Naxçıvanın qədim qadın geyimlərində adətən innabı, yaşıl, gümüşü rənglərə üstünlük verilirdi. Geyim dəstindəki rənglər ən kiçik detallara qədər dəqiqliklə və uyğun çalarlarla seçilirdi. Geyim dəstinin ayrı-ayrı elementləri güllü parçadan tikilsə də, mütləq tox və sakit rənglər seçilirdi.
Zərif bəzəklər, zəncirələr və şah-pəsəndələrlə bəzəmək, muncuqlu tikmə, burma metallarla tikmələr və ümumiyyətlə, bütün tikmə texnikalarından istifadə etməklə hazırlanan geyimlər nə qədər zəngin və gözəl görünsə də, bütövlükdə geyim dəstləri öz ciddiliyi və ağırlığı ilə ətraf mühitlə geyimi daşıyan arasında bir sərhədə çevrilirdi.
Tumanın ətəyi xüsusi zövqlə bəzədilirdi. Əsas forma gümüş və muncuqlu tikmədən istifadə edilirdi. Arxalığın və ya küləcənin də bütün tikiş xətləri boyunca zərif bəzək tikilirdi. Bu məqsədlə əsasən zəncirbəndlərdən istifadə edilirdi.
Muncuqlu tikmə texnikasından istifadə edilərkən, əsasən nəbati naxışlar işlədilirdi. Naxçıvan geyimlərinin biçimi sadədir. Qolu düz biçilirdi. Köynək və tumanın biçimi və tikiş texnologiyası başqa zonalarda olduğu kimi idi. Təkcə arxalıq öz forması ilə nisbətən fərqlənir.
Arxalığın yaxa kəsiyi çərkəndə olduğu kimidir. Arxalıq uzun olarsa (buna küləcə deyilir), beldən kəsik, qısa olarsa, çərkən kimi bütün kəsilir, amma bu zaman yanlarında kəsik və parça çıxıntısı qoyulur. Uzunqollu, qolçaqlı arxalıqların ön yaxası bir-birindən xeyli aralı olurdu ki, bu arxalığı da zəngin sinəbəndlər, sərmələr, gərdənliklər və s. ilə tamamlayırdılar.
Zəngin xanımların sinə bəzəkləri çənədən belə qədər düzülürdü. Soyuq havalarda arxalığın qolunun düymələri bağlanır, üstündən küləcə geyilirdi. Qolçaq mane olmasın deyə, biləkdən üstə qatlanırdı. Elə buna görə də, qolçaq astar hissədə çox bəzəklə tikilirdi.
Naxçıvan geyimlərində əl işinin səliqəsi, müntəzəmliyi yüksək texnologiyadan xəbər verir. Azərbaycan Dövlət Tarix Muzeyində Naxçıvana aid bir neçə qadın geyim dəsti mühafizə edilir. Buradakı bəzi qadın geyimlərinin adları eyni olsa da, onlar tikişinə və bəzək ünsürlərinə görə bir-birindən fərqlənir.
Arxalıq gümüşü rəngdə atlasdan tikilirdi. Yanlarda 10 sm hündürlükdə çapığı və parça çıxıntısı olur. Qolları düz tikilir və uzundur. Qol ağzı və yan kəsikləri zəncirə ilə əhatələnir.
Küləcə Naxçıvan zonasında geniş yayılmış mövsümi səciyyə daşıyan sırıqlı və astarlı qadın çiyin geyimidir. Qolu düz və dirsəkdən bir az aşağı, yaxası açıq biçilirdi. Bütün kənar və tikiş xətləri boyunca çox zəngin bəzədilirdi. Əsasən qalın məxmər və tafta parçalardan tikilən küləcə üst tumanın ətək bəzəyi ilə eyni cür bəzədilirdi. Bəzək üçün müxtəlif tikmə texnikalarından — güləbətin tikmə, bafta, zəncirə, qaragöz, sərmə, muncuqlu tikmə, piləkli doldurma və s. istifadə edilirdi.
Naxçıvan geyimləri içərisində müxtəlif tuman növləri olmuşdur. Tumanın ətəyinə başqa parçadan 10,5 sm enində qat payı tikilir. Tumanın ətəyi burma gümüş, zəncirə, toz muncuq və piləklə bəzədilir.
Naxçıvanda sadə pilələrdə qadınlar 2 yaylıqdan istifadə edirlər. İmkanlı ailələrdə isə alt yaylığı araxçın əvəz edirdi. Sadə ailələrdə başa bağlanan qəşbəndin (çarqatın) üstündən kəlağayı bağlanırdı. İmkanlı ailələrdə bəzəkli araxçın və ya qızıl-gümüş başlıqlardan istifadə edilirdi. Yaylıq bunlara xüsusi qiymətli baş sancağı vasitəsilə bərkidilirdi.
Belə ailələrdə boğazı çox vaxt yaylıqla deyil, qızıl boğazaltının asma silsilələri ilə örtürdülər. Bu halda başlığa və ya araxçına bərkidilmiş zərif örpək sərbəst olaraq arxaya atılır.
azertag.az