa və Amerikanın mədəni millətlərinin nümayəndələrinin də yuxarıda göstərilən  komissiyanın tərkibinə daxil  edilməsinə Azərbaycan hökuməti etiraz etmir”.
Azərbaycan hökumətinin bu əhəmiyyətli təklifinə Ermənistan tərəfindən müsbət cavab verilməmişdir. Zaqafqaziya ərazisində  yaşayan müsəlmanlar  və onların əmlakı üzərində törədilmiş  zorakılıqlar, qətllər və talanların  təhqiq  edilməsi üzrə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 15 iyun 1918-ci il tarixli  qərqrı ilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar gəbul edilmişdir. Bu qərarı yerinə  yetirmək üçün Xarici İşlər Naziri əvəzi F.X.Xoyskinin  1918-ci il avqustun 31-də imzaladığı qərarla sədri  Ələkbər bəy Xasməmmədov olmaqla tərkibi Gəncə dairə məhkəməsinin üzvləri – İsmayıl bəy Şahmalıyev, Andrey Fomiç Novatski, həmin dairə məhkəməsi prokurorunun müavini Nəsrəddin bəy Səfikürdski, Gəncə köçürmə idarəsindən Nikolay Mixayloviç Mixaylov, həqiqi mülki müşavir V.V.Qubvillo və müəllim Mirzə Cavad Axundzadən ibarət Fövqəladə İstintaq Komissiyası  yaradıldı.Yuxarıda göstərilən üzvlərdən başqa komissiyaya Bakı dairə məhkəməsi prokurorunun müavini Aleksandr Yevgenyeviç Kluqe, andlı iclasçı Məmmədxan Təkinski, Gəncə dairə məhkəməsinin xüsusi əməliyyat işləri müstəntiqi Məhyəddin bəy Şahmalıyev, Bakı quberniya dairə məhkəməsinin üzvü Hidayət bəy Sultanov, andlı iclasçılar Aley Aleksandroviç Litovski, Çeslav Boleslavoviç Klossovski, hüquqşünas Abbas Əlibəy Hacı-İrzayev, Bakı dairə məhkəməsinin üzvü B.Yusifbəyov müxtəlif vaxtlarda həmin komissiyaya üzv təyin edilmiş və ya üzvlükdən azad olunmuşlar.
Son iki yüz ilə yaxın bir müddətdə erməni  millətçilərinin  Azərbaycan xalqına qarşı yürütdükləri  təcavüz  və  soyqırım siyasətinin  mahiyyətini  təkcə ölkəmizdə deyil, ölkəmizdən kənarda  da öyrənilməsi  və dünya ictimaiyyətinə çatdırılması  üçünbelə komissiyala böyük ehtiyacın olduğunu  yaxşı dərk edən erməni –daşnak qüvvələri bundan  həmişə  boyun qaçırmağa çalışmışdılar. Erməni  millətçilərinin  azərbaycanlılara qarşı həyata keçirdikləri  qırğınlar, talanlar  və soyqırım siyasəti ilə bağlı arxiv  sənəd  və  materialları  əsasında  ortaya  çıxarılmış  fakt  və  dəlillərlə cinayətkar  erməni  millətçilərini  ədalət  məhkəməsinə  cəlb  etmək və  bu  cinayəti  dünyaya  tanıtmaq  mümkün  idi və indi də mümkündür… Lakin təəssüflər  olsun  ki, bu vaxtadək  bu  məsələ həyata  keçilməmişdir. Millətçi  erməni-daşnak  qüvvələri və  onların  havadarlarının xalqımıza  qarşı  törətdikləri soyqırımından  100 il  keçməsinə  baxmayaraq hələ  də  törədilmiş  bu  cinayətə  beynəlxalq  aləmdə hüquqi  qiymət  verilməmişdir.Bəlkə  də  törədilmiş  həmin  cinayətlərə  beynalxalq  aləmdə  vaxtındahüquqi  qiymət  verilsəydi  hazırki  dövrdə  erməni-daşnak  quldur  qüvvələri  və  onların  havadarlarının  Qarabağda  təşkil  etdikləri  qanlı  qırğınların  qarşısını  almaq  mümkün  olardı. Müasir dövrdə erməni-daşnak quldur  dəstələrinin törətdikləri  fəlakətlər davam  etməkdədir. Xocalı  faciəsi  Qarabağda   elan  olunmamış  müharibənin  qanlı  salnaməsinə  yazılmış və  xalqımızın tarixi yaddaşına həkk  olunmuşdur. Erməni-daşnak  quldur  qüvvələri  və  onların  havadarlarının  Qarabağda  törətdikləri  qanlı  qırğınlar,vəhşiliklər  bütün  Azərbaycan  xalqının  ağrısı  və  iztirabıdır.Biz  inanırıq  ki,  gün    gələcək   qəddar  düşmənlər    bizim  ərazilərimizdən   biabırcasına qaçaraq onu tərk etməyə məcbur   olacaqlar. Azərbaycanın  ayrılmaz  tərkib  hissəsi  olan    Qarabaq  torpağında  əmin-amanlıq   bərpa  olunacaq,insanlar  öz  doğma  yurdlarına  qayıdacaq,vətəndaşların  normal  həyat tərzi bərpa ediləcək  və  qanlı  cinayətlər  törətmiş  erməni  millətçiləri    Nyurnberq   beynəlxalq  məhkəmə  prosesi  kimi   bir  beynəlxalq  məhkəmə qarşısında  törətdikləri  dəhşətli  qırğınlara,vəhşiliklərə  görə  cavab  verməli  olacaqlar.İnanırıq  ki ədalət  və insanlıq  naminə  bu  mütləq  həyata  keçiriləcəkdir!
Azərbaycan 1920-ci ilin aprelində XI Qırmızı ordu tərəfindən zəbt edilərək sovetləşdirildikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimləri və ziyalı təbəqə ağır repressiyalara məruz qaldılar. Baxmayaraq ki, Parlamentin 27 aprel 1920-ci il tarixdə keçirilmiş axşam iclasında hakimiyyətin kommunistlərə təhvil verilməsi haqqında qəbul edilmiş qərarda həmçinin qeyd edilirdi ki, “ Yeni yaradılan müvəqqəti kommunist hökuməti Parlamentin və hökumət üzvlərinin həyatının  və əmlakının toxunulmazlığına təminat verir”.
Lakin qəbul edilmiş şərtlərə sonralar əməl olunmadı  və digər dövlət xadimləri kimi Məmmədxan Təkinski də 1938-ci ildə represiya qurbanı oldu.


Müəllif: Rafiq  Səfərov Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi
Mənbə: modern.az
Top