Deyirlər ki, qoçu sözü Bakıya məxsusdur. Əslində də belədir. Qoçuluq Bakıda meydana çıxmış və Bakıda da yayılmışdır. Doğrudur bu sözün etimologiyası indiyədək araşdırılıb, müəyyən edilməyib. Ancaq arada bir rəvayət gəzir ki, guya nə vaxtsa Bakıya kənardan qolu güclü Qoçu adlı bir gənc gəlir və şəhərdə hamını incitməyə başlayır. Necə deyərlər yetənə yetir, yetməyənə də daş atır. Heç kəs də onun qabağına çıxa bilmir. O vaxtdan da guya şəhərdə təsadüf olunan belə qolu zorlu adamlara Qoçu deyərlərmiş. Bu bəlkə də belədir. Lakin bir həqiqət vardır ki, qoçuluq ictimai bir hadisə kimi keçən əsrin ortalarında Bakıda neft sənayesinin inkişafı ilə bağlı yaranmış və yayılmışdır. Mətbuat səhifələrində də qoçu sözünə biz həmin vaxtdan təsadüf edirik.
İri neft sahibkarları özlərini və əmlaklarını qorumaq üçün ətrafına silahlı adamlar toplayırdılar. Neft sənayesi inkişaf etdikcə belə adamlara ehtiyac daha da artırdı. Hər bir neft firmasının, hər bir milyonçunun öz qoçu dəstəsi vardı. Neftxüdaların pulu ilə varlanmış qoçular sonralar özləri müstəqil qüvvəyə çevrilmişdilər. Qoçular onun-bunun sifarişi ilə adam öldurür, küçələrdə adamların şərəfinə toxunur, pul qazanmaq məqsədilə varlı adamları oğurlayırdılar. Xüsusilə qadınlar qoçuların qorxusundan küçəyə çıxa bilməzdilər. Onlara söz atmaq bir kənara qalsın, hətta qadının geydiyi dikdaban çəkmə qoçunun xoşuna gəlmədikdə, küçənin ortasında onu saxlatdırır, dikdaban çəkmənin yerinə ona nələyin geydirərdilər.
Bakı qoçuları öz hərəkətlərində iki şeyə arxayın idilər: biri muzdla xidmət etdiyi milyonçu və ya varlıya, ikincisi belindəki mauzerə. Mauzer qoçunun gücü və vahiməsi idi. Bu onun əlindən alındımı, aciz və məzlum bir məxluqa çevrilirdi. Qoçuların bəziləri təbiətlərinə görə çox qorxaq idilər. Hətta elələri vardı ki, polisin fit səsini eşidən kimi girməyə deşik axtarırdılar. Bununla belə içərilərində qəddar və yırtıcıları da çoxdu.
Bu baxımdan Bakı qoçularını mövqe və çəkilərinə görə iki qrupa bölmək olardı. Birinci qrup qoçular həm varlı və həmdə hədsiz qəddar idilər. Belələrinə məşhur qoçu Nəcəfqulunu, Teymur bəy Aşurbəyovu, Kəblə Abdulla Zərbəliyevi, Kəblə Hacı Balanı, Ağa Kərimi, novxanalı Məşədi Hacı oğlunu, Şiruyəni, kürdxanalı Adili, Türbəti, Malbaş Yusifi və başqalarını göstərmək olar. Bunlar bəzən boş bir şeyin üstündə günün günorta vaxtı şəhərin küçələrində atışmağa başlardılar. Məsələn, belə bir atışma 1918-ci il yanvarın 15-də qoçu Nəcəfqulu ilə Teymur bəy Aşurbəyov arasında da olmuşdu. Qorodovoylar qorxularından özlərini bilməməzliyə qoyub, daldey küçələrə çəkilmişdilər. Atışma yalnız Aşurbəyov sinəsindən yaralanandan sonra kəsilmişdi. Küçələrdə isə neçə nəfərin qana bulanmış meyiti qalmışdı. Novxanalı qoçu Məşədi Hacı oğlu da günün günorta vaxtı şəhərin adlı-sanlı ruhani atası Axund Molla Ruhullanın mənzilinə girərək, onu namaz qıldığı yerdə öldürmüşdü. Bu hadisə 1912-ci il yanvar ayında olmuş və bütün şəhər əhlini ayağa qaldırmışdı.
Qoçu Kəblə Hacı Bala da çoxlu nahaq qan tökmüşdü. Şəhərin bir neçə yerində onun dükan və kontoru vardı. Kontorlarından biri indiki Kukla teatrının qabağındakı dükanlardan birində yerləşirdi. Bu kontor şəhər əhli arasında «Adam öldürmə kontoru» adı ilə məşhur idi. İntiqam almaq istəyənlər buraya gəlir, istədikləri adamı pulla Kəblə Hacı Bala və onun adamları vasitəsilə qətlə yetirirdilər.
Adam oğurlamaq qoçular arasında xüsusilə dəb düşmüşdü. Pula ehtiyac hiss etdikləri zaman şəhərin varlılarını və ya onların övladlarını tez-tez oğurlayır, külli pul aldıqdan sonra onları buraxırdılar. Hətta milyonçu Musa Nağıyev də iki dəfə oğurlanmışdı. Onun oğurlanması təsadüfi deyildi. Nağıyev xəsis olduğu üçün qoçu saxlamazdı. Qoçular da bundan xəbərdardılar. Buna görə də fürsət axtarıb, onu oğurlayırdılar. Nağıyevi ikinci dəfə oğurlayanlar Stalinin adamları idi. Partiya xəzinəsi boşaldığı üçün bolşeviklər belə bir tədbirə əl atmışdılar.
Məmməd Əmin Rəsulzadə «Stalinlə ixtilal xatirələri» kitabında bu əhvalatdan danışaraq, yazırdı: "...quldur dəstələri (qoçulara işarədir — Q.İ.) zənginləri təhdid edərək, para çəkir, bəzilərini çalıb-çapır, aldıqları girov pulun müqabilində buraxır, çox zaman böyük firmalara göndərdikləri təhdid məktubları ilə bunları xəraca bağlayırdılar. Bakının məşhur milyonerlərindən Musa Nağıyev bir ara tutulmuş, verdiyi böyük miqdarda bir nicat puluna müqabil hürriyyətinə qovuşmuşdu. Hali-fəaliyyətdə bulunan bu quldur dəstələri arasında bolşevik partiyası hesabına çalışan bir dəstənin də mövcudiyyətindən bəhs olunurdu. Bu çetənin başında isə Erivan meydanının qəhrəmanı (bu hadisə məşhurdur) şəxsən Kobanın bulunduğu sonradan bilinmişdi".
Nobel qardaşları neft şirkəti də qoçuların köməyindən istifadə etmişdilər. Bunu M. Ə. Rəsulzadə yuxarıda adını çəkdiyimiz kitabında da təsdiq edirdi: "...polisin acizliyini görən bəzi firmalar təhlükəsizliyini verdikləri dolğunca maaş müqabilində Bakının «qoçu» deyə məşhur olan qoçaqlarına əmanət etmişdilər. O cümlədən məşhur petrol şirkəti Nobel bu məqsədlə H.M.-yev deyilən birisilə bağlaşmışdı".
«Nobel qardaşları» firmasını buna məcbur edən qoçulardan aldıqları hədələyici məktublardı. M. Ə. Rəsulzadə bu hadisəni daha geniş təsvir etmişdir: «Bolşevik partiyasının qolu ilə adı çəkilən firmanın neft alan şöbəsinə bir məktub gəlir. Məktub 50000 rublənin müəyyən gün və saatda gələcək yoldaşlara təslim edilmək üzrə hazırlanmasını tələb edirdi. Firmanın müdirləri H.M.-yevi çağırır və ondan təyin olunan saatda terroristlərlə qarşılanmasını xahiş edir. H. M. bir neçə qoçusu ilə birlikdə gözləyir. Təyin olunan saatda iki yoldaşı ilə Koba, yəni Stalin peyda olur. Qorxu təlqin edən sərt bir baxışla H.M.-ni süzən Koba ona ismi ilə xitab edərək deyir:
-Hə, biz adi bir oğru-quldur deyilik. Kapitalizmə qarşı vuruşan bir işçi partiyasıyıq. Hədəfimiz Rusiya çarlığıdır. Biz işçilər bir zülmün altındayıqsa, siz müsəlman iki zülmün altındasınız. Başqasının xüsusi mənfəətini qorumaq üçün bizə qarşı silah çəkmək, canınızı mənasız yerə hədər etməkdir. Halbuki bizim aldığımız paralar hürriyyət üçün sərf olunur. Bir millət olaraq, sizin hürriyyətiniz də bunun içindədir.
Bundan sonra H.M.-yevin müqaviməti qırılır və həmən arkadaşlarına dönərək:
-Biz pəs, — deyir».
Musa Nağıyev bolşeviklər tərəfindən oğurlanmasını özü üçün ləkə və şərəfsizlik hesab edirdi. Buna görə özünün işlər müdiri Fətulla bəy Rüstəmbəyova dönə-dönə tapşırarmış ki, duma bu əhvalatdan xəbər tutmamalıdır.
Qoçu Nəcəfqulunun adı Bakıda dillər əzbəri idi. Onun törətdiyi cinayətlər də daha dəhşətli idi. Şəhərdə hamının canına vahimə salmışdı. Küçədə onun rastına çıxan adamlar dərhal yollarını dəyişərdilər. Ondan ötrü ismət və həya boş sözlərdi. Başqasının arvadına gözü düşərkən elə o gecə ərinin axırına çıxardı.
Nəcəfqulu sözün əsl mənasında cəllad idi. Bakının tarixində bir çox qanlı hadisələr onun əli ilə törədilmişdi. Yalnız Sovet hakimiyyətinin ilk günlərində Əli Bayramovun qətlini araşdıran məhkəmənin hökmü ilə güllələnmişdi.
Şəhərin Şamaxı yolu üstündə olan məhəllələr isə qoçu Ağa Kərimin ixtiyarında idi. Xüsusilə Kömür meydanı onun daimi məskəni idi. Kəndlərdən buraya satmaq üçün meyvə və başqa mallar gətirən arabaçıların Ağa Kərimin icazəsi olmadan bazara girməyə ixtiyarları yoxdu. Gərək əvvəlcədən Ağa Kərimdən icazə alaydılar. İcazə də kəndlilərə çox baha otururdu. Əgər birisi Ağa Kərimdən icazəsiz bazarda bir şey satardısa, Ağa Kərim onun başına elə bir oyun açardı ki, kəndli bazara gətirdiyi şeylərdən nəinki məhrum olar, hətta təhqir edilib, döyülərdi də. Kömür meydanına gələn arabaların çoxu Qubadan olardı. Buna görə də Ağa Kərimin təhqir və söyüşlərinə daha çox dözən qubalılar idi. Ağa Kərimdən başqa onun iki qardaşı da Kömür meydanında allahlıq edərdilər. Onların burada çayxanaları vardı. Əslində isə hər şeylə məşğul olardılar.
Bu qrupdan olan Bakı qoçuları həmişə səliqə ilə geyinərdilər. Əyinlərində atlas köynək, yaxud ağ kraxmallı köynək, zərbaftadan jilet, üstündən bahalı parçadan don və ya kostyum olardı. Başlarına drabi papaq qoyar, ayaqlarında jıq- jıq uzunboğaz çəkmə və ya yanları rezinli şiblit olardı. Yanlarında da həmişə mauzer gəzdirərdilər.
İkinci qrup qoçular isə daha çox icraçı idilər. Bunlar adlı-sanlı qoçuların həndəvərində dolaşan buyruq qulları idilər. Bazar bütün günü belə qoçularla qaynaşardı. Başlarına çal papaq qoyar, ayaqlarına bir qayda olaraq, uzunboğaz çəkmə geyər, şalvarlarının balaqlarını da çəkmənin içinə salardılar. Bellərinə
pencəyin altından gümüş belbağı bağlardılar. Bığları da həmişə yağlı və burum- burum olardı.
O dövrdə Bakıda yaranmış bir sıra mürtəce partiya və təşkilatlar qoçuların xidmətindən çox istifadə edirdilər. Məsələn, 1905-ci ildə "İttifaq" müsəlman mürtəce partiyası öz mövcudiyyət və ləyaqətini qorumaq üçün qoçu Ağa Kərimlə əlaqəyə girmişdilər. Silahlı qoçu ilə belə yaxınlıq və ittifaq "İttifaq"ı nəzərdən salmış və nəhayət 1906-cı ildə tamamilə dağılmışdı. Çar inzibati idarələri ayrı-ayrı inqilabçılar barədə cəza tədbirləri düşünərkən qoçuları da işə cəlb edirdilər. Onların fikrincə inqilabçıları ələ keçirmək üçün yerli qoçulardan istifadə etmək rəsmi polis məmurlarından istifadə etməkdən daha əlverişlidir. Məsələn, Əli Bayramovun həbs edilib, öldürülməsində qoçu — baş kəsən Əjdər Əminovun böyük köməyi olmuşdu. O qəddar polisin göstərişi ilə qoçu Hüseyn Qədiroğlu ilə birlikdə Əli Bayramovun başını kəsib, cəsədini gizlətmişdilər.
Adi vaxtlarda isə qoçuların polisi görən gözləri yoxdu. Hər ikisi bir- birindən çəkinərdi. Qoçular atışdığı zaman qorodovoylar öz postlarından uzaqlaşardılar ki, guya görmürlər. Ya da özlərini bilərəkdən görməməzliyə qoyardılar. Qoçular da əllərindən bir xəta çıxdığı zaman qorodovoyun bir fiti kifayət idi ki, dabanlarına tüpürüb qaçsınlar.
1910-1912-ci illərdə şəhərdə qoçuların törətdiyi cinayətlər həddini aşmışdı. Bunun qarşısını almaq məqsədilə şəhər qradonaçalniki (qalabəyi) podpolkovnik P. İ. Martınov bir sıra ciddi tədbirlər hazırlamışdı. Bu işdə «Hidayət» cəmiyyəti də yaxından ona köməyə qoşulmuşdu. «Hidayət» şəhərdə azğınlıq edən qoçuların siyahısını tutub Martınova təqdim edir və onların şəhərdən sürgün edilmələrinə çalışırdılar. Axund Molla Ruhullanı qətlə yetirmiş qoçu Məşədi Hacı oğlu da elə bu zaman sürgün edilmişdi.
Şəhərin küçələrində qoçuların vəhşətlərini öz gözləri ilə görmüş M.Ə.Sabir «Bakı pəhlivanlarına» şeirində belə yazırdı:
Könlüm bulanır küçədə cövlanını görcək, Nitqim tutulur hərzövü hədyanını görcək. Canım üzülür əldəki qalxanına baxcaq, Qəlbim alışır beldəki patranunu görcək, Baxdıqca revolverinə əndamım olur süst. Bağrım yarılır xəncəri bürranını görcək.
Bakı milyonçu və varlıları da qoçulara həm arxalanır və həm də onlardan çəkinərdilər. Lakin bu milyonçular içərisində yalnız Murtuza Muxtarov qoçuların qənimi idi. Bəlkə buna görə idi ki, camaat onu Qoçular qoçusu adlandırırdı. Onun bir qoçunun başına açdığı oyun bütün qoçular üçün həmişəlik dərs olmuşdu. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Hafiz Sadıqovun Bakı qəzetlərində qoçular barədə çap etdirdiyi məqalələr çox maraqlıdır.
Əlbəttə, qoçuluq Bakının ictimai həyatında qara bir ləkə idi. Lakin bununla belə qoçuların üzərinə mürtəce bir qüvvə kimi tamam xətt çəkmək də düzgün olmazdı. Ağır faciəli günlərdə qoçular həmişə xalqın köməyinə çatmışdılar. Məsələn, 1904 və 1918-ci illərdə erməni-müsəlman qırğınında qoçuların
fəaliyyətini qeyd etməmək mümkün deyil. 1918-ci ildə erməni daşnaklarının Erməni kəndindən şəhərə hücum edəcəklərini eşidən kimi qoçular bir sədd kimi onların qabağını kəsmişdilər. Ya da ermənilər Bakının cənub kəndlərinə basqın edəndə qoçular Bülbülə kəndinin böyründəki gölün ətrafını əhatə edərək, onları Mərdəkan, Binə və Qala kəndlərinə buraxmamışdılar. Bu döyüşdə Bakı kəndlərinin qoçularından da bir çöxu fədakarlıqla həlak olmuş, lakin düşməni bir addım da irəli buraxmamışdılar.
Qoçuların içərisində ehtiyacı olan adamlara əl tutan, onlara pənah gətirənləri, ədalətsizlikdən qoruyan qoçuların da olduğunu qeyd etməmək insafdan olmazdı.
Müəllif: Qılman İlkin. BAKI VƏ BAKILILAR
Mənbə: BAKI VƏ BAKILILAR (Üçüncü nəşri).ISBN-9952-426-12–7