Mətbuatı araşdırarkən 1949-da nəşrə başlayan, indi çıxmayan «Yeni İstanbul» qəzetinin 27 aprel 1950 tarixli sayında Məhəmməd Əmin Rəsulzadənin "İraq Times" qəzetində ingiliscə basılmış «Türk kültürü boyunduruq altında» adlı bir məqaləsinin tərcüməsinə rast gəldim.
Az şəkil verən, xəbər və şərh ağırlıqlı, liberal görüşlü «Yeni İstanbul» redaksiyasının «doktor» kimi təqdim etməsindən Rəsulzadə haqqında çox da bilgi sahibi olmadığı anlaşılır.
Xatırlatmaq yerinə düşər ki, Azərbaycanda indiyədək bəlli olmayan bu məqalədəki bəzi görüşlərini Məhəmməd Əmin Rəsulzadə 27 noyabr 1949-da Ankarada Türk Ocağı salonundakı "Çağdaş Azərbaycan ədəbiyyatı" mövzulu, 1951-də ayrıca kitabça kimi nəşr edilmiş məruzəsində dilə gətirmişdir.
Rəsulzadə soyuq savaşın başlamasıyla, dəmir pərdə ilə Sovetlərdən xaricə bilgi axınının məhdudlaşdırıldığı dönəmdə yazdığı bu məqaləsində çox dəyərli fikirlər irəli sürmüşdür. Onun bu düşüncələri ilə Süleyman Təkinərin görüşləri arasında çox yaxınlıq vardır. Məsələn, S.Təkinər «Dərgi» dərgisinin 1955-də çıxan 2-ci sayında Sovet yönətiminin son hədəfinin qeyri-rus millətlərin, özəlliklə türklərin dilinin və milli mədəniyyətinin gələcəyini təyin edən 1926-dakı ilk rəsmi açıqlamasında Sovet federalizminin tam mərkəzləşməyə aparan bir vasitə olduğunu bildirmiş, bunda məqsədin bütün milli mədəniyyətlərin tək bir dilə malik müştərək bir mədəniyyət halında birləşməsi olduğunu ifadə etmişdir.
Yenə Təkinər «Dərgi»nin 1956 tarixli 7-ci sayındakı yazısında sovetləşmənin ilk on ilində aydınların Azərbaycan türkçəsinin milli və tarixi gələnəklərə uyğun olaraq inkişafını təmin etmək səylərinə qarşı türkcənin pantürkizm qoxuduğu, işlədilən ifadə və terminlərin «istila rəmzi» olması bəhanəsi ilə yeni sovet, daha doğrusu, rus terminləri ilə əvəzləmək istəndiyini bildirmişdir. Bunun nəticəsində Azərbaycanda ana dilinin işləkliyi gedərək azalmışdır.
Fikrimizcə, Sovetlər Birliyi dövlətinin tam gücüylə tətbiq etdiyi basqılara rəğmən, Azərbaycanda nəinki aydınlar, hətta milli mədəniyyəti, milli dili qorumaq uğrunda bacardıqları qədər mübarizə aparmışlar. Məsələn, İmam Mustafayevin Azərbaycan KP MK-nın 1-ci katibi, Mirzə İbrahimovun isə Azərbaycan SSR Ali Sovetinin sədri olduğu bir dönəmdə — 1956-cı ildə M.İbrahimovun «Azərbaycan dili dövlət idarələrində» başlıqlı yazısını nəşr etdirməsi və bundan sonra Azərbaycan Konstitusiyasında ana dilinin dövlət dili kimi salınması dediyimizə sübutdur.
Ancaq bu vaxtadək sovet rejimi milli mədəniyyətdə və dildə yetərincə sovetləşdirmə apara bilmişdi. Bircə misal çəkəcəyəm. Nazim Hikmətin «Günəşi içənlərin türküsü» ilə 1930-cu illərin ortalarına qədər Səməd Vurğun, Rəsul Rza, Mikayıl Rəfili, Süleyman Rüstəm və başqalarının yazdığı şeirlərin dili arasında böyük bir fərq yoxdu. Fəqət dildə aparılmış sistemli dəyişikliyin nəticəsidir ki, 1957-ci ildə N.Hikmətin Azərbaycana ziyarəti zamanı söhbətin sonunda, keçmişi özləyən Mikayıl Rəfili demişdi: «Of, axır ki, doyunca öz dilimizdə danışdıq!» Bu tarixi etirafla görkəmli yazıçı Anarın «Kərəm kimi» əsərində tanış oluruq.
Rəsulzadənin önəmli bir düşüncəsi də çarlıq dönəmi qəhrəmanlarının uğurlarının sovet siyasətinə uyğun biçimdə təfsir edildiyi halda, görkəmli türk şəxsiyyətlərinin məchul qalmasıdır. Professor Pankratovun 1948-də çıxan «Sovet xalqları tarixi» dərsliyində İmam Şamildən cəsur bir qəhrəman, mümtaz bir dövlət adamı kimi danışılır. Ancaq eyni əsərin 1950-ci ildəki nəşrində onun türk-ingilis agenti, mücadiləsinin isə mürtəce bir hərəkət olaraq göstərilməsi Rəsulzadənin dediklərini doğrulamaqdadır (Sovet siyasətinin dəyişməsi üzündən dağıstanlı şair Rəsul Həmzətov da Şeyx Şamilin əleyhinə bir şeir yazmışdı).
Rəsulzadə 1947-də Almaniyadan Türkiyəyə gəlmiş, Ankarada sakit və gözdən uzaq bir həyat yaşamağa başlamışdır. «Ulus»da gizli imza ilə iki məqalə nəşr etdirməsindən başqa, mətbuatda çox görünmədiyi bir vaxtda aşağıdakı yazısı öncə İraqda, daha sonra «Yeni İstanbul»da çıxmışdır. Azərbaycanda bəlli olmadığını göz önünə alaraq onu dəyərli oxuculara təqdim edirəm.
Ömər ÖZCAN (Ankara)
Türk kültürü boyunduruq altında (Məhəmməd Əmin RƏSULZADƏ)
Doktor Məhəmməd Əmin Rəsulzadə Bağdadda çıxan "İraq Times" qəzetinin 18 fevral tarixli sayında yuxarıdakı başlığı daşıyan bu məqaləni nəşr etmişdir:
Sovet Rusiyasının türk cümhuriyyətlərində təkrar üzə çıxan turançılıq əleyhinə rus kommunisti Yusupov tərəfindən mücadilə açılmışdır.
Yalnız rus kültürü önündə əyilməyərək millətlərarası kültürü təqdir edənlər «kosmopolitlik»lə ittiham olunaraq M.V.D. tərəfindən (Daxili İşlər Nazirliyi — Ö.Ö.) həbs edilməkdədirlər. Əskidən milliyyətçiliklə damğalananlar bu gün kosmopolitlik suçu ilə cəzalandırılırlar.
TUTUQLAMALAR
Bu suçlama dalğası Türküstan və Azərbaycanı silib-süpürdü. 24 mart 1949 tarixli "İzvestiya" qəzeti rus musiqisinin şəkilçilik (formalizm) və əsrilik (modernizm) qaydalarına tabe olması lazım gəldiyini düşünənlərə hücum edərək Azərbaycan musiqisinin rus musiqisi tərəfindən həzm edilməsini önləmək üçün Avropa klassik gələnəklərini davam etdirmək istəyənləri «utanmaz məxluqlar» adlandırmışdır.
19 mart 1949 tarixli «Literaturnaya qazeta» bəzi azərbaycanlı mühərrirləri şiddətlə tənqid edərək onların hələ də milli gələnəklərinə bağlı olduqlarını, turançılıq və müsəlmanlığı müdafiə etdiklərini və Avropa romantikliyindən ilham aldıqlarını bəyan etmişdir. «Kazaxstanskaya pravda» qəzeti Qazax Cümhuriyyəti mühərrirləri əleyhinə eyni ittihamlarda bulundu. Özbəkistanın beşillik proqramı ətrafında Moskvada toplanan bir konfransda Yusupov Türküstan mühərrirlərini turançılıq və islamçılığın cazibəsinə qapılmaqda ittiham etmiş və cəzalandırılmalarını istəmişdir.
«Turançı və islamçı kosmopolitlər»in çoxu «sovet vətənpərvərliyi» ilə rus milliyyətçiliyinin qurbanı oldu. Bu faciələrdən bəhs edən avropalılar turançılıq cərəyanının başında bulunmuş olanların 1937 qırğınlarında tamamən məhv edildiklərini sanırdılar. Bu nöqtəni incələmək gərəkdir.
1937 və 1938-də Stalin diktaturası indiyə qədər aparılan tutuqlama əməliyyatlarının ən genişini tətbiq etdi. Bu hərəkat Rusiyada trotskiçilərə və rus olmayan digər cümhuriyyətlərdə milliyyətçi ünsürlərə qarşı yönəldilmişdi.
Trotskiçilər Stalinin şəxsi idarəsinə qarşı mücadilə edir, milliyyətçilər isə iqtisadi sahədə mərkəzləşdirmə və mədəniyyət sahəsində sovetləşdirmə ilə tətbiq edilən ruslaşdırma siyasətinə qarşı savaşırdılar.
Bu siyasət ilk öncə «formaca milli və məzmunca sosialist» deyə tərif edilən bir düstur maskası altında yürüdüldü. Sovet idarəsinin ilk illərində türk əhalisinə aid torpaqlarda milli adət-ənənələrini mühafizə etmələrinə icazə verilir kimi görünürdüsə də, bunların vəziyyətlərini yavaş-yavaş dəyişdirdilər. Sovet mədəniyyətini tətbiq etmək tapşırılanlar türk mədəniyyətini ortadan qaldırıb yerinə rus mədəniyyətini gətirməyə başladılar. Fəqət türk torpaqlarındakı gizli mədəni qüvvələr fəaliyyətə keçdi və bir-birinə zidd düşüncələr çarpışmağa başladı.
Hər iki tərəfin də əsas fikirləri Bakıda 1937-də keçirilmiş "İmla və termin qurultayı«nda açıqlanmışdır. Ruslaşdırma tərəfdarları bunları irəli sürdülər:
1) Millətlərarası terminlər ancaq ruscada olduğu kimi işlədilməlidir.
2) Rus terminləri başqa şəkildə deyil, olduğu kimi yazılmalıdır.
3) Obiri türk ləhcələrinin heç birindən bir kəlmə alınmayacaqdır.
4) Ərəbcə, farsca və Osmanlı türkcəsindən alınmış kəlmələrin yerinə eyni mənanı daşıyan rus kəlmələri işlədilməlidir. (Bax: Azərbaycan dilinin orfoqrafiyası. — »Ədəbiyyat qəzeti", Bakı, 2.8.1937).
Türk mədəniyyətinin tərəfdarları isə qurultaydan bu qərarların verilməsini istədilər:
1) Kəlmələr ruslaşdırılmayacaq.
2) Azərbaycanın ruslaşdırılmasına müsaidə edilməyəcək.
3) İmla ədəbiyyatın ümumi əsaslarına görə təsbit ediləcək və müxtəlif türk ləhcələrinin müştərək özəllikləri mümkün olduğu qədər mühafizə olunacaq.
RUSLAŞDIRMA
Bolşeviklərin idealı Sovet Birliyində mövcud bir çox dilli mədəniyyətlərin ruslaşdırılmasıdır. Bu məqsədə çatmaq üçün sovetləşdirmə üsulu hərgünkü həyata tətbiq olunur. Milli mədəniyyət ənənələrini qorumağa məxsus ən əhəmiyyətsiz tədbir də cinayət sayılır. Dilə bir millətin bütün siniflərini birləşdirməyə yarayan bir mədəniyyət vasitəsi deyil, sinfi mübarizədə bir silah gözüylə baxılır. Bu səbəblə xalq kütlələrinin düşüncə səviyyəsi onların ədəbi dilləri anlayacay qədər yüksəlməməli, əksinə, dil işçilərin anlayış və qavrayış səviyyəsinə endirilməlidir.
Bu qayda yalnız müxtəlif türk ləhcələrinə tətbiq edilir, halbuki ruscadan söz düşərkən, yalnız rus millətinin deyil, bütün Sovetlər Birliyi millətlərinin də Oktyabr inqilabının müqəddəs dilini anlayacak səviyyəyə yüksəlməsi əsas qayədir.
Rusiyanın özündə imperiya qəhrəmanlarının uğurları belə sovet siyasətinə uyğun bir şəkildə təfsir edildiyi halda, türk sovet cümhuriyyətlərinin tarixi simaları məchul qalmaqdadır, çünki çarlıq dövrünün qəhrəmanları ruslardır, türklər isə Rusiyaya qarşı savaşırdılar. Bu tarix üsulunun tətbiqi Stalinin bu şüarına uyğun gəlməkdədir: «Bir istismarın bir imperiya ilə bağlarını pozmaq inqilab üçün vacib sayılır, ancaq bir məmləkət ilə Sovetlər Birliyinin bağlarını pozmaq irticadır».
(«Yeni İstanbul» qəzeti, 27.04.1950, s. 3).