Şəhərin su dərdi

Şəhərin su dərdi

Qədim zamanlardan başlayaraq, Bakının həyatında su məsələsi ən böyük problem olmuşdur. Şəhəri dövrələyən çılpaq boz təpələr, sinəsi cadarlanmış torpaq, barmaqla sayılası cılız ağaclar şəhərə miskin bir görkəm verirdi. Xəzrinin boz buludları şəhərin üzərinə yayıldığı zaman burada həyatdan bir əsər qalmazdı. Həyətlərdə quyular qazılmışdı. Suyu dəniz suyundan da şor və acı. Bakı hələ ikiqat divar arasına sığınmış İçəri şəhərdən ibarət olduğu zaman şəhərdə cəmi iki su kəməri vardı. Hər iki kəmər öz suyunu ətraf dağlardan alırdı: Şah su kəməri və Cümə məscidi su kəməri, Birinci kəmərlə gələn su Şirvanşahlar sarayı yanındakı su hovuzuna, ikinci kəmərin suyu isə Cümə məscidi yanındakı ovdana tökülürdü (ovdan sözü abdan sözünün təhrif olunmuş forması idi. Abdan isə fars dilində su qabı deməkdir). Bu kəmər öz başlanğıcını şəhərin şimal-qərb tərəfindəki təpələrdən alır və kəhriz üsulu ilə şəhərə axıdılırdı. Şah su kəməri isə öz mənbəyini şəhərin şimal hissəsindəki daha uzaq yaylalardan, eyni zamanda üç bulaqdan aldığı üçün suyu daha keyfiyyətli idi. O, indiki Bakı Soveti binasının yanından şəhərə daxil olur. Şirvanşahlar sarayını, habelə ətraf yaşayış yerlərini təmin edirdi. Bu sudan həm içmək, həm də xörək bişirmək üçün istifadə edilirdi. Cümə məscidi kəmərinin suyu şorməzə olduğundan ancaq əl-üz yumaq və dəstəmaz almağa yarayırdı.
Bakı xanları dövründə şəhərə daha iki su kəməri çəkildi: Məmmədqulu xan su kəməri və Hüseynqulu xan su kəməri. Məmmədqulu xan su kəməri öz mənbəyini Dağüstü parkın yerindən, Hüseynqulu xan su kəməri isə indiki Hüsü Hacıyev küçəsinin yuxarısındakı iki bulaqdan alırdı. Yolun yarısında bu kəmərə üçüncü bir bulağın da suyu əlavə olunurdu (Hüsü Hacıyev küçəsində yazıçıların evi üçün özül atılarkən, bu kəmərin bir hissəsi aşkara çıxmışdı). Bu kəmər ancaq Bakı xanları sarayının ehtiyacını təmin edirdi.
Şəhərin əsas su kəməri olan Şah su kəməri 15-ci əsrin təxminən iyirminci illərində çəkildiyindən tez-tez gözü tutulur və təmirə saxlanılırdı. Belə hallarda camaat bütün günü susuz qalırdı.
Şəhər böyüdükcə, İçəri şəhərin divarlarını aşıb, forştatda çıxdıqca əhalinin su ilə təmin edilməsi daha da çətinləşirdi. Xüsusilə 1860-cı ildə Bakı quberniyanın paytaxtına çevrildikdən sonra su problemi daha kəskin şəkil aldı. İçəri şəhərdən kənara çıxmış əhalini su ilə təmin etmək məqsədilə Şah su kəmərindən Bayır şəhərə Sisianov meydanına (indiki Azərnəşrin aşağı hissəsinə) bir qol ayrıldı. Şəhərin o zamankı hərbi qubernatoru general-mayor knyaz Mouravovun sərəncamı ilə burada ilk dəfə olaraq su anbarı yaradıldı. Bu anbar Bakıda ilk su fantanı oldu.
1864-cü ildə general Kolyabakin Bakıya hərbi qubernator  təyin  ediləndən sonra şəhərdə su kəmərinin genişləndirilməsi sahəsində bir sıra yeni tədbirlər görüldü.
Məlum olduğu kimi, bu illərdə Xəzər dənizinin mərkəzi limanı Həştərxandan Bakıya köçürülmüşdü. Yük gəmilərini indi Bakıda su ilə təmin etmək lazım gəlirdi. Bu məqsədlə Sisianov su kəmərindən Sahil küçəsində, qubernator idarəsinin yerləşdiyi (indiki həkimlər evi) binanın qarşısındakı Daş körpüyə (bu körpü Xəzər sahilində daşdan tikilmiş yeganə körpü olduğu üçün belə adlanırdı. Bu təxminən indi Azneftin yerləşdiyi binanın böyründə idi) xüsusi bir qol çəkildi. Bu qol həm gəmiləri, həm də Sahil küçəsində yaşayan əhalini su ilə təmin edirdi. Bununlə belə, suya olan tələbat yenə də kifayət dərəcədə ödənilmirdi. Əvvəla, gəmilərə çoxlu su sərf olunurdu. Bundan əlavə Sisianov meydanındakı su kəməri forştatdın mərkəzində olduğundan bundan uzaqda yaşayanlar sudan çox korluq çəkirdilər. Xüsusilə su kəmərləri təmir edildikdə camaat susuzluqdan yanırdı. Məcbur olurdular ki, həyətlərində qazdıqları quyunun şorməzə suyundan içsinlər. Bu da müxtəlif xəstəliklərə səbəb olurdu. Buna görə yeni su mənbələrinin axtarılması və şəhərə əlavə su kəmərləri çəkilməsi üçün Qafqaz canişini general- feldmarşal knyaz Baryatınski tərəfindən şəhər idarəsinə 6 min manat vəsait ayrıldı.
 
Şəhərin ətrafındakı yaylalarda yeni quyular qazılaraq, suyu köhnə kəmərlərlə axıdılandan sonra Sisianov su anbarında suyun səviyyəsi xeyli çoxaldı. Hətta su boş-boşuna axmağa başladı. Çoxalan sudan səmərəli istifadə etmək məqsədilə 1869-cu ildə Sisianov fantanından Mariya bağına (Malakan bağına) kəmər çəkilməsi qərara alındı. Əvvəlcə daş, sonra isə saxsı borularla çəkilən bu kəmər 1870-ci ildə başa çatdırıldı. Təzə su kəməri Quru bağın (Parapetin) altından keçərək, Mariya və Malakan (indiki R. Rza və Xaqani) küçələrinin tinində tikilmiş fantana tökülürdü. Beləliklə, Sisianov anbarında su daimi bir səviyyədə saxlanıldı. Malakan (Xaqani) və Mariya (R. Rza) küçələrinin tinindəki su anbarında o qədər su ehtiyatı əmələ gəlmişdi ki, hətta gecələr bağın ağaclarını da sulayırdılar.
Yeni su kəmərindən suyun axarı qaydaya  düşəndən sonra bu ətrafda yaşayan ev sahiblərinə  qadağan  edilmişdi ki, su kəmərlərinin həndəvərində, müəyyən məsafədə heç bir quyu qazılmasın və habelə qazılmış quyular dərinləşdirilməsin, çünki bu, kəmərlə axan suyun keyfiyyətini dəyişə bilərdi.
Şəhər böyüyür. Hündür binalar, yaraşıqlı imarətlər ucaldılır, təzə küçələr salınırdı. Təbiidir ki, forştatdakı əhalinin artması suya olan tələbatı da artırmışdı. Suyun azlığından bağlar və küçələr sulanmırdı. Şəhərə kənardan su gətirmək və yeni mənbələr axtarmaq barədə tərtib edilən layihələr şəhər dumasında aylarla gecikdirilir və axırda da baha başa gələcəyi bəhanə edilərək, geri qaytarılırdı. Həmin illərdə duma qlasnısı Həsən bəy Zərdabi «Kaspi» qəzetində yazırdı: «Bizdə içməli su yoxdur. Buna müqəssir bizim Şəhər idarəsinin işçiləridir. Küçələr sulanmır və yanğın söndürmək üçün də su yoxdur. Bu da Şəhər idarəsinin günahı üzündəndir. Şəhər bağlarında ağacları sulamaq üçün də su yoxdur. Bizim başçıların ixtiyarında texnika və milyonlar olduğu halda, su çatışmır. Bu o deməkdir ki, burada nə isə var».
1893-cü ildən dəniz suyundan da istifadə edilməyə başlandı. Sahilə yaxın bir yerdə dəniz suyunu təmizləyib, şirinləşdirmək üçün xüsusi qurğu düzəltdilər. Burada təmizlənmiş su nasosla şəhərin cənubundakı yüksək təpənin üstündə quraşdırılmış su  anbarına vurulur və oradan da borularla üzü aşağı şəhərə axıdılırdı. (Bu iri hovuz-anbar bu yaxınlaradək Dağüstü parkın ətəyində qalmışdı). Qurğuda gündə 30 min vedrə dəniz suyu təmizlənib şirinləşdirilirdi. Bununla belə, əhalinin ehtiyacı yenə də ödənilmirdi. Suyun qiyməti də bahalaşmışdı. 1895-ci il martın 11-də duma qərar çıxardı ki, şirinləşdirilmiş suyun qiyməti barədə 1893-cü il 2 dekabr tarixli əmr ləğv edilir və su yarım qəpiyə satılsın.
Eyni zamanda barjlarla Kürdən də su daşınırdı. Bu işlə «Kür suyu» adlanan aksioner şirkəti məşğul olurdu. Şirkət sonralar Bakı varlılarından Saruxanovun əlinə keçərək, «Saruxanov Kür aksioner şirkəti» adı ilə öz fəaliyyətini xeyli genişləndirdi. 1911-ci ildə həmin şirkət vasitəsilə Bakıya 5.644000 vedrə Kür suyu daşınmışdı. Suyun vedrəsi yolun uzaqlığından asılı olaraq, 2 qəpiyə satılırdı.
Kasıblar bu suyu ala bilmirdilər. Buna görə məcbur olurdular ki, hökümət tərəfindən qadağan edilmiş quyu suyunu içsinlər. Çox zaman ovdan suyundan da istifadə edirdilər. O illərdə belə ovdanlar şəhərin üç yerində idi. Onlardan ən dərininin yüzdən çox pilləsi vardı.
Bakını əsaslı surətdə su ilə təmin etmək məqsədilə eyni zamanda üç layihə hazırlanırdı.
Birinci layihədə Kürdən Bakıya su  kəmərinin  çəkilməsi  nəzərdə  tutulurdu. İşə Meyniman kəndinin yaxınlığından  başlamaq  planlaşdırılmışdı.  Buradan  Bakıya 120 kilometr idi. Bakıya qədər uzanacaq bu yolda iki stansiya tikilməsi nəzərdə tutulmuşdu. Bunlardan biri Hacıqabulda, ikincisi isə şəhərin yaxınlığında «Qurd darvazası»nda   olmalı   idi.   Hacıqabulda   suyu   təxminən   120   metr   hündürlüyündə olan durulducu çənə qaldırandan sonra kəmər dəmir yolu boyu «Qurd darvazası»nadək uzanacaq və burada qurulacaq stansiyada su təzədən 125 metr hündürlüyə qaldırılaraq, yeraltı yolla şəhərə axıdılacaqdı. Kəmərin çəkilişi fransız mühəndisi Dimona tapşırılmışdı. Layihə dumanın iclaslarında uzun müddət müzakirə olunsa da, nəticə vermədi, qəbul olunmadı. Vedrəsi 0,7 qəpiyə başa gələcək Kür suyu əvəzinə duma Volqadan barjlarla su daşınmasını üstün tutdu. Halbuki Volqa suyunun vedrəsi bakılılara 2 qəpiyə otururdu.
Dadlı suyu olan Zuqulbadan kəmər çəkilməsi fikri də baş tutmadı. 1870-ci ildə Bakının qubernatoru Kolyabakinin sərəncamı ilə mühəndis-hidravlik Şebanov Zuqulbadan çəkiləcək kəmərin keçəcəyi ərazini öyrənmək üçün Zuqulbaya göndərilir. Zuqulbada suyun keyfiyyət və kəmiyyətini yoxlamış və kəmərin keçəcəyi ərazini öyrənmiş olan Şebanov həmin ilin avqust ayında dumaya yazılı məlumat verir. Bu məlumatla deyilirdi ki, Buzovnanın qərb tərəfində, Zuqulbada bir neçə yerdə qayadan su çıxıb, dənizə axır. Bu su camaat tərəfindən işlədilmək üçün çox əlverişlidir. Buradan sutkada 26.849 vedrə su almaq olar. Şebanovun fikrincə, buradan su kəməri çəkilərsə o, 95,5 verst uzunluğunda olmalıdır. Çünki o, Şüvəlan, Zirə, Hövsan və Zığ kəndlərindən keçib, şəhərə daxil olmalıdır. Kəmərin keçəcəyi ərazi qumsallıq və qayalıq olduğu üçün çoxlu xərc tələb olunur. Yolu qısaltmaq da mümkün deyil. Qısaldılarsa daşlıq və qayalıq yerlərdə bir neçə tunel, qazmaq lazım gələcək. Şebanov əlavə olaraq, onu da göstərir ki, Zuqulba suyu dəniz səthindən ancaq 1014 fut hündürdədir. Əgər bu su lazımi hündürlükdə olsaydı da bu uzunluqda kəməri çəkmək 157 min manata başa gələcəkdir. Bunları nəzərə alaraq, Şebanov kəmərin çəkilməsini məsləhət bilmir. Duma da onun fikri ilə razılaşır.
Qəribə orasıdır ki, dumanın bu qərarından sonra Bakı varlılarından Ağabəy Məlikov Şebanovun öz yazılı məlumatında göstərdiyi maniə və çətinliklərə baxmayaraq, öz hesabına Zuqulbadan Sabunçu və Ramanaya su çəkdirdi. Yalnız bundan sonra duma işə girişərək Məlikovun çəkdirdiyi kəməri davam etdirdi.
 
1903-cü ildə Zuqulba suyu şəhərin Balaxana küçəsinədək gətirildi. Ramana və Sabunçu kəndləri o vaxtadək ancaq quyu suyundan istifadə edirdilər. Mədənlərə su neft sahibkarlarının Qurultaylar Soveti tərəfindən dəmir yolu vasitəsilə gətirilirdi. Sutkada gətirilən cəmi 2.500 vedrə su 40 min əhalisi olan Sabunçunu qətiyyən təmin etmirdi. Daşınan su da antisanitar şəraitdə saxlanılırdı. Su doldurulmuş iri çəlləklərin altı heç bir şeylə örtülməmişdi. Çəlləklərin dibi torpağın səviyyəsindən aşağı olduğu üçün ətrafdakı xəndəklərdən onların altına çirkab su sızırdı. Bunun da nəticəsində o illərdə Sabunçuda qarın xəstəlikləri xeyli çoxalmışdı.
Nəhayət, üçüncü layihə Samurdan Bakıya su çəkilməsi layihəsi idi. Əvvəlcə komissiya yaradılmış və yaxşı layihə üçün konkurs elan edilmişdi. Konkursda ingilis mühəndisi Lindleyin layihəsi bəyənildiyi üçün müəllif Londondan Bakıya dəvət edilmişdi. Mühəndis hesablamadan sonra Bakıya Samurdan su gətirilməsinin Kürdən Bakıya su gətirilməsinə nisbətən baha başa gələcəyini söylədikdə komissiya, onun arxasınca da duma layihəni rədd edirlər. Komissiyanın üzvlərindən təkcə H. Z. Tağıyev təkid edir ki, Samurun suyu təmiz bulaq suyu olduğu üçün kəmər çəkilməlidir. Bu dəfə duma başqa bəhanə tapır: deyirlər ki, Şahdağın ətəyindəki bulaqların suyu kifayət qədər deyildir. Şəhər əhalisinin sudan son dərəcə korluq çəkdiyi bir şəraitdə şəhər dumasının məsələyə laqeyd yanaşdığını görən Tağıyev Şəhər idarəsinə məktub yazaraq bildirir ki, o, Lindleyin fikrinə inandığı üçün kəmərin çəkilişinə təcili başlamaq üçün öz cibindən 25 min manat pul ayırır. Bu şərtlə ki, duma üzvləri göstərilən mənbədə kifayət qədər su olmasına inanandan sonra Şəhər idarəsi onun pulunu geri qaytarsın. Məktubunda daha sonra yazırdı ki, əgər onun təklifi sentyabr ayınadək dumaya təqdim edilməzsə, Şəhər idarəsi su təchizatı komissiyası ilə birlikdə təcili surətdə onun öz hesabına quyu qazmağa başlayacaqdır. Əgər sentyabrda duma Şəhər idarəsi və komissiyanın bu qərarını da bəyənməzsə, o verdiyi 25 min manatdan imtina edəcəkdir. Məktubunun axırında yenə təkidlə bildirirdi ki, Samurdakı yeraltı sular Şahdağın daimi buzlaqlarıtək tükənməz və əbədidir.
1904-cü ildə kəmərin çəkilişi ingilis — Amerika firmasına tapşırıldı və işə başlandı. Lakin 1905-1907-ci illərdə ölkədə baş vermiş ictimai-siyasi hadisələr işə mane olaraq, çəkilişi xeyli ləngitdi. Vətəninə qayıdan Lindley bir də 1909-cu ildə geri dönərək təzədən işə başladı. Həmin ilin axırında hökümət Bakı üçün 27 milyonluq istiqraz buraxılmasına icazə verdi. Bu pulun 23 milyon yarımı su kəmərinin çəkilişinə sərf ediləcəkdi. Sonralar daha 15 milyonluq istiqraz buraxıldı. insafla desək, şəhərin varlılarından Murtuza Muxtarov, Ağabala Quliyev və Aşurbəyovlardan da bəziləri bu işdə öz köməklərini əsirgəməmişdilər.
1916-cı ildə Bakı-Şollar su kəməri başa çatdı və 1917-ci ilin yanvar ayından tam istismara buraxıldı. Şollar suyu Bakıya təxminən 180 kilometr uzaqdan gəlirdi. Xudad dəmir yolu stansiyasının yaxınlığında təxminən 1 metr diametri olan sement trubalarla Nasosnıyadək öz axarı ilə gəlirdi. Nasosnıdan başlayaraq su hərəsi 600 at gücü qüvvəsində olan güclü dizel vasitəsilə Bakıya vurulurdu.
Kəmərin işə düşməsi ilə şəhərdə su fontanlarının sayı çoxaldı. Ayrı-ayrı məhəllələrdə tikilmiş belə daş fontanlardan bəziləri bu vaxtadək qalmışdır. Fontanlara gündə üç dəfə su buraxılırdı: səhər, günorta və axşam. Fontanlardan uzaq olan evlərə isə xüsusi adamlar çəlləklə arabalar və ya da ulaq belində su daşıyıb, satırdılar. Evlərin çoxunda suyu saxlamaq üçün iri küplər vardı.
Yalnız 1920-ci ildən evlərə də su kranları çəkildi.
 
Müəllif: Qılman İlkin. BAKI VƏ BAKILILAR 
Mənbə: BAKI VƏ BAKILILAR (Üçüncü nəşri).ISBN-9952-426-12–7
Top