Fədakar muzey təşkilatçısı və arxeoloq alim

Fədakar muzey təşkilatçısı və arxeoloq alim

Xalqımızın tarixi mirasının öyrənilməsi və təbliğinə töhfə verən ilk arxeoloqlarımızdan biri də tanınmış muzey təşkilatçısı, pedaqoq Davud Şərifov olub. O, sovet dövründə – milli tarixi yaddaşın qorunması və araşdırılmasına ciddi maneələrin olduğu bir zamanda bu sahədə mühüm uğurlara imza atıb.

Davud Mikayıl oğlu Şərifov 1885-ci ildə Tiflisdə hərbi topoqraf ailəsində anadan olub. Valideynləri onu səkkiz yaşında Tiflis I Oğlanlar gimnaziyasına qoyurlar.

O, gimnaziyada təhsilini başa vurduqdan sonra Kiyev Universitetinin Tarix-filologiya fakültəsinə qəbul olunur. Ancaq burada tələbə nümayişlərində (1905) iştirakına görə universitetdən kənarlaşdırılır. Sonra Odessa Universitetinə daxil olur. 1908-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurub Bakıya dönür.

Sonra bir müddət dəvətlə Qars şəhərində (o zaman şəhər Rusiyanın işğalı altında idi – red.) çalışır, daha sonra təhsil aldığı Tiflis I Oğlanlar gimnaziyasında tarix-coğrafiya müəllimi kimi fəaliyyətə başlayır.

Davud Şərifov 1918-ci ildə Azərbaycana qayıdır, Qazax rayonunun Əskipara kəndində məskunlaşır. Həmin il ermənilərin kənddə törətdiyi qətliam zamanı ağır güllə yarası alır. Düşmən əsgərləri onun öldüyünü zənn etdiklərindən o sağ qala bilir...

Respublikamızda sovet hakimiyyəti qurulduqdan sonra D.Şərifov Azərbaycan Dövlət Pedaqoji İnstitutunda müəllim kimi fəaliyyətə başlayır. 1922-ci ildə Azərbaycan Tarixi Muzeyinə işə qəbul olunur. Araşdırıcı Aqil Əhmədov yazır ki, D.Şərifovun fəaliyyəti nəticəsində muzey şagirdlərin dərs və təcrübə keçdiyi məkandan tarix yadigarlarının həqiqi saxlanc yerinə çevrilir. Qısa müddət ərzində gənc tədqiqatçı muzeyin direktoru vəzifəsinə yüksəlir. Onun təşkilatçılığı ilə Tiflis, Moskva və Sankt-Peterburq muzeylərinin fondlarından Azərbaycanın tarix və mədəniyyətinə aid müxtəlif bədii sənət nümunələri, eksponatlar muzeyə gətirilir.

O, yeni ekspozisiya zallarının açılması, xüsusilə muzey işi, o cümlədən diyarşünaslıq profilli muzeylərin yaradılması istiqamətində iş aparır.

1924-cü ildə Bakıda Azərbaycan diyarşünaslarının I qurultayı keçirilir. Qurultayda onun “Azərbaycan SSR-də muzey işi” mövzusunda məruzəsi maraqla qarşılanır. Arxeoloji tədqiqatlarda da yaxından iştirak edən D.Şərifovun apardığı axtarışların nəticəsi olaraq “Yaloylutəpədə qazıntılar” adlı monoqrafiyası işıq üzü görür.

Alimin başçılıq etdiyi ekspedisiyalarda qədim Qəbələ şəhərinin tədqiqi xüsusi yer tutur. Tədqiqatlar zamanı qədim şəhərin müdafiə divarları, giriş yolu, bürcləri dəqiq ölçülür və təsvir olunur. Onun rəhbərliyi ilə 1928-ci ildə Gəncə qəzasında Çovdar adlı nadir abidənin tədqiqinə başlanılır və daş qutulardan ibarət 42 qəbir açılır. Aparılan tədqiqat nəticəsində Çovdar abidəsinin e.ə. II minilliyin sonlarına və I minilliyin əvvəllərinə — Son Tunc və İlk Dəmir dövrünə aid olduğu sübuta yetirilir.

Çovdar abidəsinin öyrənilməsi ilə həmin dövrdə Azərbaycan ərazisindəki mövcud cəmiyyətlərin zəngin maddi mədəniyyəti, iqtisadi və ictimai durumu, Qərb və Şərq ölkələri ilə geniş mədəni əlaqələri haqqında biliklər əsaslı şəkildə genişlənir. Tədqiqatçı burada aparılan arxeoloji qazıntıların nəticələrinə xüsusi bir əsər həsr edir.

Alimin əhəmiyyətli axtarışları və əldə etdiyi nailiyyətlər antimilli düşüncəli insanların narahatlığına səbəb olur və o, muzeyin direktorluğundan uzaqlaşdırılır, arxeoloji araşdırmalara buraxılmır. Sonra daha böyük təəssüf doğuracaq hal baş verir. Tariximizə, torpağımıza göz dikən ermənilər (S.Manutsyan – 1928-1932, A.Melkumyan – 1932-1934) Azərbaycan Tarix Muzeyinə rəhbər təyin olunurlar. Bədniyyətlilərin “rəhbərliyi” dövründə muzeyin milli mütəxəssislərinə qarşı təqiblər başlanır və bir çoxları işindən kənarlaşdırılır. Eyni zamanda D.Şərifov tərəfindən böyük çətinliklə əldə edilən bir çox dəyərli tarix yadigarları Moskvaya — İnqilab Muzeyinə daşınır.

Hansı şəraitdə olursa-olsun, xalqının şanlı tarixini, zəngin mədəni irsini öyrənməyi və onu geniş ictimaiyyətə, xüsusilə də gənclərə çatdırmağı özünün vətəndaşlıq borcu bilən D.Şərifov paytaxtın orta məktəblərində coğrafiya və tarix fənlərini yüksək vətəndaşlıq hissi ilə tədris edib. O, həmçinin Azərbaycan Dövlət Pedaqoji İnstitutunda fəaliyyət göstərib.

Sovet rejimi Davud Şərifovu çox sevdiyi işindən uzaq salsa da, onun alim və pedaqoq kimi yetişməsinə mane ola bilmir. Yorulmaz alim 1950-ci ildə coğrafiya sahəsində namizədlik dissertasiyası müdafiə etməyə nail olur. Görkəmli maarifpərvər pedaqoq, arxeoloq alim 1952-ci ildə vəfat edib.

Savalan FƏRƏCOV
«Mədəniyyət» qəzeti
Top