At muraddır

At muraddır

Azərbaycan xalqının milli qəhrəmanı Koroğlunun Qıratı azadlıq və haqq-ədalət uğrunda vuruşan bir millətin yüksək bədiiliklə səciyyələndirilən rəmzidir. Yəqin ki, «At igidin dostudur» xalq məsəli də döyüş meydanlarında yaranmışdır. Bədii ədəbiyyatda, folklorumuzda Azərbaycan atlarının təsvirinə tez-tez rast gəlirik. Böyük Nizaminin «Xosrov və Şirin» poemasında Şirinin çox sevdiyi «Gülgün», Qaçaq Nəbinin, onun silahdaşı Həcər xanımın xilaskarı «Bozat» dillər əzbəri olmuşdur.
El arasında deyildiyi kimi, at muraddır, at insanların sədaqətli dostudur. At həm də ən ali, ən dəyərli hədiyyədir...
Ötən əsrin əvvəllərində Şuşa xanı Böyük Britaniya kraliçasına Qarabağ cinsli «Zaman» adlı kəhər bağışlamışdır.
Makedoniyalı İsgəndər, İran hökmdarı Dara kimi sərkərdələr öz süvari qoşunlarını Qarabağ atları hesabına gücləndirmişlər.
İnsanın ən sədaqətli dostu olan atlara dünyanın hər yerində heykəllər qoyulur. Bu da atlara olan insan məhəbbətidir. Bakıda H.Əliyev adına İdman Oyunları Sarayının qarşısındakı xiyabanda ucaldılan at heykəli — monumental kompleks də dəqqəti cəlb edir. (Heykəltəraş Georgi Caparidze, memar Elbəy Qasımzadə). Heykəl-kompleks, həm atda olan tükənməz gücü nümayiş etdirir; həm də yerin təkindən çıxan atəş Azərbaycan və gürcü xalqlarının əbədi qardaşlığının simvolu kimi təsvir olunmuşdur.
Azərbaycan atları
...Atları eramızdan əvvəl III minillikdə əhliləşdirməyə başlamışlar. Azərbaycanda atçılıqla qədim zamanlardan məşğul olmuşlar. Herodot yazır ki, Midiyada Nise adlanan geniş bir vadi var ki, burada da çox şahanə atlar saxlayırlar. Qədim Albaniyda da atçılıq inkişaf etmişdir. Midiyalılar və albanlar atdan orduda və təsərrüfat işlərində geniş istifadə etmişlər.
Ərəb alimi İbn — Xəuqəl XII əsrdə yazmışdır ki, Azərbaycan atları böyük şöhrət qazandığı üçün, onlar İran, İraq, Hindistan, Misir, Suriya və başqa ölkələrdə böyük tələbat var idi.
Azərbaycan atları uzun əsrlər boyu müəyyən təbii-tarixi şəraitin təsiri nəticəsində, həyat tələbatı sayəsində dəyişmiş, bir sıra yerli at cinsləri əmələ gəlmişdir. Bunlardan Qarabağ, Qazax (Dilboz), Quba və Şirvan atları geniş yayılmışdır.

...Qarabağ atları barədə bir qədər ətraflı bəhs edək. Qarabağ cinsi xalqın uzun əsrlər boyu apardığı seleksiyalar nəticəsində yaranmışdır.
Qarabağ atı qədim Azərbaycan atlarının bir cinsidir. Hələ məxəzlərdə Ərəb atı haqqında heç bir məlumat olmadığı qədim dövrdə Azərbaycan atları, o cümlədən də Qarabağ atı tanınmış, şöhrət qazanmış və bir çox Şərq ölkələrində geniş yayılaraq, ən qiymətli atlardan sayılmışdır.
Qarabağ atına bir daha gözəllik verən və onu fərqləndirən əlamətlər onun parıldayan narıncı rəngdə olmasıdır. Yalı və quyruq tüklərinin ucları qızarmış, tünd-şabalıdı rəngdə olur. Sarı-qızılı, qızılı-qonur rənglər əsasən Qarabağ atlarına məxsusdur. Çox az hallarda kəhər, boz və çal rənglərə də təsadüf olunur. Qarabağ atının xarakterik nişanları — ayaqlarında müxtəlif dərəcədə səkil (ağlıq), alnının isə təpəl olması ilə fərqlənir.
Eksteryer etibarilə Qarabağ atı tipik dağ minik atıdır. Gözəl rəngi və mütənasib bədən quruluşu onu başqa yerli at cinslərindən fərqləndirir. Bu atların əsas yeriş forması çaparaq yerişdir, yerişi geniş və cəld, bütün hərəkətləri çevikdir. «Sərdar», «Sultan», «Şah», «Ağalar», «Divar», «Meymun» və sair ayğırlardan keçmişdə «Atlı qvardiya alayının nümunəvi zabit atı» kimi istifadə edilməsi, bu atların yüksək iş qabiliyyətini bir daha sübut edir.
Hərbçi B.A.Çudovski 1914-cü ildə yazırdı: «Bizim hərbi dəstələrimiz Zaqafqaziyada olduğu zaman bütün ordu alaylarında zabitlərdə çoxlu Qarabağ atları var idi. Bu atlar bütün Zaqafqaziya yürüşlərində, habelə İran və Türkiyə sərhədləri boyu yürüşlərdə çox yaxşı davam gətirirdilər. Qarabağ atı yerli şərait üçün çox qiymətlidir. İsti havada minicinin altında az tərləyir, halbuki, yanaşı gedən Kabardin atı tamamilə tər içində olur».
Qarabağ atının əsas yayıldığı yer Azərbaycanın Qarabağ zonası olmuşdur. Ən yaxşı atlar Şuşa, Ağdam və bu rayonlara yaxın ərazidə yayılmışdır. Bu cinsdən olan atlar Şimali Qafqaza, Dona və Rusiyanın cənubunda yerləşən bir çox at zavodlarına da aparılmışdır.
Mütəxəssislərin fikrinə görə, Qarabağ atları Rusiyada, Avropa ölkələrində atcılığın inkişafına böyük təsir göstərmişdir. 1823-cü ildə ingilislər Mehdiqulu xanın zavodundan çox baha qiymətə 60 baş madyan alıb aparmışlar. Qarabağ atının döllük və iş qabiliyyəti həmişə diqqəti cəlb etmişdir. XIX əsrin ortalarından başlayaraq, bu cinsdən olan atlar Ümumrusiya, Parisdə keçirilən Ümumdünya at sərgilərində nümayiş etdirilmiş, yüksək mükafatlara layiq görülmüşdür.

İndi Bakı, Şəki və Qazax şəhərlərində atçılıq idmanının inkişafına geniş meydan verilmişdir. Bakıda beynəlxalq tələblərə cavab verən nəhəng ippodrom yaradılmışdır. Şübhə yoxdur ki, bu da ölkəmizdə atçılığın inkişafına böyük kömək edəcəkdir.
Etiraf etməliyik ki, XIX əsrin ortalarından başlayaraq, Qarabağ atı keyfiyyətcə pisləşməyə və miqdarca azalmağa başlamışdır. Bunun başlıca səbəbləri — Qarabağ atının çoxlu miqdarda başqa ölkələrə aparılması, bir çox ilxıların tələf olması, nəqliyyat vasitələrinin artması, baytarlıq tədbirlərinin pozulmasıdır.
Mütəxəssislər deyirlər ki, Qarabağ zonasındakı hazırkı yerli atların çoxu bu cinsin cırlaşmış qalıqlarıdır. Buna görə də uyğun zoobaytariya şəraitində bu atların yaxşı hissəsi əsasında məşhur Qarabağ cinsini bərpa etmək və təkmilləşdirmək mümkündür. Unutmaq olmaz ki, at muraddır, at insanların ən yaxın və sədaqətli dostudur.

Müəllif:Canalı Mirzəliyev
Mənbə: Mədəniyyət qəzeti
Top