19-cu əsrdə Bakı şəhəri öz milyonçularının sayı etibarilə Rusiyanın şəhərləri içərisində görkəmli yerlərdən birini tuturdu. Neft bu şəhəri iri sərmayədarlar yurduna çevirmişdi. Lakin Bakı milyonçuları başqa şəhərlərin milyonçularından onunla fərqlənirdilər ki, onlar bu sərmayə və sərvəti irsi olaraq, öz ata və babalarından almamışdılar. Bir qayda olaraq, əksəriyyəti fəhləlikdən, yoxsulluqdan öz zəhmətləri ilə milyonçu dərəcəsinə yüksəlmişdilər. Əvvəllər öz zəhmətləri, kamal və səyləri onları irəli aparmış, sonralar isə güclü neft fantanları onları sərvətin yüksək dərəcəsinə qaldırmışdı. Biz Bakının bu milyonçularından bir neçə nəfəri haqqında danışacağıq.
HACI ZEYNALABDİN TAĞIYEV
«Baku» qəzeti 1912-ci il 18 mart tarixli nömrəsində yazırdı: «Tağıyev bütün Qafqaz müsəlmanlarının fəxridir. Onun adı həmişə ehtiram və məhəbbətlə çəkilir. Müsəlmanlar arasında Tağıyevdən də xeyli varlı olanlar vardır. Lakin onlar deyil, məhz Tağıyev Qafqaz müsəlmanlarının mərkəz dayağı olmuşdur. Şübhəsiz onda elə bir keyfiyyət vardır ki, xalq kütləsini öz tərəfinə çəkə bilir, öz ləyaqəti ilə zəbt edə bilir. Qoy elə bilməsinlər ki, yalnız xoşbəxtlik onu yüksəklərə qaldırmış, milyonlara çatdırmışdır. Doğrudur xoşbəxtlik və uğur da böyük işdir. Lakin uğurdan başqa ağıl da, güc də lazımdır, dəmir inadkarlıq, insan əməyi də lazımdır. Tağıyev həmişə belə olmuşdur».
Bu, Bakı varlısı, məşhur mesenat Hacı Zeynalabdin Tağıyev barəsində verilmiş ən dolğun xasiyyətnamədir. Tağıyev adi bir palçıq daşıyandan, savadsız bir bənnadan yalnız parlaq ağılı, aydın kamalı, tükənmaz energiyası nəticəsində yüksək sərvət qatlarına yüksələrək, bütün Bakı kapitalistlərini kölgədə buraxmışdı. Hacı savadsızdı, imzasını belə ata bilmirdi. İmza əvəzinə yalnız Zeynalabdin sözündəki onbir hərfə uyğun olaraq, onbir cızıq çəkərdi. Məhz belə bir adam yalnız Azərbaycanda, Rusiyada deyil, bütün Avropada iri iqtisadi və ticarət əlaqələrində mərkəzi bir simaya çevrilmişdi. Tağıyev Şərq aləminin ilk mesenatı idi. Sərvət və sərmayədarlıq onu heç zaman doğma xalqından ayırmamışdı. Xalqı da doğma Vətəni kimi ona əzizdi. O, vaxtilə «Qolos Moskvı» qəzetinin müxbirinə verdiyi müsahibədə bu suala sanki cavab verərək demişdi: «Mən öz vətənimi buraxa bilmərəm. O vətəni ki, mən orada doğulmuşam, mən orada işləmişəm, mən orada bəqədrqüvvə dövlətə, vətənə və camaata xidmət etmişəm. Mən öz vətənimi sevirəm. Gələcəkdə keçirəcəyim imtahanlar nə qədər ağır olsa da, mən vətənimdən əl çəkmərəm. Burada mənim atamın qəbri vardır. Mənim qəbrim də burada olmalıdır» ("İqbal" №167, 21 sentyabr 1912-ci il).
Vətənə belə bağlılıq nəticəsindədir ki, bolşevik istilası zamanı başqa Bakı milyonçularından fərqli olaraq Hacı xaricə qaçmadı.Tağıyev uşaqlığından zəhmətin ağırlığını öz çiyinlərində daşımış və buna görə də ömrünün axırınadək zəhməti həmişə yüksək qiymətləndirmişdir.Tağıyev 1838-ci ildə Bakıda başmaqçı ailəsində anadan olmuşdur. On yaşına çatanda atasından xahiş edir ki, onu bir ustanın yanında şagird düzəltsin. Atası da onu bir bənnanın yanında palçıq daşımağa düzəldir. Zeynalabdin palçıq daşımaqla yanaşı gözlərini bənnaların əlindən çəkməzdi. Daş yonanlara da diqqətlə göz qoyardı. 12 yaşına çatanda artıq daş yonurdu. 15 yaşında ikən bənnalıq etməyə başlamışdı. Bir sözlə qazanc yollarında iri addımlarla özünə yol açırdı. Bir müddətdən sonra podratçılıqla məşğul olmağa başlayır. Zeynalabdinin bacarıq və istedadı hamını heyrətdə buraxmışdı. O, sözün əsl mənasında oxumamış mühəndis idi. Podrata götürdüyü tikintilərdə mühəndislərdən geri qalmırdı. Hətta bəzən onlara məsləhətlər də verir və kiçik binaları öz layihəsi ilə tikdirirdi.
Bu dövrlərdə Bakı əsl neft səltənətinə çevrilmişdi. Bakı ətrafındakı kəndlərdə torpaqlar Rusiyadan və xaricdən gəlmiş sərmayədarlar tərəfindən alınıb, onlarda neft buruqları ucaldılırdı. Bu Hacını da maraqlandırır və podratçılığı buraxaraq, neft işinə qurşanır. Bu işə başlarkən onun risqli olduğunu da bilirdi. Adamlar vardı ki, ətək-ətək pul töküb, quyu qazdırır, lakin quyu neft vermirdi. Hacının da qazdırdığı dörd quyudan heç biri neft verməmişdi. Mayası əlindən çıxırdı. Ancaq səbr və inam onu heç zaman tərk etməmişdi. Bilirdi ki, qazdırdığı quyular geс-tez neft verəcəkdir. Ağır borca girsə də məqsədindən dönmür, gecə- gündüz quyunun üstündən çəkilmirdi. Az qala fəhlələrlə birgə əlbir işləyirdi. Onları ruhlandırır, gec-tez quyunun fantan vuracağına onlarda da inam yaradırdı.
Nəhayət, Tağıyev istədiyinə nail olur. Quyulardan biri fantan vurur. Bundan həvəslənən Hacı Bayılda daha yeni quyular qazdırır. Bir-birinin dalınca vuran fantanlar Hacını başqa sərmayədarlarla bir səviyyəyə qaldırır. O, neft quyularından əlavə zavodlar da tikdirir, başqa sənaye müəssisələri inşa etdirirdi. Yenə də əvvəldə olduğu kimi vaxtının çox hissəsini fəhlələrin yanında keçirərdi. Onlardan iş tələb etsə də, qayğılarına da yaxından qalırdı. O zaman Hacının zavodunda işləyənlər deyirdilər: «Biz bu şəxsin səbrinə təəccüb edirik. Bilmirdik ki, Hacı 24 saatda nə vaxt dincəlir». Hacının başqa bir müəssisəsində işləyənlər də belə deyirdilər: «Hərçənd bizə rahatlıq yoxsa da bununla belə Hacının mülayimliyi və insaniyyəti bizim ona can-dillə xidmət etməyimizə səbəb olmuşdu. Bizə heç bir yaman söz deməyir, təqsirimizdən keçirdi» (N. Nərimanov, «Hacı Zeynalabdin Tağıyevin əlli illik mənşəti və camaata xidmətləri». 1900-cü il).
Hacı kapitalist olsa da, məhz bu insani keyfiyyətləri ilə başqalarından fərqlənirdi. Varlandıqca onun daxili və mənəvi keyfiyyətləri daha da durulurdu. Hər şeydən qabaq qeyd etmək lazımdır ki, Tağıyev özünü heç zaman cəmiyyətdən xaric, cəmiyyətin fövqündə hiss etməmişdi. O ətrafında baş verən hadisələrin həmişə içərisində, bəlkə də mərkəzində olmağa çalışmışdı. XX əsrin əvvəllərində Bakının tarixində elə bir hadisə olmamışdır ki, Tağıyev onda birinci şəxsiyyət kimi iştirak etməmiş olsun. Hər sahədə Tağıyevin səyi, Tağıyevin qayğısı hiss olunurdu. Maarif və mədəniyyət məsələləri onu hökümətdən daha çox narahat edirdi. Şəhərin abadlaşdırılması, onun su ilə təchiz edilməsi Tağıyevi hər zaman narahat etmiş və düşündürmüşdü. «Təzə həyat» qəzetinin 10 aprel 1907-ci il tarixli 8-ci nömrəsində Haşımbəy Vəzirov Hacının fəaliyyətindən danışaraq, yazırdı: «Hacı Zeynalabdin Tağıyevin müsəlman milləti üçün elədiyi xidmətlərini durub, burada bir-bir saymaq fikrinə düşsək, heç olmasa bir ay qəzetimizi ancaq bu təfsilatla doldursaq, yenə hamısını deyə bilmərik».
Tağıyev böyük şəxsiyyət idi, ona görə ki, onda əməyə olan düzgün münasibətlə ağıl və zəka da birləşmişdi. Şəxsi ləyaqəti ilə Hacı hamının nəzərində yüksəlmişdi.
Tağıyevin Rusiyanın hər bucağında belə tanınması onun milyonları sayəsindəmi olmuşdu? Qətiyyən yox. Təsadüfi deyil ki, Hacının haqqında rəy söyləyənlər birinci növbədə onun milyonları barədə deyil, insanpərvərlik və maarifpərvərliyi, xalqa əl tutması haqqında ağız dolusu söhbət açırdılar.
Tağıyev insan şəxsiyyətinə və insan ləyaqətinə həmişə ehtiramla yanaşmışdır. İnsan qüruru, insan mənliyi ondan ötrü nəcib bir keyfiyyətdi. «Baku» qəzeti 56 nömrəli 9 mart 1912-ci il tarixli nömrəsində öz müxbirinin Tağıyevlə müsahibəsini vermişdir. Paris şəhərindən yenicə qayıtmış Hacı müxbirə qəribə bir əhvalat danışmışdı:
— Mən bir faytonçudan danışacağam. Küçədə faytonla gedərkən qabaqda mənə sağa burulmaq lazımdı. Faytonçu isə sola burulurdu. Mən çətirin ucu ilə onun kürəyinə toxunub dedim: «Sola dön». Nə olsa yaxşıdır. Faytonçu qəzəblənmiş halda yerə atılıb qollarını ölçə-ölçə çığırmağa başladı.
-Ona nə oldu? — mən tərcüməçidən soruşdum.
O qəzəblənib. Deyir ki, nə cəsarətlə siz çətirlə onun kürəyinə toxunmuşsunuz. Bununla onu təhqir etmişsiniz.
Mən oradakı camaata təəccüb qaldım və hər şeyi başa düşdüm… Bizdə adamın lap boynuna da vursan sənə səcdə edəcək. Bizdə də belə camaat olandan sonra başqa həyat olacaq.
Müxbir sonra əlavə edərək yazırdı:
-Mən ömründə bircə kitab da oxumayan, güc-bəla rusca danışan dünənki fəhləyə, cizgilərlə imza edən bu qocaya heyrətlə baxdım.
Tağıyev Azərbaycan burjuaziyasını təmsil etsə də, cəmiyyətdə tutduğu mövqeyi, ölkənin ictimai-iqtisadi və mədəni-maarif sahəsindəki misilsiz xidmətləri ilə başqa kapitalist və milyonçulardan fərqlənirdi. Onu fəaliyyətində elə hallar olmuşdur ki, xalqın ehtiyacını öz şəxsi mənafe və qazancından qat-qat yüksək tutmuşdu. Məsələn, 1896-cı ildə Hacı Bayıldakı 20 milyon dəyərində olan zavod və mədənlərini beş milyon yarım zərərinə satıb, bez fabriki tikdirmək qərarına gəlmişdi. Hacının bu hərəkətləri Bakı varlılarının və hətta ən yaxın dostlarının rişxəndli atmacalarına səbəb olmuşdu. Bundan Hacının məqsədi nə idi? O belə düşünürdü ki, zavod və mədənlərində cəmi yüz nəfər adam özünə çörək pulu çıxarırsa, bez fabrikində minlərcə adamın əli çörəyə çatacaqdır.
Bununla belə Tağıyevin hər bir təşəbbüsü həmişə asanlıqla yerinə yetirilmirdi. Onun düşmənləri olan əcnəbi və erməni kapitalistləri, yerli çar çinovnikləri Hacının hər bir təşəbbüsündə elə bil qorxuya düşüb, hər vasitə ilə ona pəl vurmağa çalışırdılar. Bez fabrikinin tikilişi də başqaları tərəfindən narazılıqla qarşılandı və ona yer-yerindən maniələr törədildi. Bu milli burjuaziyanın dirçəlməsinin qarşısını almaq üçün görülmüş tədbirlərdən biri idi. Tağıyev fabrik üçün Xəzərin şimal-qərb hissəsində yer seçdi və Əhmədli, Zığ kəndləri icmalarından torpaq icarə etməyə başladı. Lakin torpaqlar Hacıdan qabaq ayrı-ayrı adamlar tərəfindən icarəyə götürüldüyündən o torpağı ikinci və üçüncü adamdan icarəyə götürməyə məcbur oldu. Həmin bu yerlərdə Hacıdan qabaq Nobel, Şibayev, Mantaşev və başqaları da torpaq sahələri icarəyə götürmüşdülər. Hacının qarşısına çıxan bir çətinlik də ondan ibarət idi ki, kəndlilərin öz torpaqlarını ancaq 30 illiyə icarəyə verməyə ixtiyarları vardı. Bu müddət isə iri sənaye müəssisəsi üçün çox az müddət idi. Buna baxmayaraq, Hacı müqavilələri şəhər idarəsinə təqdim edir, onların 99 illiyə vahid bir müqavilə ilə əvəz edilməsi barədə Ziraət nazirliyi qarşısında təşəbbüsdə olmasını xahiş edir. Hacı əleyhinə qızışdırılan kompaniya nəticəsində ərizə yarım il hərəkətsiz qalır.
Tağıyev şəxsən Ziraət nazirliyinə müraciət edir. Nazirlik fabrikin tikilməsinə icazə verir. 1900-cü ildə fabrik hazır olub işə başlayır.Fabrik nəhəng bir tikili idi. Dənizdə 150 sajın uzunluğunda körpü salınmış və bu körpünün üstü ilə dəmir yolu və su kəməri keçirdi. Əsas korpusun uzunluğu 100 sajına yaxındı.
Bundan əlavə fəhlə və qulluqçular üçün şəhərcik də salınmışdı. Fəhlələr üçün 9 korpus tikilmişdi ki, burada da 2.200 nəfər yerləşə bilirdi. Bundan başqa fəhlə uşaqları üçün məktəb binası da tikilmişdi. İlk zamanlar fabrikdə 969 nəfər fəhlə işləyirdi ki, bunların da 10 faizi azərbaycanlılar idi. Fabrikdə fəhlənin orta əmək haqqı 154 manat 80 qəpik idi.
Fabrik hazır olandan sonra respublikanın bir sıra maqnatları narahat olmağa başladılar. Morozov və başqa fabrikantlar qorxuya düşdülər. Rus və dünya bazarlarına təzə rəqib çıxacağı fikri onları məcbur etdi ki, bu işə Peterburqun yüksək inzibati başçılarını cəlb etsinlər və onların vasitəsilə Tağıyevin qarşısına sədd çəkilsin. Onlar öz istəklərinə nail ola bildilər. Peterburq Tağıyevə ancaq bez buraxmağa icazə vermişdi. Nə bu, nə də ilk illərdə fabrikin zərərlə işləməsi Tağıyevi ruhdan salmadı. Bütün Şərq ölkələri, xüsusilə öz ölülərini dəfn etmək üçün ancaq Tağıyevin bezini alırdılar.
Zaqafqaziyada ilk toxuculuq fabriki olan bu müəssisədə bezin pudu 24 manat 63 qəpiyə başa gəlirsə də, Hacı onu ancaq camaatın xeyrinə olaraq, 18 manat 70 qəpiyə satdırırdı.
Toxuculuq fabrikinin tikilməsilə Tağıyev Azərbaycan yüngül sənayesinin fundamentini qoydu. Ölkənin iqtisadiyyatını yüksəltmək məqsədilə Tağıyev xalq təsərrüfatının bütün sahələrində böyük kapital qoydu. O, öz pullarını başqa kapitalistlər kimi banklarda saxlamırdı. İri ticarət mərkəzlərinin, un dəyirmanlarının, balıq vətəgələrinin yaradılmasında Tağıyevin kapitalı böyük rol oynayırdı. O hətta Rusiyanın başqa şəhərlərində də kontorlar açmış, mal mübadiləsinin genişlənməsinə böyük təkan vermişdi.
Bir faktı xüsusilə qeyd etmək lazımdır. Ona görə ki, həmin fakt Hacının bədxahları tərəfindən başqa cür yozulurdu. Bu 1909-cu ildə Bakı şəhərində Hacı tərəfindən qazamatın tikilməsi idi. Hacının əleyhdarları çığır-bağır salmışdılar ki, guya o qazamat tikdirməklə, xalqın oğullarının qazamat küncündə çürüməsində çarizmə xidmət etmişdir. Guya Tağıyev bununla şəhərdə qazamatın sayını artırmışdır. Əslində isə məsələ başqa cür idi. Qazamat tikdirmək Hacının heç fikrindən də keçməmişdi. O dəyirman tikdirmişdi. Binanın hazır olduğu ərəfədə Bakı əhlindən bir dəstə Hacının yanına gələrək gileylənirlər ki, onların həbs edilmiş adamlarını polis idarəsi dənizin ortasında, Nargin adasında saxlayır. Onlar üçün Narginə gedib-gəlmək çətindir, məhbuslara yemək apara bilmirlər. Bunu deyərkən Hacıdan kömək istəyirlər. Onların yanıqlı şikayətlərini dinləyən Hacı, bu ağır vəziyyəti aradan qaldırmaq üçün indi də «Tağıyevin qazamatı» adı ilə tanınmış bu binanın, yəni dəyirmanın içərisində dəyişiklik apararaq, onu 1910-cu ilin fevralında qazamat kimi hökümətə icarəyə verir, bununla da şəhər əhlini Narginə gedib-gəlmək əziyyətindən xilas edir.
Bakı şəhər təsərrüfatının inkişafında Tağıyevin xidmətləri xüsusilə böyükdür. Bakının həyatında elə bir hadisə yoxdur ki, Tağıyevin adı ilə bağlı olmasın. Kür suyunun Bakıya daşınması, şəhərdə atlı nəqliyyat vasitəsinin (konka) yaranması, ilk teatr binasının tikilməsi, qız məktəbinin yaranması və sairə Tağıyevin pulu və ya yaxından köməyi ilə edilmişdir. Camaatın xeyrinə olan tədbirlərdən Tağıyev yaxasını heç zaman kənara çəkməmişdi. Şəhərin və camaatın ehtiyacını təmin etmək məqsədilə o bəzən rəsmi hökümət orqanlarının və dumanın qərarını gözləmədən şəxsən özü işə girişirdi. Belə tədbirlərdən biri şəhərin su ilə təchiz edilməsi məsələsi idi. Əhalinin bu böyük ehtiyacına Şəhər Bələdiyyə idarəsinin etinasız yanaşdığını gördükdə yaxından işə girişir. Öyrənir ki, Rusiyada su kəməri çəkilişi uzrə D. İ. Şipov adlı bir mütəxəssis yaşayır. Tağıyev teleqram vuraraq onu Bakıya dəvət edir. 1904-cü il 24 fevralda D. İ. Şipov və Londondan bu məsələ ilə əlaqədar dəvət edilmiş mühəndis Lindleylə birlikdə Bakı-Şollar su kəmərinin çəkilişi barədə danışıqlar başlayır və Tağıyev şəxsən bu danışıq. larda yaxından iştirak edir. Bakı-Şollar su kəmərinin çəkilişi məlum olduğu kimi ingilis- amerikan firmasına tapşırılmışdı.
Hələ 1901-ci ildə Lindley Şah dağının ətəyində güclü su mənbəyi tapmış və oradan su çəkilməsi proyektinin təsdiq olunmaq üçün dumaya təqdim etmişdi. Lakin duma qlasnılarının əksəriyyəti Şah dağının ətəyindəki mənbədə kifayət qədər su olmasına şübhələnərək, layihəni rədd etmişdilər. Amma Hacının təkidi və köməyi ilə 1904-cü ildə ingilis-amerikan firması kəmərin çəkilişinə başlayır. Bakı- Şollar su kəməri 1916-cı ildə işə düşür.
Hacı Zeynalabdin Tağıyev bütün Rusiyada birinci növbədə öz mesenatlığı və maarifpərvərliyi ilə tanınmışdır. Onun maarifpərvər xidmətləri əsasən XX əsrin əvvəllərindən başlayır. Bu da təsadüfi deyildi. 1905-ci il inqilabından sonra hökümətin Oktyabr bəyannaməsi ölkədə mədəni-maarif işlərinin canlanmasına səbəb oldu. Ölkənin hər yerində xeyriyyə məqsədi ilə bir sıra cəmiyyətlər yarandı, qəzet və jurnallar çap edilməyə başladı. Bu cəmiyyətlərin yaradılması, qəzet və jurnalların çap edilməsi birinci növbədə Tağıyevin adı ilə bağlıdır. Bu işdə Tağıyev bir növ təşkilatçı rolunu oynayırdı. Xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər ya Tağıyevin şəxsi iştirakı və vəsaiti ilə, ya da onun yaxından köməyi ilə yaradılmışdı. İlk xeyriyyə cəmiyyəti 1905-ci ildə yaranmış «Müsəlman xeyriyyə cəmiyyəti» idi. Bundan başqa «Nəşr və maarif», «Nicat» cəmiyyətlərinin yaranmasında da Hacının yaxından köməyi olmuşdur.
Tağıyev xalqın məişətdə və mədəniyyətdə geri qalmasının əsas səbəbini savadsızlıq və elmsizlikdə görürdü. Bir kapitalist kimi hələ öz fəaliyyətinin başlanğıcında yetim uşaqları oxutdurub, ərsəyə gətirmək üçün 38.848 manat pul xərcləmişdi. Yoxsul uşaqların savadlanmasına orta hesabla ildə 3.000 manat sərf edirdi. Yetim və yoxsul uşaqlara kömək məqsədilə 4 məktəbə hami-müdir olub.
Həmin məktəblərə ildə iki min vəsait ayırırdı. 1894-cü ildə Mərdəkan və ətraf kəndlərin uşaqları üçün kənd təsərrüfat meylli məktəb tikdirərək, onun inşasına 31.440 manat vəsait qoymuşdu. Bundan başqa ildə həmin məktəbin 5 min manatlıq məsarifini də ödəyirdi.
1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk qız məktəbi tikdirir. Bu bütün Zaqafqaziyada yeganə qız məktəbi idi. Burada qızlardan 20 nəfəri Hacının hesabına pulsuz təhsil alırdı. Lakin ərizə verənlər çox olduğu üçün Tağıyev əlavə olaraq, 3 nəfər qızı da binanın zirzəmilərindən gələn gəliri hesabına məktəbə qəbul etdirir.
Qız məktəbi hazır olandan sonra mövhumatçı Bakı varlıları öz qızlarını məktəbə göndərməkdən imtina etdilər. Guya qızın təhsil alması İslamiyyətdə günah hesab olunur. Fanatizm nümayəndələri ilə üz-üzə gələn Tağıyev Nəcəf müctəidlərinə məktub göndərərək, qızların məktəbdə təhsil almalarına İslamın icazə verib-vermədiyini öyrənmək istəyir. Nəcəf müctəidlərindən müsbət cavab gələndən sonra fanatiklər öz qızlarını məktəbə buraxırlar.
Bir müddət sonra Tağıyev yazırdı: "İyirmi il bundan əqdəm gecə və gündüz qapı-qapı gəzib, bu zəlalətdə qalan müsəlmanlardan xahiş edirdim ki, onlar mənim pulumla evladlarını oxutsunlar. Amma əfsus ki, heç biri razı olmurdu. Mən də güc və üzə vurmaqla bir neçə həmşəhərlimi məktəbə gətirib, oxumağa vadar elədim. İndiki halda isə evimdə rahatlıq ilə çörək yeməyə macal verilmədiyinə, hər yerdən, hər şəhərdən və hər kənddən hər gün neçə müsəlman uşağı gəlib, göz yaşı ilə elm arzu eləməyinə artıq dərəcədə xoşlanıram".
Bakıdan başqa nəinki Azərbaycanın qəza və kəndlərində — Şamaxı, Naxçıvan, Şəki, Quba, Salyanda, habelə Rusiyanın şəhərlərində də, məsələn, Həştərxan, Tiflis, Vladiqafqaz, Dərbənd və Peterburqda da Hacı bir çox mədəniyyət ocaqları tikdirmişdir. Təkcə 1896-cı ildə Peterburqda «Müsəlman xeyriyyə» cəmiyyəti binasının tikilişi üçün on bir min manat pul göndərmişdi.
Ölkədə orta texniki ziyalıların yetişməsi məsələsinə isə Tağıyev xüsusi bir qayğı ilə yanaşırdı. Bakıda ilk texniki məktəbin əsası onun tərəfindən qoyulmuş və onun sonrakı inkişafı, yəni onun orta məktəbə çevrilməsi üçün də Tağıyev öz köməyini yenə əsirgəməmişdi.
Tağıyev başa düşürdu ki, texniki biliklər rəvac tapmadan ölkədə texniki tərəqqini təmin etmək mümkün deyil. Bu məqsədlə ali təhsilli texniki kadrlar hazırlamaqdan ötrü Hacı öz vəsaiti hesabına azərbaycanlı cavanları Rusiyanın və xarici ölkələrin ayrı-ayrı şəhərlərində ali texniki və humanitar biliklər almağa göndərirdi. Bu gənclər sırasında N.Nərimanov, M.Əzizbəyov, Mehmandarov, F.Rüstəmbəyov və başqaları da vardı.
Azərbaycanda mətbuatın yayılması və tərəqqi etməsini də Tağıyevin adı ilə bağlasaq səhv etmərik. O, XX əsrin əvvəllərində «Kaspi» qəzetini mətbəəsi ilə birlikdə alaraq qəzeti öz hesabına çap etdirməyə başlayır. Habelə onun vəsaitilə 1905-ci il iyunun 7-dən Əlibəy Hüseynzadə və Əhmədbəy Ağayevin redaktorluğu altında «Həyat» qəzeti, 1906-cı il noyabrın 1-dən Əlibəy Hüseynzadənin redaktorluğu ilə «Füyuzat» jurnalı çap edilirdi. Bunlarla yanaşı olaraq, o Azərbaycan yazıçılarından Seyid Əzim Şirvani, Nəriman Nərimanov, S. M. Qənizadə və onlarla başqalarının kitablarını çap etdirmişdi.
Tağıyev dini fanatizmin düşməni olmuşdur. Fırıldaqçı din xadimləri ilə qətiyyən əlaqə saxlamazdı. Bununla belə böyük din xadimlərinin, üləmaların, açıqgöz ruhanilərin hörmətini həmişə saxlardı. Dövrünün qabaqcıl maarifpərvər ruhaniləri olan Mir Məmməd Kərim Mircəfərzadə, Mirzə Axund Əbu Turab, Axund Molla Ruhulla ilə həmişə məsləhətləşərdi. Hacının pulu ilə Quranın
azərbaycancaya tərcüməsində bu üç nəfərin böyük xidməti olub. Tərcüməçi rəsmən Axund Mirməmməd Kərim olsa da, Axund Əbu Turab və Axund Ruhulla öz məsləhətləri ilə ona yaxından kömək etmişdilər. Bu üç nəfər ruhani dövrünün ən hörmətli üləmalarından idilər. Hətta Tağıyev ölərkən vəsiyyət etmişdi ki, onu Axund Əbu Turabın ayağı altında basdırsınlar: "Çünki onun ayağının bildiyini mənim başım da bilmir" demişdi. Elə də dəfn olundu. Mərdəkanda Pirhəsən deyilən yerdə Bakı milyonçusu Muxtarovun tikdirdiyi əzəmətli günbəz altında dəfn olunmuş Axund Əbu Turabın ayağı altında basdırıldı.
Köhnə bakılılardan çoxu musiqili komediya teatrının binasını indiyədək Tağıyev teatrı adlandırırlar. Bu sözlərdə böyük həqiqət vardır. Teatrın binası 1883- cü ildə doğrudan da Tağıyev tərəfindən qoyulmuşdur. Mədəni xalqlarda teatr sənətinin böyük idrakı və tərbiyəvi əhəmiyyətini dərk edən Tağıyev xalqının mənafeyinə olaraq, belə bir addım atmışdı. Bu binada əvvəllər Rusiyanın hər tərəfindən gəlmiş aktyor dəstələri çıxış edirdilər. Yerli aktyor dəstələri yaradıldıqdan sonra Hacı binanı onlara teatr tamaşaları göstərmək üçün bəzi hallarda pulsuz da verirdi. 1900-cü ildə baş vermiş yanğından sonra bina təmir edilərək, daha da gözəlləşmişdi.
Teatr binası xalqımıza böyük bir hədiyyə idi. 1918-ci ildə teatrın binasında ikinci dəfə yanğın baş verir. Yalnız Sovet hakimiyyəti yaradıldıqdan sonra 1922-ci ildə təmir edilərək, işə başlamış və ona Dadaş Bünyadzadənin adı verilmişdi. Bu illərdə Mərdəkandakı bağında yaşayan Tağıyev də teatrın yeni açılışına dəvət olunur. Hacı özü bu barədə belə yazırdı: «Bünyadzadə yoldaş adına müsəlman teatrının açılışı münasibətilə xalqın mədəniyyəti yolunda görülən bu işdə mənim bir pioner kimi xidmətlərimi qiymətləndirən hökümətimizin bu qoca yaşımda mənə iltifatından mütəəssirəm».
Hacı Zeynalabdin iki dəfə evlənmişdir. Birinci arvadı öz əmisi qızı Zeynəb xanım idi. Zeynəb xanımdan onun iki oğlu, bir qızı olmuşdu. Oğlanları: İsmayıl, Sadıq və qızı Xanım. İkinci arvadı məşhur general-leytenant Balakişi Ərəblinskinin qızı Sona xanım idi. Ərəblinski əslən Zaqatalanın Tala kəndindəndir. Ərəblər məhəlləsindən. 50 illik hərbi xidməti müddətində rus ordusunun bütün yürüş və vuruşmalarında iştirak etmişdi. General-mayor İsmayıl bəy Qutqaşınlı və general- mayor Cəfərqulu ağa Bakıxanovla yaxın dost və döyüş yoldaşı olmuşdu. 1898-ci ildə istefaya çıxaraq, Dərbəndə gəlmiş və imperator tərəfindən ona bağışlanmış torpaqda ömrünün axırınadək yaşamışdır. Dərbənd yaxınlığındakı kənd və stansiya indiyədək onun adı ilə adlandırılır.
Sona xanımdan Tağıyevin üç qızı və iki oğlu olmuşdur. Qızları: Leyla (sonralar Şəmsi Əsədullayevin oğluna ərə getmişdi), Sara və Sürəyya. Oğlanları Məhəmməd və İlyas. Məhəmməd «Dikaya diviziya»nın zabiti olarkən özünü öldürmüş, İlyas isə xəstəliyə tutularaq ölmüşdür. Qızı Sara isə bu yaxınlarda vəfat etmişdir.
Ərəblinskinin iki qızından böyüyü Hacının oğlu Sadığın arvadı idi. Hacı oğlugildə olarkən, kiçik bacı Sonanı görüb, bəyənmiş və onunla evlənmişdi.
Tağıyev Sovet hökümətinin ona ömrünün axırınadək təhkim etdiyi Mərdəkandakı bağında 1924-cü il sentyabrın 1-də, axşam səkkizin yarısında, 86 yaşında vəfat etmiş və sentyabrın 4-də dəfn edilmişdir.
ŞƏMSİ ƏSƏDULLAYEV
Bakıda neft sənayesinin görkəmli nümayəndələrindən olub. Onun adı həmişə Nobel qardaşlarının adı ilə qoşa çəkilirdi. Neftin Rusiyaya daşınmasında buxar gəmisindən birinci istifadə edən neftxüdadır. Şəmsi Əsədullayev də bir çox Bakı milyonçuları kimi yoxsul ailədən çıxmışdır. Nəslən bakılıdır. 1840-cı ildə Bakının Əmirhacıyan kəndində anadan olmuşdur. Cavanlıqda kənddə atasının əkin-biçininə kömək edir, araba ilə biçilmiş taxılı daşıyır, xırman salır, bir sözlə, hər şeydə atasına kömək edirdi. Bu illərdə əmirhacıyanlıların əsas taxıl yerləri Suraxana torpaqlarında idi. 19-cu əsrin əvvəllərində neft sənayesinin inkişafı ilə əlaqədar olaraq, bu torpaq sahələrinin mühüm bir hissəsi Suraxanada neft çıxarılması və kerosin emalı ilə məşğul olan rus tacirlərindən Kokorev və Qubonin tərəfindən ucuz qiymətə alınmışdı. Onlar Suraxanada Atəşgahın yanında kerosin emal edən bir zavod tikdirmişdilər. Əvvəllər kerosini qırdan alırdılar. Sonralar quyular qazılmağa başladı. Tezliklə Suraxana ağ neftinin şöhrəti bütün Rusiyaya yayıldı. Torpaqsız qalan Suraxana və Əmirhacıyan kəndliləri neft mədənlərində işləməyə məcbur oldular. Bəzisi zavodda fəhlə işləyir, bəzisi də arabalarla quyulardan zavoda neft daşıyırdılar. Şəmsi Əsədullayev də əkinçiliyi buraxaraq, neft işinə qurşanır. O, öz bacarığı sayəsində qısa müddətdə, yəni 1860-cı ildə Kokorevin yanında işlər müdiri (prikazşik) vəzifəsinə yüksələ bilir. Bir müddətdən sonra o neft və duz podratçılığı ilə məşğul olur. 15 il müddətində o xeyli qazanc əldə etdikdən sonra podratçılığı buraxaraq, kerosin zavodu açır. Rusiyanın bazarları ilə əlaqə saxlayaraq, onlara kerosin satmağa başlayır. Neftin Rusiyaya daşınması onu daha çox düşündürürdü. 1890-cı illərdə neft işi ilə məşğul olan bir neçə nəfər ilə birlikdə şirkət təşkil edir. Əldə edilən neftin Rusiya bazarlarına çıxarılması onu daha çox düşündürürdü. Nəhayət, 1891-ci ildə neftin Xəzər vasitəsi ilə daşınması sahəsində Bakı neft kapitalistləri içərisində ilk dəfə olaraq, buxar şxunu (iki və üç dorlu yelkənli gəmi) sifariş verir. Neftin çıxarılması və emalı sahəsində də o Nobel qardaşları ilə ayaqlaşmağa çalışırdı. Volqada noviqasiya bağlananda xırda neft sahibkarlarından ucuz qiymətə neft alaraq anbarlara doldurur və noviqasiya açılan kimi onu baha qiymətə Rusiyanın şəhərlərində satdırırdı. Bu məqsədlə o çoxlu neft anbarları tikdirmişdi. Bundan əlavə Volqa boyu şəhərlərində də anbarları vardı. Bir çox şəhərlərdə onun anbarları Nobel qardaşlarının anbarları ilə yanaşı dururdu.
1895-ci ildə təzə aldığı torpaq sahələrindən birində böyük fantan vurur. Fantan 56 gün davam edir. Fantan hər gün 1 milyon altı yuz min pud neft verirdi. Bu Bakı neft sənayesi tarixində ən məşhur fantanlardan biri idi.
Əsədullayevin neft hasilatı artdıqca onun Volqa boyu şəhərlərində, Moskvada, Polşada, habelə Orta Asiyada, İranda neft anbarlarının sayı artırdı. Orta Asiya və İranda neft anbarlarının sayı 36-ya yaxın idi.
Şəmsi Əsədullayev ikinci dəfə Mariya Petrovna adlı bir rus qadınına evlənəndə arvadı Ümsəlmə, oğlanları Mirzə, Əli və qızları Sara, Xədicə və Ağabacı ilə onun arasında narazılıq baş verir və Şəmsi 1903-cü ildə Moskvaya köçməyə məcbur olur. Peterburqda və Moskvada bir neçə yerdə mülklər tikdirir, Xeyriyyə işləri ilə məşğul olur. Yoxsul uşaqlar üçün məktəb açdırır. Hazırda Moskvada Kiçik Tatar döngəsində olan 8 nömrəli evi də Əsədullayev tikdirib, o zaman təzə yaradılmış olan Tatar Mədəniyyət cəmiyyətinə bağışlamışdı. Vaxtilə bu binada tatar məktəbi, tatar kitabxanası, konsert salonu və yetimlər üçün uşaq evi olub.
Əsədullayev, demək olar ki, bütün qış aylarını Moskvada və Peterburqda keçirirdi. Bakıda onun neft işləri ilə böyük oğlu Mirzə Əsədullayev məşğul olurdu. Volqada noviqasiya açılan kimi Bakıya gələr və neçə ay müddətində anbarlarda toplanmış nefti Rusiyaya öz müştərilərinə göndərməyə başlardı.
Bakıda olan ailəsi onun Tolstoy və Qoqol küçələrinin tinində tikdirdiyi əzəmətli binada yaşayırdı. Şəmsi Mariya Petrovna ilə 20 il ömür sürür. Mariya xeyriyyə işlərində əri ilə birlikdə inam və energiya ilə işləyirdi. O, bu 20 il içərisində şəxsən özü 20 milyon pul toplamışdı. Mariya Petrovna əri Şəmsi ilə birlikdə xarici ölkələrdə olmuş və Avropanın məşhur kurort şəhərlərində dincəlmişdilər. Şəmsi 1913-cü ildə Romanovlar xanədanının 300 illiyi ilə əlaqədar Tiflis Müəllimlər İnstitutunda öz adına iki təqaüd təyin etdirir.
Əsədullayev 1913-cü il 21 apreldə Yaltada günvurmadan 72 yaşında vəfat etmişdir. Onun meyiti Bakıya gətirilərək dəfn edilmişdir.
Əsədullayevin böyük oğlu Mirzə Musa Nağıyevin qızına, kiçik oğlu Əli isə H. Z. Tağıyevin Leyla qızına evlənmişdilər. Qızı Sara atasının işlər müdiri Zal Həsənovun arvadı olu Bu yaxın zamanda Paris şəhərində vəfat etmiş azərbaycanlı yazıçı Ümmülbənin Mirzə Əsədullayevin qızıdır. Əsərlərini fransız dilində yazırdı. O iki milyonçu babanın — Şəmsi Əsədullayevlə Musa Nağıyevin nəvəsidir.
Şəmsi Əsədullayevin Mərdəkanda əzəmətli bir bağı vardı. Bu bağ özünün çox böyük sahəsi və əzəmətli arka qapısı ilə fərqlənirdi. Bağ 19-cu əsrin axırlarında salınmışdı. Sovet höküməti bu bağı müsadirə edib, sanatoriyaya çevirmişdi.
AĞABALA QULİYEV
Ağabala Hacıqulu oğlu Quliyev Bakının Keşlə kəndindəndir. 1862-ci ildə burada anadan olmuşdur. Atası yoxsul bir tənəkçi olub. Tənəkədən müxtəlif ev əşyaları düzəldir və qazandığı pulla ailəsini çətinliklə dolandırırdı. Yaxın kəndlərdə aftava ustası kimi tanınırmış. Üç oğlu varmış: Ağabala, Sadıq və Baba. Arvadı öz xalası qızı Mələknisa evdə qutab bişirər və böyük övladı Ağabala ilə küçələrdə və bazarda satdırardı.
Bir müddətdən sonra Hacıqulu Keşlədən Bakı şəhərinə köçür. Ehtiyac içərisində yaşayan ata böyük övladı Ağabalanı erməni Tatausovun buxar dəyirmanında işə, fəhləliyə düzəldir. Uşaqlıqdan çox fərasətli olan Ağabala burada işlədiyi müddətdə də dəyirmanın hər işi ilə maraqlanırmış. Buğda kisələrinin dəyirmana daşınmasından tutaraq, buğdanın üyüdülməsinədək dəyirmanda bir iş qalmadı ki, onunla maraqlanmamış olsun. Hər şeyi diqqətlə izləyir, bilmədiklərini yaşlı fəhlə yoldaşlarından öyrənirdi. O öz işində də çox səliqəli idi. Kontor müdiri Ağabalanın işindən o qədər razı idi ki, elə bir gün olmazdı ki, onu dəyirman sahibinə tərifləməmiş olsun. Belə səyi və çalışqanlığı nəticəsində idi ki, Ağabala çox keçmədən birdən-birə sex müdiri təyin olunur.
O dəyirmanın həyatında öz qənaətcilliyi ilə tanındığı kimi şəxsi həyatında da qənaətçillik onun üçün həyati bir zərurət olmuşdu. Dəyirmanda hələ fəhlə işlədiyi günlərdən qazandığının yarısını atasına verir, qalanını yığıb saxlardı. Onu da deyək ki, fəhlə işlərkən kiçik bir ehtiyatsızlığı üzündən sağ əlinin bir neçə barmağını itirmişdi.
Ağabala sex müdiri işlədiyi müddətdə xeyli sərmayə toplamışdı. Heç zaman israfçılığa uymazdı. Qəpiyin qiymətini bilirdi. Nəhayət, varlanandan sonra dəyirmanı pulla dəyirman sahibindən aldıqda hamı təəccüb qalmışdı ki, bu qədər pul Ağabala üçün hardandır. Dəyirmanın işini yenidən qurmaq üçün o xüsusi plan hazırlamışdı. Köhnə avadanlığı yenisi ilə əvəz etdikdən sonra dəyirmanın istehsal qüvvəsi xeyli artdı. Əgər aldığı dəriyman vaxtı ilə onunla bir küçədə olan Malakan varlısı Skobelevin dəyirmanı ilə (indiki Xaqani küçəsində) rəqabətdə geri qalırdısa, indi avadanlığın sazlığı və buraxılan məhsulun keyfiyyəti ilə nəinki Skobelevin, hətta Sadıxov qardaşlarının, H. Z. Tağıyevin, Kretingen və Qlaz qardaşlarının dəyirmanlarını da geridə buraxmışdı. Bir müddətdən sonra onun fəaliyyəti daha da genişlənir. O Şimali Qafqazda da un, düyü təmizləyən, kraxmal dəyirmanları tikdirib işə salır. Vladiqafqazda, Stavropolda, Samarada, Qroznıda, Beslanda, Keorkiyevskdə tikdirdiyi dəyirmanlar ona bütün Rusiyada şöhrət qazandırdı. Camaat içərisində o, dəyirmanlar kralı kimi ad çıxarmışdı. İstehsal həcmi etibarilə Skobelevdən savayı heç kəs onunla rəqabət apara bilmirdi.
Ağabala Quliyev artıq Rusiyada dəyirman işinin ən böyük bələdçisi kimi tanınmışdı. Şimali Qafqaz xalqları arasında böyük hörməti vardı. Hətta bu yaxınlaradək Keorgiyevskdə onun adına küçə var idi. Dəyirmanların bir gün də dayanmaması üçün əvvəlcədən taxıl ehtiyatı görüb, anbarlara vurdurardı. Qabağı görən adamdı. 1916-cı ildə Bakıda baş vermiş aclıq zamanı onun bu işi özünü doğrultdu, həmin ildə Şimali Qafqaz yolunun bağlanması nəticəsində Bakı dəyirmanları böyük çətinliklə üzləşdilər.Taxılın daşınmaması nəticəsində bir neçə dəyirman öz işini saxladı. Bu, Ağabala Quliyevin dəyirmanına isə bir o qədər təsir etməmişdi. O biri tərəfdən taxılın dəniz vasitəsilə daşınmasına da nail olmuşdu. O Rusiyanın taxıl istehsal edən rayonları ilə daima əlaqədə idi.
1916-cı ilin fevral ayının 15-də Bakıda qadınların qiyamı oldu. Çörəyin çatışmamazlığı üzündən qadınlar zəngin mağazalara, ərzaq anbarlarına və dəyirmanlara hücum çəkərək, qapıları sındırır, şüşələri qırır və əllərinə keçənləri evlərinə daşıyırdılar. Polis də onların öhdəsindən gələ bilmirdi. Bu hadisə Bakının tarixində «Babıy bunt» kimi tanınır. Bazarlar tamamilə talan edilmişdi. Dəyirmanlara da, o cümlədən A. B. Quliyevin dəyirmanına da az ziyan dəyməmişdi. Yalnız qiyamın ikinci günü polis qiyamı yatırda bildi.
Doğrudur, A. B. Quliyev şəhərdə uca binalar ucaltmağı o qədər sevmirdi. Lakin Bakının Poluxin küçəsində tikdirdiyi yaşayış binası şəhərin ən əzəmətli binalarından biri hesab olunurdu. Bu bina hazırda da şəhərə xüsusi gözəllik verir. Necə deyərlər, az olsun, yaxşı olsun. O bu binaya istər xaricdən və istərsə də
içəridən arxitektura elementləri ilə elə bəzəklər vurdurmuşdu ki, ondan göz ayırmaq mümkün deyil. Binanın layihəsini o zaman şəhərdə bir çox əzəmətli binaların layihəsini vermiş memar E. Y. Skibinski vermişdi. Binanın içərisini, otaqları bəzəmək üçün rəssam Malov dəvət olunmuşdu. Malovun otaqlardakı yağlı boya ilə çəkdiyi şəkillər içəri girəni heyran qoyurdu.
Ağabalanın üç qız övladı və bir oğlu olmuşdur. Oğlu Ağa İsmayıl, qızları: Rübabə xanım, Səriyyə xanım və Sara xanım, dördü də həmin bu binada boya-başa çatmışdılar.
Ağabala dəyirmanlar kralı kimi tanınmaqdan savayı həm də ictimai xadim olmuşdur. O zamankı Bakının həyatında elə bir hadisə olmazdı ki, Ağabala Quliyev onda öz maddi və mənəvi köməyi ilə iştirak etməmiş olsun. Ölkənin dövlət quruculuğunda, ictimai və mədəni tədbirlərdə, xalq təsərrüfatının sair sahələrində onun xidmətlərini qeyd etməmək insafsızlıq olardı.
Məlumdur ki, 1878-ci ildə Bakıda ilk dəfə olaraq, şəhər dumasına seçkilər keçirilmişdi. Bütün Rusiyada dumaların və bələdiyyə idarəsinin yaradılması barədə hələ 1870-ci ildə imperatorun fərmanı olmuşdur. O zamandan da Rusiyanın iri şəhərlərində dumalar yaradılıb fəaliyyətə başlamışdılar. Bakıda isə bu fərman səkkiz il sonra həyata keçirilməyə başlamışdı. Belə ləngiməni o zamankı şovinist rus dairələri onunla izah edirdilər ki, guya azərbaycanlılar özlərini idarə etmək üçün hələ yetişməmişlər. Fərmanda göstərilirdi ki, başqa şəhərlərdə xristian olmayanlar əksəriyyət təşkil etdikdə dumaya həm xristianlardan və həm də yerli qeyri xristian millətlərdən bərabər miqdarda qlasnı nümayəndə seçilməlidir. Buna görə də Bakıda da dumaya ümumi sayın yarısı qədər, yəni 36 nəfər qlasnı seçilmişdi. Seçilənlər içərisində H. Z. Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyev, Əjdər bəy Aşurbəyov, İsa bəy Hacınski ilə yanaşı Ağabala Quliyev də vardı. Dumanın iclaslarında Quliyev heç zaman passiv mövqe tutmazdı. Müzakirə olunan, xüsusilə ərzaqla əlaqədar məsələlərdə həmişə xalqın mənafeyi baxımından çıxış edərdi. B. Quliyev həm də böyük xeyriyyəçi 1905-ci ildə təşkil olunmuş Müsəlman xeyriyyə cəmiyyətinin ilk müəssislərindən biri olmuşdur.
Birinci Cahan müharibəsi başlanandan sonra Bakı Müsəlman xeyriyyə cəmiyyətinin fəaliyyəti daha da genişlənmişdi. 1917-ci ilin aprel-may aylarında Bakıya Turkiyədən, Rum elindən çoxlu qaçqınlar gəlmişdi. Onları yerləşdirmək, yedirmək, isti pal-paltarla təmin etmək sahəsində cəmiyyət xeyli iş görmüşdü.
Xeyriyyə cəmiyyətinin ümumi fondundan başqa Bakı varlıları və o cümlədən A. B. Quliyev qaçqınlar üçün ərzaq: un, düyü ayırırdılar. Sonralar Qafqaz cəbhəsindən də çoxlu türk və alman əsirləri gətirildi. Onların da qayğısına qalmağı cəmiyyət unutmurdu.
1878-ci ildə Bakıdan Batuma neft kəməri çəkilməsi məsələsi meydana çıxdı. Lakin bu fikrin həyata keçirilməsi xeyli ləngiyirdi. Əcnəbi mühəndisləri kəmərin çəkilməsi məsuliyyətini üzərlərinə götürməkdən imtina etdilər. Sonralar məşhur rus mühəndisi V. Q. Şaxov bu işi boynuna çəkdi. Bakı varlılarından bir neçəsi və o cümlədən A. B. Quliyev Şaxova dayaq çıxdılar. Kəmərin çəkilməsi üçün təşkil olunmuş şirkətin sədrliyini də A. B. Quliyev öz üzərinə götürdü.
1905-ci il rus inqilabından sonra A. B. Quliyevin görüşlərində qəribə bir dəyişiklik əmələ gəlmişdi. O qatı mürtecə olan Hacı Aslan Aşurbəyovun təsiri altına düşərək, qaragüruhçulara meyl edirdi. 1905-ci ilin noyabrında Bakıda yaranmış «Yakor» təşkilatına daxil olmuşdu. Bu, Rusiyada yaranmış «Rus xalqının ittifaqı» adlı qaragüruhçu təşkilatın bir qolu idi. Quliyev Azərbaycanda müstəqil respublika yaradılandan sonra da onların təsirindən qurtara bilməmişdi. Bu iş üstündə o hətta həbs edilib, bir neçə ay həbsxanada qalmışdı. 1920-ci ilin martında
A. B. Quliyev İranda olarkən Bakıda çevriliş olur. Bolşeviklər hakimiyyət başına gəlirlər. Şəhərdə bir həftə talan gedir. Varlıların əmlakı müsadirə olunur, özlərini isə həbsə alırlar. Onlardan gizlənib, sonra xaricə qaçanlar da olmuşdu. Quliyevin də ev-eşiyi talan edilir, arvad-uşaqları çölə atılır. Quliyev İrandan öz gürcü dostlarına xəbər göndərir. Onların vasitəsilə arvadına və uşaqlarına cır-cındır paltar geyindirərək, Tiflisə aparılır və oradan İrana keçirlər. İrana çatdıqdan sonra bir müddət Təbrizdə yaşayırlar. Sonra ailəsi ilə birlikdə Türkiyəyə gedir. Bir müddətdən sonra, iki qızı: Sara və Rübabəni təhsil almaq üçün İstanbulda qoyur, özü isə arvadı və oğlu Ağa İsmayıl və bir qızı Səriyyə ilə birlikdə Təbrizə qayıdırlar. Onların hər üçü Təbrizdə ölmüş və orada dəfn olunmuşlar. Türkiyədə qalmış qızları Rübabə və Sara isə orada ərə getmiş və oğul- uşaq sahibi olmuşdular. Hazırda Sara və Rübabə həyatda olmasalar da onların nəsli İstanbulda yaşayır və çalışırlar. Sara xanımın bir oğlu olub. Adı Teumandır, musiqişünasdır. Bir müddət İtaliyada yaşayıb. Hazırda harada, yaşadığı məlum deyil. Rübabə xanımın da iki övladı olub: biri oğlan, biri qız. Qızı, yəni A. B. Quliyevin nəvəsi Mələk xanım hazırda İstanbul banklarından birində işləyir.
MURTUZA MUXTAROV
Z. Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyevdən sonra milli Azərbaycan burjuaziyasının və neft sənayesinin görkəmli nümayəndəsi Murtuza Muxtarovdur. Öz millətinin tərəqqisi naminə heç bir şeyini əsirgəməyən, keçmiş Bakının abadlaşmasına çar məmurlarından qat-qat artıq diqqət yetirən, qayğısına qalan milyonçulardan biri idi. Muxtarovun adı daha çox Bakıda neft çıxarılması texnologiyasının inkişafı ilə bağlıdır. Ali texniki təhsili olmasa da neft maqnatları içərisində neft yataqlarının sirrini və qazma işlərini onun kimi dərindən bilən ikinci bir sahibkar, çətin ki, tapılaydı. Muxtarov diplomsuz neft mühəndisi kimi şöhrət tapmış, Azərbaycan neft sənayesi tarixinə özünün ixtirası ilə daxil olmuşdur. 1896- cı ildə o qazma və ştanqların endirilib qaldırılması kimi əsas və başqa köməkçi işləri icra edən xüsusi bir dəzgah yaratmış və bundan ötrü patent də almışdı. 1890- cı ildə yaratdığı «Podrat qazma» kontoru Bakının Balaxana, Suraxana, Ramana və Sabunçu neft rayonlarında neft quyularının qazılmasında böyük rol oynamışdır. Bu
sahələrdəki quyuların əksəriyyəti onun «Podrat qazma» kontoru tərəfindən qazılmışdır. Bundan əlavə özünün xüsusi mədənləri də vardı. Elektrik qatarı ilə Bakıdan Buzovnaya gedərkən Sabunçudan sonra birinci dayanacaq onun adı ilə «Muxtarovk a» adlanır. Bu dayanacağın ətrafındakı bütün neft quyuları vaxtilə ona məxsusdu.
Murtuza Muxtarov Bakının Əmirhacıyan kəndində anadan olmuş və əmək fəaliyyətinə də bu kənddə başlamışdır. O da Bakının bir sıra milyonçuları kimi adi fəhlədən neft maqnatı səviyyəsinə yüksəlmişdir. Uzun müddət malakeşlik etdikdən sonra araba ilə neft daşımış, xırda podratçılıqla məşğul olmuşdur. Qara qızıl fantanları nəhayət onun da üzünə gülərək, əlini milyonlara çatdırmışdır.
Muxtarov bizə əzəmətli binalar miras qoyub getmişd Bakı şəhərində, onun ətraf kəndlərində, Rusiyanın şəhərlərində və Avropanın bəzi ölkələrində hazıradək hifz olunub qalmış bir çox binalar onun adı ilə bağlıdır. 1910-cu ildə Əmirhacıyan kəndində tikdirdiyi məscid binası indiyədək öz memarlıq quruluşu və əzəməti ilə göz oxşayır. Məscidin günbəzini başa çatdırmaq üçün o dövrün ən görkəmli memarı olan Zivər bəy Əhmədbəyov dəvət edilmişdi. İctimai binalar, məktəblər inşa etmək üçün Muxtarov vəsaitini heç zaman əsirgəməmişdi. Muxtarovun şəhərdə olan binaları içərisində ən əzəmətlisi 1911-1912-ci illərdə indiki Muxtarov küçəsi ilə Əhməd Cavad küçəsinin tinində fransız qotikası üslubunda ucaldılan binadır. Mühəndis Ploşkonun layihəsi əsasında tikilmiş bu bina indi də şəhərimizə bəzək verir. 1913-cü ildə Abşeronun qumsal dəniz sahilində mayaq qülləsi (indi bu mayaq işləmir), Mərdəkanın Pirhəsən adlanan yerində Axund Mirzə Abu Turabın qəbri üstündə günbəz, Vladiqafqaz şəhərində məscid, Kislovodskda, İtaliyanın Florensiya şəhərində mövcud olan gözəl, yaraşıqlı binalar M. Muxtarovun pulu ilə tikilmişdir.
Müxtarov Bakının demək olar ki, bütün xeyriyyə cəmiyyətlərində yaxından iştirak edir və maddi köməyini əsirgəmirdi. O da H. Z. Tağıyev kimi xeyriyyəyə bəşəri məqsədlərə çatmaq üçün bir vasitə kimi baxır, onda fəlsəfi bir məna görürdü.
Muxtarov sözün həqiqi mənasında bir ziyalı idi. Mətbuat işlərinə qayğı ilə yanaşması, tələb olunan vəsaitdən heç vaxt boyun qaçırmaması buna sübutdur. İncəsənət xadimlərinin maddi və mənəvi ehtiyaclarına da biganə deyildi. 1913-cü ilin yayında belə bir hadisə olmuşdu. Azərbaycan səhnəsinin böyük artisti Hüseyn Ərəblinski vərəm xəstəliyinə tutulmuşdu. Vəziyyəti gündən-günə ağırlaşırdı. «Sədayehaqq» qəzeti 1913-cü il 21 avqust tarixli nömrəsində yazırdı: «Müsəlman səhnəsinin ən adil, məşhur və köhnə artistlərindən biri Ərəblinskinin cavan ömrü ümumsəhnə artistlərinin, səhnə həvəskarlarının gözü qabağında şam kimi əriyib getməkdədir».
Təkcə «Sədaye haqq» deyil, Bakının demək olar ki, bütün demokratik əhvali-ruhiyyəli qəzetləri bu məsələ ətrafında həyəcan təbilləri döyərək, şəhər varlılarını xəstə artistə kömək əli uzatmağa çağırırdılar. Lakin çağırış cavabsız qalır, Bakı varlılarından haray verən olmurdu. Təkcə Murtuza Muxtarov xəstə artistin halına acıyaraq, ona 700 manat verib, müalicə olunmaq üçün Abastumana göndərmiş və tapşırmışdı ki, müalicə olunmayınca geri dönməsin və lazım olarsa ona əlavə vəsait göndərəcəkdir. Müalicə olunmuş H. Ərəblinski sonra «Baku» qəzeti vasitəsilə öz minnətdarlığını belə bildirmişdi: «Cənab redaktor! İcazə verin sizin qəzet vasitəsilə, xəstə artistin halına qalaraq, pozulmuş səhhətimi düzəltmək üçün 700 manat pul vermiş və habelə sonrakı xərcləri də öz üzərinə götürmüş yeganə adam kimi cənab Murtuza Muxtarova öz dərin minnətdarlığımı bildirim. Bundan ötrü mən də, mənim ailəm də dərin təşəkkürümüzü bildiririk.
Artist Hüseyn Ərəblinski»
(«Baky» №194, 31 aвrycт 1918).
Muxtarovun incəsənət xadimlərinə göstərdiyi qayğıya ikinci bir misal: O, Saratovda olduğu zaman (burada onun neft məhsulları kontoru vardı) küçədə qaraçıya oxşayan qara saçlı bir qızın şarmankada çalıb, oxuduğunu eşidir. Qızın səsi ona xoş gəlir. Xüsusilə qızın azərbaycanlı olduğunu biləndən sonra onu konservatoriyaya aparır, onun vokal şöbəsinə daxil olmasına kömək edir və xərcini çəkir. Bu, sonralar məşhur opera artisti olmuş Fatma Muxtarova idi. Belə misallardan çox göstərmək olar. Adamların elmə, biliyə yiyələnmələri üçün Muxtarov əlindən gələni edirdi. Bakının Xalq Təhsili muzeyində görkəmli qadınlarımızdan Məryəm xanım Bayraməlibəyovanın xatirə dəftəri saxlanılır. Bu xatirə dəftərinin bir yerində Məryəm xanım yazır ki, Bakıda «Müqəddəs Nina» məktəbini bitirdikdən sonra Moskvaya gedib, tibb institutuna daxil olur. Lakin maddi vəziyyəti ağır olduğundan Murtuza Muxtarova müraciət edir. Muxtarov tərəfindən dərhal ona təqaüd müəyyən edilir.
Bakıda üzvü olduğu «Səadət» xeyriyyə cəmiyyəti üçün məktəb binasını da Murtuza Muxtarov tikdirmişdir. Muxtarovun mətbuat sahəsindəki xidmətlərinə gəlincə demək lazımdır ki, bu sahədə o hər şeydən qabaq dövrünün qabaqcıl maarifpərvərlərindən biri idi. Maarifpərvərliyin məhz qəzet və mətbuat vasitəsilə yayılıb inkişaf etməsinə dərin inamla baxırdı. 1908-ci il iyun ayının 3-dən fəaliyyətə başlamış «Tərəqqi» qəzeti "İrşad" mətbəəsində Muxtarovun pulu ilə çap edilirdi. Qəzetin baş mühərriri Əhməd bəy Ağayev idi. O İstanbula getdikdən sonra qəzet bir müddətə bağlanır. Muxtarov yenə mətbuat işlərindən geri çəkilmir. O, "İrşad" mətbəəsini pulla alır, daimi istifadə üçün Haşım bəy Vəzirovun sərəncamına verir. Milli mətbuatın yayılmasına olan bu qayğısı ilə yanaşı o milli azadlıq hərəkatını da alqışlayır və imkan düşdükcə ona maddi yardım da göstərirdi.
1905-1911-ci illərdə Cənubi Azərbaycanda davam edən milli-azadlıq hərəkatı və onun başçıları Səttar xan və Bağır xana öz rəğbətini açıq ifadə edə bilməsə də onlara gizli yollarla kömək etməkdən çəkinmirdi. Əlimizdə olan bir sənəd bunu sübut edir. 1908-ci il 10 oktyabrda Qafqaz canişini əvəzinin mülki işlər üzrə müavininin Bakıya göndərdiyi gizli məktubda belə deyilirdi: «Canişin əvəzinin aldığı məlumata görə Qafqazın inqilabi əhvali-ruhiyyəli müsəlmanları İran inqilabçılarına pul və silahla kömək edirlər. Həmin məlumatda göstərildiyi kimi böyük maddi vəsaitə malik Bakı əhli Muxtarov və Tağıyev də belələrindəndir. Canişin əvəzinin göstərişi ilə yuxarıda adları çəkilən şəxslərin üzərində gizli nəzarət qoyulmasını xahiş edirəm».
Onu da göstərək ki, Bakı xeyriyyə cəmiyyətləri də bu işdə geri qalmamışdılar. Bu cəmiyyətlər benefislər təşkil edir, toplanan pulları gizli yollarla İrana göndərirdilər. «Nicat» cəmiyyəti bir neçə dəfə belə təşəbbüsdə olmuşdu.
Son zamanlar M. Muxtarov barədə bir sıra ötəri qeydlərə təsadüf olunur. Bu qeydlərin üstündən ona görə ötüb keçmək olmaz ki, bunlar Muxtarovun şəxsiyyətini oxucuların nəzərində hörmətdən sala bilər. Məsələn yazırlar ki, guya Muxtarov milyonçuluğa qoçuluqdan gəlmişdir. Hətta onu qoçuların qoçusu da adlandırırlar. Əlbəttə, bu səhvdir. Muxtarov qoçu olmamışdır. Bəs bu şayiə haradan doğub? Bu bir həqiqətdir ki, Muxtarov çox zəhmli bir adam olub. Qoçulardan heç kim cürət edib ona yaxın düşməzmiş. Başqa milyonerlərin xüsusi qoçuları olduğu halda Muxtarovun buna ehtiyacı yoxdu. Onun təkcə zəhmi, vahiməsi kifayət imiş ki, qoçular ondan yan gəzsinlər.
Təbiətcə çox məğrur olan bu şəxsin həyatı faciə ilə bitmişdir. Bakıda Aprel inqilabının ilk günləri idi. Bu günlərdən birində Muxtarov Vrangel (indiki Əhməd Cavad) və Persidski (indiki Muxtarov) küçələrinin tinindəki mənzilinə iki silahlı hərbçi gəlir. Muxtarov qapını açıb, onları gördükdə atəş açıb, onlardan Anosov adlı birisini öldürür, ikinci gülləni də öz alnına çaxır. İnqilabın ilk günlərində şəhərdə talan başlanmış və bir neçə gün davam etmişdi. Bakılılar davam edən bu talanı «Talan həftəsi» adlandırmışdılar. Aranın qarışmasından istifadə edən soyğunçular evlərə, idarələrə basqın edir, arvadların qulaqlarından, boyunlarından qızıl bərbəzəyi güclə çıxarır, qiymətli avadanlığı aparırdılar. Bu soyğunçuların içərisində bolşeviklərə də rast gəlmək olardı. Köhnə bakılıların dediklərinə görə bu talanlara başçılıq edən Mikoyan ilə Sərkis idi. Şəhərdəki bu özbaşınalığı Muxtarov eşidir və görürdü. Muxtarovların ailə həkimi olan Fingilişteynin dediyinə görə onsuz da son hadisələrdən əsəbləri pozulmuş Muxtarov evinə soxulmuş bolşeviklərə əsəbi vəziyyətdə atəş açmışdır.
MUSA NAĞIYEV
Nobel qardaşları istisna edilərsə, Bakı milyonçuları içərisində ən varlısı Musa Nağıyev idi. Parisdə yaşamış nəvəsi Ümmülbəninin yazdığına görə babasının Bakıda 70-ə yaxın imarəti vardı. Şəhərin ən gözəl imarətləri Musa Nağıyevə məxsusdu. Xalq içərisində onun xəsisliyi barədə çoxlu rəvayətlər yayılmışdı. Əslində Nağıyev deyildiyi dərəcədə də xəsis deyildi. Bəzən qəpiyə xəsislik eləyirdisə, böyük kapital qoyuluşunda başqa milyonçulardan, hətta Tağıyevdən də geri qalmırdı. Məsələn, 28 may küçəsindəki qoşa imarətlər, yenə həmin küçədə qırmızı kərpicdən tikilmiş əzəmətli bina, Nizami küçəsində Opera teatrının yanındakı yaşayış evi, Azərbaycan prospektində köhnə Mərkəzi poçt binası, Nigar Rəfibəyli küçəsindəki əzəmətli yaşayış binası, İstiqlaliyyət küçəsindəki məktəbin üçüncü mərtəbəsi, Krasnovodsk (indiki Səməd Vurğun) küçəsində Qış klubu (indiki Zabitlər evi), «Astoriya» və «Yeni Avropa» mehmanxanaları və sair bu kimi şəhərin gözə gəlimli binaları Musa Nağıyevin pulu ilə tikilmişdir. Nəhayət, şəhər memarlığının tacı hesab edilən məşhur "İsmailiyyə" binası. Musa Nağıyev bunları bizə miras qoyub getmişdir. Kimsə nə vaxtsa ona demişdi ki, ucaldılan hər bir bina sahibinin ömrünü bir az da uzadır. Buna görə imarət vurğunu olmuşdu. Hazırda Musa Nağıyev xəstəxanasının geniş işıqlı otaqlarına daxil olarkən Musa Nağıyevin xeyriyyə sahəsindəki böyük xidmətlərini istər-istəməz iftixarla xatırlayırsan. Bu xəstəxananı o 1913-cü ildə tikdirmişdi. Həmin ildə Bakıda xəstəxanaya olan böyük ehtiyacı duyan Musa Nağıyev şəhər dumasına müraciət edərək, bildirmişdi ki, öz pulu hesabına 225 çarpayılıq xəstəxana tikdirmək fikrindədir və indidən onun xərcini şəhər kassasına verməyə hazırdır. Ancaq bir şərtlə ki, xəstəxana gərək üç ilə hazır olsun. Bundan əlavə xəstəxanada müsəlmanlar üçün 50 çarpayılıq ayrıca bir şöbə olmalıdır.
Şəhər Bələdiyyə İdarəsi Staroselski və Aleksandr bulvarlarının arasında yer ayıraraq inşa işlərinə başlayır. Musa Nağıyev 1842-ci ildə Bakı quberniyasının Biləcəri kəndində anadan olmuşdur. Onun atası saman satmaqla məşğul idi. İbtidai təhsilini kənd mollaxanasında aldıqdan sonra 25 yaşınadək kənddə atasına kömək edir. 25 yaşına çatanda atası ölür. Öləndə atasının 300 manat borcu qalır. Ruhdan düşməyən Musa 200 manat da borc eləyib, özünə kiçik bir dükan açır. Beləliklə cibində bir qəpik olmadan 500 manat borcla müstəqil fəaliyyətə başlayır. İki ildən sonra Musa Nağıyev borcunu qaytarır və parça alverinə başlayır. 5 ildən sonra 2.000 manat qənaət toplayır. Çoxdan bəri arzuladığı bir peşə vardırsa o da neft işləri ilə məşğul olmaqdı. Topladığı pula Qara şəhərdə əl ilə işləyən kiçik bir kerosin zavodu alır. Bu zavod onun qazanc yolunda atdığı ilk addım oldu. Sonra neftli torpaq sahələri alaraq, böyük bir energiya ilə neft istehsalına başlayır. Xüsusilə Bibiheybətin mədənlərində bir-birinin dalınca vuran neft fantanları başqaları kimi onu da milyonçu dərəcəsinə qaldırır. Ramana və Sabunçu rayonlarındakı mədənlərindən gəliri gün-gündən artır. Həmin bu illərdə o müsəlman arvadını boşayıb, Yelizaveta Qriqoryevna adlı bir gürcü qadına evlənir. Müsəlman arvadından olan İsmayıl adlı oğlu vərəm xəstəliyinə tutulur. Halı ağırlaşdığı zaman onu İsveçrəyə müalicəyə göndərir. Ancaq müalicə gecikdiyi üçün İsmayıl İsveçrədə ölür. Onun ölüsünü gətirib Bakıda dəfn edirlər. İstiqlaliyyət küçəsində tikdirdiyi bina da İsmayılın xatirəsinə "İsmailiyyə" adlandırılır.
Bakı qəzetlərindən biri yazırdı ki, Ağa Musa Nağıyev müsəlman xeyirxahlarından ən səxavətlisidir. Bu sözlərdə Nağıyevin xeyirxahlığı şişirdilmiş olsa da, hər halda bir həqiqət də vardı. Nağıyev xeyriyyə cəmiyyətlərinin əksərində Tağıyevlə yanaşı iştirak edirdi. Yenə həmin qəzetin yazdığına görə nəinki Bakıda və habelə başqa şəhərlərdəki xeyriyyə cəmiyyətlərinin iri ianə xəzinəsinə üst-üstə
yarım milyona qədər pul daxil etmişdir. Yuxarıda deyildiyi kimi, 1913-cü ildə şəhər xəstəxanası tikintisi üçün üç yüz min manat, Bakı real məktəbinin abadlığı,
3-cü mərtəbənin tikilişi üçün, qiraət otağı, kimya kabineti və məktəbin parket döşəməsi üçün 30 min, Gəncədə müəllimlər seminariyası üçün 15 min, Şamaxı real məktəbinə 1.300 manat, «Səfa» cəmiyyətinə ildə 500 manat, Tiflis məktəbinə 500 manat, «Nur» mədrəsəsinə 500 manat, Semireçinsk əyalətində zəlzələdən zərər çəkənlərə 1.000 manat pul ayırmışdır. 1913-cü ildə müsəlman xeyriyyə
cəmiyyətlərinin kassasına 253 min manat pul köçürülmüşdür. Musa Nağıyev 20 il Bakı şəhər dumasının qlasnısı olub. 1908-ci ildən ölümünədək Bakı real məktəbinin hamisi idi. Bakı milyonçularından bəziləri öz həyatlarını qorumaq üçün yanlarında həmişə muzdlu qoçu saxlayırdılar. Bu bir qayda idi. Musa Nağıyev isə xəsislik edərək, bunu əlavə xərc hesab edirdi. Bu da Nağıyevdən pul qoparmaq üçün onu oğurlayanlar üçün yaxşı şərait yaradırdı. Hətta bir dəfə başda Stalin olmaqla Bakı bolşevikləri də Nağıyevi oğurlayıb, ondan külli miqdarda pul almışdılar.
Məlum olduğu kimi 1912-ci ildə mühəndis Lütfəli bəy H. Z. Tağıyevi məhkəməyə vermişdi. Bu xəbər o dövrdə fövqəladə bir hadisə kimi böyük hay- küyə səbəb olmuşdu. Məhkəməyə şahid kimi çağırılmış Musa Nağıyev düzgün şəhadət vermək üçün Qurana əl basmaqdan imtina etmişdi. Məlum olmuşdu ki, o bəhaidir. Buna görə Quran əvəzinə bəhailərin müqəddəs kitabı hesab edilən «Kitabi Əqdəs»ə and içmişdi. Bəhaizm mahiyyət etibarilə yeni bir din idi. Bəhailər onu İslamda bir təriqət kimi deyil, müstəqil din kimi qəbul edirdilər.
Nağıyev öləndən sonra ondan qalmış zəngin mirasın bölünməsi zamanı Ruhani idarəsi də onun irsindən pay umurdu. Nağıyevin yaxın adamları isbat etmişdilər ki, o Qurana inanmadığı üçün Ruhani idarəsinə pay düşmür. Öz fikirlərini isbata yetirmək üçün Tağıyevin məhkəməsində Musa Nağıyevin Qurana and içmədiyini dəlil kimi göstərirdilər.
1912-ci ildə Musa Nağıyev Hacı Zeynalabdinin yaxın dostu kimi Hacının əfv edilməsi məqsədilə çarın yanına gedən nümayəndə heyətinə daxil edilmişdi. Musa Nağıyev 1919-cu ilin mart ayında 67 yaşında vəfat etmişdir.
Nağıyevin ölümündən sonra məhkəmə onun mirasını aşağıdakı qaydada varisləri arasında bölüşdürmüşdür: 1. İki dul arvadı: Ümmülsəlmə və Yelizaveta Qriqoryevnaya mirasın altıdan bir hissəsi. 2. Nəvələri: Kübra xanım, Səriyyə xanım və Ümmülbəninə və qızı Gülsara Həsənovaya hər birinə otuz ikidən yeddi hissəsi.
AŞURBƏYOVLAR SÜLALƏSİ VƏ ƏJDƏR BƏY AŞURBƏYLİ
Aşurbəyovlar Bakının qollu-budaqlı varlı sülaləsi olub. Öz başlanğıcını keçən əsrlərdən alan bu sülalə getdikcə şaxələnmiş və böyük bir nəslə çevrilmişdir. Hətta elə şaxələnmişdir ki, sonralar eyni nəsildən olan Aşurbəyovlar qohum olduqları halda bir-birini tanımırdılar. Hazırda Bakıda qalan Aşurbəyovlar da, köhnə nəsildən başqa, bir-birinə necə qohum olduqlarından tamamilə bixəbərdirlər.
Ən görkəmli qol-budaqlı Aşurbəyovlar bunlardır: Hacı Əjdər bəy Aşurbəyov, Bəşir bəy Aşurbəyov, Teymur bəy Aşurbəyov, Hacı Mehdiqulu bəy Aşurbəyov, Əliabbas bəy Aşurbəyov, Ağa Şərif bəy Aşurbəyov, Ağasi bəy Aşurbəyov, Mehdixan bəy Aşurbəyov, Əzizbəy Aşurbəyov, Hacı Əhməd bəy Aşurbəyov, İsa bəy Aşurbəyov, Kərim bəy Aşurbəyov. Nəsrulla bəy Aşurbəyov, Rüstəm bəy Aşurbəyov və başqaları.
Aşurbəyovların Bakıda böyük imarətləri, bəzilərinin Rusiyanın şəhərlərində mülkləri, Mərdəkanda geniş sahəni əhatə edən bağları olmuşdur. Teymur bəyin Qoqol və Dimitrov küçələrinin kəsişdiyi yerdə böyük, əzəmətli imarəti, İsa bəy Aşurbəyovun Muxtarov küçəsində mülkü, Bəşir bəyin Ə. Cavad küçəsindəki iki mərtəbəli evi arxitektura cəhətdən nəzəri dərhal cəlb edir.
Əjdər bəy Aşurbəyov, Mehdixan bəy Aşurbəyov və Abbas bəy qardaşdırlar. Teymur bəy Əli bəylə Bala bəy Aşurovların atasıdır. Balabəy isə hörmətli tarixçi — alimimiz Sara xanımın atasıdır. Ağa Şərif bəylə Ağasi bəy də qardaşdırlar. Qalan Aşurbəyovlar da əksəriyyətlə bir-biri ilə ya əmioğlu, ya da bibioğlu və xalaoğludurlar. Aşurbəyovlar nəslən sabunçuludurlar. Onların neft yataqları başlıca olaraq, Sabunçuda və Zabratda olub. Onların ulu babaları Aşurxan Əfşardır. 1740- cı illərdə Nadir şah Bakıda olarkən Bakıda və ətraf kəndlərdə özünə arxa yaratmaq üçün Əfşar türk tayfalarından bir çoxunu sürgün edərək, Sabunçu, Zabrat və qismən Keşlə kəndlərində yerləşdirmişdi. Köçürülmüş tayfaların içərisində Nadirin ən yaxın adamı sərkərdə Aşur xan idi. 1743-cü ildə Ağsu yaxınlığında şirvanlıların qaldırdığı üsyanın yatırılmasında Aşur xanın yaxından iştirakına görə Nadir şah Sabunçu və Zabrat torpaqlarını həmişəlik ona bağışlamışdı. Aşurbəyovlar sülaləsi içərisində Əjdər bəy Aşurbəyov öz sərvəti və nüfuzu ilə xüsusilə fərqlənirdi. O hökümət dairələrində böyük hörmət sahibi idi. Təsadüfi deyildir ki, 1883-cü ildə Bakıya gəlmiş imperator III Aleksandrı Bakının seçmə zadəganları adından məhz təbrik etmişdi.
Əjdər bəy Aşurbəyov Sabunçu kəndində anadan olmuşdur. İbtidai təhsilini evdə alıb. Sonra kənd təsərrüfatı ilə məşğul olur. Keçən əsrin axırlarında neft istehsalı sahəsində ilk addımlarını atır. 1893-cü ildə Sabunçudakı mədənlərində bir quyusu fantan vurur. Bu onu dərhal milyonçular sırasına qaldırır. Sonralar Sabunçuda beş mədənin sahibi olur. Bunlardan ikisini özü işlədir, ikisini Nobel qardaşlarına, birini isə Şibayevə icarəyə verir. 1915-ci ildə onun Nobellə müqaviləsinin müddəti bitir və Əjdər bəy mədənləri özü idarə etməyə başlayır. Onun işlərində oğlu İsmayıl yaxından iştirak edirdi, indiki Səməd Vurğun küçəsindəki Göy məscidi Əjdər bəy tikdirmişdir. O on il şəhər dumasının qlasnısı olub. Qradonaçalnikin yanındakı neft işləri üzrə komissiyanın üzvü idi. Uzun illər Sabunçu şəhər məktəbinin hamisi olmuşdur.
HACI HACIAĞA VƏ HACI ŞIXƏLİ DADAŞOVLAR SÜLALƏSİ
Hacı Hacıağa və Şıxəli Dadaşovlar qardaş olublar. Hər ikisi Bakıda birinci dərəcəli tacir kimi tanınırdı. 1876-cı ildə Azərbaycan tacirləri üçün birinci və ikinci dərəcəli tacirlik dərəcəsi təyin edildikdə bu rütbəni Bakıda ilk dəfə Hacı Hacıağa almışdı. Hacı Hacıağa ancaq öz fərasəti, işgüzarlığı, tədbirliliyi nəticəsində qısa müddətdə milyonçu səviyyəsinə yüksəlmişdi. Onun neft mədənləri demək olar ki, olmayıb. Bütün meylini ancaq mülk tikdirməyə və dəniz ticarəti ilə məşğul olmaq üçün gəmilər inşa etdirməyə salıb. Bakı şəhərində 40-dək mülkü və Xəzər dənizində çoxlu gəmiləri olmuşdur. Gəmiçiliklə ticarətindən çoxlu gəlirlər əldə etmişdi. Bütün Yaxın və Uzaq şərq ölkələri ilə ticarət əlaqəsi vardı. Təbiətcə xəsis olsa da xeyriyyə işlərinə yaxından köməyi olub. Şəhərə su kəmərinin çəkilişində onun da payı vardı. Qatı dindardı. Rus imperatoru III Aleksandrın tac qoyma mərasimində iştirak edib. Çar tərəfindən mülki müşavir (statski sovetnik) rütbəsinə layıq görülmüşdür. Uzun müddət Bakı Dumasının qlasnısı (nümayəndəsi) olub. iki oğlu vardı: Yusif ağa və Əliabbas hələ sağlığında Yusif Ağanı özünə varis təyin etmişdi. Uca boylu, xarici görkəmcə çox gözəl olan Yusif Ağa bədxərc bir adammış. Qumara çox meyilli olub. Bu işdə ona öz cangüdənləri Dağlı Abbas və Malbaş Yusifin böyük təsiri olub. Yusif Ağa Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar çarı təbrik etmək üçün Azərbaycandan Peterburqa getmiş yeganə milyonçu idi. O çar tərəfindən Mülki müşavir titulu və gözəl kişi kimi xüsusi ordenlə təltif olunmuşdur. Peterburqda olarkən Buxara əmiri ilə görüşür və ona bildirir ki, Peterburqda tikdirdiyi məscidin nəfinə 20 min manat ianə edir. Bu pulun 10 mininə qırx çıraqlı çilçıraq, 10 mininə isə məscid üçün xalça alacaqdır. Buxara əmiri bunun əvəzində Yusif ağanı Birinci dərəcəli «Ulduz» nişanı ilə təltif edir.
Hacı Hacıağanın ikinci oğlu Əliabbas 1898-ci ildə Bayılda əmisi Hacı Şıxəli ilə şərikli gəmi təmiri tərsanəsi tikdirir. Bundan başqa Hacı Şıxəlinin özünün də gəmi təmiri emalatxanası vardı. Xəzər dənizində onun da gəmiləri üzüb. Qədim Cümə məscidinin yerində yenisini tikdirib. Öləndə həmin məscidin qapısı yanında dəfn olunub. Bu məscid indi Xalça muzeyidir. Həmin illərdə Yusif Ağa da Bibi- Heybət məscidini təmir etdirmişdir. Hacı Şıxəlinin də iki oğlu olub. Ələkbər və Ələskər. Ələkbərin oğlu podpolkovnik Şıxəli sağdır, hazırda Moskvada yaşayır. Yusif Ağanın da nəslindən bir neçə nəfər sağdır. Onlardan biri Yusif ağanın nəvəsi, Ağadadaş qızı Ofelya xanımdır.
Yusif Ağanın ölümü çox müəmmalı olub. Deyilənə görə guya 1918-ci ildə Zirə kəndində düşmənləri tərəfindən öldürülüb. Qəbri yoxdur. Başqa ehtimala görə o 1920-ci ildə ölmüşdür.
Dadaşovlar nəslindən çoxlu alim və mütəxəssis yetişmiş və ölkənin xalq təsərrüfatında və mədəniyyəti tarixində böyük xidmətləri olmuşdur. Hacı Ələkbər Dadaşovun oğlu Sadıx Dadaşov tanınmış memar idi. Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü idi.
Hacı Ələbkər Dadaşovun oğlu Şıxəli Dadaşov isə tanınmış neftçi, SSRİ Dövlət mükafatı laureatı və Sosialist Əməyi qəhrəmanı idi.
İSA BƏY VƏ KAZIM BƏY HACINSKİ QARDAŞLARI
Hər ikisinin böyük kapitalı vardı. Neftdən gəlirləri sayəsində milyonçu dərəcəsinə yüksəlmişdilər. Xəzər dənizindəki Çələkən adası bu qardaşların ixtiyarında idi. Zəngin neft yataqları olan Çələkəndən böyük gəlir götürürdülər. İnqilabdan sonra İsa bəy Hacınskinin xaricə qaçmış övladları adanı əcnəbi kapitalistlərə satmışdılar. İsa bəyin Bibiheybətdə mədənləri vardı. Bakı şəhərinin bir neçə yerində onun və qardaşı Kazım bəyin imarətləri ucalırdı. İsa bəyin ən əzəmətli binası Sahil küçəsindəki Qız qalasının yanında Roma və qotik üslubunda tikilmiş əzəmətli bina idi. Bu imarət Sahil küçəsinə xüsusi yaraşıq verirdi. Bu binadan qabaq Balaxana (indiki Füzuli) və Mariya (indiki Rəsul Rza) küçəsində də üç mərtəbəli əzəmətli bir yaşayış binası tikdirmişdi. Onun kontoru da bu binanın birinci mərtəbəsində yerləşirdi.
1912-ci ildə İsa bəy Mərdəkanda dövrələmə hasar içərisinə alınmış saxta alman və modern üslubunda bir imarət tikdirmişdi. Əsas binadan başlayaraq, qərb tərəfə uzanan xiyaban bütün sahəni əhatə edirdi. Xiyabanların kəsişdiyi yerdə alçaq dairəvi bir hovuz vardı. Aşağı terrasdan şam ağaclarına tərəf gözəl bir mənzərə açılırdı. Kazım bəyin bağı isə Mərdəkan kəndinin içərisində idi. O da dörd hasar içərisində idi. İndi burada «Qərənfil» sanatoriyası yerləşir. Bina bağın ortasında iki mərtəbəli idi. İkinci mərtəbəyə — aynabəndli eyvana ortadan pilləkənlə qalxırdılar. Bağda hər cür meyvə və bəzək ağacları əkilmişdi. Darvazadan başlayaraq, uzanan xiyaban binanın pilləkənləri qabağında qurtarırdı. Bağın şimal-şərq hissəsi eniş yerdə idi. Burada üzüm tənəkləri basdırılmışdı.
Bakı varlılarından Sadıxov qardaşları da tanınmış kapitalistlərdən idi. Sadıxov qardaşlarının «Fid» adlı çəltiktəmizləyən dəyirmanları vardı. Teyyub və Mütəllib Sadıxov qardaşlarının bu dəyirmanından indi heç bir əsər qalmamışdır. A. Quliyev və Skobelevin dəyirmanları isə indi başqa məqsədlə istifadə olunur. Sadıxov qardaşlarının indiki İstiqlaliyyət küçəsi ilə Niyazi küçəsinin tinində gözəl yaşayış binası vardır. Onların bu evi milli üslubda memar E. A. Termikelov tərəfindən inşa edilmişdir.
Seyid Mirbabayev, Kəblə Abdulla Zərbəliyev, Binəqədili Səlimov, Teymur Qulubəyov, Nəcəfqulu Məmmədov da Bakının tanınmış varlılarındandır. Seyid Mirbabayev xanəndəlikdən milyonçu dərəcəsinə yüksəlmişdi. Milyonçu olandan sonra keçmiş sənətindən birdəfəlik üzülüşmək məqsədilə vaxtilə Polşada yazılmış bütün vallarını mağazalardan və ayrı-ayrı adamlardan alıb sındırırdı. Milyonçu olandan sonra erməni Aramyansın mülkünü (indiki Azneftin binasını) baha qiymətə almışdı. Kəblə Abdulla Zərbəliyev həm qoçu və həm də neft sahibkarı idi. Onun bir neçə neft mədəni və yalnız şəhərin bir yerində təkcə bir mülkü vardı. O atasından qalmış kerosin zavodu əsasında varlanmışdı. 1876-cı ildə Sabunçuda torpaq sahələri alaraq, şəriki ilə birlikdə neft istehsal etməyə başlayır. Nefti xam şəkildə mədəndə satırdı. Bir neçə il şəhər dumasının qlasnısı olub.
Binəqədili Səlimov uzun müddət əziyyət və həyəcan keçirəndən sonra nəhayət buruqları fantana düşmüş və pula pul deməmişdi.
Teymur bəy Qulubəyov və Nəcəfqulu Məmmədov 1909-cu ildə «T. Qulubəyovun və N. Məmmədovun ticarət evi»ni təşkil edirlər. Ticarət evinin Balaxanada və Sabunçuda neft mədənləri, kerosin və benzin zavodları olub. Neft mədənlərinin istismarına 1913-cü ildə başlayıblar. Ayda 30 min pud neft çıxarırdılar. Öz neftlərindən əlavə kerosin zavodları üçün bir il müddətində 10 milyon pud neft almışdılar. İldə iki milyon yarımadək benzin emal edirdilər. Ticarət evinin Xəzər dənizində gəmiləri, neft məhsullarını daşımaq üçün özlərinin xüsusi vaqon-sistemləri vardı. Bakıda, Petrovskda, Tiflisdə, Vladiqafqazda, Yekaterinadarda, Stavropol quberniyasında, Varşavada, Lodzda, Minskdə kontor və anbarları vardı.
Bakı milyonçularından İsrafil Hacıyev çox savadlı adamdı. Rus dilini mükəmməl bilirdi. Dumanın iclaslarında şəhər təsərrüfatı barədə tez-tez odlu çıxışlar edərdi. Şəhərin bir neçə yerində gözəl binaları və Mərdəkanda (indiki elektrik dəmir yolu stansiyasının arxasında) əzəmətli villası vardı.
Bakı varlıları içərisində İsmayıl bəy və Tağı bəy Səfərəliyev qardaşlarının da öz mövqeləri vardı. Onların Rəsul Rza küçəsi ilə Nizami küçəsinin tinindəki hündür və yaraşıqlı imarətləri indiyədək durur və Nizami küçəsinə xüsusi bəzək verir. Tağı bəyin Mərdəkanda “Qoşa Qalayçalı” adlandırılan böyük bir bağı vardı. Hazırki kolxoz bazarının yanında olan bu bağda indi Azərbaycan Səhiyyə Nazirliyi dördüncü idarəsinin sanatoriyası yerləşir. İsmayıl bəyin bağı isə Pirşağıda idi. O Pirşağıya şose yolu və telefon xətti çəkdirmişdi. Ruhulla Axundov bir müddət onun yanında telefonçu işləmişdi.
Bakıda elə varlılar yaşayırdı ki, Xəzər dənizində hərəsinin beş-altı, azı üç- dörd gəmisi vardı. Belə varlılar içərisində Ramazanovlar xüsusilə fərqlənirdi.
Müəllif: Qılman İlkin. BAKI VƏ BAKILILAR
Mənbə: BAKI VƏ BAKILILAR (Üçüncü nəşri).ISBN-9952-426-12–7