Budəfəki yazıda Cümhuriyyət hökumətinin atdığı ən vacib qərarın qəhrəmanları- Cümhuriyyətin xaricə göndərdiyi 100 tələbədən qısaca da olsa danşacağıq.
Təəssüf ki, Cümhuriyyət dünyanın bir neçə nöqtəsinə böyük ümidlə yolladığı həmin tələbələrdən faydalana bilmədi.
Çünki qısa müddətdən sonra devrilən ADR-dən sonra o tələbələr artıq təhsillərinin əsas mahiyyətindən uzaq düşdülər. Onlar gənc dövlətə xidmət etmək üçün oxuyurdular. Amma heç bir il keçməmiş həmin dövlət işğal edildi. Pulları və arzuları kəsilən tələbələr isə çox pis durumda qaldılar. O haqda az sonra…
İndi isə bir az əvvələ, həmin tələbələrin xaricə göndərilmə tarixindən danışaq:
Azərbaycan Parlamentinin 1919-cu il sentyabrın 1-də keçirilən 70-ci iclasında Bakı Dövlət Universitetinin təsisi ilə yanaşı, 1919-20 tədris ilindən başlayaraq, yüz nəfər azərbaycanlı gəncin hökumət hesabına təhsil almaq üçün xarici ölkələrin nüfuzlu ali məktəblərinə göndərilməsi haqqında məsələ də müzakirə edildi. Bu məsələ ilə əlaqədar Əhməd bəy Pepinovun məruzəsi ətrafında müzakirələrdə Rəhim Vəkiləv, Abdulla bəy Əfəndizadə, Rza bəy Ağabəyov, Məmmədrza Ağavəkilov, Qasım bəy Camalbəyov, Qara bəy Qarabəyli, Muxtar Əfəndizadə, Ağa Aşurov, xalq maarifi naziri Rəşid xan Qaplanov və başqaları çıxış edərək, ölkə iqtisadiyyatının elm, təhsil və mədəniyyətinin gələcək inkişafı üçün tələbələrin xarici ölkələrdə ali təhsil almağa göndərilməsinin əhəmiyyətini vurğuladılar. 1919-20 tədris ilində xaricdə təhsil almağa göndəriləcək tələbələr barədə Azərbaycanın Cümhuriyyəti Parlamentinin xaricdə təhsil almağa göndərilən azərbaycanlı tələbələrə vəsait ödənilməsi haqqında qərarı ilə bu iş üçün dövlət xəzinəsindən Xalq Maarifı Nazirliyinin sərəncamına 7 milyon manat vəsait ayrıldı.
Azərbaycan Cümhuriyyəti Ensiklopediyasının ikinci cildində bu barədə daha müfəssəl məlumatlar verilib. Bu məlumatların arasında smeta xərcləri də nəzərdə tutulmuşdu:
“Avropa ali məktəblərinə göndərilən hər tələbəyə ayda 400 frank təqaüd və 1000 frank yol xərci, Rusiya ali məktəblərinə göndəriləcək tələbələrə isə hər ay 3 min rubl təqaüd və 1000 manat yol xərci ayrılmalı idi. Xaricə göndəriləcək tələbələri seçmək üçün Xalq Maarifı Nazirliyi yanında Məhəmməd Əmin Rəsulzadə (sədr), Əhməd bəy Pepinov, Qara bəy Qarabəyli, Mehdi bəy Hacınski və Abdulla bəy Əfəndizadədən ibarət çox nüfuzlu münsiflər heyəti yaradıldı. Münsiflər heyətinin diqqətlə seçdiyi tələbələrdən 10 nəfərinin İgiltərəyə, 23 nəfərinin İtaliyaya, 45 nəfərinin Fransaya, 9 nəfərinin Türkiyəyə göndərilməsi nəzərdə tutulurdu. Nəticədə isə Xalq Maarifi Nazirliyi tərəfındən xaricə göndərilən tələbələrdən 49 nəfərinə Almaniyanın, 27 nəfərinə Fransanın, 4 nəfərinə İtaliyanın, 1 nəfərinə İngiltərənin, 6 nəfərinə isə Türkiyənin müxtəlif ali məktəblərinə göndərilmələri barədə rəsmi sənəd verildi. Qalan 13 nəfər isə Rusiyaya göndərilməli idi. Rusiyada vətəndaş müharibəsi ilə əlaqədar yaranmış şəraitə görə oraya tələbə göndərmək mümkün olmamışdı. Xaricə göndərilən tələbələr 1920-ci il yanvarın 14-də Parlament və Hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərin, iş adamlarının, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə təntənəli surətdə yola salındılar. Tələbələrin Batuma getmələri üçün xüsusi vaqon ayrılmışdı. 1920-ci il fevralın 11 -də Parisə çatan tələbələr burada Paris Sülh Konfransında (1919-20) iştirak edən Azərbaycan nümayəndə heyəti tərəfındən hərarətlə qarşılandı. Nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşov tələbələr qarşısında böyük nitq söylədi. Bundan sonra tələbələr təhsil almaq üçün Avropanın müxtəlif ölkələrinə yollandılar”.
Amma səd heyf… Cümhuriyyətin tez bir zamanda bolşevik istilaçıları tərəfindən işğal edilməsi bir çox böyük arzular kimi bunu da yarımçıq qoydu.
1920-ci ilin aprelində süquta uğrayan Hökumətin 100 tələbəsi taleyin ümidinə qaldı. Çətinliklər bundan sonra başlayacaqdı.
Azərbaycan Cümhuriyyəti Hökumətinin belə diqqətlə seçərək, böyük ümidlərlə xarici ölkələrin ali məktəblərinə yola saldığı bu tələbələrin taleyi Aprel işğalından (1920) sonra çox acınacaqlı oldu. Ölkənin bolşevikləşdirilməsi nəticəsində vəziyyət kəskin şəkildə dəyişdi. Tələbələrə pul göndərilmədi. Onlar bu barədə Nəriman Nərimanova müraciət etdilər. Azərbaycan İnqilab Komitəsinin 1920 il avqustun 9-da Nəriman Nərimanovun şəxsi təşəbbüsü və sədrliyi ilə keçirilən iclasında keçmiş Azərbaycan Hökumətinin xaricə göndərdiyi tələbələrin təhsillərini başa vurması üçün vəsait buraxılması və ümumiyyətlə, onlara maddi yardım göstərilməsi məsələsi müzakirə edilərək, müsbət qərar qəbul olundu və xaricdə oxuyan tələbələrə lazımi maddi kömək göstərilməsi yollarının müəyyənləşdirilməsi və göndərilməsi məsələlərinin həlli xalq maarifi və xalq xarici işlər komissarlıqlarına tapşırıldı. Azərbaycan SSR Xalq Komissarlan Sovetinin sədri kimi Nəriman Nərimanov xaricdə təhsil alan azərbaycanlı tələbələrə yardımın davam etdirilməsi haqqında xüsusi qərar imzaladı. Nəriman Nərimanov hələ 1919-cu ildən xaricdə oxuyan azərbaycanlı tələbələrin işinə məşğul Bəhram Axundovu 1921-ci il iyunun 18-də xaricdə oxuyan azərbaycanlı tələbələrin işləri üzrə xüsusi müvəkkil təyin etdi. Həmin il iyulun əvvəllərində B.Axundov xaricdə oxuyan azərbaycanlı tələbələrin maddi vəziyyətini öyrənmək və onlara əməli köməklik göstərmək üçün azərbaycanlı tələbələrin oxuduğu Qərbi Avropa ölkələrinin paytaxtlarına ezam olundu. O, bütün maneələri dəf edərək, yalnız həmin il oktyabrın axırlarında Parisə gəlib çata bildi. 1922 ilin yanvarına qədər Paris, Berlin və Avropanın digər şəhərlərinə səfər edən B.Axundov Fransanın müxtəlif məktəblərində 28, Almaniyanın ali məktəblərində 49, İtaliyada 3 nəfər tələbənin oxuduğunu müəyyənləşdirdi. Bakıya qayıtdıqdan sonra, o, 1922 il martın 2-də Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun adına əhatəli hesabat təqdim etdi.
Bundan sonra gözlər Nərimanovda idi. O, 100 tələbənin taleyini həll edəcək qərar verməli olacaqdı. “Azərbaycan tarixi” yeddi cildliyinin Cümhuriyyətə həsr olunan sonuncu cildində bu haqda oxuyuruq
“Bu hesabat əsasında Nəriman Nərimanovun şəxsi göstərişi ilə xaricdə oxuyan tələbələrə təhsillərini müvəffəqiyyətlə davam etdirmələri üçün lazımi şərait yaradılması tapşırıldı. 1922-ci ilin sonlarında Nəriman Nərimanov Moskvaya işə keçirildikdən sonra, xaricdə oxuyan tələbələrə münasibət yenidən dəyişdi. Xaricdə oxuyan tələbələr «sədaqətli» və «sədaqətsiz» adı ilə iki qismə bölündü. Onlara münasibət də bu yöndə quruldu. Nəticədə, təhsil haqqını ödəyə bilməyən tələbələrdən gündəlik çörəyə möhtac olaraq, ən ağır şəraitdə işləmək məcburiyyətində qalanlar, həbsxanalara düşənlər, hətta böhranlı vəziyyətdən çıxış yolu tapmayaraq, intihar edənlər də oldu. Çox çətinliklə təhsilini başa çatdınb, yüksək ixtisaslı mütəxəssislər kimi vətənə qayıdan tələbələrin əksəriyyəti isə sonralar «qırmızı terror»un qurbanı oldular”.
Mənbə: azedu.az