Bakının yaşlı əhalisinin yaxşı yadındadır ki, o zaman Bakıda kinoteatr binalarından əlavə müxtəlif tamaşa müəssisələri də fəaliyyət göstərirdi. Doğrudur bu müəssisələrin əksəriyyəti xüsusi adamların əlində idi, bəziləri də hökümət tərəfindən ayrı-ayrı adamlara icarəyə verilmişdi. Elə tamaşa müəssisələri də vardı ki, onlar icarə yolu ilə şəhərə qastrola gəlmiş truppaların sərəncamına verilirdi. Kinoteatrların əksəriyyəti isə daimi fəaliyyət göstərirdi. 1900-cu ildən sonra Bakıda 15-ə qədər kinoteatr mövcud idi. O zaman kinoteatrlar sinemotoqraf adlanırdı.
Ən məşhur kinoteatr «FENOMEN» idi. O zaman bu kinoteatr indiki Kukla teatrının binasında idi. «RENESANS» indiki «Vətən» kinoteatrının binasında yerləşirdi. «AMPİR» — keçmiş Malakan, indiki Xaqani küçəsində, «Aktyor evi»nin yerində idi. Sovet dövründə burada Gənc Tamaşaçılar Teatrı bina sökülənədək fəaliyyət göstərirdi. «FORUM» — ən məşhur kinoteatr idi. Sovet hakimiyyəti illərində «26» kinoteatrı adlanırdı. Sonralar bu bina sökülmüş, əvəzində böyük yaşayış binası tikilmişdir.
«FORUM» Bolşoy morskoy (Bülbül) küçəsi ilə «Telefonnı» (indiki 28 may) küçələrinin tinində yerləşirdi. «EDİSSON» kinoteatrı Bülbül prospekti ilə Ü. Hacıbəyov küçələrinin kəsişdiyi yerdə indiki «Sahil» metrosunun yerində idi. «KOLLİZEY» — Nizami küçəsində Opera teatrı ilə üzbəüz köhnə bir binada yerləşirdi. Sovet hakimiyyəti illərində bu binanın yerində əvvəllər Musiqili Teatrın binası yerləşirdi, sonra da o söküldükdən sonra onun yerində hazırkı Gənc Tamaşaçılar Teatrının əzəmətli binası ucaldılmışdır. «EKSPRES» kinoteatrı isə indiki M. Ə. Rəsulzadə (keçmiş Olqa) küçəsində (indiki «Azərbaycan» kinoteatrının binasında) yerləşirdi. Sovet hakimiyyəti illərində bu kinoteatr uzun müddət «Qızıl Şərq» adlanırdı. «REKORD» — kinoteatrı Birja, sonralar Hürriyyət adlanan meydanda taxtadan tikilmiş bir binada yerləşirdi. Bu bina həm kino göstərilmək və həm də sirk tamaşaları üçün nəzərdə tutulduğundan dairəvi şəkildə idi.
«MİNYON» kinoteatrı. İndiki «Araz» kinoteatrının binasında yerləşirdi. 30- cu illərdə burada Gənclər teatrı fəaliyyət göstərirdi. Sonralar təzədən kinoteatra çevrildi. «YARDIM» kinoteatrı. Sovet hakimiyyətində də kinoteatr binası olaraq qalırdı. Təkcə adı dəyişdirilib «Ulduz» olmuşdu.
Bunlardan başqa iki kinoteatr da vardı ki, bunlar şəhərin iki böyük ticarət mərkəzləri olan passajlarda yerləşirdi. Bunlardan biri H. Z. Tağıyevin passajında (univermaq) yerləşən «FRANSIZ ELEKTRO BİOQRAFI» kinoteatrı, o biri isə Velikaya knyajskaya (Ə. Əliyev) küçəsində Kələntərovun passajında (indiki AHİŞ-in binasında) yerləşən «MUZA» kinoteatrı idi.
«ODEON» kinoteatrı Merkuri (indiki Azərbaycan prospekti) ilə Milyutin (indiki Əlyarbəyov) küçələrinin tinində hazırki Azərbaycan Səhiyyə Nazirliyi 4-cü idarəsinin 1 nömrəli poliklinikasının yerləşdiyi binada idi.
«MARS» kinoteatrı çox kiçik olub, Qubernski (indiki Nizami) küçəsi ilə Vorontsov (indiki Əzizbəyov) küçələrinin kəsişdiyi yerdə birinci mərtəbədə yerləşirdi. İkinci mərtəbədə isə «Azərbaycan» qəzetinin redaksiyası idi.
«PALATS» kinoteatrı kiçik bir salondan ibarətdi. "İsmailiyyə" (indiki Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin) binasının birinci mərtəbəsində sağ tərəfdə yerləşirdi. Onu bir nəfər bəzzaz icarəyə götürmüşdü.
Teatr binalarına gəlincə qeyd edilməlidir ki, 1911-ci ilədək Bakıda əsasən iki teatr binası vardı. Bunlardan biri 1883-cü ildə tikilmiş məşhur Tağıyev teatrı idi. Bu binada əvvəllər Rusiyanın hər tərəfindən qastrola gəlmiş aktyor dəstələri çıxış edirdilər. Yerli aktyor dəstələri yaradılandan sonra Hacı Zeynalabdin binanı onlara teatr tamaşaları göstərmək üçün bəzi hallarda pulsuz və kirayəyə verirdi.
Xüsusilə 1896-cı ildə təşkil olunmuş «Birinci müsəlman truppası» burada tez-tez tamaşalar verirdi. O zaman bu truppaya N. Nərimanov, Cahangir Zeynalov, Mehdibəy Hacinski, Həsən bəy Zərdabi və başqaları daxil idi. 1909-cu ildə baş vermiş yanğından sonra teatr Hacı tərəfindən təmir edilib, daha da gözəlləşmişdi. «Günəş» qəzeti 1910-cu il 24 avqust tarixli nömrəsində yazırdı: «Təzədən tikilmiş şəhər teatrı oktyabrın 1-də qurtarıb, təzə mövsümü açacaqdır. Teatr əvvəlkindən böyük tikilib 1700 nəfərədək adam tutur».
27 sentyabrda həmin qəzet yenə yazırdı ki, təmirdən sonra zalın boyu artırılmışdır. Parterdəki yerlərə 5 sıra əlavə edilmişdir. Səhnə və lojalar genişləndirilib. Təmir 8.300 manata başa gəlib.
Bu teatr binası Azərbaycanda opera sənətinin yaradılması ilə bilavasitə əlaqədardır. 1908-ci ildə məhz bu binada Azərbaycan opera sənətinin ilk görkəmli əsəri — Üzeyir Hacıbəyovun «Leyli və Məcnun» operası tamaşaya qoyulmuşdu. Dirijor Ə. R. Haqverdiyev idi. Baş rolda — Məcnun rolunda H. Sarabski çıxış edirdi. Tamaşa müvəffəqiyyətlə keçmişdi. Müəllif tez-tez səhnəyə çağırılıb, gurultulu alqışlarla qarşılanırdı. Bundan həvəsə düşən Ü. Hacıbəyov bir-birinin dalınca operettalar yazıb tamaşaya qoyurdu. Bunların içərisində «O olmasın, bu olsun» və «Arşın mal alan» operettaları bakılıların xüsusilə xoşuna gəlirdi. 1910-cu ildə o «Rüstəm və Söhrab» adlı yeni bir opera yazdı və həmin ilin 12 noyabrında tamaşaya qoyuldu. Dirijor müəllif özü idi.
1918-ci il mart hadisələri zamanı teatr binası ermənilər tərəfindən yandırıldı. O yalnız 1922-ci ildə təmir edildi və Dadaş Bünyadzadənin adına qoyuldu. Teatrın açılışı günü özünün Mərdəkandakı bağında yaşayan Hacı Zeynalabdin Tağıyev teatrın açılışına dəvət olunmuşdu. Hacı öz təəssüratını belə ifadə etmişdi: «Bünyadzadə yoldaş adına müsəlman teatrının açılışı münasibətilə xalqın mədəniyyəti yolunda görülən bu işdə mənim bir pioner kimi xidmətlərimi qiymətləndirən hökümətimizin bu qoca yaşımda mənə iltifatından mütəəssirəm».
İkinci teatr keçmiş Malakan bağının yanında Malakan (Xaqani) küçəsi ilə Qoqol küçələrinin kəsişdiyi yerdə tikilmiş Mikado teatrı idi. Bunun ikinci adı Pel- Mel idi. Bu binanın yapon memarlığı üsulunda tikilişi təsadüfi deyildi. Bakının varlı şəxslərindən birinin oğlu olan Əliheydər Hacı Haşım oğlu Yaponiya və Çinə olan səfərindən qayıdandan sonra bu yerdə torpaq alıb, belə bir bina tikdirmişdi. Pel-Mel teatrı binasında hər cür tamaşalar verilir, Rusiyanın məşhur incəsənət ustaları Bakıya qastrola gələrkən burada çıxış edir və kino göstərilirdi. Bir sözlə Pel-Mel Bakının rus dilli əhalisinin mədəni mərkəzinə çevrilmişdi. Özünün arxitektura quruluşu ilə fərqlənən bu bina yalnız bu yaxın illərdə yenidən təmir edildikdən sonra bütün xarici görkəmini tamamilə dəyişmişdir. Hazırda bu binada Səməd Vurğun adına Rus Dram Teatrı yerləşir.
1911-ci ildə Bakıda üçüncü bir teatr binası inşa edilib qurtarır. Bu Mayılov qardaşlarının keçmiş Torqovı (indiki Nizami) küçəsində ucaltdıqları Opera teatrı binası idi. Bina çox qısa bir müddət, təxminən bir ildə tikilib başa çatdırılmışdır. Deyilənə görə Mayılov qardaşları onu çox hörmət etdikləri bir rus müğənni qadının şərəfinə ucaltmışlar. Opera teatrı 1911-ci ilin 28 fevralında açılmışdı. Birinci gün Musorqskinin «Boris Qodunov» operası göstərilmişdi.
1983-cü ildə teatr binasında yanğın olmuşdu. Yanğından sonra təmir olunub, əvvəlki əzəmətli görkəminə qaytarılmış və daha da gözəlləşmişdir.
Tamaşa müəssisələri içərisində Bakı sirkləri də əhaliyə böyük xidmət göstərirdi. Bakıda ilk sirk binasının əsası hələ keçən əsrin axırlarında Akim və Pyotr Nikitin qardaşları tərəfindən qoyulmuşdur. Nikitin qardaşları 1880-ci ildə
Moskvada ilk sirkin binasını qoymuş və bir müddətdən sonra ölkənin başqa şəhərlərində də məsələn: Kiyevdə, Xarkovda, Kurskda, Nijni-Novqorodda, Tiflisdə və o cümlədən Bakıda onun filiallarını açmışdılar. Bakıda Nikitin qardaşları sirkinin binası Torqovı küçə ilə Böyük dəniz küçələrinin tinində, indiki Rəssamlıq texnikumu binası ilə Nizami küçəsindəki Opera teatrı binasına bitişik binaların arasında yerləşirdi. Sirk dairəvi şəkildə, daş və taxtadan tikilib, həm sirk tamaşaları və həm də səhnə əsərləri tamaşaları üçün çox yararlı idi. Bu binada sirk tamaşaları əsasən yay və payız aylarında göstərilirdi. Bu zaman səyyar sirk truppaları Tiflisə,oradan Bakıya gəlir, burada tamaşalarını bitirdikdən sonra dənizlə Həştərxana, oradan da Volqa boyu ilə yuxarılara: Saritsına, Saratova, Samaraya, Nijni- Novqoroda keçərək qastrol tamaşaları göstərirdilər. Başqa vaxtlar isə bina icarəyə verilirdi. Bakıda sirk şəhərin mərkəzində tikildiyindən qış aylarında öz ətrafına çoxlu tamaşaçı toplaya bilirdi. Binada teatr tamaşaları üçün əlverişli şərait olduğundan, yerli Azərbaycan aktyor truppaları burada vaxtaşırı tamaşalar verirdilər. Ərəblinski və başqa azərbaycanlı rejissorların rəhbərliyi ilə burada Azərbaycan yazıçılarının bir çox əsərləri tamaşaya qoyulmuşdu.
1910-cu ildə burada «Nicat» cəmiyyəti tərəfindən Ü. Hacıbəyovun, 1911-ci ildə isə H. Sarabskinin benefisi keçirilmişdi.
1917-ci ildə sirkin binası yanır. Nikitin qardaşları onu təmir etmək əvəzinə keçmiş Birja (indiki 26-lar) meydanında təzə sirk binası inşa edirlər. Bu bina əsasən taxtadan dairəvi şəkildə tikilmişdi. Burada kino göstərilməsi də nəzərdə tutulmuşdu. İçəridə tamaşaçılar üçün maksimum şərait yaratmaq məqsədilə yuxarı cərgələrə qalxan pillələr binanın xaricində düzəldilmişdi. Əlbəttə bina əsas etibarilə kino tamaşaları üçün nəzərdə tutulmuşdu. Binaya təxminən 2 minədək tamaşaçı yerləşirdi. Lakin sirkin taxtaları möhkəm mıxlanmadığından bərk xəzrilərdə bina əsir və az qala uçmaq dərəcəsinə çatırdı. 1915-ci ilin martında Şəhər Abadlıq İcraiyyə Komitəsinin iclasında bu məsələ müzakirə olunaraq göstərilirdi ki, şalbanlar bir-birilə yaxşı bənd edilməmiş və eşik tərəfdən olan pillələrdə də hər dəqiqə yanğın təhlükəsi gözlənilə bilər.
Yefimov qardaşlarının sirki də yaşlı bakılıların yəqin ki, yadındadır. Bu sirk hazırki Ü. Hacıbəyov küçəsində Rabitə evi binasının yerində idi. O da taxtadan tikilmişdi. Onun müxtəlif və zəngin proqramı olurdu. Özünə daha çox tamaşaçı cəlb edən pəhləvanların güləşi idi. Bakılılar güləşi sevirdilər. Buna görə bilet tapmaq, bütün güləşlərə tamaşa etmək hər adama müyəssər olmurdu. Çıxış edən pəhləvanlardan Sali Süleyman və Gəncəli tamaşaçıların sevimlisi idi. Sali Süleymanın güləşdiyi gün sirkin qapısında böyük izdiham yaranırdı.
Yefimov qardaşlarının sirki 20-ci illərin axırlarınadək fəaliyyət göstərirdi. Yalnız Bakıda hazırki sirk binası inşa edildikdən sonra bu taxta sirk sökülmüşdür.
Bakının ən köhnə sirklərindən biri Fürerin sirki idi. Bu Petrov meydanında Fürer adlı bir almanın idi: Sirkdə əsasən gəlmə sirk truppaları və vəhşi heyvan təlimçiləri çıxış edirdilər. Fürer qazanc məqsədilə bəzən heç yerdə tanınmamış zəif truppaları dəvət edirdi ki, bu da tamaşaçıların haqlı narazılığına səbəb olurdu. Belə hallar tez-tez təkrar olunduğundan tamaşaçılar sirk tamaşalarını baykot edirdilər. Yalnız bu vasitə ilə onlar Füreri sirk proqramının keyfiyyətini artırmağa, ona zərərə başa gəlsə də, güclü kollektivlər dəvət etməyə məcbur edirdilər. Sirkin ətrafı da həmişə natəmiz vəziyyətdə olurdu. Aylarla yığılıb qalmış heyvan peyinləri atılmadığından üfunətdən sirkə yaxınlaşmaq mümkün olmurdu. Bu məsələ dəfələrlə şəhər idarəsində müzakirə edilmiş və qərara alınmışdı ki, sirk heyvanlarının peyinləri sirkin yanında açıq havada saxlanmasın. O ya tez-tez tullanmalı, ya da taxta hasar içərisinə alınmalıdır. Fürer öz xəsisliyi ucbatından vaxtaşırı cərimə verməyə məcbur edilirdi. Sirkin dəniz kənarında olmasına baxmayaraq ətraf binalarda yaşayanlar sübhədək kəsif üfunətdən yata bilmirdilər. Petrov meydanı Sovet hakimiyyətinədək ümumiyyətlə natəmiz saxlanılırdı, Bakı sirklərində gəlmə heyvan təlimçiləri ilə yanaşı Bakının özündə yetişmiş Ələkbər Fərrux adlı bir təlimçi də iştirak edirdi.
Müəllif: Qılman İlkin. BAKI VƏ BAKILILAR
Mənbə: BAKI VƏ BAKILILAR (Üçüncü nəşri).ISBN-9952-426-12–7