H.Z.Tağıyevin mühakimə edilməsi

H.Z.Tağıyevin mühakimə edilməsi

1912-ci ilin əvvəllərində Bakının ictimai həyatında elə bir hadisə baş verdi ki, nəinki, azərbaycanlıları, bəlkə də bütün müsəlmanları həyəcana gətirdi. Bu H.Z.Tağıyevin mühakimə edilməsi idi. Hadisə belə olmuşdu: vaxtı ilə Tağıyevin pulu ilə ali texniki təhsil alıb qayıtmış Lütfəli bəy Behbudov səkkizinci ilə keçirdi ki, Hacının yanında mühəndis kimi işləyirdi. Evinə gedib-gələn, məhrəm bir adamdı. Necə olursa Hacı Lütfəli bəyin Sona xanıma (Hacının arvadı) olan münasibətindən şübhələnir və onu cəzalandırmağı qərara alır. Bir gün (bu hadisə 1911-ci il may ayının 16-da olmuşdu) Lütfəli bəyə xəbər göndərir ki, yaşadığı evin otaqlarında nə isə dəyişiklik eləmək istəyir.
Tağıyev Zeynalabdin
Lütfəli bəy də gəlib, əlində arşın otaqları ölçə-ölçə bir otağa girəndə orada beş-altı nəfərin toplaşdığını görür. Lütfəli bəyin daxil olması ilə Hacının: «Vurun, əzişdirin bu yaramazı» deməsi bir olur. Adamlar da Lütfəli bəyin üstünə düşüb onu o ki var əzişdirirlər. Bu adamlar kimlərdi? Bakı qradonaçalnikinin xüsusi məmuriyyət zabiti podpolkovnik Mənsur Mirzə Qacar, məhəl sərhəd briqadasının qərargah rotmistri Rza bəy Məmmədbəyov, Hacının oğlu Sadıq Tağıyev, «Kaspi» qəzetinin işlər müdiri Həsən ağa Həsənov (o eyni zamanda şəhər dumasının qlasnısı idi), Tağıyevin fabrikinin müdiri Mehdi Cəfərov, Hacının qardaşı oğlu Məmmədrza Tağıyev.
Bir rəvayətə görə guya Hacı da qızışıb, bu işdə iştirak edirmiş. Başqa bir rəvayətdə deyilir ki, guya Behbudov içəri girəndə Hacı ona təklif edir ki, təcili yığışıb Bakıdan getsin. Behbudov da otaqdan çıxandan sonra Hacının adamları pilləkənin üstündə onu əzişdiriblər. Sonra da çənəsini yaralayaraq, qanı axa-axa faytona mindirib, evinə göndərirlər. Bəzi qəzetlər bunu başqa şəkildə təsvir etmişdilər. Guya Hacı Behbudovun arvadını çağırtdırır və qana bulaşmış ərini
göstərərək demişdir:  «Sona  xanıma  xain  gözü  ilə baxdığı  üçün onu bu  günə salıblar».

Bir neçə gündən sonra şəhərdə bununla əlaqədar bir çox şayiələr yayılır. Guya Tağıyevin adamları onu nəinki döymüş, hətta ona butulka da keçiriblər. Aradan bir müddət keçir. Tağıyevin düşmənləri (onların arasında erməni varlıları da vardı). Lütfəli bəyi qızışdırırlar və o da aradan xeyli keçəndəi sonra Tağıyevi məhkəməyə verir. Məhkəmə çox uzanır və nəhayət 1912-ci il mart ayının 6-da Tağıyevin işinə baxılır. Məhkəmə mart ayının 9-dək davam edir. O günlərdə şəhərdə söz-söhbət ancaq Hacının mühakimə edilməsindən gedirdi. Camaat, böyükdən kiçiyədək məhkəmənin qapısını kəsdirib durmuşdular. Çoxlu şahidlər dindirilmişdi, o cümlədən milyonçu Musa Nağıyev də şəhadət vermişdi. Məhkəməyə şahid kimi çağırılmış Muxtarov həmin günlərdə şəhərdə olmadığından məhkəmənin adına teleqram göndərmişdi. Teleqramda bildirirdi: «Uzaq bir məsafədə olduğum üçün bilzat məhkəmə iclasında hazır ola bilmədim. Məhkəmə müstəntiqinin hüzurunda söylədiyim sözləri — şəhadəti dübarə təsdiq edirəm».
 
Məhkəmənin gedişi bütün müsəlman aləminə səs salmışdı. Rusiyanın hər yerindən teleqramlar gəlir, Hacının mühakimə edilməsi barədə öz təəssüflərini bildirirdilər. İmam Əbdürrəhman Niyazi bütün Rusiya müsəlmanları adından qəzəb və təəssüfünü bildirirdi. Məhkəmənin getdiyi günlərdə şəhərin, demək olar ki, bütün məscidlərində Hacının bəraət qazanması üçün namaz qılınır, dua oxunurdu.
Nəhayət, şəhər vilayət məhkəməsi belə bir qərar çıxarır: Hacı hüquqdan məhrum edilməklə iki il yarım, başqaları isə hərəsi iki il həbsə məhkum edilirlər. Lakin qərar hökm şəklini almamışdan əvvəl Hacı, oğlu Sadıq Tağıyev, prins Mənsur Mirzə və rotmistr Rza bəy Məmmədbəyovun işi imperatorun mülahizəsinə təqdim olunur.
Aprelin 27-də Cümə məscidində Bakı müsəlmanlarının yığıncağı çağırılır. Yığıncaq Tağıyevin əfv edilməsi barədə padşahdan xahiş et-mək üçün bir nümayəndə heyəti seçir. Həmin günlərdə professor Kosovorotov Tağıyev və Behbudov işində Behbudovun döyülməsini təhqiq və münsiflik etməsi barədə geniş bir məqalə ilə çıxış edib, yazırdı: «Mən birinci dəfədir ki, belə əhəmiyyətsiz işi təhqiq edirəm və bu kimi əhəmiyyətsiz işə dair münsiflər şəhadətinin nəzər- diqqətə alınmadığını və bu cür məhkəmənin qərarını birinci dəfədir ki, görürəm» ("İqbal", 6 aprel 1912).
Tağıyevin əfv edilməsində təşəbbüsdə olmaq üçün Bakıdan Peterburqa xüsusi nümayəndə heyəti yola düşür. Heyətə I dövlət dumasının üzvü Əlimərdan bəy Topçubaşov, Musa Nağıyev, Mirzə Əsədullayev, doktor Məmmədrza Vəkilov və iki nəfər üləma daxil idi.
İmperator H.Z.Tağıyevin günahından keçir.
 
Müəllif: Qılman İlkin. BAKI VƏ BAKILILAR 
Mənbə: BAKI VƏ BAKILILAR (Üçüncü nəşri).ISBN-9952-426-12–7
Top