Qafur Rəşad Mirzəzadə

Qafur Rəşad Mirzəzadə

Qafur Ələkbər oğlu Mirzəzadə (Qafur Rəşad) 1884-cü il may ayının 6-da İsmayıllı rayonunda dünyaya göz açıb. İbtidai təhsilini başa vurduqdan sonra 1894-1901-ci illərdə Şamaxı şəhər realnı məktəbində oxuyur. Sonra Bakıya gələn Qafur III Aleksandr kişi gimnaziyasında xüsusi komissiya qarşısında imtahan verir, Azərbaycan dili müəllimi arayış-vəsiqəsini alır. 1902-ci ildə Şamaxı qəzasının Lahıc kənd ibtidai məktəbinə müəllim təyin olunur, beş il burada böyük sevgi ilə uşaqların biliklərə yiyələnməsinə çalışır.

1907-ci ildə Bakıya köçür və “Nəşri-maarif” cəmiyyətinin müəllim hazırlığı kursunda müəllimlik edir. Sonra “Rus-tatar” məktəbinə dəyişilir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918) Xalq məktəbləri direktorunun əmri ilə milli fənləri tədris etmək üçün 2-ci realnı məktəbinə təyinat alır. Sovet hakimiyyəti illərində Azərbaycan Dövlət Universitetində (indiki BDU), Zaqafqaziya Pambıqçılıq İnstitutunda, Sənaye Akademiyasında, Sənaye İnstitutunda, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda çalışır.

Qafur Rəşad dövri mətbuatda da müxtəlif sosial problemlərə dair publisist məqalələrlə çıxış edir. 1908-ci ildə işıq üzü görən “Ayineyi-millət” kitabında mütilik tənqid edilir, milli dirçəlişə çağırış və maarifçilik əsarətdən qurtuluşun əsas vasitəsi kimi diqqətə çatdırılır.

Q.Rəşad Azərbaycan məktəblərinin dərsliklərlə təminatı məsələsində səyini əsirgəmirdi. “Qafqaz coğrafiyası”, “Ümumi coğrafiya”, “İbtidai coğrafiya”, “Coğrafiya terminləri lüğəti”, “SSRİ-nin iqtisadi coğrafiyası”, “Xəritə üzərində əməli iş” kimi ümumilikdə 18 dərslik və dərs vəsaiti nəşr etdirir. Onun Məmmədsadıq Axundov və Əbdürrəhman Əfəndizadə ilə birgə hazırladığı “Rəhbəri-sərf”, “Rəhbəri-hesab” dərslikləri uzun illər məktəblərdə tədris olunub.

Milli uşaq ədəbiyyatının inkişafında da Q.Rəşadın xidmətləri olub. O, Ə.Əfəndizadə ilə birgə Azərbaycanda “Məktəb” adlı ikinci (ilk uşaq nəşri 1906-cı ildə çıxan “Dəbistan” jurnalı idi) uşaq jurnalının (1911-1920) və eyniadlı mətbəənin təsisçisi olub. Jurnal Xalq Cümhuriyyəti dövründə uşaqların milli müstəqillik və dövlətçilik ruhunda tərbiyəsində müsbət rol oynayıb. Q.Rəşad kasıb və kimsəsiz uşaqları milli dövlət məktəblərinə, eləcə də özünün xüsusi məktəbinə cəlb etmək məqsədilə dövri mətbuatda tez-tez çıxışlar edir. Q.Rəşad, görkəmli maarif xadimləri S.S.Axundov və Ə.Əfəndizadə uşaq ədəbiyyatının yaradılmasında folklor nümunələrindən geniş şəkildə istifadə edir, xalq hikmətlərinin yaşadılması və gələcək nəsillərin təlim-tərbiyə olunmasını diqqətdə saxlayırdılar. 

Tanınmış maarifçi tərcümə sahəsində də özünü sınayıb, L.N.Tolstoyun “İnsana çoxmu torpaq lazımdır?”, “Baha oturur”, “Barmaq boyda uşaq”, “Dövlətli sərçə və dişli siçan”, “Bir-birinə məhəbbət ediniz” və P.N.Polevoyun “İki yol, iki yoldaş” əsərlərini dilimizə tərcümə edərək Azərbaycan oxucusunun ixtiyarına verib. Qafur Rəşad 26 noyabr 1943-cü ildə vəfat edib. 

portal.azertag.az
Top