Bakı Şirvanşahlar dövründə

Bakı Şirvanşahlar dövründə

Şirvanşahlar sarayında I Fəriburzdan sonra taxta I Mənuçəhr, ondan sonra isə II Mənuçəhr çıxmışdı.
1149-1203-cü illərdə isə Kəsranilər dövlətini II Mənuçəhrin oğlu I Axsitan idarə edirdi. Məhz Axsitan dövründə Şirvanşahlar iqtisadi və siyasi cəhətdən xeyli inkişaf edərək müstəqil bir dövlət kimi bütün Yaxın Şərq ölkələrində tanınmışdı. Bu vaxtadək Xəzər dənizində cüzi miqdarda gəmilərə sahib olan Şirvanşahlar indi güclü dəniz donanması ölkəsinə çevrilmişdi.
Şirvanşahlar səlcuqların əsarətindən bir dəfəlik xilas olmaq məqsədilə Gürcüstan çarı ilə yaxın qonşuluq əlaqələri yaradır. Gürcüstan şahı IV David səlcuqlara qarşı güclü bir qüvvə ilə çıxmaq üçün Şimali Qafqaz köçərilərinin köməyindən istifadə etmək qərarına gəlir. Bu məqsədlə o, qıpçaqların baş komandanının qızına evlənir. Hər ikisinin arasında gedən danışıqlara əsasən 45 min qıpçaq döyüşçüsü ailələri ilə birlikdə Gürcüstana köçürülür. IV David öz qoşununu artırandan sonra səlcuqlara nəinki vergi verməkdən imtina edir, hətta hücuma keçərək, Tiflis şəhərini onlardan xilas edir. Bir  müddət sonra səlcuq sultanı Mahmud Şirvana hücum edərək, Şamaxı şəhərini tutur. II Mənuçəhr də əsir düşür. Bunu eşidən IV David onun köməyinə çataraq, Şamaxını səlcuqlardan təmizləyirlər. Bundan sonra Şirvanşahlarla gürcülər arasında dostluq daha da möhkəmlənir. Hətta II Mənuçəhr Davidin qızına evlənir. 1123-cü ildə Şamaxı yaxınlığında keçirilmiş ağır döyüşlərdən sonra Şirvanşahlar səlcuqların, asılılığından tamamilə azad olurlar.
 
Şamaxıdan sonra Şirvanın ikinci böyük şəhəri Bakı idi. Onun dövrəsinə çəkilmiş birinci hündür hasar Şirvanşah II Mənuçəhrin dövrünə aiddir. Şəhər divarlarından birinin təmiri zamanı tapılmış kufi yazılı daş bunu sübut edir. Daşda yazılmışdı ki, bu hasar 1120-1160-cı illərdə Şirvanşah II Mənuçəhr tərəfindən çəkilmişdir. Şəhərin ikinci alçaq divarı isə daha sonrakı illərə aiddir. 1191-ci ildə Qızıl Arslan Şamaxını zəbt etdikdə Şirvanşah I Axsitan Şirvanşahların paytaxtını Bakıya köçürür. Qala içərisində yaşayan əhalinin xariclə əlaqəsi yalnız iki darvaza vasitəsilə saxlanırdı. Bu darvazalardan biri şimal tərəfdə olub Şamaxı darvazası adlanırdı. O biri isə qalanın cənubundakı Salyan darvazası idi. Salyan darvazası dağlara tərəf açıldığı üçün bəzən Dağlıq qapısı da adlanırdı.
 Şirvanşahlar sarayı
Şirvanşah I Xəlilullanın dövründə qala içərisində inşaat böyük vüsət almışdı. Şəhərin ən yüksək bir yerində, təpənin üstündə Şirvanşahlar sarayı tikildi. Şəhərin ansamblına divanxana, dərviş məqbərəsi, məscid, hamam da daxil idi. Saray dörd tərəfdən hasar içərisinə alınmışdı. 1683-cü ildə Bakıda olmuş alman səyyahı Engelbert Kempfer Şirvanşahlar sarayının tikilişinə heyran qalaraq yazırdı: "Şəhərin yuxarı hissəsində gözəl bir saray vardır ki, bu Şah sarayı adlanır. Saray qayanın üstündə, doğrudan da əzəmətli tikilmişdir… Sarayın qapısına bir-birilə üzbəüz oturmuş iki şir şəkli həkk olunmuşdur. Onların başları üstündə başqa bir heyvan başı da həkk olunmuşdur, elə bil dəvə başıdır".
 
Kempferin təsvir etdiyi şəkil hal-hazıradək  şəhərin  şimal  darvazaları üstündə durur. Lakin Kempfer şirlərin arasındakı heyvan başını dəvə başına oxşatmaqda yanılmışdı. Belə öküz başı Bayıl körfəzində tapılmış daşların üstündə də həkk olunmuşdur. Bundan başqa hazırda şəhərin Ostrovski (indiki S. Vəzirov) küçəsində 59  nömrəli qədim bir evin qabağından keçərkən diqqət yetirsəniz, fasadda həkk olunmuş iki şirin arasında da öküz başı rəsm edildiyini görə bilərsiniz. Buradan məlum olur ki, iki şir arasında öküz başı vaxtı ilə Şirvanşahların gerbi olub.
Kempfer daha sonra yazırdı: «Bakı şəhəri demək olar ki, düzbucaqlı şəklindədir. Ancaq bir tərəfi daha uzundur. Hər tərəfi min addım, bəlkə də artıqdır. Şəhərin bir tərəfi limandır. O biri tərəfi isə (indiki Ə. Əliyev küçəsi tərəf — Q.İ.) dənizə baxır. Qalan tərəfləri isə daş kimi möhkəm torpaqda qazılmış xəndəklərlə əhatə olunub. Şəhər bir-birindən on beş addım aralı olan iki divar içərisindədir. Divarlarda çoxlu yarım dairəvi bürclər vardır. Divarın yuxarısı diş-dişdir. Şimal tərəfdəki darvazanın üzərinə dəmirdən üz çəkilmişdir».
Kempferdən xeyli sonra 1824-cü ildə Bakıda olmuş Kazan şəhərinin professoru İ. Berezin bu təsvirləri sanki təsdiq edərək yazırdı: «Bakı qalası, doğrudan da iki cərgə hasar arasına alınmışdı. Dəniz tərəfdə isə divar yalnız bir cərgədir. Qaldırılan körpüsü vardır və yaxşı müdafiə olunur. Cənub-qərb tərəfdə isə şəhərin ətrafında təpələr ucalır. Bakı qalasının qurudan keşikçi bastionları olan iki darvazası vardır: Şimal-şərqdə, şəhərə daxil olduğum Şamaxı darvazası və cənub-qərb tərəfdə Dağlıq darvazası. Mən bu qapıdan keçib, qəbiristanlığa getmişəm. Dəniz tərəfdən isə bir neçə kiçik girişlər vardır».
Berezinin Dağlıq qapısı adlandırdığı darvaza Salyan darvazasıdır. Keçmiş İnqilab bağına açılan darvaza. O zaman bu darvaza keçmiş Pionerlər sarayının, göz xəstəxanasının yerləşdiyi qəbiristanlığa açılırdı. Buna görə də Berezin qəbiristanlığa məhz bu darvazadan gedə bilərdi. Şamaxı və Salyan darvazaları içəri tərəfdən hasar boyu salınmış yolla birləşmişdi. Bu yolla piyadalar və arabalar hərəkət edirdi. Həmin yol indiki Sabir küçəsidir. Divarlar hər iki tərəfdən dənizə tərəf  yenirdi.  Lakin  sahildə  yalnız  içəri  hündür  hasar  sahil  tərəfdən  şəhəri dövrələyir, ikinci alçaq divar isə sahildən dənizin içərilərinə tərəf uzanırdı. Beləliklə qala dəniz tərəfdən yalnız bir hasarla dövrəyə alınmışdı. Burada qaladan sahilə açılan üç qapı vardı.
 
XII əsrdə Şirvanşahlar artıq Bakı limanında böyük hərbi donanmaya malik idilər. Axsitan IV David, daha sonra gürcü şahı III Georgi ilə daimi hərbi-siyasi əlaqədə idi. Onun köməyi ilə Axsitan Dərbənd tərəfdən Şirvana hücum edən köçəri qıpçaqların hücumunu dəf etmişdi. 1175-ci ildə Bakı yaxınlığında, təxminən Mərdəkan və Şüvəlan tərəfdə Axsitan 73 gəmi ilə hücuma keçən rusların hücumunun qarşısını ala bilmiş və onları geri oturtmuşdu.
Azərbaycanın Gəncə, Bərdə, Beyləqan və Şamaxı şəhərlərində olduğu kimi Bakıda da kustarlıq və peşəkarlıq çox inkişaf etmişdi. Burada kətan, ipək və yun parçalar, dəmir məmulat və sairə hazırlanır və Azərbaycandan keçən, Şərqin və Avropanın ticarət mərkəzlərini birləşdirən karvan yolları və dəniz vasitəsilə başqa ölkələrə ixrac olunurdu. Şəhərdə çoxlu culfa, dəmirçi, boyaqçı, dülgər, başmaqçı, dəbbaq, dulusçu və dərzi yaşayırdı.
 
Şirvanşahlar dövründə şəhərləri şah tərəfindən təyin edilmiş əmirlər idarə edirdi. Əslində əmirlər böyük feodal idilər. Şəhərdə məscidlər və başqa binalar tikdirir və şəhərdən xaricdə, xüsusilə Xəzər dənizinin kənarlarında mühafizə əhəmiyyətli qalalar inşa etdirirdilər. Hazırda bəzi tikililərin üstündəki yazılı daşlarda belə əmirlərin adlarına rast gəlmək olar. Əmirlərdən başqa şəhərlərdə bir sıra yüksək vəzifəli məmurlar da vardı ki, bunlara Şirvanşahlar tərəfindən yüksək adlar verilmişdi. Məsələn, belə adlardan biri sədr idi. Sədrlər adətən hakim orqanlara yaxın adamlardı. Bəziləri hətta iri feodallar idi. Onlar vəqf və başqa işlərlə məşğul olurdular. Məscid tikdirmə hüququna malik idilər. Məsələn, Bakıda 1308-1309-cu illərdə tikilmiş Giley məscidinin kitabəsində sədr Əbubəkr oğlu Əminəddinin adına rast gəlmək mümkündür. Rəis adətən iri tacirlərə və kustarçılıq sexlərinin başçılarına deyirdilər. Qoşun hissəsinin baş komandanı süpehsalar adlanırdı. Onlar da iri feodallardı və müdafiə əhəmiyyətli qalalar tikdirə bilirdilər. Məsələn, Mərdəkandakı XIII əsr abidəsi dairəvi qalanı süpehsalar Kəkli oğlu İshaq tikdirmişdi. Süpehsalar Şirvanşahlar dövlətində ən yüksək hərbi vəzifə idi.

Müəllif: Qılman İlkin. BAKI VƏ BAKILILAR 
Mənbə: BAKI VƏ BAKILILAR (Üçüncü nəşri).ISBN-9952-426-12–7
Top