Novxanı

Novxanı

Bura 500 il əvvəl Siyan kəndi adlanırdı. Bu ifadənin hərfi mənası “yanmaq” kimi tərcümə olunur. Siyan adı “sis”, “his”, “tüstü” sözlərinin deformasiyaya uğramış variantı kimi yozulur. Ona görə kəndə Hisyandıran deyirlərmiş. Binəqədi duz gölünün xəzrisində yerləşən kəndin 17-ci əsrin ortalarında dəniz suyunun artması (güclü zəlzələ də istisna olunmur) nəticəsində batdığı qeyd olunur. Əhali “Aşağıbaş” deyilən ərazidə məskunlaşmaq məcburiyyətində qalır.

Burda yenidən tikilən evlərə farsca “ nov xanı”, yəni “təzə evlər” adı verirlər. Beləliklə, bu dəfə oxuculara Abşeronun qədim və müasir koloritlərini özündə əks etdirən Novxanıdan danışacağıq.
Novxanı 

Zahiri və mental baxımdan fərqli kənd...
Abşeron bağlarının yaranma tarixi 5 min il əvvəllərə gedib çıxır. Ərazidə yerləşən bağlar arasında ən qədimi Novxanı bağlarıdır. Bu da Novxanı tarixinin qədimliyindən xəbər verir. Halbuki, bəzi tarixi mənbələrdə onun orta əsrlərdə yarandığı göstərilir. Sadəcə girişdə qeyd etdiyimiz kimi, kənd müxtəlif tarixi mərhələlərdə başqa yerlərə köçdüyündən onun tarixinin uzaqlığına gedib çıxmaq mümkünsüzləşib. Novxanı digər kəndlərdən zahiri və mental baxımdan fərqlənir. Kəndin qədim hissəsində qalmış hər bir ev və həyətlərdə su quyusu, tövlələr, xırman, bostan məhsulları saxlamaq üçün anbarlar qarşımıza çıxır. Bu arada Novxanı ənciri və üzümünün başqa kəndlərdən fərqləndiyini də qeyd etmək yerinə düşər. Binaların və həyətlərin quruluşu kəndlilərin əkinçilik və maldarlıqla məşğul olduqlarına işarə edir. Novxanılı Həsən deyir ki, keçmişdə hamının evində xalça — palaz toxunub, parçadan, zər baftadan tikmələr tikilib. Novxanılıların bir özəl cəhəti də varmış. Kəndlilər bağlara çəpər çəkməz, həyətə qıfıl vurmazlarmış. Həsən deyir ki, bağa köçəndə, bağdan geri dönəndə “Yurd halvası” çalınar, bağa gedənlərə sovqat kimi apararmışlar. Novxanılılar xəmir və ət xörəklərini çox sevirlər. Balıq xörəkləri isə indi əvvəlkindən az istifadə olunur. Çünki öncələr kəndlilər istənilən balıq növünü vətəgələrdən gətirirdilər. İndi həmin balıq növlərini tapmaq müşkülə çevrilib. Hazırda Abşeron nemətlərindən zəfəran, badam və püstə Novxanı həyətlərində yetişdirilir.

Rəsulzadə, Lütfi Zadə, Əzim Əzimzadə ...
Sərvətimiz şəxsiyyətlərimizdir
Novxanı adı gələndə Məhəmməd Əmin Rəsulzadə yada düşür. Şərqin ilk demokratik respublikasının banisi 1884-cü il yanvarın 31-i anadan olub. Eyni zamanda, Novxanı Mirzəbala Məmmədzadə, Seyid Hüseyn, Ümgülsüm və Oqtay Sadıqzadələr kimi tanınmışların doğma kəndidir. Siyahını Əzim Əzimzadə, Lütvi Zadə, Mehdi Hüseynzadə, Süleyman Rüstəm kimi şəxsiyyətlərlə uzatmaq olar. 

Novxanıda bizə bələdçilik edən Əliabbasoğlu kənddə “Lotu Bəxtiyar”, “Lotu Əhməd” kimi hörmətli adamların yaşadığını qeyd etdi. Novxanılılar qəhrəmanlıqları ilə də ad çıxarıb. Qarabağ savaşında 52 kəndli novxanılıdan 5-i şəhid olub.

“Çil göyərçinlərim bir metr qalxmamış”...
Novxanı Bakı kəndləri içərisində quşbazları ilə də məşhurdur. Yerli sakinlərdən öyrənirik ki, kəndin ən məşhur quşbazı Əlibəy Nadiroğludur. Burada həvəskar quşbazlar da az deyil. Onlardan biri Məmmədəli Əliabbasoğlu ecazkar hobbisi barədə söz açır: “Atam da bu işlə məşğul olub. Gözümü açandan həyətimizdə göyərçin görmüşəm. Quşların həvəskarıyam. Başqaları kimi bu işdən gəlir güdmürəm. Sadəcə özüm üçün saxlayıram. Bunlara ayda 20-30 manatlıq buğda yedizdirirəm”. Quşbaz Məmmədəli ən qoca göyərçinin 25 yaşı olduğunu söyləyir: “Heç kimdən göyərçin almıram. Özüm artırıram. Hazırda saxladığım ən yaşlı göyərçinin 25 yaşı var. Azyaşlı və ortayaşlı quşlarım da az deyil. Mənim göyərçinlərim cinsdir. Elə quşum var ki, bir qalxışa havada 7 fənd göstərir. Çil göyərçinlərim isə yerdən bir metr qalxmamış qanadlarını fırladaraq qaranquş kimi yeri süzərək uçmağa başlayır”.

“Məşədi İbad” hamamı, “Hacı Qulu” piri, “Şah Hüseyn” məscidi...
Məşədi İbad hamamıNovxanıda iki qədim hamam və məscid var. Hamamlardan birinin yaşı 300, digərinin yaşı isə təqribən 500-ə bərabərdir. Kəndin mərkəzində XVII əsrə aid Şah Sultan Hüseyn məscidi fəaliyyət göstərir. Duz gölünün yanında yerləşən məscidin isə 300-400 il əvvəl tikildiyi güman olunur. Kəndin axundu Mirsoltan Məhəmmədli XX əsrin əvvəllərinədək Novxanıdakı məscidlərin sayı dörd olduğunu deyir: “Sovet hökumətinin ilk illərində onlardan ikisi uçurdulub. Ötən aylara qədər bir neçə dəfə tədqiqatçılar bura gəlib, araşdırmalar aparırdılar. Hətta Novxanıya istirahətə gələn turistlər çox vaxt yollarını buradan salırlar. Duz gölünün ecazkar mənzərəsi altında görünən qədim məscidin qalıqları onların marağına səbəb olur.Təəssüf ki, bu abidələr ölkəmizin qorunan tarix-memarlıq abidələrinin siyahısına hələ də salınmayıb”. Duz gölünə baxan açıq bir ərazidə yerləşən kəndin qədim hamamı isə ötən əsrin axırlarında istifadəyə qapadılıb. El arasında “Məşədi İbad” kimi tanınan qədim hamam bu gün baxımsız qalıb. Kənd sakini Əkrəm şam işığına qızdırılan bu hamamda vaxtı ilə duz vannası da olduğunu bildirir: “Hamama iki yerdən su xətti çəkilibmiş. Duzlu suyun müalicəvi əhəmiyyətinin böyük olduğunu bilən kənd ağsaqqalları öz vəsaitləri hesabına Duz gölündən hamama su xətti çəkdiriblər. 200-ə yaxın yaşı olan günbəzli hamam isə qədim məscidin yaxınlığında yerləşir. Qapıları bağlı olan hamam 92-ci ilə kimi fəaliyyət göstərib. Hazırda hamamın qorunması biz kəndlilərin öhdəsinə düşüb”. Yerli sakinlərlə söhbət əsnasında öyrənirik Novxanıda məşhur övliya və seyidlər də yaşayıb. Onlardan biri də kənd qəbiristanlığında yerləşən “Hacı Qulu” piridir. Hər gün onlarla insanın baş çəkdiyi bu pirdə övliya Hacı Qulu və qızı dəfn olunub.

Novxanı səyahətimizi beləcə tamamlayırıq. Qayıdarkən dəniz kənarındakı istirahət mərkəzlərinin yay mövsümünə hazırlıq gördüklərinin şahidi olduq.
Bu bazar qədim Bakı kəndlərindən biri olan Novxanıda səyahətimizi beləcə yekunlaşdırdıq. Növbəti həftədə görüşmək ümidi ilə...

Müəlliflər: Fərahim İlqaroğlu, Emil Salamoğlu

Top