Oxu, tar, oxu tar!…
Səsindən ən lətif şeirlər dinləyim,
Oxu tar, bir qadar,
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu tar! Səni kim unudar?
Mikayıl Müşfiqin bu sətirləri Azərbaycan xalqının mədəniyyətində əvəzsiz yeri olan ecazkar musiqi aləti – tara ithaf olunur. Sanki ilahidən gələn sehrli səsdi bu… Dünya musiqisinin incisi hesab olunan muğamımızın şah damarı, sehrli olan tar səsi. Dahi bəstəkar Üzeyir Hacıbəyli tarın texniki ifaçılıq imkanlarına, akustik səslənmə xüsusiyyətlərinə istinad edərək yazır: “Tar Şərq musiqi təhsilini artıra bilən alətlərdən ən qiymətlisi və ən mühümüdür”. Azərbaycan simli musiqi alətləri arasında texniki və dinamik imkanlarına görə müasir tar ən mükəmməl və təkmil çalğı aləti hesab olunur.
“Tar” sözünün farsca lüğəti mənası tel, sap deməkdir. Başqa musiqi alətləri kimi, təbiidir ki, müasir tar da özündən əvvəlki qədim simli musiqi alətlərinin əsasında yaranıb və əsrlər boyu formalaşıb. Bu alətin adı ilk dəfə XI əsrdə yaşamış Baba Tahir və Qətran Təbrizinin şeirlərində çəkilib. İlk tar 5 simdən ibarət olub və dizdə ifa olunub. Musiqiçilərin sözlərinə görə, ilk tarın səsi zəif, texniki imkanları məhdud olub. XIX əsrin ikinci yarısında Azərbaycanın görkəmli tarzəni Mirzə Sadıq Əsəd oğlu — Sadıqcan tarı təkmilləşdirərək, onu virtuoz musiqi alətlərinin səviyyəsinə çatdırıb. Nəticədə ümumi konstruksiya dəyişib və simlərin sayı 11-ə çatıb. Amma dəyişən tək bu olmayıb, həmin dövrdən alətin çəkisi azaldılıb və tarzənlər tarı diz ustə deyil, artıq sinədə tutmağa başlayıblar. Bu da tarın texniki imkanlarını daha da genişləndirib. Musiqi tarixinə istinad edərək bildirmək olar ki, Sadıqcanın tarda işlətdiyi barmaqları, vurduğu alt-üst mizrabları hələ indiyə qədər heç kəs təkrar edə bilməyib.
Dü tar, se tar, çahar tar, pənc tar və şeş tar kimi simli musiqi alətləri tarın müxtəlif növləri hesab edilir. Müasir tar ifaçılığı XX əsrdə daha güclü inkişaf mərhələsinə başlayıb. Belə ki, 1931-ci ildə Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin təşəbbüsü ilə yaradılmış ilk notlu xalq çalğı alətləri orkestrində tar aparıcı alət kimi əsas yeri tutub. Əsası Üzeyir Hacıbəyov tərəfindən qoyulmuş notlu ifaçılıq məktəbi tarın texniki və bədii imkanlarını daha da artırır.
Tar aləti hər zaman ifaçıların maraq dairəsində olub və olmaqdadır. Tar bu ün müxtəlif yaş kateqoriyalı ifaçıları öz ətrafına toplayıb. Uzun illərdir tarı sinəsinə alan və bu aləti həyatının musiqi aləti hesab edən xalq artistiMöhlət Müslümovhesab edir ki, Azərbaycan tarı bütün digər ölkə tarlarından tembir, çalğı üslubu, texniki imkanlar baxımından seçilir və üstündür: “Bu gün dünyanın ən böyük salonlarında bizim tarımız istər muğamlarda, istər ansambllarda yer tutur. Azərbaycan tarı bu günə qədər gəldiyi yolda çox keşməkeşli yol keçdi. Və bu gün dünyanın ən gözəl alətinə çevrildi və son illər YUNESKO-nun Azərbaycan tarını şah alət elan etməsi onu sübut etdi ki, tar Azərbaycana məxsusdur, tar Azərbaycanındır”.
Artıq bütün dünyaya bəyandır ki, Azərbaycan tarı tembrinə görə fərqlidir. Möhlət Müslümov deyir ki, dünyada oxşar tembrlər var, amma məhz bu tembir tək bizim tarımıza məxsusdur: “100 alət olur simfonik orkestrin tərkibində, amma tarın səsi, onun tembri o dəqiqə seçilir. Biz bunu dəfələrlə görmüşük və eşitmişik, özümüz dəfələrlə sübut etmişik. Tar çox qüdrətlidir. Dünyaya meydan oxuyan böyük orkestrlər var, o orkestrlərdə olan musiqi alətlərinin arasında bizim tarımız öz tembri ilə seçilir, öz sözünü deyib, buna görə də biz həmişə Üzeyir Hacıbəyova, Sadıqcana rəhmət oxuyuruq. Tarı elə bir səviyyəyə gətirib çıxardılar ki, Avropa not sistemi ilə eyni səviyyədə dayandı. 22 pərdə, 2 oktava yarım, bəzən 3 oktava da olur. Hər bir qəliz əsəri tarda çalmaq olur. Tarın özəlliyi bundadır”.
Qəhrəmanlıq, mübarizlik, kövrəklik ruhunu özündə birləşdirən Azərbaycan tarı bütün dünya xalqlarının sevilən alətinə çevrilib. Dövrümüzdə istər bu alətdə ifa etmək bacarığı olan, istərsə də musiqi alətində ifa etməyi bacarmayan hər bir azərbaycanlı tara olan sevgisini bəyan edir. Bu gün qürbətdə yaşayan bir çox həmyerlilərimizin evində tar alətinə rast gəlmək olur.
O da sirr deyil ki, ermənilər Azərbaycan tarını da mənimsəmək üçün əllərindən gələni edirlər. Azərbaycan tar ifaçılıq sənəti YUNESKO-nun qeyri maddi-mədəni irs siyahısına daxil edildikdən sonra, tarın məhz bizə məxsusluğu bir daha dünyaya bəyan edilib. Azərbaycan tarı milli-musiqi mədəniyyətimizin, Azərbaycan musiqisinin rəmzi hesab olunur. Azərbaycanda hər zaman tar aləti musiqinin simvolu kimi qəbul olunub və 2012-ci ildə YUNESKO-nun təmsiledici siyahısına daxil edildikdən sonra tar sənəti, tar ifaçılığı artıq Azərbaycanın milli brendinə çevrilib. Bütün dünyada Azərbaycan tarı deyiləndə insanların xatirində milli mədəniyyətimiz canlanır.
Sənətşünaslıq namizədi Sənubər Bağırova bildirib ki, çox qədim tarixi olan tarın bir xeyli prototipləri, əcdadları olub: “Orta əsr Azərbaycan və Yaxın Şərq musiqi mədəniyyətində belə alətlər professional səviyyədə çox geniş yayılmışdılar. Dü-tar, se-tar, cahar-tar, şeş-tar, penc-tar. Bunların hər biri indiki tarın əcdadları kimi qiymətləndirilə bilər. Hətta bəzi alətlər var ki, dü-tar və se-tar hələ də təcrübədədir. Dü-tar bu gün də Türkmənistanda geniş istifadə olunan musiqi alətidir. Se-tar da İranda çox geniş yayılan bir musiqi alətidir. Azərbaycanda da bu alətlər orta əsrlərdə XVIII əsrin sonuna qədər yayılmış idi. Tar özü XVIII əsrin sonu, XIX əsrin əvvəllərindən artıq təcrübədə get-gedə aparıcı yol oynamağa başlayır”.
Azərbaycanda muğam və məqam sistemi tarın pərdə sisteminə bağlıdır. Azərbaycan tarı universal bir musiqi aləti hesab olunur, çünki Azərbaycan musiqisində olan istənilən janrı bu alət də ifa etmək mümkündür. İlk dəfə tar Üzeyir bəy Hacıbəyli tərəfindən simfonik alətlərin arasında “Leyli və Məcnun” operasının partiturasında istifadə olunub və get-gedə simfonik orkestrin nəzdində daha geniş yer almağa başlayıb. XX əsrin 50-ci illərində ilk dəfə olaraq “Tar və simfonik orkestr üçün konsert” yazılıb. Elə həmin vaxtlarda tar ilk dəfə solo ifaçılıq formasında təqdim olunub. O zamandan bu günə kimi tar iki yolla tədris olunur – həm müşayiətçi alət olaraq, həm də ki solo ifaçılıq kimi.
S.Bağırova bildirib ki, 2012-ci ildə tar — YUNESKO-nun təmsiledici siyahısına salınması üçün təqdim olunmuşdu. O zaman tar haqqında yetəri məlumatlar hazırlamaq lazım idi: “Tarın tarixindən, Azərbaycan musiqisindəki əhəmiyyətindən, tarın milli icma tərəfindən tara münasibəti, tarı dəstəkləmə səviyyəsi, təkcə professional mühitdə deyil, tarın daşıyıcıları, bu ənənənin nə qədər daşıyıcıları var. Burada bir çox suallar var idi ki, onlara cavab vermək lazım idi. Filmdə hazırlamaq lazım idi. Bütün bu sənədlər və elmi məlumatlar əsasında tar YUNESKO-ya salındı. O zamanlar bununla bağlı, bir çox problemlər ortaya çıxdı. İran nümayəndəliyi iddia elədi ki, tar İran alətidir. Biz də sübut elədik ki, biz Azərbaycan alətindən danışırıq. Azərbaycan tarı İran tarından çox fərqlidir. Onun fərqliliyi təkcə quruluşunda deyil, həm də ölkə mədəniyyətində olan əhəmiyyəti vacibdir. Tarın Azərbaycan mədəniyyəti üçün əhəmiyyəti daha vacib və genişdir, nəinki İran tarı İran musiqi mədəniyyəti, İran musiqisi üçün. Azərbaycanda muğamla tar bir tandemdir”.
Quruluş və forma etibarı ilə başqa simli musiqi alətlərindən fərqli olan tar, üç — çanaq, qol və kəllədən hissədən ibarətdir. Ümumi uzunluğu 850 mm, çanağının hündürlüyü 165 mm, eni 185 mm-dir.Qoluna 22 pərdə bağlanır. Çanağının üzərinə mal ürəyinin pərdəsi çəkilir. Müxtəlif diametrli 11 metal simləri var. Sümük və ya ebonitdən hazırlanmış kiçik mizrabla səsləndirilir. 40 ildən çoxdur ki, tar ustası kimi fəaliyyət göstərənMusa Yaqubovbildirir ki, bu alətin çanaq hissəsi üçün ən yaxşı material tut ağacıdır. Bu ağac qarağac da ola bilər. Tar alətinin qol və kəllə hissəsi isə qoz ağacından hazırlanır. Musa müəllim bildirib ki, tarın çanaq hissəsi üçün ağac tən ortadan bölünür: “Əvvəlcə kubik formasında olur. Özək hökmən çıxmalıdır. Özək qalsa, çatlaya bilər. Sonra kubikin içi bu formada çıxarılır. Sonra çöl hissəsi yonulur. Yonulduqdan sonra nə qədər çox qalsa, bir o qədər yaxşıdır. Azı 1-2 il qalmalıdır. Tarixini yazıram üstünə, qalır quruyur.
Çanaq tarın əsas səs verən hissəsidir. Tarın baş hissəsi qoz ağacından olmalıdır ki, qoz ağacı möhkəmdir və kök saxlamaq üçün daha yaxşı seçimdir. Əslən Qarabağın Füzuli rayonundan olduğunu deyən usta, elə ən yaxşı ağacın da Qarabağ ağacı olduğunu bildirir. Ağac öncə kərki ilə, sonra xüsusi dəzgah, sonda isə xüsusi oyma aləti vasitəsilə oyulduqdan sonra qurumaq üçün günəş işığı düşməyən yerə qoyulur. Mütləqdir ki, üzərinə gün işığı düşməsin yoxsa ağac çat verə bilər. Zaman keçdikcə rəngdə dəyişiklik olur. Usta sonrakı prosesdə çoxdan düzəldilmiş çanaqla qol hissəsini və kəlləsini yapışqan vasitəsi ilə yapışdırır və qurumağa qoyur. Tarda 9 aşıq olur, onlardan 6-sı böyük 3-ü balaca aşıqdır.
1 neçə il müddətində quruyan alətin tam hazır olma prosesi 1 aya yaxın zaman alır. Tarın çanaq hissəsində olan pərdə inək ürəyinin pərdəsidir. 1 tarın hazırlanmasında 2 ürək pərdəsindən istifadə olunur. Zamanın əsas hissəsi ağacın qurumasına sərf olunur. Sonra qol hissələri bağlanılır. Daha sonrakı prosesdə musiqi alətinin çanaq hissəsinə dəri çəkilir. Dəri xüsusi yapışqanla yapışdırılır. Tarın düzəlməsində sonuncu mərhələ isə simlərin taxılması və düzəldilmiş musiqi alətinin köklənməsi prosesidir. Tarı ifa etmək üçün istifadə olunan mizrab ebonint adlanan materialdan hazırlanır.
Tar ifaçıları hesab edir ki, bu alətin mükəmməl ifaçısı olmaq üçün dayanmadan çalışmaq lazımdır. Azərbaycanın görkəmli tarzəni Hacı Məmmədovun da bu alətin texniki imkanlarının genişlənməsində əvəzsiz xidmətləri olub. O eləcə də, tarda öz sözünü deməyi bacaran tarzənlərdən idi. Bu günümüzdə məşhur tarzənlər məhz Hacı Məmmədovu öz ustadları hesab edir. Hacı Məmmədovdan dərs alan tarzənlərin bildirdiyinə görə, mərhum sənətkar gününün əsas hissəsini tarda ifaya həsr edirmiş. Evinin kandarından tar sədalarının gəlməməsi isə artıq ustadın evdə olmamasından xəbər verirdi.
Əməkdar artist Malik Mansurovtar aləti onun üçün həyat tərzi, təlimi, tərbiyəsi, əxlaqıdır: “Hər yerdə tar mənimlədir. Bəzən ağsaqqallarla etmədiyim məsləhəti məhz tarla etmişəm. Çox nadir hallarda mən tarımı satmışam. Elə məqamlar olub ki, məcbur olmuşam, amma mənə yararsız tarı satmışam. Bu tarları satmaram heç zaman, dostu satmazlar axı”. Malik Mansurov bildirir ki, bu alət insan əməyinin şedevr əsərlərindən biridir: “Olub ki, götürmüşəm tarı və demişəm ki, bəlkə onun burasını belə eləyim, taxtadır da. Hamı 9 aşıqla çalır bu aləti, 15 il bundan əvvəl beynimə düşdü, gənc idim yenilik etmək istəyirdim, hər simə bir aşıq taxmaq qərarına gəldim. Həmin gündən bu günə qədər tar burnunda danışır. Tarın səsi açılmır, xoşu gəlmədi ki, mən ona müdaxilə elədim. Kamança da belədir. Elə bil 2 min, 3 min il əvvəl dədə-babalar necə qoyubsa, elə də getməlidir, yazılmamış qanundur”.
Tar ifaçıları Sadıqcana tarı diz üstdən sinəyə qaldırdığı, ürəyə daha da yaxın etdiyi üçün hər zaman təşəkkür edirlər. Zaman-zaman Qurban Pirimov, Hacı Məmmədov, Əhsən Dadaşov, Mirzə Mansur Mansurov, Əhməd Bakıxanov, Bəhram Mansurov, Kamil Əhmədov kimi görkəmli sənətkarlar bu alətin nəyə qadir olduğunu göstəriblər. Bu gün adları sadalanan bu tarzənlərin bir çoxunun tarı muzeylərdə eksponat olaraq saxlanılır. Tar elə bir alətdir ki, onunla dostluq əbədidir. Bu alətdə ifanı arzulayan hər kəs bir ömür boyu bu alətdə çalmaqdan zövq alır. Bəlkə də məhz bu səbəbdəndir ki, dövrümüzdə gənc tarzənlərin bir çoxu bu sənətin sehrinə atalarının, babalarının ifası ilə düşüblər.
Tar — Azərbaycanın milli musiqi mədəniyyətinin inkişafında müstəsna yer tutur. Tar — bütün dünya ictimaiyyətini Azərbaycan musiqi səsinin sehrinə salmağı bacarıb. Tar — bizim milli kökümüz, kimliyimiz, xalqın səsini dünyaya çatdıran bir musiqi aləti olaraq hər zaman var olacaq!