Günəş öz isti şüaları ilə torpağı oyadır, çayların suyu artır, kol dibindən bənövşə baş qaldırır, quşların səsi ətrafı bürüyür. Təbiətdəki bu əhval-ruhiyyə — bahar nəfəsinin duyulması yaddaşlardan süzülüb bu günümüzə çatmış Novruzun gəlişindən xəbər verir. Bu il bayramın özəlliyi odur ki, BMT-nin Baş Məclisinin 64-cü sessiyasının fevralın 24-də qəbul etdiyi qərara uyğun olaraq, martın 21-i “Novruz beynəlxalq günü” kimi təsdiq edildi. Azərbaycanın təşəbbüsü ilə hazırlanmış qətnamə layihəsinə Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə, Albaniya, Hindistan və Makedoniya da qoşulub. Bu qərar Novruza təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri kimi verilən qiymət hesab edilə bilər.
Çin mənbələrinə görə, baharın qədəm qoyması ilə əlaqədar mərasimlər “Yengi Kun” adı ilə Hunlar və Göytürklər dövründən bayram edilirdi. Miladdan öncə ikinci əsrdə yaşamış Çin tarixçisi Simaçen “Tarixi xatirələr” adlı əsərində Hun hökmdarlarının yeni ildə—Novruzda bayram keçirdiklərini qeyd edib.
Türk xalqları əsrlərdən bəri yaddaşlarda yaşayan Novruzu müxtəlif, rəngarəng adətlərlə qarşılayıblar. Onların digər qonşu xalqlarla əlaqələrinin olmasının nəticəsidir ki, Novruz bayramı fars, əfqan, hind, tacik kimi xalqlar, eləcə də Azərbaycanda yaşayan digər azsaylı xalqların nümayəndələri arasında da geniş yayılıb və qeyd edilir.
Bəs bu gün necə, həmin qədim adətlər necə yaşadılır? Azərbaycan xalqı hər il bu bayramı martın 21-i ilə 23-ü arası müxtəlif mərasimlərlə qeyd edir. Bayram gününə qədər isə su, od, torpaq və yel çərşənbələri keçirilir. Süfrənin bəzəyi olan səməni yazın simvolu kimi göyərdilir. Hər evdə şəkərbura, paxlava, qoğal, fəsəli, qatlama kimi şirniyyatlardan ibarət xonça bəzədilir. Şam yandırılır, tonqal qalanır, ölənlərin xatirəsi yad edilir. Bayramda küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedirlər. Bu gün məxsusi olaraq, qulaq falına çıxan hər kəs sevindirici xəbər eşitmək arzusunda olur. “Kosa-kosa” oyunu, keçəlin məzəli əhvalatları bayrama xüsusi şənlik qatır.
Türkiyənin Cənub Şərqi Anadolu bölgəsində Qaziantep və onun ətrafında 22 mart gününə “Sultan Novruz” adı verilib. Bu bölgədə, eləcə də Qarsda Azərbaycanda olduğu kimi, qapı pusma, baca-baca adətləri yaşadılır.
Qırğızıstanda Novruzda tonqal qalamırlar, amma evin, həyətin odla pak edilməsi adəti var. Qırğızlar bunu qədim türk şamanlarından qalma adət hesab edirlər. Onlar “Alas-alas, hər bəladan xilas” – deməklə, öz həyətlərini atəşlə pis ruhlardan təmizləyirlər. Darı yarmasından “Nouruz köcö ” adlı bayram yeməyi hazırlanır. Qırğız süfrəsində məxsusi olaraq Novruzda quzu ətindən və əriştəyə oxşar un məmulatından hazırlanmış beşbarmaq da olur. Bu şirniyyat əllə yeyildiyi üçün belə adlanır.
Türkmənistanda bayramdan beş-altı gün öncə, evlərin təmizlənməsi başlanır. Türkmən çörəyi, plovu və müxtəlif şirniyyatlar hazırlanır. Səməni Novruzun xüsusi yeməyi sayılır. Bir neçə ailə bir araya gəlib, böyük bir qazanda buğda, un və şəkərdən səməni bişirirlər. Bayrama bir gün qalmış bişirilən bu yemək 21 martda süfrələri bəzəyir. Qazaxıstanda, adətə görə, evlərin divarlarına, müxtəlif əşyalar üzərinə gil qablar atıb sındırırlar. Bu adət köhnə ilin pisliklərindən, xəstəliklərindən yeni ildə uzaq olmaq məqsədi daşıyır. Qazaxlar da tonqal üzərindən atlanırlar. “Novruz köcü”, Novruz şorbası və ya “lapa” adlı yeməklər bişirilib qonşulara paylanır.
Özbəkistanın Səmərqənd, Buxara, Əndican şəhərlərində Novruza həsr edilmiş şənliklər bir həftəyə qədər davam edir. Özbəklərin bişirdikləri xüsusi yeməklərdən ən əsası məşhur özbək plovu, samsa və sümələkdir. S hərfi ilə başlayan sünbül, səbzi, sirkə, iydə (sancid) kimi 7 nemət süfrəyə düzülür. Güləş və at yarışları bayrama xüsusi bir gözəllik qatır. Novruz günü bir-birlərini qucaqlamaq və danışmağa başlamazdan əvvəl üç qaşıq bal yemək ən əski adətlərdəndir. Bölgələrdə təsərrüfatda çalışan yaşlı insanlar əlini yağa batırıb öküzlərin buynuzunu yağlayır ki, yeni il bərəkətli olsun.
Tacikistanda Novruz martın əvvəlindən, 21 mart gününəcən, baharın gəlişini və təbiətin canlanmasını qarşılamaq məqsədilə qeyd edilir. Adətə görə, süfrəyə qoyulan süd təmizliyi, şirniyyat yaşama sevincini, şəkər sərinlik və istirahəti, şam atəşə sitayişi, daraq qadının gözəlliyini təmsil edir. İslam dövründən sonra isə bunların yerini əsasən “Ş” ilə başlayan 7 nemət əvəz edir. Uşaqlar qapı döyüb bayram payı istəyir, ancaq gizlənmirlər. Onlar yaz çiçəklərindən dərib yığır, qapıları döyüb, ev sahibinə çiçəklərdən hədiyyə edirlər. Ev sahibi isə onlara konfet, yumurta, ya da pul verir.
Əfqanıstanda Novruz şənliklərinin mərkəzi Məzari-Şərif şəhəridir. İnsanlar müqəddəs ziyarətgah sayılan bu şəhərə toplaşır, xüsusi mərasimlər, şənliklər təşkil olunur. Novruzda Məzari-Şərifdə müxtəlif oyunlar, yarışmalar da olur – xoruz döyüşdürürlər, it boğuşdururlar və s. Süfrəyə gətirilən yeddi meyvə qurusundan-ərik, fıstıq, iydə, badam, qoz və quru üzümdən hazırlanmış “Həft meyvə”, Novruz külçəsi adlı xüsusi qurabiyə, qızardılmış balıq Novruz yeməklərinə aiddir. Smanak adlı buğdadan hazırlanan şirniyyatı isə qadınlar gecə xüsusi nəğmələr oxuyaraq bişirirlər. Bayram günü hamı yeni paltarlarını geyir, yaxınlarına qonaq gedir, dünyadan köçmüş əzizlərinin məzarlarını ziyarət edirlər. Güləş, oğlaq və çərpələng uçurtma oyunları bayramın yaddaqalan mərasimlərindəndir. Bu yarışmaların mövsümü Novruzda başlayır. Sonra 3-4 ay davam edir.
Altayda martın 21-də “Cılgayak” bayramı qeyd edilir. Bu bayram da Novruz kimi baharın gəlişi, təbiətin canlanması, yeni bir ilə qədəm qoyulması üçün keçirilir. Süfrəyə bal qatılmış qatıq, dondurulmuş və qurudulmuş ət, qoyun və mal dırnağından yeməklər təqdim edilir. Göy Tanrı dini ənənələrinin hakim olduğu Saxa-Yakutiyada Saxa türkləri Isıah Bayramını yazın gəlişi və ilin bərəkətli olması üçün Tanrıya şükranlıq bayramı kimi keçirirlər. Hollandiyalı səyyah İdesanın qeydlərində bu bayram haqqında ilk bilgilərə rast gəlinir. Şənliyin keçiriləcəyi əraziyə yarım ay qabaqdan ağaclar əkilir. Şaman yerə qımız səpir, dualar edir. Bu, keçmiş ildə olan pisliklərin qovulması, yeni ildə isə ancaq gözəl günlərin olacağına inam məqsədi daşıyır. Gənc qız və oğlanlar ürəyində arzu tutur, əkilmiş ağaca bir parça lent bağlayırlar. Bu inanc digər türk xalqlarında hələ də yaşamaqdadır.
Azərbaycanda Sovet dövründə digər milli-mənəvi dəyərlərimizlə yanaşı, Novruz bayramı da sərt qadağa və təqiblərlə üzləşirdi. Bütün bunlara baxmayaraq, xalq öz milli bayramını qeyri-rəsmi şəkildə olsa da, ailəsi ilə birgə qeyd edirdi. Azərbaycanın müstəqillik əldə etməsindən sonra isə xalqımız uzun illər ayrı düşdüyü milli-mənəvi dəyərlərinə, bayramlarına qovuşdu. Novruz bayramı ən yüksək səviyyədə öz layiqli qiymətini aldı və dövlət səviyyəsində daha böyük təntənə ilə qeyd olunmağa başlanıldı.
Hər il İçərişəhərdə bayram şənlikləri təşkil olunur, ölkə Prezidenti başda olmaqla mühüm rəsmi şəxslər də bayrama qatılır. Bugünlər xalqımız bahar bayramı Novruzu qarşılamağa hazırlaşır. Qoy bu Novruz özü ilə torpağımıza sülh, əmin-amanlıq, bərəkət və xoşbəxtlik gətirsin.
Əfsanə BAYRAMQIZI
Xalq qəzeti