Zərvanilik
Azərbaycanda yayılmış qədim fəlsəfi-mifoloji təlimlərdən biri zərvanilik olmuşdur. Bu təlimin əsas prinsipləri haqqında Avesta, qədim pəhləvi mətnləri, Quran, Orta əsr Şərq yazılı abidələri və çoxsaylı tədqiqatlar məlumat verir. Zərvanilikdə zaman, bəzi hallarda zaman ilə məkan varlığın yaradıcısı kimi təqdim edilir. Allahı, ruhun ölməzliyini, cənnət və cəhənnəmi inkar və yalnız maddəni real hesab etdiyinə görə zərvanilik öz dövründə tənqid olunmuşdur.
Maniçilik
Zərdüştlüyün, xristianlığın və buddizmin ayrı-ayrı ünsürlərini özündə toplayan maniçilik təlimi III əsrdə Azərbaycanda, İranda və Orta Asiya ölkələrində yayılmışdır. Onun banisi Mani (216-276) xalis dualizm mövqeyindən çıxış edərək göstərirdi ki, aləmin başçısı iki varlıqdır: birincisi işıq, ikincisi qaranlıq. Maninin fikrincə xeyir, mürvət, fayda, sevinc, nizam birlik-işığın, şər, əksiklik, zərər, kədər isə qaranlığın işidir. Maniçilik feodal istismarına qarşı kəndlilərin və şəhər əhalisinin etirazını, mübarizəsini ifadə edən bidətçi təlim olduğu üçün Mani öldürülmüşdür. Lakin maniçiliyin təlimi uzun müddət yaşamış və V əsrin sonunda məzdəkilərin ideya mənbəyi olmuşdur.
Məzdəkilər təlimi
Bu təlim maniçiliyə yaxın olsa da, nikbinliyi və inqilabi əhvali ruhiyyəsi ilə ondan seçilirdi. Məzdək deyirdi ki, maddi nemətlər hamıya bərabər düşməlidir. Lakin insanlar bir-birinə ədalətsizlik edib qeyri-bərabərlik yaratmışlar. Buna görə də əmlak varlılardan alınıb yoxsullar arasında bölüşdürülməlidir. Onların ideyaları Xürrəmilər tərəfindən inkişaf etdirilir.
Maqlar təlimi
E.ə. I minilliyin birinci yarısında Azərbaycan fəlsəfi fikrinin inkişafında Midiya kahinləri nəslindən olan maqların təlimi mühüm yer tutur. Səciyyəvidir ki, kahin silkindən olan maqlar mədəniyyət tarixinə yalnız din, fəlsəfə, elm təmsilçisi kimi deyil, həm də təlim yaradıcısı kimi daxil olmuşlar. Mədəniyyət tarixində “maqlar dini”ndən deyil, daha çox “maqlar təlimi” və “maqlar elmi”ndən bəhs edilmişdir. Buna səbəb isə maqlar təliminin mənəvi mədəniyyətin müxtəlif sahələrini ehtiva etməsidir. Maqların dünyagörüşü o dövrün yüksək inkişaf etmiş elmlərinə – astronomiya, riyaziyyat və təbabətə əsaslanırdı. Onların öz biliklərindən istifadə edərək təbiət və cəmiyyət həyatına müdaxilələri çox vaxt sehr kimi dəyərləndirilirdi. Mədəniyyət tarixində “maq” anlamı altında zərdüştiliyin təmsilçilərini və ümumiyyətlə, müdrikliyi ilə seçilən şəxsiyyətləri nəzərdə tutmuşlar. Şərqdə indi də “pir-i muğan” anlamı alim, müəllim, müdrik mənasında işlənir.
Xristianlıq
I əsrin ikinci yarısında meydana çıxan xristianlığın da şərq xalqlarının fikir tarixinə müəyyən təsiri olmuşdur. Xristianlıq Yaxın və Orta Şərqin bir sıra ölkələrində, Azərbaycanda nəstorilik və yaqubilik formalarında yayılmışdır. Nəstorilik məzhəbinin banisi Konstantinopol patriarxı Nəstor (380-440) göstərirdi ki, ilahi və insan iki substansiyadır. Tam ilahi ilə insan birləşərək çevrilib vahid xristianlıq, vahid təbiət olmuşdur.
Yəqub Bərdəi (- 578) və onun tərəfdarları isə xristianlıq və insani təbiətinin insanda təzahür etməsinə inanırdılar. Lakin yaqubilərin fikrincə insanın ilahiyə çevrilməsi məntiqi çevrilmə deyildir. Bunu ona bənzədirlər ki, kömür alova dönür, ancaq alov kömürə çevrilmir, Əslində, alova atılmış kömür nə mütləq alov, nə də mütləq kömürdür, daha doğrüsü o yanar oddur. Xristianlıq Albaniya dövründə əsas dini təlim olmuşdur və sonralar islamla əvəz olunmuşdur.
azerbaijans.com