Azərbaycan mətbuatının ən böyük qollarından biri də uşaq mətbuatıdır. Bu sahənin yaranmasında N.Nərimanov, C.Məmmədquluzadə, M.Ə.Sabir, A.Şaiq, Ü.Hacıbəyov, S.S.Axundov, R.B.Əfəndiyev, A.Səhhət, M.Mahmudbəyov kimi müəllim və yazıçıların unudulmaz xidmətləri olmuşdur. Onlar bədii yaradıcılıqla yanaşı müəllimlik edir, dərslik, dərs vəsaitləri və proqramlar hazırlayır, dövri mətbuatda fəal çıxış edirdilər. Ziyalıları düşündürən vacib məsələlərdən biri də yeni üsullu məktəb, yeni tələblər səviyyəsində uşaq əsərlərinin yaradılması idi. Yeni üsullu məktəblərdə tədris olunan ədəbiyyat dərsliklərində uşaqların səviyyəsinə, zövqünə uyğun şeir və hekayələr, tarixi hadisələrə dair bədii oçerklər geniş yer tuturdu.
Ətrafına demokratik və maarifpərvər yazıçıları toplayan, qabaqcıl meylləri və realist ideyaları təbliğ edən nəşrlərlə (“Molla Nəsrəddin”, “Zənbur”, “Babayiəmir”, “Məzəli” və s.) bərabər ilk uşaq jurnalları – ”Dəbistan” (1906-1908), “Rəhbər” (1906-1907), “Məktəb” də (1911-1920) uşaq mətbuatının inkişafına geniş yol açdı.
Maarifpərvər M.Mahmudbəyovun nəşr etdiyi “Rəhbər” jurnalının da məqsəd və məramı yeniyetmələrin təlim və tərbiyəsi idi. Əsasən pedaqoji-tədris təmayüllü bu jurnallara məşhur ədəbiyyatşünas F.Köçərlinin Vidadi, Vaqif, Zakir və Nəbati haqqında ədəbi-tənqidi oçerklərin, S.M.Qənizadənin “Körpə uşaqların tərbiyəsi” adlı təlim-tərbiyə üsullarından bəhs edən silsilə məqalələrinə geniş yer verilmiş, M.Ə.Sabir və A.Səhhətin dünya ədəbiyyatından tərcümələri çap edilmişdir.
“Dəbistan” və “Rəhbər”ə nisbətən “Məktəb” (1911-1920) jurnalının ömrü uzun, mündəricisi zəngin olmuşdur. Maarifpərvər mühərrirlərdən Q.R.Mirzəzadə və Ə.T.Əfəndizadənin təşəbbüsü ilə nəşrə başlayan “Məktəb” jurnalının istiqaməti haqqında baş məqalədə deyilirdi: “Bizim bu “Məktəb”i nəşr etməkdə məqsədimiz məktəb şagirdlərinin irəliləmələrinə acizanə bir xidmətdir. “Məktəb”i oxuyacaq şagirdlərin biliyi geniş bir dairə olarsa, o vaxt biz də məqsədimizə yetişmiş olarıq”. “Məktəb” jurnalı ilk nömrəsindən başlayaraq yeniyetmələrin təhsil, təlim və tərbiyəsinə xidmət etmişdir. Jurnalın səhifələrində çap edilən əsərlərin əksəriyyətində elmin və məktəbin rolu təqdir olunur, yeni nəslin tərbiyəsində yeni üsullu məktəblərin tərbiyə üsulları inandırıcı boyalarla təbliğ edilirdi.
“Məktəb” jurnalının səhifələrində müəllimlər, ədəbiyyat həvəskarları, maarifpərvər ziyalılarla bərabər, dövrünün tanınmış ədib və şairləri yaxından iştirak edir, onun səhifələrində şeir və hekayələrini çap etdirirdilər. H.Cavid, Ə.Nəzmi, A.Səhhət, A.Şaiq, R.Əfəndizadə, S.S.Axundov, İ.Musabəyov və digər şair və yazıçılar “Məktəb” jurnalının səhifələrində vaxtaşırı çıxış etmişlər.
Azərbaycan uşaq nəsrinin təşəkkülü əslində uşaq mətbuatının yaranması ilə əlaqədardır. İlk uşaq mətbuatı- «Maarif”, “Qırmızı günəş”, “Aydınlıq”, “Qızıl Şərq”, “Qızıl gənclik”, “Gənc işçi”, “Məktəb”, “Pioner” və s. qəzet və jurnallar öz ətrafına yazıçı, müəllim, tələbə və başqa ədəbiyyat həvəskarlarından ibarət böyük bir ziyalı dəstəsi toplamışdı.
Müstəqillik dövründə də ölkəmizdə uşaq mətbuatı surətlə inkişaf etmişdir. Hazırda “Göyərçin”, “Elli”, “Bala dili”, “Yuva”, “Göy qurşağı” və s. kimi jurnallar Azərbaycan uşaq mətbuatının ən yaxşı nümunələri hesab olunur.
azertag.az