Bakıda bağ salmaq böyük əzab və əziyyətlə başa gəlirdi. Şəhərə xas olan isti və küləkli havalar, suyun çatmaması və bəzi yerlərdə torpağın münbitsizliyi üzündən küçələrdə və meydançalarda yaşıllığı artırmaq çox zəhmət tələb edirdi. Bununla belə bağbanların qayğı və səyi hər şeyə qalib gəlirdi. Görülən tədbirlər nəticəsində şəhər bağlarında yaşıllıq artır və ağacların sayı çoxalırdı.
Şəhərin ən böyük bağı Mixail (Qubernator) bağı hesab olunurdu. Onun əsası hələ 1830-cu illərdə İçəri şəhər iki divar əhatəsində olduğu zaman qoyulmuşdu.
Qalanın cənub-qərbində birinci hündür divarla ikinci alçaq divar arasında olan on beş addımlıq ensiz zolaqda 40 sajın uzunluğunda və 5 sajın enində bir bağ salınmışdı. Ayrı-ayrı adamların saldığı bu bağ sonralar Bakı şəhər komendantı R. R. Xoven tərəfindən xüsusi bir qayğı ilə genişləndirilmişdi. Bakıya gələn tacirlər komendant tərəfindən məcbur edilirdi ki, özləri ilə münbit torpaq da gətirsinlər. Bunun sayəsində yaşıl zonada torpaq çox münbitləşmişdi. Sonralar qalanın ikinci alçaq divarı söküldükdə yaşıl zolaq daş qəfəsdən azadlığa çıxır. Onun sahəsi genişləndirilir, əlavə ağac və kollar basdırılır. Lakin ağaclar susuzluqdan gec inkişaf eləyirdi. 1859-cu ildə bağda rəqs üçün meydançalar düzəlir, meyvə ağadarı əvəzinə bəzək ağacları basdırılır. Qubernator evinin qabağında daş körpüyə su kəməri çəkilir və onun suyu ilə ağaclar və kollar vaxtlı- vaxtında sulanır. Çox çəkmir ki, bağda püstə, armud və zeytun ağacları qol-budaq atıb, bağa kölgə salır. Üzüm tənəklərindən kölgəliklər düzəldilir. Bağın cənub-qərb tərəfində böyük hovuz tikilir, xiyabanlarda dincəlmək üçün skamyalar qoyulur. Yayın isti aylarında əhali ağacların kölgəliklərində rahat dincələ bilirdilər. Axşamlar sərin düşdüyü zaman bağda orkestr çalardı.
Beləliklə bağ keçən əsrin axırlarında şəhərin yaşıl bir adasına çevrilmişdi. Bağa II Nikolayın qardaşı Mixailin adı verildi. Lakin bağ qubernatorun evinə bitişik olduğu üçün onu hamı Qubernator bağı kimi tanıyırdı.
Bağda təxminən indiki «Bakı Soveti» metrosunun yanında taxtadan bir klub tikilmişdi. Burada kino göstərilir, konsert verilir və sairə əyləncəli tamaşalar göstərilirdi. Sonralar bu taxta klub ehtiyatsızlıq üzündən alovlanıb yanır.
1907-ci ildə «Obşestvennoe sobranie» cəmiyyətində ağsaqqallar şurası bağda yanmış taxta klubun əvəzinə fundamental bir yay klubu (indiki filarmoniyanın binasını) tikmək qərarına gəlir. Bu məsələ Bakı Bələdiyyə idarəsinin inşaat komissiyasında böyük mübahisəyə səbəb olur. Komissiya bu fikrin əleyhinə çıxaraq göstərirdi ki, klubun tikilməsi bu ictimai bağın bütövlük və
gözəlliyinə böyük zərbə ola bilər. Çünki binanı tikmək üçün bağda yüzlərcə ağacı qırmaq lazım gələcəkdir. Lakin duma birinci gündən yay klubunun tikilməsi tərəfdarı idi. O inşaat komissiyasının fikri ilə qətiyyən razılaşmır, hətta şəhərin başçısı N. V. Rayevskinin rəyi ilə də razılaşmadan bağda yay klubunun, tikilişi üçün 3,640 km torpaq sahəsi ayırır. Binanın tikiləcəyi yerdə bütün ağacları qıraraq, memar Q. M. Termikelovun hazırladığı layihə əsasında binanın tikilişinə başlanır.
Bina 1910-cu ildə başlanıb, 1912-ci ildə başa çatdırıldı. Beləliklə, İtalyan intibahı üslubunda tikilmiş bu nəfis, gözəl bina Nikolay (indiki İstiqlal) küçəsindən Sadovı küçəsinə (indiki Niyazi küçəsi) burulan yerdə küçədəki məişət və ictimai binalar ansamblına gözəl bir əlavə oldu.
Malakan (Mariya) bağı. Xaqani, Qoqol, Ü. Hacıbəyov və R. Rza küçələrinin arasında yerləşmiş bu bağın vaxtilə Malakan bağı adlandırılması təsadüfi deyil. Bu o zamanlar Bakıya sürgün edilmiş malakanların adı ilə bağlıdır.
XVIII əsrdə Rusiyada yaradılmış malakan təriqəti, məlum olduğu kimi kilsəni, dini ayin və rüsumları inkar edirdi. Buna görə də çarizm həmin təriqətdən olanları — babtisləri, Peşkovçuları Rusiyanın içərilərindən (məsələn, Tavriya, Saratov, Tambov, Orenburq quberniyalarından) uzaqlaşdırırdı. Onlar Sibirə, Amura, Volqaboyuna və Zaqafqaziyaya sürgün olunurdular. 1843-cü ildə Qafqaza sürgün olunmuş ilk malakan ailələri Azərbaycanın Xızı rayonunda, Altıağac kəndində yerləşdirildi. Onların belə ucqar yerə göndərilməsi təsadüfi deyildi. Çar məmurları çalışdılar ki, onlar xristian olmayan yerlərdə məskən salsınlar. Azərbaycana sürgün olunanların sonrakı dəstələri isə Mərəzədə və Astraxanbazarda (indiki Cəlilabad) yerləşdirildi. Təkcə Şamaxı qəzasında o zamanlar doqquz malakan kəndi yaradılmışdı.
Malakan ailələri əsasən əkinçiliklə məşğul olurdular. Ancaq malakan kişilərinin başlıca məşğuliyyəti arabaçılıq idi. Onların dördçarxlı, üstü yarımdairə şəklində örtülü arabaları azərbaycanlılar arasında «malakan furqonu» adlanırdı. 1853-cü il rus-türk müharibəsində onlar öz furqonları ilə cəbhəyə hərbi sursat daşıyırdılar. Zaqafqaziyada dəmir yolu çəkilənədək Bakıdan Tiflisə, oradan da Qara dəniz sahillərinə yükü malakan furqonları aparırdı.
Malakanlar doğma yurdlarından ayrı düşsələr də güzəranlarını yaxşı qurmuşdular. İçərilərində varlananlar da az deyildi. Hətta XIX əsrin axırları və XX əsrin əvvəllərində Bakı kapitalistləri içərisində malakanların da nümayəndələri var idi.
Xızı malakanlarının Bakı ilə əlaqəsi xüsusilə möhkəm idi. Malakanlar yetişdirdikləri məhsulları satmaq üçün Bakıya gətirirdilər. Bakıya Şamaxıdan yük daşıyan malakan furqonlarının ardı-arası kəsilmirdi. Furqonsürənlər indiki 9 Yanvar bağının yerini (sonralar bura Malakan bağı adı ilə məşhurlaşdı) özlərinə dayanacaq seçmişdilər. O zamanlar Bakı şəhəri qala divarlarından xaricə çıxmağa başlasa da, bura hələ ucqar hesab olunurdu. Sonralar malakan ailələrindən bəziləri köçüb burada özlərinəməskən saldılar. XIX əsrin 50-60-cı illərində isə bu yermalakan qəsəbəsi (slobodası) kimi şöhrət tapmışdı. Sahənin ortasında bağ da salınmışdı.
Bakıda neft sənayesi inkişaf etdikcə neftin başqa şəhərlərə daşınması mühüm məsələyə çevrilirdi. Nefti və neftdən alınan məhsulları uzaq şəhərlərə tuluqla daşımaq mümkün deyildi. Neftin daşınması üçün davamlı qab lazım idi.
Taxta və metal çəlləklərdən istifadə olunmağa başlandı. Malakan qəsəbəsində yaşayanlar taxta çəlləklər hazırlamağa başladılar və bu sahədə ixtisaslaşdılar. Bağın ətrafında açılmış dükanlarda və bəzi evlərin qabağında qaynar iş gedirdi. Çəlləklərin böyürlərinə vurulan dəmir çənbərləri düzəltmək üçün dükanların qabağında böyük çalalar qazır və su ilə doldururdular. Bu su aylarla dəyişdirilmirdi.
Şəhər şərqə tərəf genişləndikcə bağın ətrafında uca binalar tikilir, küçələr salınırdı. Buna görə də çəlləkçi dükanlarının, ümumiyyətlə malakan qəsəbəsinin başqa yerə köçürülməsi zərurəti meydana çıxırdı. 1872-ci il yanvarın 31-də Bakı qubernatoru V. M. Pozenin şəhər Bələdiyyə idarəsi rəisinə göndərdiyi sərəncamda Malakan bağı ətrafında yaranmış natəmizlik barədə belə deyilirdi: "Şəhərin şimal- şərq və şərq hissələrində, Marinski bağından başlayaraq bir çox evin qabağında çəlləkçi dükanları açılıb. Bu, şəhərdə ağcaqanad yaranması təhlükəsini artırır. Çənbərləri islatmaq üçün yerdə çalalar ilboyu qalır və şəhərdə malyariya xəstəliyini artırır".
Bağın ətrafını abadlaşdırmaq Bələdiyyə idarəsinin qarşısında ciddi və müşkül bir məsələ kimi dururdu. Çox keçmir ki, malakan qəsəbəsi şəhərin kənarına (indiki Səttarxan adına zavodun yanına) köçürülür. Çəlləkçi dükanları da şəhərin mərkəzinə çevrilməkdə olan bu yerdən indiki Ş. Bədəlbəyli (Dimitrov) küçəsinin yerinə köçürülür. Ora sonralar Bondamı küçəsi adlandırılır. XIX əsrin axırlarında dörd tərəfdən uca binalarla əhatə edilmiş Malakan bağı gəzinti yerinə çevrilir.
1891-ci ilin «Qafqaz kalendarı»nda həmin bağ barədə belə deyilirdi: «Marinski (Malakan) bağı dayələrin körpələrlə gəzişdiyi sevimli bir yerdir».
Sonralar Malakan bağı (Marinski bağı) və onun cənub tərəfində olan küçə (indiki Rəsul Rza küçəsi) Marinski küçəsi adlandırılır. Lakin bağ əhali içərisində yenə də Malakan bağı kimi tanınırdı.
Beləliklə, Marinski (Malakan) bağı şəhər əhalisinin gəzinti və istirahət yerinə çevrilir. Bağda yeni ağaclar əkilir. Lakin su olmadığından bu ağaclar nə boy atır, nə də kölgə salır. Bayır şəhərdə yeganə bir su kəməri (Sisianov su kəməri) var idi. O, İçərişəhərdə olan Xan su kəmərindən ayrılmış bir qol idi. 1869-cu ildə Sisianov su anbarından Marinski küçəsinə xüsusi kəmər çəkilir. Bu kəmərlə su parapetin altından keçərək Marinski və Malakan küçələrinin tinində tikilmiş su fantanına dolurdu. Əsas anbarda suyun azalacağı nəzərə alınaraq bir neçə təzə quyu qazılır və onların suyu da kəmərə axıdılır. Beləliklə, anbarda (o, Azərnəşr binasının arxa tərəfində indi də durur) su çoxalır, Marinski və Malakan küçələrinin tinində tikilmiş fəvvarədə xeyli su ehtiyatı əmələ gəlir. Gündüzlər bu sudan əhali istifadə edir, gecələr isə bağın ağaclarını sulayırdılar. Malakan varlılarından olan Kaşeyev sonralar fantanı öz hesabına bağın ortasına köçürdür.
Şəhərin bu hissəsinə su kəməri çəkilməsi ətraf küçələrdə böyük canlanmaya səbəb oldu. Malakan və Qoqol küçələrinin tinində Mikado və ya Pel-Mel teatrının (indiki Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı) və onunla üzbəüz «Ampir» kinoteatrının açılışı adamları bu yerə daha çox cəlb etməyə başladı.
Əlamətdar hadisələrdən biri də 1903-cü ildə bu ətrafda, Ü. Hacıbəyov küçəsi tərəfdə Hacı Nemətulla Səidovun mülkündə yeni bir qiraətxananın açılması idi. Bu, Bakıda açılmış ikinci qiraətxana idi. O, Nəriman Nərimanov, Həbib bəy Mahmudbəyov, Əsədulla Axundov, Əbdüləli bəy Vəlibəyov və başqalarının təşəbbüsü ilə yaradılmışdı. Onların birgə səyi nəticəsində qiraətxana nəinki yerli qəzetləri, habelə Rusiyanın müxtəlif şəhrlərində nəşr edilən bütün qəzet və jurnalları da alırdı. Ancaq qiraətxana cəmi iki il fəaliyyət göstərdi. 1905-ci ildə çarizm tərəfindən qızışdırılan və fevralın 6-dan 9-dək davam edən erməni- müsəlman qırğınında qiraətxana bir dəstə daşnaq qaragüruhçusu tərəfindən dağıdıldı.
Konka xəttinin də buradan keçməsi Malakan bağının ətrafını gur bir yerə çevirmişdi. Vağzaldan gələn konka xətti bağın yanında iki yerə haçalanırdı: biri Bayıla gedirdi, o birisi isə Şamaxı yoluna qalxırdı.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Malakan bağı 9 Yanvar adlandırıldı, daha sonralar ona Haşım Əliyevin adı verildi.
Bakıda yaşıllığı o qədər əziz tuturdular ki, bir evin və ya bir ictimai binanın qabağında salınmış on-on beş ağacdan ibarət yaşıllığı da bağça kimi qoruyub qayğısına qalırdılar. Belə kiçik bağçalardan üçünü göstərmək olardı. Bağırov bağçası. Bu bağça indiyədək Səməd Vurğun küçəsi ilə Vidadi küçələrinin arasında Ali Məhkəmənin qarşısında durur. Sisianov bağçası (hazırda Azərnəşrin binasının aşağısındakı bağ) və nəhayət, Şamaxı yolunda Azad Azərbaycan qadını heykəlinin açılışınadək onun yerində olan kiçik Adamov bağçası. Bağırov və habelə Adamov bağçaları ev sahiblərinin yaşadıqları evlərinin qabağında salındıqları üçün ev sahiblərinin adı ilə də adlandırılmışdı. Sisianov bağçası Sisianovun öldürüldüyü yerdə onun xatirəsinə düzəldilmiş abidənin qabağında idi.
Quru bağ (PARAPET). Bu bağ şəhərin mərkəzində salınmışdı. Lakin əkilmiş ağaclar sulanmadığından yarpaqlanıb, boy atmırdılar. Buna görə də camaat içərisində Quru Bağ kimi tanılırdı. 1905-1907-ci illərdə Quru Bağda fəhlələrin tez- tez mitinqləri və protest nümayişləri keçirilirdi. 1918-ci ildə Türklər Bakıda olarkən bu bağda cinayətkar və oğrular üçün dar ağacları qurmuşdular.
1920-ci ildə Quru Bağa rəsmi olaraq, Karl Marksın adı verilmişdi. Bakılılar isə ta bizim günlərədək onu Parapet kimi tanıyırlar.
ŞƏHƏR BULVARLARI
Staroselski bulvarı. Bu bulvar indiki Mərkəzi kolxoz bazarından başlayıb, Səməd Vurğun küçəsi ilə M. Nağıyev xəstəxanasınadək uzanırdı, Aleksandr bulvarı — indiki «Naxçıvan» mehmanxanasının yanından başlayıb, Səməd Vurğun küçəsində Staroselski bulvarı ilə kəsişərək, Uşaq dəmir yolu stansiyasından Təbriz (Çapayev) küçəsinədək uzanırdı. Sofiya bulvarı, nəhayət, Sahil bulvarı.
Şəhər Sahil bulvarından başqa o biri bulvarlar adətən küçənin ortası ilə salınmış seyrək ağaclıqlardan ibarət idi.
Sahil bulvarı şəhərin ən iri bulvarı idi.
Dəniz havası ilə nəfəs almaq və yayın isti aylarında sərinləmək üçün sahildə bulvar yaradılması Bələdiyyə idarəsini çoxdan düşündürürdü. Bu barədə ilk addım 1909-cu ildə atılmışdır. Bulvarın salınması təşəbbüsçüsü Bakının görkəmli mühəndisi M. H. Hacınski olmuşdur. Hacınski bu illərdə Bələdiyyə idarəsində inşaat şöbəsinə başçılıq edirdi. Onun səyi ilə bulvarın salınması məsələsi dumanın iclasına qaldırıldı. Duma bu iş üçün 60 min manat vəsait ayırmağı qərara aldı, Hacınski şəhər memarlarından Adolf Eyxerin yaxından köməyi ilə bulvarın salınması layihəsinin hazırlanması ilə məşğul oldular. Onlar təkcə bulvarın salınması və orada meyvə və bəzək ağaclarının əkilməsini deyil, qəşəng pavilyon və binaların tikilməsi barədə də müsabiqə elan edirlər. Müsabiqədə 30 nəfərədək memar və mühəndis iştirak edirdi. Müsabiqədə birinci mükafatı memar Q. M. Termikelov almışdı.
Şəhər idarəsi bulvarın salınması, orada yardımçı binaların — pavilyonların, restoran və dəniz hamamının tikilməsi ilə sahilin yalnız özəlləşməsini deyil, eyni zamanda əldə edilən gəliri də nəzərdə tuturdu. Bulvarın yaradılması ilə Şəhər idarəsi daha bir çətin məsələ qarşısında durmuşdu. Bu da çirkab suların axıdılması idi. O vaxtadək şəhərin çirkab suları birbaşa dənizə axıdılırdı. İndi isə bu sular borularla axıdılmalı idi. Tikiləcək dəniz hamamı nümunəvi və şəhər əhlinin istirahəti üçün rahat olmalı idi.
Bulvarın salınması üçün xeyli iş aparılandan sonra dumada qlasnılar təzə məsələ qaldırdılar ki, bulvar sahilindən bütün körpülər yığışdırılmalıdır. Həqiqətdə də bulvarın salınacağı sahədə taxta körpülər çox idi. Xəzərin qərb sahilində olan 75 körpüdən 25-i şəhərin məhz bu mərkəzi hissəsində idi.
Bulvar Daş körpünün yanından, daha doğrusu qubernator evinin qabağından başlayaraq, Sahil küçəsinin bağlandığı «Qafqaz və Merkuri» ellinqinədək küçə boyu uzanmalı idi.
1910-cu ildə hazır olan bulvar və dəniz hamamı Sahil küçəsinə ayrıca bir gözəllik verdi. Yük daşımaq məqsədilə tikilmiş taxta körpülər də bir neçəsindən başqa şəhərin mərkəzi hissəsindən yığışdırıldı. Yalnız bulvardan dəniz hamamına gedən körpü, Tamojnı körpüsü və bir də camaatı dəniz gəzintisinə çıxaran qayıqlar üçün kiçik bir körpü saxlandı. Dəniz hamamının idarə edilməsi də hərrac yolu ilə xüsusi bir adama tapşırıldı.
Müəllif: Qılman İlkin. BAKI VƏ BAKILILAR
Mənbə: BAKI VƏ BAKILILAR (Üçüncü nəşri).ISBN-9952-426-12–7