«Bakinskaya izvestiya» mətbəəsi
Bakıda mətbəə yaradılması haqqında ilk məlumat keçən əsrin 70-ci illərinə aiddir. İlk mətbəə V. V. Neruçev adlı bir şəxsin olub. Həmin mətbəədə ilk çap olunan məhsul Batsı neft sənayeçilərinin orqanı olan «Bakinskaya izvestiya» qəzeti olub. Mətbəə 80-ci illərdə Qoşa Qala qapısı ağzındakı Duma meydanında yerləşirdi, Neruçev qəzetin həm naşiri və həm də redaktoru idi. Həftədə iki dəfə, bazar və cümə axşamı günləri rus dilində çıxırdı. 1890-cı illərdən sonra isə Bakıda mətbəələrin sayı artır. Məsələn, 1894-cü ildə Bakıda 10 mətbəə və bir Xromo-litoqrafiya vardı. Xromo-litoqrafiya indiki Səməd Vurğun küçəsindəki 2 nömrəli mətbəənin yerində yerləşirdi. Sahibi Q. İ. Demirov idi.
1900-cü ildə təşkil olunmuş «Aror» mətbəəsində ilk dəfə olaraq, Azərbaycan dilində kitablar çap olunmağa başlamışdı.
«Kaspi» mətbəəsi
Ən iri qəzet 1881-ci ildən çap olunan «Kaspi» qəzeti idi. Onun nəşri ta 1919-cu ilədək davam etmişdir. «Kaspi» rus dilində çap olunurdu. İlk naşir və redaktoru V. Kuzmin olmuşdur. Ondan sonra qəzetin nəşrini V. Liçkus-Xomukov, Sokolinski davam etdirmişlər. 1905-ci ildən sonra H. Z. Tağıyev mətbəəni «Kaspi» qəzetinin redaksiyası ilə birlikdə alıb, onun nəşrini davam etdirmişdir. 1919-cu ilədək qəzet müxtəlif zamanlarda Ə. M. Topçubaşov, Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi və başqaları tərəfindən redaktə olunurdu. Sonralar Tağıyev Azərbaycan hürufatı alaraq, Quranın tərcüməsini Azərbaycan dilində həmin mətbəədə çap etdirmişdir.
Orucov qardaşlarının mətbəəsi.
Bakıda ən iri mətbəə Oruc, Qənbər və Abuzər Orucov qardaşlarının elektrik mətbəəsi olmuşdur. Sonralar bu mətbəə əsasında Orucov qardaşları əsl nəşriyyat da yaratmışdılar ki, bu Azərbaycan mədəniyyəti tarixində ilk nəşriyyat hesab olunurdu. Orucovlar mətbəəsi texniki avadanlıqla təmin olunduqca nəşriyyat işi daha çox rəvac tapırdı. Mətbəədə «Miilə» markalı, özüyığan maşın, «Amerikanka», «Aqzburq» və «Frangental» çap maşınları quraşdırılmışdı. Bundan başqa Orucovların öz sinkoqrafiyası vardı. Mətbəə güclü tikən və kəsən maşınlarla da təmin olunmuşdu.
Orucovlar nəşriyyatı Azərbaycan mədəniyyətinin inkişafında, Azərbaycan kitablarının nəşrində və təbliğində də böyük rol oynamışdır. Nəşriyyat təkcə bədii ədəbiyyat deyil, siyasi və tədris ədəbiyyatının da çapına və yayılmasına böyük qayğı ilə yanaşırdı. Nəriman Nərimanovun demək olar ki, bütün əsərləri, Ə. B. Haqverdiyevin, Abbas Səhhətin, Abdulla Şaiqin, Çəmənzəminlinin, Ü. Hacıbəyovun və başqalarının əsərləri müntəzəm olaraq, burada çap olunurdu. Nəşriyyatın buraxdığı kataloqlarda çap olunmuş bütün əsərlərin adları sadalanırdı.
Dünya və rus ədəbiyyatından tərcümələr də nəşriyyatın planında mühüm yer tuturdu. L.Tolstoyun bir sıra xırda əsərlərini, Defonun məşhur «Robinzon Kruzo»
, Molyerin «Zorən təbib» və başqa əsərləri nümunə göstərmək olar. Bunlardan əlavə Orucovlar dini və şəriət kitablarının çapı ilə də məşğul olurdular. Orucov qardaşları nəşriyyatının fəaliyyət dairəsi ildən-ilə genişlənirdi. Belə ki, kitab nəşri ilə yanaşı bir sıra qəzetlər də, məsələn: «Kəlniyyət», «Həqiqət», «Günəş» kimi qəzet və jurnallar da burada çap olunurdu. Çap olunmuş kitabların yayılması və satışı ilə də nəşriyyat özü məşğul olurdu. Orucov qardaşlarınm mətbəə və nəşriyyatı Tağıyevin qız məktəbinin zirzəmisində yerləşirdi.
«Səfa» mətbəəsi
Bu mətbəə müəllim Qəfur Rəşad Əfəndiyev tərəfindən təşkil olunmuşdu. Əsasən «Məktəb» adlı uşaq məcmuəsini çap etməklə məşğuldu. Keçmiş Vorontsov və Vrangel küçələrinin tinində yerləşmiş kiçik bir mətbəə idi. Məcmuə məktəblilərin və habelə müəllimlərin dərin hörmətini qazanmışdı. Lakin həmin mətbəədə «Məktəb» məcmuəsi ilə yanaşı «Kəblə Yaftuməlinin» antimoral qəzəllərinin dərc edilməsi Qəfur Rəşadı da, mətbəəni də nəzərdən salmışdı.
«Turan» mətbəəsi
Ələkbərovların «Günəş» və əvvəllər Haşım bəy Vəzirovun olub, sonralar «Məktəb» məcmuəsinin sərəncamına keçmiş «Səfa» mətbəəsi ilə birləşməsi nəticəsində «Turan» mətbəəsi yaradılmışdı. Mətbəə keçmiş Vrangel və Spasski küçələrinin tinində, indiki urologiya xəstəxanasının yerində yerləşirdi. Burada başlıca olaraq, afişalar, elanlar çap olunurdu.
«Novruz» mətbəəsi.
İndiki passajın yuxarı tərəfində yerləşmiş kiçik bir mətbəə idi. Sahibi Cahangir Həsənov idi. O vaxtı ilə Tbilisidə «Molla Nəsrəddin» jurnalının ilk çapçılarından olub. Sovet hakimiyyəti illərində uzun müddət Azərnəşr mətbəəsində texnoloq və ofsetçi kimi işləyib.
Vermişev mətbəəsi.
İnqilabdan əvvəl «Baku» və «Bakinets» qəzetləri burada çap olunurdu. Bakıda rus dilində çap olunan ədəbiyyatın əksəriyyəti bu mətbəənin məhsulu idi. Keçmiş Lenin adına kitabxananın binasında yerləşirdi. 1920-ci ildən sonra «Kommunist» və başqa qəzetlər burada çap olunurdu. Mətbəə o zaman «III İnternasional» mətbəəsi adlanırdı Bina da Vermişevin xüsusi mülkü idi. Azərbaycan Demokratik höküməti illərində rus və Azərbaycan dillərində «Azərbaycan» qəzetləri bu mətbəədə çap olunurdu. Bundan başqa Demokratik hökümətin Birja küçəsində 1 nömrəli mətbəəsi vardı. Demokratik hökümətin bütün sənədləri həmin bu mətbəədə çap edilirdi.
«Açıq söz» mətbəəsi.
Bu mətbəə çox kiçik bir mətbəə olub, «Kaspi» mətbəəsinin sağ tərəfındə yerləşirdi. 1915-ci ildə Məmmədəmin və Məmmədəli Rəsulzadələr bu mətbəəni alıb, birlikdə «Açıq söz» qəzetini nəşr etməyə başlayırlar. O zamandan da mətbəə «Açıq söz» mətbəəsi adlanırdı.
Müəllif: Qılman İlkin. BAKI VƏ BAKILILAR
Mənbə: BAKI VƏ BAKILILAR (Üçüncü nəşri).ISBN-9952-426-12–7