BAKI - quberniyanın paytaxtıdır

BAKI - quberniyanın paytaxtıdır

1859-cu ildə Şamaxıda baş vermiş dəhşətli zəlzələ şəhəri viran qoymuşdu. Bütün daş binalar və o cümlədən qubernatorluğun inzibati binaları da uçub dağılmışdı. Belə bir hadisədən sonra quberniya paytaxtının Şamaxıda qalıb-qala bilməməsi məsələsi Qafqaz canişinliyini düşündürməyə başladı. Canişin imperator Aleksandr qarşısında məsələ qaldıraraq, bildirdi ki, belə dəhşətli təbii fəlakətdən sonra quberniya mərkəzinin Şamaxıda qalması məqsədəuyğun deyil. 1859-cu il dekabrın 6-da imperator Aleksandrın fərmanı əsasında Şamaxı quberniyası ləğv olunub, əvəzində Bakı quberniyası yaranır ki, bunun da mərkəzi Bakı şəhəri elan edilir. Həmin fərmandan sonra keçmiş quberniyanın bütün əmlakı Bakıya daşınır. Şamaxı isə qəza mərkəzi olaraq qalır.
Aydın məsələdir ki, qala divarları içərisinə sığınmış kiçik Bakı şəhəri quberniyanın mərkəzinə çevrilmək üçün hazır deyildi. Quberniya müəssisələrini yerləşdirmək üçün şəhərdə bina çatmırdı. Keçmiş quberniya məmurlarının Şamaxıdan Bakıya köçmələri ilə şəhər əhalisinin sayı da artmışdı. Bütün bunlar forştatdın məskənləşdirilməsini daha da sürətləndirirdi.
Qala divarlarından kənarda salınmış yeni məhəllələri su ilə təchiz etmək şəhərdən ötrü ən  çətin  problemlərdən  biri  idi.  İçərişəhərdən  bayır  şəhərə  su daşımaq yolu ilə bunun öhdəsindən  gəlmək  çox  çətindi.  Buna  görə  İçərişəhərdəki Xan su kəmərindən xüsusi yeraltı bir yol ayrılıb,  Sisianov  bağının  aşağısında düzəldilmiş iri daş su hovuzu ilə birləşdirildi. Bu iş şəhər memarı Qippiusun şəxsi nəzarəti  altında  keçirilmişdi.
Qippiusdan sonra şəhər memarı vəzifəsində işləmiş ilk azərbaycanlı memar Qasımbəy Hacıbababəyov Sisianov bağının yanında memarlıq cəhətdən son dərəcə gözəl bir su fantanı tikdirərək, əhalinin sərəncamına vermişdi.
 
Bundan əlavə Qasımbəy Hacıbababəyov indiki Karl Marks adına bağın (Parapetin) salınmasında da böyük səy göstərmişdir. Bu bağda ağaclar əkilsə də, vaxtlı-vaxtında suvarılmadığından, ya da suyun azlığından yarpaqlanıb, qol-budaq ata bilmirdi. Bu səbəbdən əhali içərisində Parapet bağı Quru bağ adlanırdı. Rəsmi idarələr tərəfindən bu bağa Kolyabakin bağı adı verilmişdi. Guya bu bağın salınmasında Bakı qubernatoru Kolyabakinin də xidməti az olmamışdır.
Parapetin yanında 1870-ci ildə iki karvansara tikilmişdi. Bu karvansaralardan birinin binası indiyədək durur. Hazırda bu binanın birinci mərtəbəsində «Araz» kinoteatrı yerləşir. Karvansaranın qərbində indiki Mərkəzi univermağın yeri bazar idi. Sonralar bu bazar Qəssab bazarı adı ilə məşhur olmuşdu. İki cərgə üzbəüz dükanlarda ət satılırdı. Qəssab bazarı iki paralel küçəni: Bazar (Hüsü Hacıyev) küçəsi ilə Vorontsov (Əzizbəyov) küçələrini birləşdirirdi. Qəssab bazarından başlayaraq, bu iki paralel küçə arasında bir küçə də salınmışdı. O zaman bu küçə Sisianov (indiki Təbriz Xəlilbəyli) küçəsi adlanırdı. Küçə Quba meydanınadək uzanırdı. Həmin küçələrlə yanaşı olaraq, Erməni (M. Qorki) küçəsi salınmışdı. O Parapetdən, burada tikilmiş erməni kilsəsindən başlayaraq, o biri küçələrlə yanaşı, Balaxana (Füzuli) küçəsi ilə kəsişərək, Kömür meydanınadək uzanırdı. Hərtərəfdə tikinti işləri gedirdi. Yeni evlər, qabaqlarında yaşıllıqlar salınırdı. Beləliklə, 1843-cü ildə İçərişəhərin forştatdla birlikdə ümumi sahəsi 63,3 hektar idisə, bundan təxminən 45 hektarını forştadt təşkil edirdi. 1843-cü ildən yeni şəhərin sahəsi xeyli genişlənmişdi. Təzə binaların əksəriyyəti Avropa üslubunda tikilir və bayır tərəfdən Bakının məşhur ağ daşı ilə bəzədilirdi. Varlı evlərinin damında mütləq günbəz olurdu. Bundan başqa evlərin fasadında ev sahiblərinin insialı (vensel) həkk olunurdu. Bakıda varlılara məxsus elə bir ev tapmazdın ki, o günbəzsiz və venselsiz olsun. Bu iki əlamət uzaqdan binanın varlı adama məxsus olduğunu bildirirdi.
 
İnşaat işlərini qaydaya salmaq məqsədilə şəhər ərazisi əvvəllər iyirmi, sonra isə aşağıdakı qaydada doqquz rayona ayrıldı: 1. Çənbərəkənd. 2. Şamaxinka və Təzə Pir. 3. Kərpicxana və Qanlı Təpə. 4. Zavağzal. 5. Qara şəhər. 6. Sahil. 7. Mərkəzi rayon. 8. İçərişəhər. 9. Erməni və müsəlman məhəllələri.
Adları çəkilən rayonların hamısında inşaat işləri eyni qaydada getmirdi. Elə rayon vardı ki, yaradılmış çətinlik üzündən orada inşaat işləri aparmaq qeyri- mümkündü. Məsələn, indiki Sabunçu vağzalı ətrafında neft sahibkarları tərəfindən salınmış zavod və emalatxanalar o qədər çox idi ki, burada bir arşın da boş yer qalmamışdı. 1870-ci ildən tikilməyə başlayan zavodların əksəriyyəti vağzaldan başlayaraq, ta Skobelevin dəyirmanınadək (Xaqani və Azadlıq prospekti küçələrinin) vağzala yaxın hissələrini Mövsümov, Krasilnikov, Mirzəyev, Velzep və başqalarının zavodları işğal etmişdi. Ətraf mazut və çirkab içində idi. 1873-cü ildə Bələdiyyə idarəsi əhalinin təkidi ilə bu yerdən 147 zavodun şəhər kənarına çıxarılması barədə qərar qəbul etdi. Zavodlar indiki Qara şəhərin yerinə köçürüldü. Beləliklə də 1873-cü ildən Qara şəhərin əsası qoyulmuş oldu. Köçürülmüş zavodların qara tüstüləri ətrafı bürüdüyü üçün bura camaat arasında Qara şəhər kimi tanınırdı. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Qara şəhərdəki zavodların ocaqlarında əsas yanacaq olan neft farsunkasız yandırıldığından qara tüstü verirdi. Bir müddətdən sonra Zığ tərəfə uzanan təzə zavodlarda ocaqlar forsunka ilə işlədiyindən bacalardan qara tüstü əvəzinə ağ tüstü qalxırdı. Çünki forsunkada neft tamamilə yandığından qara tüstü olmurdu. Buna əsasən də yeni zavodların salındığı sahə Ağ şəhər adlanmağa başladı.
Bələdiyyə idarəsinin qərarına baxmayaraq, bəzi sahibkarlar öz zavodlarını emalatxana adı altında yenə şəhərin daxilində saxlaya bilmişdilər. Xüsusilə 70-ci illərin qolu güclü neft maqnatı Mirzəyev öz zavodlarından bir neçəsini emalatxana adı altında şəhərdə saxlaya bilmişdi.
Şəhərin cənubunda, xüsusilə Mixail (indiki İnqilab) bağının sağ tərəfindəki, sonralar, yəni Mixail bağı salınandan sonra Sadovı adlandırılmış Dağaltı küçəsində də inşaat işləri zəif gedirdi. Buna da səbəb bu küçədəki neft anbarları və neft satan dükanların olması idi. Eyni ləngliyi Qala divarının şimalında, yəni indiki Ə. Əliyev küçəsində də görmək olardı. Buralar o zaman bataqlıq və qamışlıq olduğundan inşaat işləri aparmaq mümkün deyildi.
 
Qoşa Qala qapısından və Quru bağdan (Parapet) başlayaraq indiki Hüsü Hacıyev, Təbriz Xəlilbəyli küçələri ilə yanaşı uzanan küçədə bir-birinin dalınca uca evlər tikilmişdi. Sahilə yaxın Milyutin (Əliyarbəyov), Qorçakov (Tağıyev), Merkuryev (Azərbaycan prospekti) Polis (Məmmədəliyev) küçələrində inşaat işləri çox sürətlə gedirdi. Bu küçələrdə illərlə inşaat materiallarının yığılıb qalması üzündən hərəkət çətinləşmişdi. Bələdiyyə idarəsi, binalar tikilib qurtarandan sonra belə inşaat zibillərini yığışdırmayan ev sahibləri ilə daima mübarizə aparırdı. Mərkəzi rayona arabalar və dəvələrlə daşınan inşaat materiallarının ardı-arası kəsilmirdi. Daş əsas etibarilə ətrafdakı daş karxanalarından daşınırdı. O dövrdə karxanaların sayı o qədər çox idi ki, istehsal olunan daş nəinki Bakının tikintilərini təmin edir, hətta Tiflisə də aparılırdı. Ən iri daş karxanaları bunlar idi:
1.Alatava karxanaları. Bunlar ən qədim karxanalar idi və Saray şose yolunun ətrafında yerləşirdi. Karxanaların ümumi sahəsi 35000 kv. sajına bərabərdi. Alatavada daş təbəqələrinin qalınlığı 1 sajından 3 sajına çatırdı.
Alatava karxanalarında çıxarılan daş çox möhkəm olub, hər kv. düyümü 2 pud ağırlığına davam gətirirdi. Karxanalar 14 sahəyə ayrılmışdı və hamısı da podratçılar tərəfindən idarə olunurdu.
2.Sallaqxana karxanaları. Bu karxanalar sallaqxana yanında yerləşdiyindən belə adlanırdı. Burada çıxarılan daş çox möhkəm idi. Rəngi də qırmızıya çalırdı. Hər kv. düyümü 2 pud ağırlığına davam gətirirdi. Əsasən özül və üz üçün istifadə olunurdu. Karxanaların uzunluğu bir verstə yaxın idi. Buralarda daş təbəqələri çox güclü idi. Qalınlığı üç sajına çatırdı. Karxanalar ayrı-ayrı podratçılara məxsus 16 sahədən ibarət idi.
3.Çəmbərəkənd karxanaları. Burada çıxarılan daş da çox möhkəm idi. Özül üçün və düm ağzı kimi istifadə edilirdi. Lakin onu yonub hazırlamaq çox çətin idi. Buna görə də ondan çox zaman yonulmamış istifadə edirdilər. Sahəsi təxminən 3000 — 3200 kv. sajın idi. 3 sahəyə ayrılmışdı. Karxanalarda 30 nəfərədək bənna və daşyonan işləyirdi. Yonulmamış daşın bir qalağı 3,5-4 manata satılırdı. Dümağzının bir ədədi isə 10 qəpik idi.
4.Ermənikənd  karxanaları.  Erməni  qəsəbəsinin  şimal-qərbində yerləşirdi.
Çıxarılan daş əhəng daşı olsa da çox möhkəm idi. Yatağın dərinliyi 1 arşına yaxındı. Buna görə də burada karxanaların sayı saysız-hesabsız idi. Daşın hər min ədədi 12 manata satılırdı. Bu sahələrdə podratçılar üçün işləyənlərdən başqa özləri üçün daş çıxaranlar da vardı.
5.Biləcəri karxanaları. Bu karxanalar Erməni qəsəbəsindən cənub-qərbə tərəf uzanırdı. Qayalıqlar torpağın üstünə çox yaxın idi. Çıxarılan daş möhkəm idi. 18 kiçik sahələrdən ibarət olan Biləcəri karxanaları podratçılar və əksərən fəhlə artelləri tərəfindən idarə olunurdu. Sahəsi çox genişdi. 3000 kv. sajından da çox idi.
 
6.Doğranmış daş karxanaları. Bunlar nisbətən sonralar açılmışdı. Burada daş xüsusi üsulla, demək olar ki, yalnız ruslar tərəfindən çıxarılırdı. Çıxarılan daş yumşaq olduğu üçün yüksək təzyiqə davam gətirə bilmirdi. Karxanalar ayrı-ayrı 18 hissəyə bölünmüşdü. Karxanaların ümumi sahəsi 35000 kv. sajındı.
7.Badamdar daş karxanası. Bu karxana qismən sonralar  açılmışdı. Çıxarılan daş isə üzlük ağ daş idi.
Göründüyü kimi, bütün karxanalar xüsusi adamlar tərəfindən idarə olunurdu. Hər kəs şəxsi karxana açmaqda və ondan istifadə etməkdə sərbəst idi. Bundan ötrü şəhər idarəsindən ancaq icazə almaq lazım idi. Kim harda istəsəydi karxana aça bilərdi. Əlbəttə, hamı çalışırdı ki, karxanası şose yoluna yaxın olsun.
Elələri    də    vardı    ki,    karxananı    dərinləşdirməklə    özlərini    əziyyətə    salmaq istəmirdilər.   Üst   qatdan   daşı   çıxarandan   sonra   sahəni   dəyişirdilər.   Bunun nəticəsində   idi   ki,   kiçik   bir   sahədə   başlı-başına   buraxılmış   saysız-hesabsız karxanalar qalmışdı.
Daşlar karxanadan inşaat sahəsinə arabalarla və dəvə belində daşınırdı. Daşın uzaq karxanalardan daşınması çox çətindi və həm də baha başa gəlirdi. Bakının  ağ  daşı  qonşu  ölkələrdə  də  şöhrət  tapmışdı.  Tiflisdə  uca  imarətlərin tikilişində Bakının ağ daşından çox istifadə edilmişdir.
 
Xəzərin sahilində, indiki Neftçilər prospektində inşaat işləri 1834-cü ildə, şəhərin ikinci hasarı söküləndən sonra geniş vüsət tapdı. Bu daşlardan bir hissəsi hündür hasarın təmir edilməsinə sərf edildi. Bir hissəsi isə xüsusi adamlara satıldı. Sahil küçəsi memar Qasımbəy Hacıbababəyov tərəfindən səliqəyə salındı. Burada yüksək binalarla yanaşı olaraq, ağac əkilir, yaşıllıqlar salınırdı. Lakin suyun çatışmamazlığından ağaclar boy ata bilmirdi. Bununla belə Sahil küçəsi bakılıların yeganə gəzinti və istirahət yeri idi. Bu illərdə yazıçı Şirvanzadə Sahil küçəsini belə təsvir edirdi: «Gəzinti üçün yeganə yer Sahil küçəsi və onun lap qurtaracağında salınmış bağ idi ki, burada ağaclar adama aclıqdan zəifləmiş adamları xatırladırdı. Zaqafqaziyanın uzaq bucaqlarından gəlmiş fırıldaqçılar, qazanc axtaran səfillər səhərdən axşamadək Sahil küçəsində gəzişirdilər. Onların içərisində elələri vardı ki, istədikləri adamları muzdla o biri  dünyaya  göndərməyə  hazırdılar.  Belə adamların toplaşdığı yer küçənin lap qurtaracağında açılmış çayxana idi. Polisin, əlbəttə, bu çayxanadan xəbəri vardı, ancaq oraya getməyə çəkinirdi.
Neft sənayesinin inkişafı ilə əlaqədar nəinki səfil və fırıldaqçılar özləri Bakıya axışıb gəlir, bəzən hökümət özü belə adamları buraya sürgün edirdi. Keçən əsrin əllinci illərində Bakı sürgün məskəni olmuşdu. 1852-ci ildə Qasım bəy Zakir də Bakıya sürgün edilmişdi. O üç ay qışı burada keçirmişdi. Bakıdan M. F. Axundova yazırdı:
Olmuşam Bakıda sakin, farağat,
Zövqi tamaşası misali cənnət. 
Ziyada dərdi-sər, dəxi nə hacət 
Feramuş eyləmə müxtəsər məni.
 
İsmayıl bəy Qutqaşınlıya yazdığı məktubunda Bakının sərt soyuqlarından şikayətlənərək, ona qalın bir kürk göndərməsini xahiş edirdi:
Əgərçi var Dağıstani kürkü Zakirin, amma, 
Cənabından dəxi bir sarı kürki-Ərdəbil istər.
Lakin Q. B. Zakir Bakıda çox qalmır. Dostlarının, birinci növbədə M. F. Axundovun köməyi sayəsində sürgündən azad olunub, Qarabağa qayıdır.
50-ci illərdə Bakıda cinayətkar və səfillərin sayı o qədər artmışdı ki, Şəhər idarəsi onları zorla gəmilərə oturdub, şəhərdən çıxarmağa məcbur olmuşdu.
1865-ci ildə qala divarlarının sahil tərəfdə olan üç darvazalı hissəsi sökülür. Çünki bu hissənin artıq heç bir əhəmiyyəti qalmamışdı. Divar şəhərin limanla əlaqəsinə mane olur və dənizdən qalxan təmiz havanın qarşısına sədd çəkirdi.
Bu iş Bakının ilk memarı Qasımbəy Hacıbababəyovun başçılığı altında keçirilmişdi. Sökülmüş divarın daşları xüsusi şəxslərə satılaraq, 44 min manat pul əldə edilmişdi. Bələdiyyə idarəsi həmin pula təzə körpülər quraşdırmış və Sahil küçəsini xeyli sahmana salmışdı. Buna baxmayaraq, küçə hələ də  natəmiz saxlanılırdı. Küçənin künc-bucaqlarında zibil aylarla yığılıb qalırdı. Küçənin bu vəziyyətini yazıçı Şirvanzadə belə təsvir edirdi: „Təbiətən  şəhərin gözəlliyi üçün yaradılmış dənizin sahilində zibildən qalaq vurulmuşdu. Gilavar gəmilərin dənizə tökdüyü mazutu sahilə vuraraq, suyun üstündə qara ləkələr buraxırdı.
Payızın yağışlı günlərində küçədə palçıqdan keçmək olmurdu. Tezliklə Şəhər idarəsinin qərarı ilə küçəyə əhəng daşı döşəndi. Bir müddətdən sonra araba və fayton çarxları, at dırnaqları ilə əzilib xırdalanmış daşlardan qalxan toz adamların ağız-burnuna dolaraq, nəfəs almağı çətinləşdirdi. Xüsusilə bərk xəzrilərdə bu küçədən keçmək mümkün deyildi. Buna görə Şəhər idarəsinin qərarı ilə küçəyə həftədə bir dəfə neft çiləməyə başladılar. Doğrudur, Sahil küçəsində və şəhərin bir sıra iri küçələrində bununla tozanağın qabağını almaq mümkün olurdu. Ancaq neftin çilənməsindən şəhər küçələri elə miskin bir görkəm alırdı ki, adamın ürəyi sıxılırdı. Ən böyük bəla isə orasındaydı ki, canına neft hopmuş torpaq bərk yağışlarda suyu buraxmadığından küçələrdə keçilməz gölməçələr əmələ gəlirdi. Doğrudur, suyun axıdılması üçün küçənin hər iki tərəfində xəndəklər qazılmış olsa da heç bir köməyi olmurdu.
Bundan sonra Sahil küçəsi və habelə başqa mərkəzi küçələr Biləcəri çaylaq daşı və Krasnovodskdan gətirilən qtorfiritlə örtülməyə başlandı. Hər ikisi möhkəm daşlardı. Əsrin əvvəllərindən isə Bakının əksər küçələrinə çaylaq daşı və yerlilərin dili ilə desək, qənbər döşənməyə başlandı. Asfalt şəhərin bəzi küçələrində ancaq müəyyən yerlərə, birinci növbədə Sahil küçəsində qubernator binasının qabağına döşənmişdi.
Sahil küçəsi bir müddətdən sonra II Aleksandrın adı ilə adlandırıldı: II Aleksandr Sahil küçəsi. Hətta uzun müddətdən bəri Daş körpünün yanına atılıb qalmış 12 top lüləsindən II Aleksandra heykəl qoymağa hazırlaşırdılar. Ancaq vəsait ayrılmadığından abidənin qoyulmasına başlanmamışdı.
 

Bakının görkəmli milyonçu və varlılarından Dadaşovlar, H. Z. Tağıyev, İsa bəy Hacınski, Hacı Nemət Seyidov və başqaları bu küçədə uca binalar tikdirmişdilər. Bələdiyyə idarəsi bu küçədə qubernator üçün uca bir bina tikdirmək fikrində idi. Maddi vəsait olmadığından qubernatorun iqamətgahı üçün Hacı Nemət Seyidovun mülkü (indiki həkimlər evi) icarəyə götürüldü.
Hacı Hacıağa və Şıxəli Dadaşovların bu küçədəki karvansaraları İrandan və Orta Asiyadan gələn qonaqlarla həmişə dolu olardı.
Sahil küçəsinin sağ tərəfində başdan-başa qapıları dənizə tərəf açılan dükanlar salınmışdı. Burada sübh tezdən, bəzən axşamdan xeyli ötmüşədək qızğın alver gedirdi. Satılan əsasən baqqaliyyə malları idi. İrandan gəmilərlə gətirilən düyü, kişmiş, quru meyvə, püstə, badam, cürbəcür ədviyyat və şirniyyat burada satılırdı. Payız aylarında isə Ənzəlidən və Rəştdən sitrus meyvələri-portağal, narıncı, limon, nar, yerbadamı daşınardı. Ədviyyat və sitrus bitkilərinin ətri ətrafa yayılırdı. Dükanların qapısı ağzında hamballar bardaş qurub oturar, biri bazarlıq elədiyi şeyləri evə daşımaq üçün hambal çağırdıqda on nəfəri birdən yerindən sicrayıb, alıcıya tərəf yüyürərdilər. Payızda, yəni sitrus meyvələri satılan zaman dükanların qabağı portağal, püstə, badam qabıqları ilə dolu olardı. Dükan sahibləri gündə üç-dörd dəfə dükanlarının qabağını süpürtdürərdilər. Xoş havalarda rəngbərəng paltarlarda gəzintiyə çıxmış xanımların al-əlvan paltarlarından Sahil küçəsi güllü-çiçəkli çəmənzara oxşardı. Bu vaxtlar küçədə dənizin sərin nəfəsi xüsusilə duyulardı. Bayıla gedən  konka  da  bu  küçədən  keçirdi. Körpülərdə yük daşıyan hambalların səs-küyü də küçəyə yayılıb, konkanın zəng səslərinə qarışır, küçə elə bil arı pətəyi kimi uğuldardı. Yalnız körpüyə yan alıb durmuş gəmilərdən qəflətən eşidilən fit səsi bu uğultunu bir anlığa batırardı. Küçədə faytonu dördnala çapdıran da olurdu. Bir sözlə, şəhərin nəbzi sanki məhz bu küçədə vururdu.
“Qafqaz və Merkuri» emalatxanalarından başlayaraq, üzü Qara şəhərə tərəf taxta-şalban anbarları uzanırdı. 1915-ci  il məlumatına əsasən sahilə yaxın bu yerlərdə «Qafqaz və Merkuri» şirkətinin, Tumayev və Mirzəyev qardaşlarının, İsrafil Hacıyevin, H. Z. Tağıyevin, Adamov qardaşlarının, Musa Nağıyevin, Şəmsi Əsədullayevin, Ağ şəhərdə «Nobel qardaşları» şirkətinin, Mantaşevin, Şibayevin, Bibiheybətdəki körpülərin yanında Rotşildin, Zubalovun, vağzala yaxın ərazidə Ələkbər Hacıyev və Cabbarovun böyük taxta-şalban anbarları olub. Bunlardan əlavə Merkuryev küçəsinin vağzala yaxın hissəsində M. Rəsul Babayevin, Aydəmir Nəcəfovun, Teymur Əliyevin, Ağabala Əzimov və başqalarının odun anbarları böyük bir sahəni tutardı. Taxta-şalban arabalar və dəvələrlə şəhərin mərkəzinə daşınardı. Şəhərdə genişlənmiş inşaatı vaxtında təmin etmək məqsədilə taxta-şalban çox zaman gecə də daşınırdı.
 
Şəhər ərazisində əzəmətli uca binalar əvvəlcə sahilə yaxın yerlərdə ucaldılırdı. Qalanın boynuna dolanan Nikolay (indiki İstiqlaliyyət) küçəsində salınmış evlər öz əzəməti ilə fərqlənirdi. Küçənin başında Sadıqov qardaşlarının mülkü, onunla üzbəüzdə filarmoniyanın binası, bir az aşağıda realnı məktəbin binası, daha aşağıda "İsmailiyyə" binası və nəhayət, Lalayevin «Qrand-Otel» mehmanxanası. Bu mehmanxana küçəyə sanki nöqtə qoymuşdu. Sadovı (indiki Niyazi) küçəsində H. Z. Tağıyevin 1885-ci ildə tikdirdiyi Mariya qız məktəbinin binası, qonşuluqda isə Deborun 1888-ci ildə mühəndis Nonnenin layihəsi əsasında tikilmiş yaşayış mənzili (indi burada incəsənət muzeyi yerləşir) küçəyə xüsusi yaraşıq verən binalardı. Qalanın şərqində, xüsusilə indiki Ə. Əliyev küçəsindən tutmuş Pyotr meydanınadək bir-birindən gözəl binalar ucaldılmış və düzgün küçələr salınmışdı. Bu arada H. Z. Tağıyevin bütöv bir kvartalı əhatə edən yaşayış evi öz monumentallığı ilə fərqlənirdi. Şəhərin bu bərbəzəkli küçələri Romanov ailələrinin və habelə görkəmli rus nazir və sərkərdələrinin adlarına qoyulmuşdu. Şəhərin baş küçəsi I Nikolayın şərəfinə olaraq, Nikolay küçəsi adlanırdı. Azərbaycan Demokratik höküməti dövründə isə küçənin adı dəyişilərək, Parlaman küçəsi adını alır. Bu təsadüfi deyildi. Çünki Dövlət parlamenti burada, Tağıyevin qız məktəbi binasında yerləşirdi. Sahil küçəsi yuxarıda deyildiyi kimi II Nikolayın babası II Aleksandrın adına idi. Hazırki Ə. Əlizadə küçəsi Qafqaz çanişini Baratınskinin adını daşıyırdı. M. Ə. Rəsulzadə adına olan küçə o zaman Olqa, Təbriz Xəlilbəyli küçəsi Sisianov, Cəlil Məmmədquluzadə adına küçə II Nikolayın qardaşı Georginin, R. Rza adına olan küçə Nikolayın anası Mariya Fyodorovnanın hazırda H. Z. Tağıyev adına olan küçə Qorçakovun, Əliyarbəyov adına küçə çar Rusiyası hərbi naziri Milyutinin, hazırki Əzizbəyov adına olan küçə knyaz Vorontsovun, Əhməd Cavad küçəsi hərbi sərkərdə general Vrangelin, hazırki Engels küçəsi vaxtı ilə Bakıda qubernator olmuş Pozenin, N. Rəfibəyli küçəsi Bakıda qubernator olmuş Kolyubakinin, Qasım İsmayılov küçəsi Bakıdakı Aleksandr Nevski kilsəsinin hamisi, təbiətşünas, ruhani Spasskinin adını daşıyırdı və s. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar Telefon küçəsinə «Romanovlar» adı verilmişdi. Şəhər əhalisi isə bu küçəni Sovet hakimiyyətinin ta ilk illərinədək Telefon küçəsi kimi tanıyırdı (indiki 28 may küçəsi).
 
Təzə salınmış elə küçələr də vardı ki, orada yerləşən məktəb, müəssisə və ya kilsənin adı ilə adlanırdı. Məsələn, gimnaziya binasının yerləşdiyi küçə (indiki
L.Tolstoy küçəsi) Gimnaziya küçəsi, dənizçilərə məxsus kiçik rus kilsəsinin yerləşdiyi küçə Serkovnı küçəsi adlanırdı. Elə küçələr də vardı ki, orada olan emalatxana və ya sexlərin adını almışdı. Məsələn: Bondarnı (çələkçi deməkdir) adlanan küçədə çoxlu çəlləkçi dükanları vardı. Hazırkı Ü. Hacıbəyov küçəsi Birja küçəsi adlanırdı. Çünki Birjanın idarəsi bu küçədə yerləşirdi. Buna müvafiq olaraq, 26-lar bağı da ta 1918-ci ilədək Birja meydanı kimi tanınırdı. Dəvəçilərin yaşadığı küçə Dəvəçi, faytonçuların yaşadığı küçə Faytonçu, tatarların yaşadıqları küçə Tatar (indiki Təbriz Xəlilbəyli) küçəsi, ermənilərin yaşadığı küçə Erməni (indiki M.Qorki) küçələri adlanırdı.
Beləliklə, çar hökümətinin şovinist siyasəti bu sahədə də özünü göstərirdi. Şəhərin küçələrindən  heç  birinə  Azərbaycanın  görkəmli  şəxsiyyətlərindən  birinin də adı verilməmişdi.
Şəhərin yuxarı yoxsul küçələrinə heç ad da verilməmişdi. Onlar məhəllələrlə tanınırdı.  Hazırki B. Səfəroğlu (Şors) küçəsinin yuxarı hissəsində əsasən yoxsul İranlılar yaşadığı üçün Həmşəri palanı (məhəlləsi) adlanırdı. Şors və  M. Sübhi küçələrinin kəsişdiyi yer Qara küllük adlanırdı. Bura şəhərin ucqarı hesab olunurdu. Camaat zibilləri daşıyıb, burada yandırırdı. Buna görə də Qara küllük adlanırdı. Yalnız Şamaxı zəlzələsindən sonra buraya köçüb gəlmiş şamaxılılar ətraflarda məskən salmış və beləliklə də Qara küllük adı unudulmuşdu. Şamaxılılar burada məscid də tikdirmişdilər ki, sonra Şirvanlılar məscidi kimi tanınırdı. Şəhərin yuxarı hissəsində, indiki Nərimanov küçəsi ilə 1 may küçələrinin kəsişdiyi yerdə Hacı Əbülhəsən və ya da çolaq Əbülhəsən adlı qaniçən, qəddar bir masazırlı yaşayırmış. Məhəllə də onun adı ilə Əbülhəsən məhəlləsi adlanırdı. Biraz bəridə, Şors küçəsinin yuxarısında Nərimanov və Şors küçələrinin kəsişdiyi yer Hüseynbala açıqlığı adı ilə məşhurdu. Burada yaşayanları ancaq bu açıqlığın adı ilə axtarıb, tapmaq olardı.
Şəhər Çəmbərəkənd istiqamətində və Şamaxı yolu adlanan küçələrdə (buraya indiki H. Hacıyev, M. Qorki və Təbriz Xəlilbəyli küçələri daxil idi) böyüməyə başladı. Şimal-şərq tərəfdə Poxlu dərə (indiki Mərkəzi kolxoz bazarı) istiqamətində və Təzə Pir məscidi ətrafında da inşaat işləri vüsət tapmışdı. Təzə Pir ətrafında tikilmiş monumental binalardan biri «Xəzər və Qara dəniz» neft cəmiyyətinin binası idi (1898-1899-cu illərdə tikilib). İndiki 26-lar bağından şimal- qərbdən tutmuş Poxlu dərəyədək bir cərgə uca evlər inşa edilirdi. Sisianov (Quba) və Vorontsov (Kömür) meydanları ətrafında da binalar salınmışdı. Bu tərəflərdə, yəni indiki C. Cabbarlı küçəsində yaraşıqlı binalardan İsrafil Hacıyevin mülkünü (bu yaxınlaradək Oktyabr rayon partiya komitəsinin yerləşdiyi bina) və onun yaxınlığındakı  Adamovun  imarətini  göstərmək  olar.  Hazırki  Mərkəzi  kolxoz bazarından azca aşağıda Balaxana (indiki Füzuli) küçəsində yerləşən 2-ci kişi gimnaziyasının möhtəşəm binası küçəyə xüsusilə bəzək vururdu. Təzə Pirin ətrafında bir mərtəbəli evlərlə yanaşı uca binalar da tikilirdi.
Şəhərin ayrı-ayrı yerlərində memarlıq cəhətdən elə nəfis binalar ucaldılmışdı ki, uzaqdan diqqəti cəlb edirdi. Bunlara misal olaraq hazırki Məmmədəliyev küçəsində tikilmiş Rılskilərin imarətini (bu bina 1912-ci ildə mühəndis Ploşkonun layihəsi əsasında tikilmişdi). Hazırki Həzi Aslanov küçəsi ilə Əzizbəyov küçələrinin kəsişdiyi yerdə mühəndis Qosiavskinin layihəsi ilə tikilmiş yaşayış binasını və başqalarını göstərmək olar. Bir sözlə, Bakı əsl kapitalist şəhərinə çevrilirdi. Bir tərəfdən yüksək, əzəmətli binalar, zəngin aynalı mağazalar, o biri tərəfdən yoxsul, miskin daxmalar. Sərvətlə yoxsulluq burada qoşa yeriyirdi.
 
Müəllif: Qılman İlkin. BAKI VƏ BAKILILAR 
Mənbə: BAKI VƏ BAKILILAR (Üçüncü nəşri).ISBN-9952-426-12–7
Top