“Zərdüştlər Atəşgaha gəlib burada ibadət edərdilər. Onlar ibadət edib qayıdandan sonra ailə qurarmışlar. Buraya yalnız kişilər gəlirmiş. Ona görə də qadınların burada olmasına aid heç bir nişanə yoxdur. Bu, Azərbaycanda atəşpərəstlik dövrünü bütün mənalarda əks etdirib. Həm də kənddə zərdüştlüyün geniş yayılmasından xəbər verir”. Bu sözləri Atəşgahda bizə bələdçilik edən Ruslan Xəlilov deyir. Onun sözlərinə görə, Atəşgaha Novruz bayramı ərəfəsində daha çox gələnlər olur. Bələdçimiz deyir ki, Atəşgaha gələn əcnəbi turistlər də az deyil. Bu dəfə Azərbaycan tarixinin ən qədim səhifəsini, milli və dini dəyərlərini özündə əks etdirən Əmircan kəndində olduq.
Əmircanın “Xilə” tarixi haqda
Atəşgaha giriş 2 manatdır. Bununla belə, biz içəri daxil olandan çıxana qədər ziyarətçilərin ardı-arası kəsilmirdi. Əmircan kəndinin tarixi haqda xronoloji ardıcıllıqla deyək ki, 2,6 min kvadrat km, əhalisi isə 30 mindən ibarətdir. Kənd Abşeron yarımadasının cənub-qərbində yerləşir. Ən qədim adı Xilə, sonradan isə Əmircan qoyulub. Deyilənə görə, qədim zamanlarda burda Hillə qəbiləsi yaşamış (bəzi mənbələr onu Xilə tayfaları kimi təqdim edir), kəndin adı da buradan götürülüb. Xilə adının ərəblərin ölkəmizə hücumları dövründə qoyulduğu güman olunur. Azərbaycanda Xilə adında bir neçə kənd mövcuddur. Lakin Abeşrondakı Xilənin — indiki Əmircanın yaşca digərlərindən böyük olduğu vurğulanır.
Abbasqulu aga Bakıxanov “Gülüstani-İrəm” əsərində doğma kəndi Əmircanı “Əmir Hacan” kimi təqdim edib. Məlumatlara görə, Məkkə ziyarətinə gedən zəvvarların başçısını “Əmir hac” çağırırlarmış. Əmircan üləmaların, ruhanilərin, söz-sənət ustalarının da ana yurdu olub. Kənd abidələri, məscid və minarələri ilə digər kəndlərdən xüsusi seçilir.
“Bakirə qız ovdanı”, “Qızlar hamamı”
Bələdçimizdən öyrəndik ki, kənddə qədim məscid, ovdan, hamam, mavzoley var. Nizaməddin məscidi (“Moltan piri”) XIV əsrə aiddir. A. Bakıxanov atası və babası ilə Nizaməddin mülkündə yaşayıblar. “Nizaməddin məscidi”nin yaxınlığında A. Bakıxanovun yaşadığı mülkün bir hissəsi hələ də qalır. XVII-XVIII əsrlərdə kənddə tikilən abidələrdən biri də “Binyətdilər məscidi” dir. Bələdçimiz deyir ki, məscid 1904-cü ildə Binyət adlı şəxsin vəsaiti hesabına tikilib və dövlət tərəfindən mədəniyyət abidəsi kimi qorunur. 1908-ci ildə milyonçu Murtuza Muxtarovun vəsaiti hesabına kənddə başqa bir məscid inşa olunub. Əmircanda digər Bakı milyonçusu Şəmsi Əsədullayev də məscid tikdirib, amma həmin məscid sonralar dağıdılıb. Əmircanda qədim bir “Bakirə qız ovdanı” indiyə qədər qalmaqdadır. Deyilənə görə, qız nişanlı olan vaxtda nişanlısı ölür. Qız adaxlısının xatirəsini əbədiləşdirmək üçün ilk dəfə görüşdükləri və ona su verdiyi yerdə ovdan tikdirib. Bundan əlavə Əmircanda “Qızlar hamamı” və “Məşədi Xəlil hamamı” ndan əsər-əlamət qalmayıb.
7 mərtəbəli qəbiristanlığın dördüncü mərtəbəsi
Kəndin ərazisində 15-ə yaxın qədim qəbiristanlıq salınıb. 1932-ci ildə kəndin mərkəzindəki qədim qəbiristanlığın söküntüsü zamanı oranın yeddi mərtəbədən ibarət olduğu aşkarlanıb. Qəbiristanlığın dörd qatında İslama qədər dövrdə basdırılan insanların qalıqları aşkar olub. Qalan alt qatlarda isə atəşpərəstlik və ondan öncəki dövrdə basdırılan insanların sümükləri aşkarlanıb. Ən sonuncu qatlardakı qəbirdə iki sklet aşkarlanıb. Bütün bunlar Əmircanda eramızdan əvvəl insanların məskunlaşdığını deməyə əsas verir.
Atəşgah 24 hücrədən ibarətdir. Hücrələrin girişi üzərində hind dilində kitabələr həkk olunub. 20 belə kitabədən 1-i farscadır. Məbəddə şimal-şərq tərəfdən yaxınlığında, hazırda tamamilə daşla doldurulmuş dördkünc çala var. Bələdçimiz deyir ki, burda ölmüş hindlilərin cəsədləri “müqəddəs od”da yandırılırmış.
İslamdan öncəki tarixə, konkret olaraq desək, zərdüştlüyə aid odlu məbəd bu günə kimi qorunub saxlanılmaqdadır. Məbədin Əmircan kəndində olduğunu göstərmək üçün isə kəndin girişində, Binə yolunun üstündə ona oxşar kiçik bir qala tikilib. Yerli əmircanlılar deyir ki, çox adam yalançı məbədə aldanır. Atəşpərəstlərin ibadət etdiyi müqəddəs yeri biz də ziyarət edirik. Dörd bir tərəfi qaya daşları ilə əhatələnmiş məbəd tarixi abidə kimi qorunur.
Ayağımızı basdığımız sirli tarixə malik bu qədim yerlə bizi yenə Ruslan adlı bələdçi tanış edir. Öncə məbədin mağara tipli otaqlarını gəzirik. Bələdçimiz deyir ki, o vaxt zərdüştlər ayinlərini bu otaqlarda icra ediblərmiş: “Açıq hava muzeyində məbədlə bağlı bir çox tarixi eksponatlar sərgilənir. Burda zərdüştlərin istifadə etdiyi məişət alətlərindən tutmuş üzərinə semskriptlər deyilən (Hindistan heroqlifləri- F.İ) əlifba ilə yazılan daşlar sərgilənir. Amma eksponatların çoxunun üzərində müqəddəs kitab sayılan Avestadan qeydlər var. Üstəlik məbədin harasına baxsan dörd müqəddəs ünsür sayılan hava, od, su, torpağın təsviri ilə qarşılaşırsan. Bu özü onu bir daha sübut edir ki, bura atəşpərəstlərin ən böyük ibadət məskənlərindən olub”.
Söhbət zamanı öyrənirik ki, atəşpərəstlər ərəb istilası zamanı Hindistana qaçmalı olublar. Bundan öncə isə onların bu ölkə ilə geniş ticarət əlaqələri var imiş. Qədim İpək yolunun üzərində yerləşən Azərbaycana saysız-hesabsız tacirlər gəlirmiş. Onlar üçün kənddə böyük karvansaraylar tikilibmiş. Lakin ehtimal var ki, bu tikililər Makedoniyalı İsgəndərin hücumu zamanı dağıdılıb. Elə od məbədi həmin hücuma məruz qalıb. Amma möhkəm qala daşlarından tikildiyindən onu dağıtmaq mümkün olmayıb.
“Ömrünün axırına kimi oturduğu mağaradan çölə çıxmayıb. Bütün günü ibadətlə məşğul olubmuş. Bəzən kahinlər elə bilirlərmiş ki, ölüb. Lakin mağaraya yaxınlaşanda görüblərmiş ki, dua səsləri gəlir”. Bu sözləri bələdçimiz bütün bədbəxt hadisələri öncədən görən əfsanəvi zərdüşt kahini haqqında söyləyir. Onun kiçik və qaranlıq otağına giririk. Buranı ziyarət edənlərə maraqlı olsun deyə onun burda mumyadan heykəlciyi yaradılıb.
Tavandan asılan böyük zəncir, əlində kəndir tutan mumyanı görüb bələdçidən bunun nə məna verdiyini soruşuruq. O deyir ki, bu zərdüşt kahini ömrünün axırına kimi gündə beş dəfə olmaqla zəng çalaraq atəşpərəstləri oda sitayişə səsləyirmiş. Qəribəsi isə ondadır ki, onların təyin etdikləri səcdə vaxtları İslam dinindəki namaz vaxtları ilə üst-üstə düşür.
“Burada...odların yanında: bəziləri...bu oda görə belə adlandırılmış Suraxanı Atəşgahının sakinləri üçün yemək hazırlayır; digərləri əhəng yandırırlar; qədim fars tayfasının əcdadlarından iki nəfər, gəlmə hind atəşpərəstlərinin tikdiyi divar ətrafında hərəkətsiz oturaraq, torpağın altından püskürən alovu seyr edir, səcdə edərək dua oxuyurdular”. Bu sözlər abidəni ziyarət edən alman səyyah Kemferə aiddir. Ondan başqa Verşaqin, Bondentşteyn və Boqolyubov kimi səyyahlar burada gördüklərini həm yazıblar, həm də təsvir ediblər. Hazırda isə onların əsərlərinin bir çoxu burada saxlanılır.
Məbədin qazını “Azəriqaz” kəsib?
Atəşpərəstlik məbədinin niyə yanmadığını soruşuruq. Az keçmir ki, buranın işçiləri məbəddəki altı məşəli yandırırlar. Yanan qazın mənbəyini soruşuruq. Qoruq işçisi deyir ki, indi yanan qaz yerli xətlərdən çəkiləndir. “Qədimdə alov yerin altından çıxırmış və heç vaxt sönmürmüş. Bu vəziyyət Nobel qardaşlarının burda kerosin zavodu inşa etməsinə kimi davam edib. Az keçməyib ki, məbədin alovu sönüb”.
Məbədin içərisindəki üstündə meyvələri olan bir əncir ağacı diqqətimizi çəkir. “Qış hara, əncir hara?” deyə bələdçidən soruşuruq. Öyrənirik ki, bu qədim ağac ildə dörd dəfə bar verir.
Məbəddə gəzintimizi başa vurmamışdan zərdüştlərin necə ibadət etdiklərini də öyrənirik. Sonra isə orada çalışanlarla qısa söhbət edirik. Onlar bizə deyirlər ki, Əmircanı dünyada məşhurlaşdıran bu məbədi ziyarət edənlərin sayı ildən-ilə artır. Xüsusən yay aylarında dünyanın müxtəlif ölkələrindən bura turistlər axın edir. Amma ən maraqlısı budur ki, yerli əmircanlılar hər il Novruz bayramını burada od məbədinin başında qeyd edirlər.
Həmçinin bax:
Qala kəndi
Müəlliflər: Fərahim İlqaroğlu və Emil Salamoğlu