Geyimlər hər bir xalqın tarixilə sıx bağlıdır. Xalqın maddi mədəniyyətini, na xas xüsusiyyətləri əks etdirir geyimlər. Adət-ənənələr, milli təfəkkür, xalq yaradıcılığı geyimlərin müxtəlifliyində, rəngarəngliyində, hətta naxışlarda, ayrı-ayrı detallarda üzə çıxır. Yüzilliklər ərzində formalaşan, milli dəyərlərə söykənərək uzun inkişaf prosesi keçən geyimlərimiz özünəməxsusluğu ilə seçilir. Bugün həmin geyimlər aktuallığını itirsə də, tariximizin, milliliyimizin təcəssümü olan dəyərli xəzinə kimi yaşadılır.
İbtidai geyimlər
Ən qədim insan geyimləri insanların ov zamanı əldə etdikləri heyvan dəriləri idi. İbtidai insanlar ucu sivri daşlarla bu dəriləri üzüb geyim kimi istifadə edirdilər. Bu geyimlərin əyinlərinə ola bilməsi üçün heyvanların sümüklərini nazikləşdirərək dəriyə keçirib sap əvəzi istifadə edirdilər. Həmçinin gil və quş lələkləri də bəşər tarixinin ilkin geyimləridir.
İnsanlar öz bədənlərini soyuqdan və həşəratlardan qorumaq məqsədi ilə gil və quş lələkləri ilə bəzəyirdilər. Sonradan ibtidai insan otdan parçalar hörməyə başlamışdır. Beləliklə də ilk parçalar meydana gəldi. Sonrakı dövrlərdə Hindistanda istehsal olunmuş ilk kətan parçayla isə dəbin tarixində çevriliş oldu.
Qədim Misirdə geyim insanın cəmiyyətdəki mövqeyinin göstəricisi idi. Belə ki, Qədim Misirdə qulları bel ətrafında bağlanmış parçadan, kəndliləri sadə, quldarları isə bəzəkli geyimlərindən və qızıl zinət əşyalarından tanımaq olardı.
Əgər qədim dövrdə geyim insanı hər hansı xarici təhlükədən qorumaq məqsədini daşıyırdısa, artıq antik dövrdən başlayaraq geyimin estetik funksiyası ön plana keçir. Yunanlar və romalılar ibtidai insanlardan fərqli olaraq, öz bədənlərini gizlətmək üçün deyil, əksinə, bədənlərinin gözəlliyini daha da qabarıq şəkildə göstərmək məqsədilə gözəl geyimlərdən, müxtəlif bəzək əşyalarından istifadə edirdilər.
İlk olaraq ətəklər meydana gəlib. Ətəklərdən həm qadınlar, həm də kişilər istifadə edirdilər. Lakin kişilər, xüsusilə də vavilonlular, assuriyalılar və digər xalqların nümayəndələri əksər vaxtlarını at üzərində, qonşu torpaqları ələ keçirmək uğrunda mübarizədə və daim müharibədə keçirdiklərinə görə ətəklər onlar üçün əlverişli deyildi. Beləliklə də ilk hərbi geyimlər kimi şalvarlar meydana gəldi.
Orta əsrlərdə kişilərin zövqlə geyinmələrinə yaxşı baxılmırdı. Elə hesab edilirdi ki, kobud geyimlər əsl kişilərə xasdır, bəzəkli geyimlər isə qadınlara məxsusdur. Cəmiyyətdə bu cür düşüncələr İntibah dövrünə qədər mövcud idi. Kişi dəbinin çiçəklənməsi İntibah dövrünə aiddir. Fransa kralı III Anri, kardinal Çezare Borciya dövrün zövqlə geyinən kişilərdən idi.
Orta əsrlərin sonrakı dövrlərinin estetik idealı səlibçilər idi. Yenidən ətəklər kişilər arasında populyarlıq qazandı. Elə səlib yürüşlərinin nəticəsində bir çox Şərq geyim üslubları, parçalar və bəzək əşyaları Qərbə yol tapdı.
Milli geyimlər
Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı tunc dövrünün əvvəllərinə aid (eradan əvvəl III minillik) tuncdan hazırlanmış iynə və biz tapılmışdır. Bu tapıntılar sübut edir ki, Azərbaycanın qədim sakinləri özlərinə paltar tikməyi bacarırdılar.
Eramızın V-VI əsrlərinə aid olan Mingəçevir katakomba qəbirlərindən isə müxtəlif ipək parçalardan tikilmiş geyimlərin qalıqları tapılmışdır.
XVII əsrdən etibarən Azərbaycan ipəkçilik və parçaçılıq sahəsində məşhur idi. Azərbaycan Şərqin ən böyük ipəkçilik ölkəsi kimi tanınırdı və Şirvan əyaləti Azərbaycanda ən iri ipəkçilik rayonu idi. Bundan başqa, Azərbaycanın Şamaxı, Basqal, Gəncə, Şəki, Şuşa rayonlarında da ipəkçilik istehsalı çox inkişaf etmişdi. Bu rayonlarda ipəkdən çox qəşəng, bəzəkli, naxışlı, zərif qadın baş örpəkləri istehsal olunurdu.
Azərbaycanda istehsal olunub geniş işlənən və başqa yerlərə ixrac olunan parçalar sırasında zərbafta, xara, atlas, tafta, qanovuz, məxmər, darayı, mahud, şal, tirmə, midqal, bez və s. qeyd etmək lazımdır. Bu parçalardan bəziləri xalq arasında «Hacı, mənə bax», «gecə-gündüz», «gendə dur», «alışdım yandım», «küçə mənə dar gəlir» və s. adlar altında məşhur idi. Qadın paltarları əsas etibarilə ipək parça və məxmərdən tikildiyi halda, kişi geyimləri əksər hallarda mahuddan və evdə toxunan şal parçadan hazırlanırdı.
XVI — XVII yüzilliklərdə Azərbaycan geyimləri zəngin inkişaf yolu keçmiş, milli geyim məktəbi yaradılmışdır. Geyimlə şəxsin yaşını, peşəsini, hətta hansı təbəqəyə mənsub olmasını bilmək olurdu. Geyimin forması onun yiyəsinin ailə vəziyyətini də əks etdirirdi. Subay qızların geyimləri evli qadınlardan fərqlənirdi. Cavan qızlar daha parlaq və qəşəng geyinərdilər.
Bu dövrdə Azərbaycanda ənənəvi libas sayılan üst geyimi — əba çox yayılmışdı. Qabaqkı dövr əbalarından fərqli olaraq, bunlar bədəndə kip oturur, qollar nisbətən dar olurdu.
Kişilər ayaqları dar, yuxarı getdikcə enlənən şalvar geyinirdilər. Şalvarların rəngi çox vaxt göy və ya tünd-sarı olurdu. Bu dövrdə qadınlar da dabana qədər uzanan şalvarlar geyinirdilər. Kişilərdə olduğu kimi, qadınların da şalvarları ayaq tərəfdən çox dar, yuxarısı enli olurdu.
XVIII əsrdə qadın geyimləri — üst köynəyi, çəpkən, arxalıq, kürdü, küləcə, ləbbadə, eşmək və baharıdan ibarət idi. Yaşlarından asılı olaraq qadınların geydikləri köynəklərin rəngi də müxtəlif olurdu. Qızlar və gəlinlər sarı, qırmızı, yaşıl, qoca qadınlar isə ağ və ya qara rəngdə köynək geyərdilər. Qızlar və yaşlı qadınlar bəzək şeylərindən az istifadə edirdilər. Cavan gəlinlər isə daha gözəl və zəngin geyinirdilər.
Kişi geyimləri isə köynək, arxalıq, çuxa və şalvardan ibarət olurdu. Qeyd etmək lazımdır ki, xalq geyimlərinin çox geniş yayılmış olan bu dəsti cüzi fərqlər nəzərə alınmazsa, bütün Azərbaycan ərazisi üçün səciyyəvi idi. Bir sözlə, geyimlər onu geyən şəxsin yaşını, ailə və ictimai vəziyyətini də büruzə verirdi.
Ləyaqət rəmzi papaqlar
Qadınların baş geyimləri rənginə, gözəlliyinə və rəngarəngliyinə görə seçilirdi. Bura ipək kəlağayılar, çalmalar, naz-nazı, təsək, ləçək, örpək, çadra və s. daxil idi.
Kişilərin isə əsas baş geyimi qoyun xəzi və ya qaragüldən hazırlanan papaqlar idi. Azərbaycanlılarda papaq cəsarət, ləyaqət və şərəf rəmzi hesab olunurdu. Onu itirmək böyük rüsvayçılıq hesab edilirdi. Kiminsə papağının oğurlanması onun sahibinə qarşı düşmən hücumu kimi qiymətləndirilirdi.
Kişinin başından papağı vurub salmaq onu və bütün nəslini təhqir etmək demək idi. Papağın formasına görə onun sahibinin sosial vəziyyətini müəyyənləşdirmək olardı.
Kişilər istənilən halda papağı başlarından çıxarmırdılar (hətta yemək yeyərkən), namazdan əvvəl dəstəmaz zaman istisna olmaqla. İctimai yerlərdə baş geyimi olmadan görünmək rüsvayçılıq hesab edilirdi.
P.S. Tarixən bütün Şərq ölkələrində insanı geyiminə görə qarşılayıblar. Günümüzdə də bu ənənə bir çox ölkələrdə mövcudluğunu saxlayır. Yalnız bunu nəzərə alsaq, geyimin nə qədər mühüm bir vasitə olduğunu düşünmək yetər...!