Bakı rus işğalı dövründə

Bakı rus işğalı dövründə

1710-ci ilin baharında I Pyotr Xəzər suları ilə hərbi səfərə çıxdı. Həmin ilin isti iyul günlərindən birində 274 gəmidən ibarət rus donanması Həştərxandan çıxaraq, Xəzərin qərb və cənub sahillərinə tərəf üzməyə başladı. Gəmilərin  bir hissəsi Gilanın Rəşt şəhərinə, o biri hissəsi Bakı sahillərinə, yerdə qalan gəmilər isə Dərbənd şəhərinə istiqamət aldılar. Bu gəmilərdə 22 min nizami piyada qoşun və 5 min matros vardı. Bunlardan başqa 9 min draqun, 20 min kazak, 30 min tatar və 20 min kalmıqdan ibarət 79 min atlı quru yolu ilə Dərbəndə göndərilmişdi. Onlar Dərbənd yaxınlığında hərbi donanma ilə birləşməli idi.
I Pyotrun məqsədi Xəzərin cənub və qərb sahillərinə yiyələnmək idi. Bu yerlər rus imperatorluğuna su və hava kimi lazım idi. Osmanlı Türkiyəsi tərəfindən Rusiyanın cənub sərhədlərinə hücum gözlənilirdi. Bu təhlükəni aradan qaldırmaq və Qafqazda rus qoşunları üçün möhkəm baza yaratmaq imperator qarşısında təxirəsalınmaz məsələ kimi durmuşdu. Pyotra etibarlı mənbələrdən xəbər verilmişdi ki, Osmanlı Türkiyəsi Səfəvilərin zəifləməsindən istifadə edərək, ölkə daxilində iğtişaşlar törətməyə başlayıbdır. Şəhərlərdə Səfəvilər əleyhinə başlayan qiyamların çoxu türklər tərəfindən qızışdırılmışdı. Türkiyənin Qafqazda olan əlaltıları — Dağıstan feodallarından ləzgi knyazı Hacı Davud və Qazıkumuq knyazı Surxay xan idi. Bunlar tez-tez Şamaxı şəhərinə, Abşeron kəndlərinə basqınlar edir, əhalini böyüklü-kiçikli qılıncdan, keçirirdilər. 1712-ci ildə Şamaxıya etdikləri basqın nəticəsində öldürülən yerli əhali içərisində 300 nəfərədək rus taciri də vardı. Həştərxan qubernatoru və habelə I Pyotr özü İran şahından quldurlara cəza verilməsini tələb etdi, lakin şah tədbir görməkdə aciz qalmışdı. Həştərxan qubernatorunun Pyotra göndərdiyi məlumatında deyilirdi ki, Hacı Davud və Surxay xan Krım xanı vasitəsilə Türkiyə sultanına müraciət edərək, himayə altına alınmalarını xahiş etmişlər.
Səfəvi şahı şah Hüseynin dövründə ölkə siyasi və iqtisadi cəhətdən bərbad bir hala düşmüşdü. Aclıq və xəstəlik başlamışdı. 1722-ci ildə əfqanlar 20 min qoşunla Səfəvilərin paytaxtı İsfahan üzərinə hücuma keçdilər. Onlar  6  aylıq mühasirədən sonra şəhəri ələ keçirdilər. Hüseyn şah taxtdan salındı. İran hökümətinin belə böhranlı vəziyyətində I Pyotr İrana öz hərbi köməyini təklif etdi. Əlbəttə, I Pyotru  düşündürən Səfəvilərin vəziyyəti deyil, birinci növbədə rus imperatorluğunun mənafeyi idi. O, Xəzərin cənub və qərb sahillərinə də bu məqsədlə gəlmişdi. Rus dövlətinin cənub sərhədlərini möhkəmlətməklə yanaşı ölkənin gündən-günə artan sənayesi üçün yeni xammal mənbələri zəbt etmək, rus taciri üçün yeni bazarlar açmaq, sərbəst ticarət üçün əlverişli şərait yaratmaq — Pyotru düşündürən bunlardı. Dərbənd və Bakı kimi əlverişli limanlar Xəzərdə rus donanması üçün əsas dayaq ola bilərdi. Pyotr dəfələrlə təkrar edirdi ki, Xəzər dənizi sahillərinə yiyələnmək bizdən ötrü çox vacibdir. Biz türkləri oraya buraxa bilmərik.
 
Hələ 1716-cı ildə Pyotr Xəzərin cənub və qərb sahillərini öyrənmək və ərazini xəritəyə köçürmək üçün knyaz Çerkaskinin başçılığı altında Xəzər ətrafına ekspedisiya göndərmişdi. Bundan bir az qabaq isə o dövrdə görkəmli diplomat hesab edilən Artemi Volınskini İran şahının sarayına səfir kimi göndərmişdi. Volınski İranın vəziyyəti barədə Peterburqa tez-tez məlumatlar göndərirdi. Növbəti məlumatlardan birində Təbriz şəhərinin vəziyyətini belə təsvir edirdi: «Biz burada olduğumuz zaman çoxlu dilənçiyə rast gəldik. Onlardan çoxu utanmadan lüt-üryan gəzirdilər. Küçələrdə tez-tez yıxılıb qalmış meyitlərə rast gəlmək olar. Onlar itlərin yemi olmuşlar».
Əvvəlki məlumatlarında Volınski Hüseyn şahın hökmranlığı  barədə də maraqlı xəbərlər yazırdı; «Hüseyn şah ancaq rəsmi olaraq dövlət başçısı hesab olunur. Əslində isə bir çox əyalətlər onun tabeliyindən çıxmışdır. Buradakı dövlət başçısı ona tabe olanların üzərində başçı deyil bəlkə də ona tabe olanların tabeliyindədir».
Volınski I Pyotrun tapşırıqlarını Hüseyn şaha yetirmiş və onların arasında belə bir söhbət olmuşdu:
Əlahəzrət şah cənabları, böyük  rus  imperatoru  Pyotrun  tapşırığı belədir ki, siz rus tacirlərinin sərbəst alverinə mane olanları cəzalandırasınız. Yəqin cənabınıza məlumdur ki, Dağıstan knyazlarından Davud bəy və Surxay xan Şamaxı şəhərinə basqın etmişlər.
-Bəli, məlumdur.
Həmin  bu  basqın  zamanı   rus   tacirlərindən   300   nəfərədək öldürülmüş və malları talan edilmişdir.
Şah Hüseyn bundan kədərlənmiş kimi ancaq başını tərpətdi.
-O da cənabınıza məlum olsun ki, Xəzər dənizində də rus tacirlərinə bir neçə dəfə quldur basqınları olub.
Şah Hüseyn yenə də susub, başını aşağı dikir. A. Volınski ondan cavab çıxmadığını gördükdə, sözünə davam edir:
-İmperator məni vəkil etmişdir ki, rus tacirlərinin qan bahasını sizdən tələb edim.
 
A.  Volınski  ona  da  vəkil  edilmişdi  ki,  əgər  şah  bu  tələbləri  yerinə yetirməkdə acizlik göstərərsə, Rusiyanın İrana kömək edə biləcəyini şaha çatdırsın. Volınski danışılan məsələlər üzrə İran şahı ilə razılığa gəlməyə müvəffəq olur. Sonra Rusiya ilə İran arasında əlverişli bir müqavilə bağlandı. Bu barədə bütün şəhər bəylərbəylərinə şahın fərmanı göndərildi. Bu fərmanda deyilirdi ki, rus tacirlərinin mal tayları heç yerdə açılmasın, onlar yoxlamadan azad edilsin. Bakı limanından Şamaxıya gedən yolda tacirlərə keşikçilər qoşmaq, yerlərdə malların oğrulardan qorunmasını təmin etmək də fərmanda qeyd edilirdi.
 
Hələ Həştərxanda ikən Pyotr ərəb, fars və Azərbaycan dillərində manifest çap etdirib Dərbənd, Bakı və Rəştə göndərmişdi. Manifestdə deyilirdi: «1713-cü ildə ləzgi knyazı Davud bəy və Qazıkumuq knyazı Surxay Şamaxı şəhərini hücumla almış, rus tacirlərini qətl və qarət etmişlər. Bu xüsusda Həştərxan qubernatoru onlara xəbər vermişdir. Biz də şahın hüzuruna elçi göndərmişdik. Lakin bu vaxta kimi heç bir nəticə alınmayıb. İran şahı bu fitnəkarların öhdəsindən gələ bilmir. Buna görə də, biz özümüz onları tənbeh etmək və intiqam almaq üçün o tərəflərə gəlirik. Hər kəs öz yerində rahat oturub, asayişi pozmazsa, bizim qoşunumuzdan ona heç bir zərər və ziyan toxunmaz. Əksinə, fəsad əhlinə kömək edənlər və ya qaçanlar padşahın qəhr və qəzəbinə düçar olacaqlar».
Həmin manifesti Bakıya poruçik Lunin, Dərbəndə polkovnik Naumov, Gilana isə Çebataryev aparmışdı.
Rus eskadronu avqustun 15-də Dərbəndə yaxınlaşdı. Avqustun 23-də isə
Pyotrun quru qoşunu şəhərə çatdı. Dərbənd şəhərinin naibi İmamqulu bəy Pyotru böyük ehtiramla qarşılayaraq, şəhər darvazalarının açarlarını ona təqdim etdi:
— Dərbənd   böyük   Aleksandr    Makedonski    tərəfindən    salınmış, onun açarları da Böyük Pyotra çatmalıdır — dedi.
Dərbəndin təslim olması Peterburqda böyük təntənə ilə qarşılanmışdı.
Dərbəndin alınmasından bir neçə gün sonra Pyotra xəbər çatır ki, Bakı sultanı Məhəmmədhüseyn bəy elçi Lunini şəhərə buraxmamışdır. Bu Pyotrun qəzəbinə səbəb olsa da, Bakı üzərinə yürüşü davam etdirə bilmir. Çünki donanma Dərbəndə gələrkən dənizdə fırtına qopmuş və ərzaq dolu gəmilərdən çoxu qərq
olmuşdu. Ordu ərzaqsız, atlar isə yemsiz qalmışdı. Bütöv bir qoşunu burada saxlamaq çətin idi. Peterburqa göndərdiyi məktubda Pyotr yazırdı: «Yol çox uzaq
olmasa da (Bakı nəzərdə tutulurdu — Q.İ.) atların yemsiz qalmaları ucbatından və istidən hərəkət etmək mümkün deyildir».
Beləliklə, Pyotr Dərbənddə bir qarnizon saxlatdırıb, Peterburqa qayıdır. Onun Peterburqa tələsməsinin başqa bir səbəbi də vardı. Məsələ orasında idi ki, rus qoşunlarının  cənuba  səfəri  zamanı  İsveçlə  müharibənin  təzədən  başlanması
təhlükəsi yaranmışdı. Belə günlərdə Pyotr Peterburqdan kənarda qala bilməzdi.
Peterburqa yola düşərkən general-admiral Matyuşkinə əmr etmişdi ki, bir ildən sonra Bakıya mütləq desant çıxarıb, şəhəri tutsun.
Rus donanmasını Gilana səfəri isə həmin ilin noyabrında olmuşdu. Ekspedisiyanın başında Xəzər sahillərinə yaxşı bələd olan kapitan-leytenant Semyonov dururdu. Gəmilərə iki batalyon piyada qoşun yerləşdirilməsi barədə Pyotrun əmri hərbi hissənin komandiri polkovnik Şipovu qorxuya salmışdı və ehtiyatla öz etirazını bildirmişdi:
-İki batalyon az deyilmi, hökmdar?
Onun bu sözünə Pyotrun bərk qəzəbi tutmuşdu:
 
Stepan Razin özünün 500 nəfər kazakı ilə onların üzərinə getməkdən çəkinməmişdir. Sənin sərəncamında isə iki batalyon təlim görmüş qoşun vardır.
Beləliklə, donanma iki batalyonla yola düşmüşdü.
1723-cü ilin iyulunda Matyuşkin imperatorun əmrini yerinə yetirmək məqsədilə Həştərxandan Bakıya yola düşür. Hərbi gəmilər Bakı sularına daxil olub, reyddə dururlar. Matyuşkin hələ Həştərxanda Rusiya ilə sülh danışıqları aparmaq məqsədilə Peterburqa gedən İran səfiri İsmayıl bəylə görüşmüş və ondan Bakı sultanı Məhəmmədhüseyn bəyin üstünə məktub almışdı. Həmin məktubda İsmayıl bəy Bakı şəhər sultanına məsləhət görürdü ki, şəhəri müqavimətsiz təslim etsin. Matyuşkin məktubu mayor Necayev vasitəsilə şəhər sultanına göndərir. Lakin Məhəmmədhüseyn bəy elçini şəhərə buraxmayıb, körpüdə qarşılayır.
Məktubu oxuduqdan sonra geri qaytarıb, deyir ki, İsmayıl bəyin məktubu onun üçün əsas ola bilməz. Çünki bu məktub Rusiyada yazılıb.
Elçi gəmiyə qayıdır. Sultan da qalaya keçir və darvazalar bağlanır. Qalanın divarları üstündə isə keşikçilər gəzişirdi. Açıq görünürdü ki, onlar düşmənin hərəkətini izləmək üçün qoyulmuşdur.
Hava xoş və sakit olsa da, şəhərdə müəzzinin səsindən başqa heç bir şey eşidilmirdi. Onun xoş avazı dik divarlar içərisindən yüksəlib, sakit dənizin üzərinə
yayılırdı.  Sahildə  bir  nəfər  də  nəzərə  çarpmırdı.  Körpülərdə  yırğalanan  kiçik
balıqçı qayıqları da kimsəsizdi. Hasarların üstündə dənizə tərəf tuşlanmış qısa lüləli topları görəndə Matyuşkin narahat olur. Ona elə gəlir ki, qalanın içərisində hərbi hazırlıq gedir. Vaxtı itirmədən vuruşa hazırlaşmağı əmr edir. Sahilə dörd batalyon qoşun çıxarılır. Desantın çıxarılması ilə qala darvazalarının açılması bir olur. İçəridən çıxan qılınclı süvarilər əsgərlərin üzərinə hücuma keçirlər. Rusların iki səhra topu dərhal atəş açır. Qızılbaşların atlıları pərən-pərən düşüb, qalanın içərisinə doluşurlar. Matyuşkinin əmri ilə 7 hərb gəmisi azca irəliləyib, yarım dairə şəklində körfəzin sularında lövbər salırlar, qızılbaşların qala topları onları atəşə tutmağa başlayır. Gəmilərdəki 18 funtlu mis toplardan yaylım atəşi açılan kimi qala üstündəki topların dördü də susur. Gəmilərdən şəhərə atılan 94 mərmidən qalanın içərisində yanğın başlayır. Şəhərin ən qədim məscidi hesab edilən Məhəmməd məscidinin minarəsi də zədələnir. Yerli əhali sonralar onu uzun müddət, ta təmir olunanadək Sınıq qala adlandırırdı.
Sahilə çıxarılmış toplar da gəmilərin toplarına qoşulub, şəhəri gecəli- gündüzlü atəşə tuturlar. Qala divarları bəzi yerdə uçub tökülür. Onları təmir etmək, əmələ gəlmiş iri deşikləri tutmaq üçün bakılılara bir dəqiqə də imkan verilmirdi. Toplar durmadan atəş açırdılar. Bununla belə, şəhər təslim olmaq fikrində deyildi.
Matyuşkin iyulun 25-də şəhəri sübh tezdən hücumla almaq qərarına gəlir. Lakin gecə yarısı gözlənilmədən başlayan fırtına bu əməliyyatı keçirməyə mane olur. Şiddətli külək gəmiləri sahildən xeyli uzaqlaşdırır. Bundan istifadə edən
 
bakılılar gecə ikən divarların uçulub deşilmiş yerlərini təmir edirlər. Rus qoşunları sahilə iki tərəfdən çıxarılmışdı. Şəhərin şərqinə çıxarılmış qoşun sonralar Pyotr meydanı adlandırılmış yerdə qərar tutmuşdular. Şəhərin cənubuna çıxarılmış qoşun isə təpədə yerləşirdi. Sonralar bu yer Urusqala adlanırdı. Köhnə xristian qəbiristanlığı da burada salınmışdı. Sahilə çıxarılmış desant nəfərləri  günortaya yaxın uzaqdan şəhərə gələn bir kəndli görürlər. O öz eşşəyinin  xurcunlarında şəhərə qarpız aparırmış. Matyuşkin kəndlinin vasitəsilə şəhərin sultanına belə bir xəbər göndərir: "Əgər şəhər təslim olarsa, heç kəsə dəyib dolaşmayacağıq. Təslim olmasalar, heç kəsə  aman  yoxdur.  Divarlardakı  dəlikləri  tutmaqlarının  xeyri yoxdur, biz onlardan daha böyüklərini aça bilərik". Bir saatdan sonra qala divarları üstündə ağ bayraqlar görünür. Qalanın üstündən rusları işarə ilə başa salırlar ki, danışıq üçün öz adamlarını göndərə bilərlər.
Matyuşkin qalaya zabitlərdən ibarət nümayəndə heyəti göndərir. Bir müddətdən sonra nümayəndə heyəti dörd nəfər yerli ilə geri dönür. Şəhərin nümayəndələri bildirirlər ki, şəhər əhli qalanı təslim etmək fikrindədir. Matyuşkin müqavilənin şərt və maddələrini şəhər hakiminə çatdırır. Şəhərin dənizə baxan darvazaları taybatay açılır. Əhali böyükdən kiçiyədək sahilə çıxır.  Batalyonlar sahildə sıraya düzülərək, hərbi addımlarla şəhər darvazalarına tərəf addımlayırlar.
Rus əsgərləri birinci növbədə şəhər darvazalarının keşiyini öz əllərinə alırlar.
Əsgərlər şəhərin əsas məscidi olan Cümə məscidinin qabağındakı meydançada və habelə erməni və moltanı karvansaralarında yerləşirlər. Məlum olur ki, şəhərdə 700 qızılbaşdan ibarət bir qarnizon vardır. Bu qarnizon yüzbaşı Dərgahqulu xanla birlikdə rusların sərəncamına keçir. Şəhərin sultanı öz vəzifəsində saxlanılsa da, hüququ çox məhdudlaşdırılır.
Knyaz Baratınski şəhər komendantı vəzifəsinə təyin olunur. Komendantın ilk sərəncamlarından biri ondan ibarət olur ki, şəhər əhlindən bütün silahlar alınır. Matyuşkinin əmri ilə iki polk şəhər komendantının sərəncamına verilir. İki polkda
2.382əsgər vardı. Bakının işğalı ilə əlaqədar olaraq, I Pyotrun fərmanı əsasında Matyuşkinə general-leytenant rütbəsi verilir.
Bakı şəhərinin ilk gerbinin yaradılması da bu dövrə təsadüf edir. I Pyotrun hakimiyyəti dövründə Rusiya şəhərlərinin çoxunun öz xüsusi gerbi vardı. Bu gerblər daha çox hərbi əhəmiyyətə malik idi. Bu hissələr yerləşdikləri ərazi ilə bağlı xüsusi gerblərini yaratmış və öz bayraqlarına rəsm etdirmişlər.
Rus qoşunları Bakının işğalı ilə məşğul olduğu zaman I Pyotr Xəzər sahili vilayətlərinin Rusiyaya ilhaq edilməsi barədə İranla danışıqlar aparırdı. Xəzər
sahili şəhərlərinin — Dərbəndin, Şamaxının, Bakının, Salyanın Rusiyaya güzəştə
gedilməsi şərtilə I Pyotr İrana yenə öz hərbi köməyini təklif edir. Pyotrun bu təklifi əsassız deyildi, həmin illərdə Türkiyə Xəzər sahillərinə can atırdı. 1723-cü ilin baharında türk qoşunları Gürcüstanın içərilərinə doğru yürüş etməyə başladı. Tiflis şəhərini alandan sonra Gəncə, Şamaxı və Bakı üzərinə hücuma keçdilər. Türklərin bu əyalətlərə basqını məlum olduğu kimi, Rusiyanın mənafeyi ilə toqquşurdu. Lakin İsveçlə müharibəni yenicə qurtarmış rus dövləti yeni bir müharibə başlamaq iqtidarında deyildi. Buna görə də, türklərlə sülh müqaviləsi bağlamaq onların xeyrinə idi. Belə bir müqavilə 1724-cü ilin iyununda İstanbulda bağlandı. Bu müqavilə ilə ruslar 1724-cü ilin 12 sentyabrında Peterburqda İranla bağlanmış müqavilənin şərtlərini bir daha möhkəmlətdi və Dərbənd, Bakı, Lənkəran, Rəşt və başqa şəhərlərin Rusiyanın tərkibinə keçməsi bir fakt kimi təsdiq edildi. İranla bağlanmış müqavilədə əfqanlara qarşı müharibədə silahlı kömək göstərməyi ruslar bir vəzifə olaraq, üzərlərinə götürmüşdülər. Ancaq İran hakim dairələrindəki ixtilafla əlaqədar olaraq, müqavilə İran şahı tərəfindən hələlik təsdiq edilməmişdi. Buna baxmayaraq, sənədin İran səfiri tərəfindən imzalanması rus qoşunlarının daha cənuba irəliləməsi üçün imkan verirdi. Matyuşkin 16 sentyabrda Həştərxana qayıtdıqda müqavilə barədə xəbəri eşidib, qoşun hissəsini Kür sahillərinə tərəf göndərməyi Bakı komendantı Baratinskiyə əmr etmişdi. Salyan naibi Hüseynbəy birinci olaraq, Rusiyaya sədaqətli qalacağına and içir. Ancaq sonra evinə qonaq çağırdığı 22 nəfər rus zabitini öldürtdürür. Bununla belə, şəhər yenə rus saldatlarının nəzarəti altında qalır.
Bakı şəhərində isə yaşayış öz yoluna düşmüşdü. P. Q. Butkov Bakı şəhərinin bu illərdəki vəziyyətini özünün «1722-ci  ildən  1803-cü  illərədək Qafqazın yeni tarixi üçün materiallar» kitabında çox geniş və müfəssəl təsvir etmişdir.  O,  yazırdı  ki,  hər  şeydən  əvvəl,  şəhər  üçün  sərbəstlik  yaradılmışdı.
Xəzinənin ixtiyarında olan bütün əmlak və gəlirlər yeni idarə sisteminin ixtiyarına keçmişdir. Xəzinənin gəliri əsasən neft və duz yataqlarındandı. Onlardan xəzinəyə hər il 50 min manat gəlir yığılır. Bakıya yiyələndikdən sonra şəhərin qala divarlarını təmir edib, möhkəmlətmək və Bakı limanında yeni körpülər tikmək üçün I Pyotr Rusiyanın içərilərindən buraya 5 min tatar və çuvaş sürgün etmışdi. Bu qədər fəhlə qüvvəsi ilə Bakı limanı xeyli genişləndirilmiş və şəhərin ikinci divarında yeni bastionlar tikilmişdi. Üç-dörd ildən sonra tatar və çuvaşların bir hissəsi  vətənlərinə  qayıtmış,  qalanları  isə  həmişəlik  Bakıda  məskən  salmışdılar.
Hazırda Bakıda yaşayan tatarlar da vaxtilə buraya sürülmüş tatarların nəslidir.
Xəzər sahili əyalətlərinin idarə edilməsi o illərdə knyaz V. Dolqorukova həvalə edilmişdi. Bütün hərbi və mülki hakimiyyət onun əlində idi. Şəhərlərin bəzilərində yeni inzibati müəssisələr yaradılmışdısa da, o birilərində köhnə hakimiyyət sistemi olduğu kimi saxlanmışdı. Əyalətləri idarə edən yenə də naiblər və sultanlar idi. Dərbənd, Bakı və Rəşt şəhərlərinin naibləri yeni hakimiyyəti qəbul edərək, öz vəzifələrində saxlanmışdılar. Bakıda komendant sistemi yaradılmışdısa da şəhər sultan Məhəmmədhüseyn bəy tərəfindən idarə olunurdu. I Pyotr yerli hakimiyyət  orqanları  vasitəsilə  Xəzər  sahilindəki  əyalətləri  rus  sənayesi  üçün xammal mənbəyinə çevirmək istəyirdi. İpəkçilik və pambıqçılığın inkişafı, neft istehsalının artırılması, Xəzərdə və Kür çayında balıqçılığın tərəqqisi üçün rus hakimiyyət orqanları bir sıra tədbirlər həyata keçirməyə başlamışdı. Bakıda istehsal olunan neft I Pyotru xüsusilə maraqlandırırdı. O, 1723-cü ildə Matyuşkinə olan məktublarından birində yazırdı: "Əmr et ki, Bakıdan bizə bir neçə pud ağ neft göndərsinlər...". Daha sonralar I Pyotr Peterburqa pudlarla neft göndərilməsini tələb edirdi. Zəfəran istehsalı da hakim dairələrin diqqət mərkəzində idi. Bakı və Bakı ətrafındakı kəndlərdə yetişdirilən və şöhrəti bütün Şərq ölkələrinə yayılan zəfəran Rusiyanı ciddi maraqlandırmağa başlamışdı. Zəfəranın  bioloji xüsusiyyətlərini öyrənmək məqsədilə təcrübə üçün Peterburqa tez-tez zəfəran göndərilirdi. Dövlət xəzinəsinə neftlə yanaşı duz yataqları da böyük xeyir gətirirdi. Masazır, Böyük Şor, Balaxana göllərində çıxarılan duz xaricə də ixrac olunurdu.
Bu illərdə şəhərin əhalisi 5-7 mindən artıq deyildi. Şəhər əhli xırda ticarət və kustarçılıqla məşğul olurdu. Kənd təsərrüfatı və maldarlıqla məşğul olanlar da var idi. Qızılbaşların əsgərlərinə yenə yüzbaşı Dərgahqulu bəy komandanlıq edirdi. Onun qarnizonu birinci gündən  rus hərbi xidmətinə  qəbul  edilmişdi.  Dərgahqulu bəy komendant Baratınskinin böyük etimadını qazana bilmişdi. Onun qızılbaşları da rus əsgərləri ilə qaynayıb-qarışmış, hətta bəzən təlimləri birgə keçirilirdi. Şəhər darvazalarının keşiyində qızılbaşlar da dururdular. Baratınski Dərgahqulu bəyin camaat arasında böyük hörmət qazandığını görüb, ona rus ordusunun polkovniki rütbəsini vermişdi.
A. Bakıxanov öz əcdadı olan Dərgahqulu bəy barədə geniş məlumat vermişdi. O yazırdı: «Yazılı mənbələr və şifahi xəbərlərdən anlaşıldığı kimi Dərgahqulu bəy ibn Heybət bəy, İbn Məhəmmədhüseynin keçmiş babaları… gilanlı xan Əhməd zamanı miladi 1592-ci ildə Şirvana qəlib, Bakıda mülk sahibləri və yüzbaşıların rəisi olmuşdur. Onların imarət və qalalarının xarabaları Ramana kəndində indi də mövcuddur. Xalq arasında belə rəvayət məşhurdur ki, Əmircan, Bülbülə və Ramana kəndləri xan kəndləridir.
Dərgahqulu bəy keçmiş zamanda Bakı sultanını öldürüb, xan ləqəbilə hakimiyyətə keçmişdi. Cürbəcür tədbir, vəsilə və əhalinin ittifaqı ilə şahın dərbarı tərəfındən təsdiq də edilmişdi. Buna görə yeni sultan ancaq qalanın komendantlığı ilə kifayətlənirdi».
Bakıxanovun bu izahatını başa düşmək üçün bir cəhəti aydınlaşdırmalıyıq. Məlum olduğu kimi, Səfəvilər dövründə ölkənin ayrı-ayrı əyalət və mahallarını şah tərəfindən təyin edilmiş bəylərbəyi idarə edirdi. Həmin əyalətlərə daxil olan şəhərlər isə sultanların  ixtiyarında idi. Beləliklə, sultanlar da öz növbəsində bəylərbəyinə tabe idilər. Həmin illərdə Dərgahqulu bəy şəhər sultanını öldürərək, bütün əyaləti ələ keçirmiş və özünü xan elan etmişdi. A. Bakıxanovun yazdığına görə  Dərgahqulu  bəyin  hökümət  mərkəzi  Maştağa  kəndində  olmuşdur.  Burada onun bağ-bağatı, imarəti və ovdanları varmış. Bakı sultanı da onun ixtiyarında imiş.
Bakıxanov Dərgahqulu bəyin Abdulla bəy Səlim oğlunu Bakı mahalının hakimi təyin etməsi barədə sənəd olduğunu da göstərir. Məlum olur ki, o illərdə Dərgahqulu bəyin hökmranlıq dairəsi çox genişmiş. Bir müddətdən sonra İran şahı da onun hakimiyyətini təsdiq edir.
Həmin illərdə Dağıstan knyazlarından Hacı Davud bəylə Surxay bəy Bakı şəhərini ələ keçirməyə can atırdılar. Onların bu niyyəti hər şeydən əvvəl, qatı sünnilik etiqadı ilə bağlı idi. Bakıda yaşayanların əksəriyyəti şiə olduqlarından bura Dağıstan knyazlarının nəzərində qatı düşmən məskəni idi. Dərgahqulu bəyin sərbazları ilə onların arasında baş vermiş döyüşü A. Bakıxanov belə təsvir edir:
«Davud bəy və Surxay bəy Bakını tutmaq istəyirdilər. Lakin Dərgahqulu bəy ləzgi qoşununu şəhərin yarımağaclığında, o zamandan bəri Qanlı Təpə adlanan bir təpə yaxınlığında darmadağın etdi. Dərgahqulu bəyin qardaşı Hüseyncan bəy bu vuruşmada öldürüldü.
Dərgahqulu bəy Dağıstan qoşunlarının Bakı üzərinə yeridiklərini eşidib, onları qala divarları yanına buraxmaq istəməmişdi. Buna görə, qoşun çəkib, düşməni şəhərdən azca aralıdakı Qanlı Təpədə gözləmişdilər. Bura vuruş üçün çox əlverişli idi. Bir neçə saat davam edən vuruşmada bakılılar Dərgahqulu bəyin başçılığı altında böyük mərdlik və qəhrəmanlıq göstərmişdilər. Dağıstan atlıları Dərgahqulu bəyin sərbazları tərəfindən qılıncdan keçirilmiş, sağ qalanları isə pərən-pərən salınmışdı.
Pyotrun qoşunları Bakını ələ keçirdikdən sonra şəhərdə komendant sistemi yaratsalar da, yuxarıda deyildiyi kimi, şəhərin idarə edilməsi sultan Məhəmmədhüseyn bəyin ixtiyarına verilmişdi.
Bu dövrdə Pyotrun yürütdüyü siyasətdən biri də Xəzər sahili boyu salınmış şəhər və kəndlərdə əhalini xristianlaşdırmaq idi. Xəzərin qərb və cənub sahillərində özünə möhkəm dayaq yaratmaq məqsədilə xristianların, birinci növbədə ermənilərin buralara köçüb gəlmələri üçün hər cür şərait yaradılmağa başlandı. I Pyotr həm bu yerləri xristianlaşdırmaq və həm də ermənilərin ticarət işlərində səriştəli olduqlarını bildiyi üçün ticarəti daha da genişləndirmək niyyətilə onların Bakı, Gilan, Dərbənd, Mazandaran tərəflərdə yerləşdirilməsi barədə fərman vermişdi. Ermənilər nəinki Bakı şəhərində, habelə onun bir sıra kəndlərində də özlərinə məskən salmışdılar. Pyotr özünün 1724-cü il tarixli fərmanında general- leytenant Matyuşkinə və briqadir Levakova sərəncam vermişdi ki, ermənilərin göstərilən yerlərdə məskən salmalarına hər cür şərait yaradılsın və hətta lazım gəldikdə İranlılar (azərbaycanlılar- Q.İ.) sıxışdırılsın.
Həmin tarixdən başlayaraq, Bakıda ticarət, demək olar ki, ermənilərin əlinə keçir. Hindlilər ticarətdə artıq ikinci yeri tuturdular. Sonralar, təxminən 19-cu əsrin əvvəllərindən Bakı kəndlərində ermənilər azalmağa başlayır. Onlar öz mülk və bağlarını satıb əsas etibarilə şəhərdə toplaşırlar. Ta inqilabadək Bakı kəndlərində ermənilərə çox nadir hallarda təsadüf etmək olardı.
Lakin Bakı sultanı Məhəmmədhüseyn bəy çarizmin milli siyasətindən çox narazı qalmışdı. O bu vəziyyətə son qoymaq məqsədilə Şamaxıda yaşayan türk meylli Hacı Davudla əlaqəyə girir və birlikdə Bakı komendantı əleyhinə təcavüz hazırlayırlar. Bundan xəbər tutan Dərgahqulu bəy  həyəcanlı halda komendant Baratınskinin yanına gəlir.
-Cənab general, sizə mühüm bir xəbər deyəcəyəm.
-Buyur, polkovnik.
-Cənab general, mən eşitdiyim pis bir xəbəri sizə çatdırmağı özümə borc bilirəm.
-Mən sizi eşidirəm, polkovnik.
-Şəhərdə qəsd hazırlanır, cənab! Baratınski təşvişə düşür.
-O necə qəsddir, polkovnik?
-Şəhər sultanı Məhəmmədhüseyn bəy sizin əleyhinizə qəsd hazırlayır.
Dərgahqulu bəy şəhər sultanının hazırladıgı qəsd barədə komendanta ətraflı məlumat verir. Məlum olur ki, Məhəmmədhüseyn bəy Hacı Davudla gizli əlaqə saxlayır və birlikdə qarnizonun üzərinə qəflətən basqın etmək fikrindədirlər.
Baratınskinin əmri ilə Məhəmmədhüseyn bəy qardaşları ilə birlikdə dərhal həbs edilirlər. Sonra da Bakıdan Həştərxana sürgün olunurlar.
Komendantın yanında hörmətini artırmaq üçün Dərgahqulu bəyin atdığı bu addım ona, doğrudan da, böyük etibar qazandırır. Ancaq çox keçmir ki, o özü də 1727-ci ildə Hacı Davudla əlaqəyə girir. Onlar belə bir plan çəkirlər: Dərgahqulu bəyin adamları gecə şəhər darvazalarını açacaqlar və divarlar arxasında pusquda durmuş Hacı Davudu öz ləşkəri ilə şəhərə buraxacaqlar və birlikdə qarnizon əsgərləri üzərinə basqın edəcəklər. Lakin qəsdin üstü açılır. Dərgahqulu bəy bir neçə yaxın adamı ilə birlikdə adalardan birində gizlənir. Bu hadisə ilə əlaqədar olaraq şəhər əhalisinin, demək olar ki, əksəriyyəti heç bir günahları olmadan Rusiyaya sürgün olunurlar.
Dərgahqulu bəyin bu hərəkətindən sonra rus komandanlığı Abşeron kəndlərinin naibi Səlim xana da etibarını itirir. Naib Səlim xan da bu hadisədən sonra şəhərin komendantı Baratınskinin sərəncamına keçir. Baratınski Bakının qubernatoru təyin olunur.
Bir müddətdən sonra Dərgahqulu bəy tutduğu işdən peşman olaraq, təzədən rusların yanına qayıdır və onlara xidmət  etməyə hazır olduğunu  bildirir. Komendant onun belə cəsarətli addımını çox bəyənir və günahından keçir. Baratınski başa düşürdü ki, Bakı mahalında əhalinin əksəriyyəti Dərgahqulu bəyin tərəfindədir və o, hamının hörmətini qazanmışdır. Belə bir adam vasitəsilə yerli əhalini itaətdə saxlamaq rus komendantlığı üçün çox əlverişli idi. Dərgahqulu bəy şəhərin sultanı təyin olunur.
1730-cu ildə Dərgahqulu bəy yenə rus ordusu xidmətindən çıxıb, Nadir şaha pənah aparır. Ancaq Nadirin xidmətində də çox qalmır. Təzədən Bakıya qayıdır və özünün Maştağa kəndindəki mülkündə sakit yaşamağa başlayır.
Dərgahqulu bəyin Maştağa kəndində yaşadığı dövrə aid səyyah Lerxin yazılarında bəzi qeydlərə rast gəlmək mümkündür. O, Abşeronun naibi Səlim xan və maştağalı Dərgahqulu bəyin təşkil etdikləri ovda iştirak etdiyini geniş təsvir edir. Onun qeydlərində oxuyuruq: „Biz daimi odlar yerindən (Suraxana demək istəyir — Q. İ.) çıxıb, çoxlu şoran otların bitdiyi Qala kəndindən keçdik və böyük bir kənd olan Sinsenliyə (Zirə kəndini nəzərdə tutur — Q. İ.) tərəf yolumuza davam edərək, yarımadanın ensizləşdiyi və vəhşi keçi ovlamaq üçün hazırlanmış şikar yerinə gəlib çıxdıq. Şikar üçün bütün kəndlərdən əllərində silah, ox və dəyənək olan bir neçə yüz kəndli yanlarında it buraya toplaşmışdılar. Onlar dənizin bu sahilindən o biri sahilinə bir cərgəyə düzülməli idilər. Biz də elə etdik. Bu cərgədən kənara çıxmadan qabağımıza çıxan vəhşi keçiləri yarımadanın ensiz yerinə qovlaya-qovlaya irəliləyirdik. Sultan Dərgahqulu bəy də bir neçə yüz kəndli ilə bizə qoşuldu. Zavallı heyvanlar bizim yaxınlaşdığımızı gördükdə, qışqırığımıza, dəyənəklə zərbə endirməyimizə baxmayaraq, bütün sürü ilə adamların üstündən atılıb, keçirdilər. Bəziləri isə, onları lap sıxışdırdıqda dörddə bir verst enində olan körfəzi üzüb keçərək, 7 verst uzunluğunda olan Müqəddəs (indiki Pirallahı — Q. İ.) adasına çıxırdılar“. Bu göstərirdi ki, Dərgahqulu bəy rəsmi dövlət xidmətindən istefaya çıxsa da, Maştağadakı malikanəsində rahat yaşayırmış.
Bir müddət sonra biz onu yenə Nadir şahın xidmətində görürük. Bu xidmətində o, Nadirin cəsur sərkərdələrindən biri kimi şöhrət qazanır. Yerlərdə Nadir hakimiyyətinə qarşı çevrilmiş üsyanların yatırılmasında yaxından iştirak edir və belə vuruşmalardan birində Nadir şahın qardaşı İbrahim xanla birlikdə həlak olur. A. Bakıxanov Dərgahqulu bəyi cüssəli, cəsur və el arasında nüfuzlu bir adam kimi göstərmişdir.
XVIII əsrin 30-cu illərində türklərin hücumu bütün İran üçün böyük təhlükə təşkil edirdi. Bu ağır illərdə İran qoşunlarının başında sərkərdə Nadir durmuşdu. O, İranın əfşarlar tayfasındandı. Onun hərbi bacarığı nəticəsində əfqanlar İran torpağından qovulmuşdu. Bu qələbə Nadirə bir sərkərdə kimi daha böyük şöhrət qazandırdı. 1730-cu ildə böyük qüvvə ilə, türklərin üzərinə hücuma keçdi. Ağır döyüşlərdə Nadir özünün sərkərdəlik bacarığını bir daha nümayiş etdirərək, İranın bir sıra şəhərlərini və o cümlədən Həmədan, Ərdəbil və Təbrizi azad etdi.
Ordu içərisində olduğu kimi xalq içərisində də Nadirin hörmət və şöhrəti gün-gündən artırdı. Xalq onu əsl qəhrəman kimi alqışlayırdı. Çox keçmir ki, Nadir II Təhmasibi taxtdan salır və onun yerinə dörd aylıq oğlu III Abbası şah elan edir. Beləliklə o, ölkənin idarə edilməsini bütünlüklə öz əlinə keçirir.
1733-cü ildə Bağdad ətrafındakı döyüşlərdə Nadir türk qoşunlarını böyük məğlubiyyətə uğratdıqdan sonra, 1734-cü ildə Şirvan üzərinə səfərə başlayır. Türklərin Şamaxı şəhərində olan əlaltısı Surxay xan qaçır. Nadirin qoşunları şəhəri talan edib, yandırır. Salamat qalan əhali Şamaxının yaxınlığında olan Ağsuya köçürülür. Nadir Şamaxının bir daha müqavimət göstərə bilməməsi üçün, şəhər divarlarını sökdürür.
Nadir sonra Gəncəyə tərəf hücum edərək, bir neçə müddət şəhəri mühasirədə saxlayır. Gəncəni asanlıqla ala bilməyəcəyini görən Nadir başqa tədbirlərə əl atır. O, Gəncə çayının qabağını sədlə kəsir və onun istiqamətini qala divarlarına tərəf yönəldir. Qıjıltı ilə hücum çəkən su qala divarlarını yuyub uçurur və şəhərə dolmağa başlayır. Bu vaxt Nadirə xəbər çatır ki, Kars və İrəvan tərəfdən türk qoşunları gəncəlilərin köməyinə tələsirlər. Nadir tez Gəncəni işğal etmək fikrindən əl çəkərək, düşməni qarşılamaq üçün 1735-ci ilin may ayında Ermənistana tərəf yürüş edir. Düşməni məğlub etdikdən sonra İrəvan və Tiflis şəhərlərini işğal edir və təzədən Gəncəyə qayıdır. Bu dəfə Gəncədəki türk qarnizonu Nadirin basqınına davam gətirə bilməyib, təslim olur.
Türklər Nadirin hücumunun qarşısını almaq üçün onun cəbhə arxasına Krım tatarlarından ibarət böyük bir dəstə desant çıxarır. Tatarlar Dərbənd qalasında yerləşirlər. Bundan xəbər tutan Nadir Dərbəndə hücum edərək, tatarları geri çəkilməyə məcbur edir.
İngiltərə və Fransa dövlətləri hələ də rus dövlətinə qarşı qəsd üçün İran və Türkiyədən istifadə etməyə çalışırdılar. Onların niyyəti bu idi ki, bu iki dövlət arasında ittifaq bağlansın və sonra hər ikisi Rusiyaya qarşı hücuma təhrik edilsin.
Rus imperiyası tarixində isə böyük dəyişikliklər əmələ gəlmişdi. 1725-ci ilin yanvarında, I Pyotr öləndən sonra onun taxt-tacına I Yekaterina çıxarılmışdı. Lakin onun hökmranlığı cəmi üç il davam etmişdi. Ondan sonra hakimiyyət başına keçən II Pyotrun da hökmranlığı üç ildən artıq çəkməmişdi. Saray dəyişikliyi zamanı taxtdan düşürülüb, yerinə Anna İoannovna çar elan edilmişdi.
Anna İoannovnanın hakimiyyət başına keçməsi Rusiyanın ağır bir dövrünə təsadüf etmişdi. Bu illərdə ölkənin daxili və xarici vəziyyəti xeyli pisləşmiş, ordu və donanma çox zəifləmişdi. Belə bir vəziyyətdə Rusiyadan uzaqlarda, Xəzər sahili əyalətlərində ordu saxlamaq böyük xərc tələb edirdi. I Pyotrun Xəzərin qərb sahilində işğal etdiyi torpaqlar cəmi 100 kilometr enində və 600 kilometr uzunluğunda bir zolaqdan ibarət idi. Bu torpaqları əldə saxlamaq üçün Xəzər sahillərində 16 nizami, 7 süvari draqun polku dururdu. Bunlardan başqa buraya 1.800 nəfərdən ibarət kazak, tatar, çuvaş, gürcü, erməni və mordov işçi qüvvəsi də gətirilmişdi. Təbii ki, bu böyüklükdə qüvvəni saxlamağa külli xərc tələb olunurdu.
 
İqlimə alışmamış əsgərlər içərisində xəstəliklər artırdı. Tibbi yardım lazımi səviyyədə olmadığından ölüm halları çoxalmışdı. N. Butkov yazırdı ki, Rusiya bu işğal dövründə çoxlu adam itirmişdi. Əyalətdən əldə edilən gəlir ixracatı ödəyə bilmirdi. Cənubda Rusiya üçün ordu saxlamaq bir də ona görə təhlükəli idi ki, bu əyalətlərin üstündə İranla müharibə baş verə bilərdi. O biri tərəfdən Türkiyənin də Rusiyanı təzədən hədələmək qorxusu vardı. Buna görə Rusiyaya Xəzər dənizinin deyil, Qara dənizin sahillərini möhkəmlətmək lazım idi. Türkiyə ilə müharibədə Rusiya İranla müttəfiq də ola bilərdi. Bu mülahizələr baxımından ruslar Xəzər sahili əyalətlərini tərk etmək məcburiyyəti qarşısında qalmışdı. İranla rus dövləti arasında ittifaq bağlanmasına Türkiyə heç cür razı ola bilməzdi. İngiltərə ilə Fransa da bu işdə Türkiyənin siyasəti ilə həmrəy idilər. Ancaq bununla belə, 1732-ci ilin 21 yanvarında Rəşt şəhərində İranla rus dövləti arasında sülh müqaviləsi bağlandı. Bu müqavilənin əsas maddələrindən biri ondan ibarət idi ki, İran dövləti Türkiyəni Xəzər sahili əyalətlərinə buraxmamağı bir vəzifə olaraq, üzərinə götürürdü. Bundan başqa sülh müqaviləsində rus tacirlərinin İran daxilində sərbəst alveri üçün imtiyazlar yaradılması da nəzərdə tutulurdu.
1735-ci ildə Gəncə yaxınlığında rus imperiyası ilə İran dövləti arasında yeni bir müqavilə bağlandı. Bu müqaviləyə əsasən rus qoşunları Bakı və Dərbənddən çıxarılmalı idi. Rus tacirlərinin İran torpaqlarında sərbəst və gömrüksüz ticarət edə biləcəkləri isə yenə pozulmaz bir maddə kimi müqavilədə qalırdı.
Rus qoşunları artıq Bakını tərk etməyə başlayırlar. Nadir özunün ən yaxın adamlarını həmin əyalətlərin şəhərlərində yerləşdirməyə tələsir. Şahın ən yaxın və etibarlı adamlarından biri olan Qələmi Bakıya sultan təyin olunur. Bakıda və ətraf kəndlərdə Nadir özünə möhkəm dayaq yaratmaq məqsədilə əfşar türk tayfalarından bir çoxlarını buraya sürgün edərək, Sabunçu, Keşlə, Zabrat və başqa kəndlərdə yerləşdirir. Sabunçuya köçürülmüş əfşar tayfalarının işərisində şahın ən yaxın adamlarından biri olan sərkərdə Aşur xan da vardı. 1743-cü ildə Ağsu yaxınlığında Şirvanşahların qaldırdığı üsvanın yatırılmasında Aşur xan fəal iştirak etmişdi. Sonralar Sabunçuda yaşamış məşhur Aşurbəyov sülaləsi yəqin ki, Aşur xanın nəslindəndir.
1736-cı ilin fevralında Nadir Muğana gəlir. O, kiçik yaşlı III Şah Abbasın ölümü münasibətilə ölkənin hər tərəfindən feodalları da buraya çağırtdırmışdı. Yığıncaq təxminən indiki Sabirabad torpağında keçirilmişdi. O zaman bu yer Cavad adlanırdı. Nadir gələnləri təntənə ilə qarşılamış və onlar üçün hətta müvəqqəti evlər, məscid və hamam da tikdirmişdi. İran feodallarının bu yığıncağında Nadir özünü İranın şahı elan etmişdi. Nadir şahın taxta çıxması ilə Səfəvilər sülaləsinə son qoyuldu. Bundan sonra Nadir ölkənin cənubuna yürüdü. 1736-cı ilin aprelində Nadir şah 1735-ci il İran-rus müqaviləsini pozaraq, Ərzurumda Türkiyə  ilə  sülh  danışıqlarına  başladı. Halbuki  1735-ci il Gəncə müqaviləsinə əsasən İran Rusiyanın razılığı olmadan Türkiyə ilə heç bir müqavilə bağlamamalı idi. Beləliklə, 1736-cı ilin noyabr ayında İranla Türkiyə arasında sülh müqaviləsi bağlandı. Bu müqavilənin bağlanmasına İngiltərə xüsusilə böyük səy göstərmişdi. İngilislər Rusiyanın Şərq ölkələri ilə olan hər cür ticarət əlaqələrinin də yerli-dibli kəsilməsi üçün əllərindən gələni əsirgəmirdilər. Onlar Rusiya-İran ticarətinə mane olmaq üçün xüsusi quldur dəstələri yaradaraq, Xəzər dənizində üzən rus ticarət gəmilərinə müntəzəm basqınlar təşkil edirdilər. Nadir şah da onların bu hərəkətini bəyənir və dəniz quldurlarını gəmilərlə təmin edirdi.
Rus dövləti öz qoşunlarını Xəzər sahili əyalətlərindən geri çəksə də, bu yerlərin Rusiya üzərinə hücum platformasına çevrilməsinə yol verə bilməzdi.
Tacirlər sərbəst ticarət üçün şərait olmadığından ölkəni tərk edirdilər. Bakıda ticarət zəifləmişdi. Şirvandan ipək ixracı azalmışdı. Məşhur səyyah İ. Lerx belə yazırdr. „Dərbənddə 150 dükan üçün nəzərdə tutulmuş bir verst uzunluğundakı karvansarada bir nəfər də tacir yoxdur. Xəzər sahili əyalətlərinin İran hakimiyyəti altına keçməsindən sonra şəhərlərdə əhalinin miqdarı xeyli azalmışdır. Evləri, ocaqları uçub dağılmış bu adamlar başqa yerlərə köçməyə məcbur olublar“.
Ölkənin iqtisadi böhran keçirdiyi, xəzinə gəlirinin azaldığı bu dövrdə işğalçılıq müharibələri İran hakim dairələri tərəfindən yeganə çıxış yolu kimi göstərilirdi.
Quraqlıq və ardı-arası kəsilməyən müharibələr nəticəsində ölkədə başlayan aclıq əhalinin böyük qırğınına səbəb olmuşdu. Nadirin taxta çıxdığı 1736-cı ilin qışında ölkədə xüsusilə dəhşətli aclıq idi.
BütünbunlarınnəticəsindəAzərbaycandavəDağıstandaNadir
hakimiyyətinə qarşı tez-tez üsyan və qiyamlar baş verirdi. Azərbaycanda ən böyük üsyan Nadirin Hindistan səfəri dövrünə təsadüf edir. Dərbənddəki üsyanda muğanlılardan ibarət olan şəhər qarnizonunun böyük bir hissəsi də üsyançılar tərəfinə keçmişdi.
Dərbənd üsyanı amansızcasına yatırılmışdı. Qarnizondan sağ qalan muğanlıların gözləri çıxarılıb, Muğana göndərilmişdi ki, o birilərinə də dərs olsun.

Müəllif: Qılman İlkin. BAKI VƏ BAKILILAR 
Mənbə: BAKI VƏ BAKILILAR (Üçüncü nəşri).ISBN-9952-426-12–7
Top