XIX əsrin əvvəllərində Azərbaycanın şimalının Rusiyaya birləşdirilməsi ilə Azərbaycan təsviri sənətində realist təmayüllər getdikcə güclənir, bədii yaradıcılığın yeni növ və janrları meydana gəlir. «Molla Nəsrəddin» və digər jurnalların, eləcə də kitab nəşri ilə bağlı satirik qrafika və illüstrasiya janraları yaranır. «Molla Nəsrəddin» jurnalının rəssamları O.Şmerlinq, İ.Rotter, Ə.Əzimzadə və X.Musayev dövrün ictimai-siyasi problemləri ilə səsləşən realist qrafika sənəti sahəsində geniş fəaliyyət göstərirlər. Azərbaycan satirik qrafikasının banisi Ə.Əzimzadə ictimai bərabirsizliyi, cəhaləti, fanatizmi, çarizm zülmünü ifşa edən kəskin karikaturalar, şarjlar yaradır. Məşhur «Yüz tip» rəsmlər seriyası, qadın azadlığı, ateizm və siyasi motivlərə həsr olunmuş akvarelləri aktuallığı, milli koloriti ilə fərqlənir. 1914-cü ildə M.Ə.Sabirin «Hophopnamə» əsərinə çəkdiyi illüstrasiyalar Ə.Əzimzadənin ən uğurlu işlərindəndir.
Azərbaycan realist dəzgah boyakarlığının yaradıcılarından biri olan B.Kəngərlinin yaratdığı "İlanlı dağ Ay işığında", «Günəş batarkən», «Bahar» mənzərələri, «Qaçqınlar» silsiləsinə daxil olan yurdsuz insanların portretləri, «Elçilik», «Toy» kimi məişət kompozisiyaları, eləcə də 1910-cu illərdə Naxçıvan teatrında tamaşaya qoyulmuş "Ölülər" (C.Məmmədquluzadə), «Hacı Qara» (M.F.Axundzadə), «Pəri-cadu» (Ə.Haqverdiyev) və b. səhnə əsərlərinə verdiyi bədii tərtibat və geyim eskizləri Azərbaycan rəssamlığının dəyərli örnəklərindəndir.
Bakıda "İstiqlal" dövlət muzeyi təsis olunur (1919), milli rəmzlər — dövlət gerbi və bayrağı yaranır, tarixi sənət abidələrinin qorunması və bərpası ilə əlaqədar tədbirlər həyata keçirilir. Milli təfəkkürün carçısı sayılan «Fyüzat» jurnalının naşiri görkəmli filosof, jurnalist və rəssam Əlibəy Hüseynzadə «Bibiheybət» məscidi, "Şeyxülislamın portreti" kimi əsərlərini yaradır.
Azərbaycanda 1920-ci ildə kommunist rejiminin 70 illik hökmranlığı bərqərar oldu. Respublikada mədəni quruculuq və yeni tipli incəsənətin təşəkkülü prosesi başlandı. Bakıda ilk rəssamlıq məktəbi açıldı (1920), təsviri sənətin yeni növ və janraları yarandı.
30 illərdə qrafika sahəsində Ə.Əzimzadə ilə yanaşı Q.Xalıqov, İ.Axundov, Ə.Hacıyev, M.A.Vlasov, K.Kazımzadə, Ə.Məmmədov və b. rəssamlar da fəaliyyət göstərir, Azərbaycan və xarici ölkə yazıçılarının kitablarına illüstrasiyalar çəkir, müxtəlif aktual mövzularda siyasi plakatlar yaradırdılar. Müasir dəzgah boyakarlığının təşəkkülü 20-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmiş gənc rəssamların fəaliyyəti ilə bağlı olmuşdur. 1928-ci ildə Azərbaycan Gənc Rəssamlar Cəmiyyətinin ilk yaradıcılıq sərgisi, 30-cu illərdə Azərbaycan İnqilabi Təsviri İncəsənət Birliyinin təşkil etdiyi sərgi böyük uğur qazandı. Bakıda və Moskvada nümayiş etdirilən ilk rəssamlıq sərgilərində S.Salamzadə, Q.Xalıqov, Ə.Rzaquliyev və b. müasir mövzulara həsr etdikləri tablolar mühüm yer tuturdu. 1932-ci ildə Azərbaycan rəssamlarının təşkilat komitəsi yaradıldı. Boyakarlıq sahəsində bir sıra uğurlar qazanıldı. S.Şərifzadənin "Üzüm yığımı", H.Haqverdiyevin "Ə.Əzimzadənin portreti", Q.Xalıqovun «Nizami Gəncəvinin portreti», M.Abdullayev, B.Mirzəzadə, B.Əliyev, S.Bəhlulzadə və K.Xanlarovun məişət və tarixi tabloları, kalorit zənginliyi, boyaların ahəngdarlığı ilə diqqəti cəlb edir.
Azərbaycan müasir peşəkar heykəltəraşlığının təşəkkülü ilə bağlı Bakıda bir sıra monumental abidələr qoyulmuş, milli heykəltəraşlıq kadrları yetişmişdir. 20-30-cu illərdə ilk azərbaycanlı heykəltəraşlardan İ.Quliyev, eləcə də Azərbaycanda yaşayan S.D.Erzya, Y.R.Tripolskaya, P.V.Sabsay və b. heykəltəraşların iştirakı ilə Bakıda M.Ə.Sabirin, M.F.Axundzadənin və b. abidələri qoyulmuş, dekorativ heykəllər, portret və büstlər yaradılmışdır. 30-cu illərdə sovet heykəltəraşlığının banilərindən olan F.Əbdürrəhmanov Azərbaycan ədəbiyyat və mədəniyyət xadimlərinin büst portretlərini (Ə.Haqverdiyev, M.F.Axundzadə, Ü.Hacıbəyov, A.Zeynallı və b.) və ilk monumental əsəri olan «Füzuli» heykəlini (1939, Nizami ad. Azərb. Ədəbiyyatı Muzeyinin lociyasında) yaratmışdır. Heykəltəraş C.Qaryağdının dekorativ heykəl və portretləri, M.P.Vaqifin heykəli (1939-40, Nizami ad. Azərb. Ədəbiyyatı Muzeyinin lociyasında) XX əsr Azərbaycan heykəltəraşlığının qiymətli nümunələrindəndir.
1940 ildə Azərbaycan rəssamlarının 1-ci qurultayı keçirildi.
Müharibədən sonra, 50 illərin ortalarında Azərbaycan təsviri sənəti bədii kamillik dövrünə qədəm qoydu. Bunun inkişafında keçirilən sərgilərin mühüm rolu olmuşdur.
SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü M.Abdullayevin tablolarında respublikanın geniş, rəngarəng panoramı təsvir olunmuşdur. Rəssamın «Axşam», «Mingəçevir işıqları», «Azərbaycan çöllərində» (triptix), «Sevinc» və s. əsərlərində əmək adamları məişət səhnələri lirik səpkidə verilmişdir. «Hindistan silsiləsi»nə görə M.Abdullayev beynəlxalq Nehru mükafatına (1970) layiq görülmüşdür. Xalq rəssamının çoxillik yaradıcılıq fəaliyyəti "Şöhrət" (1997), "İstiqlal" ordenləri ilə qiymətləndirilmişdir.
SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü xalq rəssamı T.Salahovun «Növbədən qayıdanlar», «Səhər qatarı», «Abşeron qadınları», «Yeni dəniz» tablolarında dövrün qəhrəmanlıq pafosu, Xəzərdə yüksələn polad adaların əzəməti duyulur. T.Salahovun yaratdığı «Bəstəkar Qara Qarayevin portreti» əsəri portret sənətinin klassik nümunələrindəndir.
Rəssamın xarici ölkələrin həyatına həst etdiyi lövhələri, mənzərə və natürmotları, «Bəstəkar Şostakoviçin portreti» müasir Azərbaycan boyakarlığının ən yaxşı əsərləri sırasına daxildir. Rəssam Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin portretini ilhamla yaratmışdır. Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə T.Salahov "İstiqlal" orleni ilə təltif olunmuşdur.
Orijinal və bənzərsiz yaradıcılığa malik T.Nərimanbəyovun əsərlərində doğma yurdun təbiəti, müasirlərinin obrazı əlvan dekorativ boyalarla təsvir edilir. Rəssamın «Səadət», «Sevinc», «Torpağın bərəkəti», «Bazar» və s. tabloları natürmort və mənzərələri nikbinlik motivləri ilə səciyyələnir. Onun improvizasiya məharəti «Parisi xatırlayarkən», «Bethoven dünyası» tablolarında, səhnə dekorlarında aydın nəzərə çarpır. T.Nərimanbəyovun milli və beynəlmiləl ənənələrin sintezinə əsaslanan yaradıcılığı dünya şöhrəti qazanmışdır. N.Əbdürrəhmanovun "Çəltik becərənlər", «Dağlarda qürub çağı», A.Cəfərovun «Sabahın düşüncələri», «Həyat», «Mənim Azərbaycanım» tabloları Azərbaycan təbiətini canlandıran lirik mənzərələr, sənət xadimləri — şair "Əlağa Vahid«in, bəstəkar A.Məlikovun portretləri kalorit zənginliyi ilə diqqəti cəlb edir.
B.Mirzəzadənin yaradıcılığında əmək adamlarının, mədəniyyət və incəsənət xadimlərinin (müğənni Z.Xanlarova, rej. Ş.Bədəlbəyli) portretləri, mənzərə və natürmortlar mühüm yer tutur. Əmək, sənaye mövzuları, B.Əliyev, L.Feyzullayev, Ə.Məmmədov, Ə.Verdiyev və b. tablolarında öz əksini tapmışdır. X.Səfərova, H.Məmmədov, Q.Seyfullayev, Əbdülxalıq, A.Abdullayev, H.Haqverdiyev, D.Kazımov, C.Rüstəmov, K.Xanlarov, T.Şıxəliyev, A.Mehdiyev, M.Abbasov, F.Ağayev, S.Manafova və b. yaradıcılığında zəhmət adamlarına və məişət səhnələrinə, E.Rzaquliyev, V.Nərimanbəyov, T.Sadıqzadə, Ə.Hüsenyov, K.Nəcəfzadə və b. əsərlərində Azərbaycan xalqının tarixi keçmişi, adət və ənənələri, müharibə, sülh mövzularına geniş yer verilmişdir. Portret janrında S.Salamzadə, T.Tağıyev, V.Səmədova, Ş.Şərifzadə, O.Sadıqzadə, Nəcəfqulu, A.Kərimov, G.Mustafayeva, O.Ağababayev, H.Zeynalov, H.Kərimov, S.Məmmədov, Ç.Fərzəliyev və b. xüsusilə fərqlənmişlər.
Azərbaycan təbiətinin gözəllikləri xalq rəssamı S.Bəhlulzadənin „Qız bənövşəyə gedən yol“, „Doğma düzənliklər“, „Torpağın həsrəti“, „Kəpəzin göz yaşları“ və s. tablolarında öz əksini tapmışdır. N.Qasımov, K.Xanlarov, M.Tağıyev, S.Haqverdiyev, T.Cavadov, F.Xəlilov, B.Maratlı, N.Rzayev, Ə.Əsgərov, U.Haqverdiyev və b. rəssamlar mənzərə janrında orijinal tablolar yaratmışlar.
Həyatın gözəlliyini, fəlsəfi mənasını dərk etmək baxımından F.Xəlilovun Abşeron təbiətinə həsr olunan tabloları müasirliyin ritm və intonasiyaları ilə səciyyələnir.
C.Mircavadov, N.Rəhmanov, K.Əhmədov, Q.Yunusov, S.Veysov, A.İbrahimov, İ.Məmmədov, S.Mirzəzadə, F.Haşımov, F.Qulamov, A.Səmədov və b. əsərlərində Azərbaycan mifoloji təsəvvürləri ilə müasir boyakarlıq axtarışları uzlaşmışdır.
Teatr-dekorasiya sənətinin inkişafı Azərbaycan opera, balet, dram və musiqili komediya tamaşalarının səhnə təcəssümü ilə bağlıdır. Ə.Əzimzadənin bir sıra teatr tamaşalarına çəkdiyi geyim eksizləri, Azərbaycan realist teatr-dekorasiya sənətinin yaradıcılırandan biri olan R.Mustafayevin 1920-30-cu illərdə „Ölülər“ (C.Məmmədquluzadə), „Üsyan“ (D.Furmanov), „Dəmirçi Gavə“ (Ş.Sami), „Sevil“, „Od gəlini“, „1905-ci ildə“ (C.Cabbarlı), „Şeyx Sənan“ (H.Cavid), „Dağılan tifaq“ (Ə.Haqverdiyev), „Şah İsmayıl“ (M.Maqomayev), „Arşın mal alan“, „Leyli və Məcnun“, „Koroğlu“ (Ü.Hacıbəyov), „Aşıq Qərib“ (Z.Hacıbəyov), „Sonalar gölü“ (P.Çaykovski) və s. dram, opera və balet tamaşalarına verdiyi bədii tərtibat Azərbaycan teatr-dekorasiya sənətinin inkişafında mühüm yer tutmuşdur. Teatr rəssamlığı sahəsində fəaliyyət göstərən rəssamlardan İ.Seyidovanın „Leyli və Məcnun“ (Ü.Hacıbəyov), „Sevil“ (F.Əmirov), Ə.Fətəliyevin „Koroğlu“ (Ü.Hacıbəyov), „İnsanın taleyi“ (İ.İ.Dzerjinski), „Bahadır və Sona“ (S.Ələsgərov) operalarına, Ə.Almaszadənin „Gülşən“ (S.Hacıbəyov), „Qaraca qız“ (Ə.Abbasov) baletlərinə, N.Fətullayevin „Şərqin səhəri“ (Ə.Məmmədxanlı), „Otello“ (V.Şekspir), „Vaqif“ (S.Vurğun), „Mahnı dağlarda qaldı“ (İ.Əfəndiyev), İ.Axundovun „Solğun çiçəklər“ (C.Cabbarlı), „Şeyx Sənan“ (H.Cavid), S.Şərifzadənin „Cavanşir“ (M.Hüseyn), „Kəndçi qızı“ (M.İbrahimov) və s. dram tamaşalarına verdikləri bədii tərtibatlar xüsusilə diqqəti cəlb edir.
1960-cı illərdən başlayaraq səhnə tərtibatı sahəsində yenilik meylləri güclənir, rəssamlar şərtiliyə, lakonik və rəmzi təsvir vasitələrinə xüsusi əhəmiyyət verirlər. Bu sahədə ilk uğurlu addım atan T.Salahov „Antoni və Kleopatra“, „Hamlet“ (V.Şekspir), „Aydın“ (C.Cabbarılı) pyeslərinin, xüsusilə „Koroğlu“ operasının (Ə.Fətəliyevlə birgə) tamaşasına verdiyi bədii tərtibatda aydın konstruksiyalı, əzəmətli dekorlar yaratmışdır. M.Abdullayev „Leyli və Məcnun“, „Koroğlu“ (Ü.Hacıbəyov) operalarının və „Çitra“ (Niyazi) baletinin tərtibatını şux və əlvan boyalarla həll etmişdir. T.Nərimanbəyovun „Qobustan kölgələri“ (F.Qarayev), „Yeddi gözəl“ (Q.Qarayev), „Nəsimi dastanı“, „1001 gecə“ (F.Əmirov) baletlərinin tamaşaları romantik üslub tərtibi ilə fərqlənir. Teatr-dekorasiya sənətinin inkişafında B.Əfqanlı, H.Mustafayev, S.M.Fefimenko, Y.A.Toropov, Ə.Abbasov, E.Aslanov, B.Əfəndiyev, M.Əliyev, A.Seyidov, E.Məmmədov, S.Haqverdiyeva, F.Əhmədov, Q.Məmmədov, F.Ə.Xəlilov, F.Qafarov və digər rəssamların, kino sahəsində C.Əzimov, K.Nəcəfzadə, N.Zeynalov, F.Bağırov, R.İsmayılov, M.Ağabəyov, N.Bəykişiyev və b. mühüm xidmətləri olmuşdur.
İkinci dünya müharibəsindən sonra Azərbaycanda monumental və dəzgah heykəltəraşlığı yeni inkişaf mərhələsinə qədəm qoydu. N.Gəncəvinin Gəncədə (1946; SSRİ Dövlət mükafatı, 1947) və Bakıda (1949) abidələri SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü F.Əbdürrəhmanovun yaradıcılığında mühüm mərhələ idi. Onun Bakıda qoyulmuş „Azad qadın“ heykəli (1960), S.Vurğunun (1961), Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin (1973), Düşənbədə şair Rudəkinin (1964, SSRİ Rəssamlıq Akademiyasının Qızıl medalı) abidələri, Azərbaycan monumental heykəltəraşlığının uğurlu nümunələrindəndir. Monumental heykəltəraşlıq ustası SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü P.V.Sabsay əmək adamlarının, elm və mədəniyyət xadimlərinin (»Neftçi M.P.Kaveroçkin", «Rəssam S.Bəhlulzadə», «Neftçi Babayev», «Yazıçı S.Rəimov», S.Vurğunun mənzil-muzeyi üçün monumetal portreti və s.) portretlər qalereyasını yaratmışdır. «A.S.Puşkinin portreti» («Elegiya») heykəltəraşın ən kamil əsərlərindəndir.
C.Qaryağdının monumental-dekorativ heykəltəraşlıq əsərləri bədii ifadəliyi və dinamikliyi ilə diqqəti cəlb edir. M.Ə.Sabirin (1958), N.Nərimanovun (1972) heykəlləri, iki dəfə Sovet İttifaqı Qəhrəmanı general H.Aslanovun abidəsi (1983, Lənkəran) Azərbaycan heykəltəraşlığının qiymətli nümunələri sırasına daxildir.
SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü Ö.Eldarov və SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü T.Məmmədovun birgə yaratdıqları «Füzuli» abidəsi (1962, Bakı) kamil, plastik sənət əsərlərindəndir. T.Məmmədovun Ü.Hacıbəyov (1962), M.Əzizbəyov (1977), Nəisimi (1979; İ.Zeynalovla birgə) və s. monumental abidələri Azərbaycan heykəltəraşlığının ən yaxşı nümunələrindəndir.
Ö.Eldarov, «X.Natəvan» (1960), «M.Maqomayev» (1987), H.B.Zərdabi (1973; Zərdab), «77-ci Azərbaycan diviziyasına» (1975, Sapun-Qora, Sevastopol) və Bakıda romantik şair «H.Cavid» (1993-?) abidələrində heykəltəraşlıqla memarlığın sintezinə nail olmuşdur. Onun «Neftçilər» (1963), «S.Bəhlulzadənin portreti» (1966), "Ömrün dörd çağı" (1974) kimi kompozisiya və portretlər üçün obrazların yığcamlığı və milli koloriti səciyyəvidir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvanda qoyulmuş abidə-büstü, görkəmli alim, göz həkimi Zərifə Əliyevanın xatirəsini əbədiləşdirən «Ellegiya» (1997) adlı mərmər kompozisiyası, türk alimi İ.Doğramacının (2002) Bilkənd şəhərində qoyulmuş abidəsi Ö.Eldarovun yeni yaradıcılıq uğurlarıdır. Azərbaycan heykəltəraşlığının inkişafında xidmətlərinə görə görkəmli sənətkar "İstiqlal" ordeni (1997) və Rusiya Federasiyasının «Dostoynomu» medalı (2002) ilə təltif olunmuşdur.
Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin büstü (mənzilində), Bakının görümlü yerində qoyulmuş görkəmli dövlət xadimi və şair Şah İsmayıl Xətainin abidəsi (1993) monumental heykəltəraş İ.Zeynalovun təqdirəlayiq əsərlərindəndir. Müasir formalara meyl göstərən F.Nəcəfov «Analıq», «Qocaman həkim» — monumental heykəltəraş F.Salayev «S.Yesenin», A.Əsgərov «Akadademik Y.Məmmədəliyev», N.Əliyev "Ə.Vahid" kimi əsərləri ilə heykəltəraşlığın plastik forma rəngarəngliyini nümayiş etdirirlər. M.Mirqasımovun C.Məmmədquluzadə (1974; Naxçıvan), C.Cabbarlı (1982; Bakı) abidələri və «Uxuru» («Azadlıq»), «Neftçi», «Xəzri» kimi lirik səpkili əsərləri Azərbaycan heykəltəraşlığının nailiyyətlərindəndir. Azərbaycan heykəltəraşları Bakıda Fəxri Xiyabanda dəfn olunan görkəmli ictimai və mədəniyyət xadimlərinin uğurlu xatirə kompozisiyaları ilə milli heykəltəraşlıq sənətinə qiymətli əsərlər vermişlər.
Son zamanlarda Daşkənd və Sankt-Peterburqda dahi Nizaminin (2002), Brüsseldə «Dədə Qorqud» (2004) abidələrinin qoyulması Azərbaycan heykəltəraşlığının yeni uğurlarıdır. İstedadlı qadın heykəltəraşları H.Abdullayeva, E.Hüseynova, M.Rzayeva, Z.Əliverdiyeva öz əsərlərində gənclik, gözəllik və ana mövzularını tərənnüm edirlər. E.Şamilov, Q.Sücəddinov, A.Mustafayev, F.Salayev, Ə.Salikov kimi heykəltəraşların monumental əsərlərində yenilik, milli ənənələr özünü göstərir. F.Nəcəfov, F.Bakıxanov, A.Qazıyev, M.Rüstəmov, K.Ələkbərov, Ə.Mirzəyev, M.Salahov, A.Rüstəmov, H.Musayev, V.Şərifov, G.Babayev, Ş.Şərifov, T. və E.Zeynalov qardaşları, A.Əsgərov, X.Əhmədov, Z.İsgəndərov, H.Haqverdiyev, S.Zakiri, N.Zeynalov və b. heykəltəraşlar monumental-dekorativ və portret əsərlərində yenilik, plastik formanın emosionallığı məsələlərinə xüsusi əhəmiyyət verirlər.
Azərbaycan qrafika sənətinin inkişafında mövzu, janr, bədii üslub rəngarəngliyi sahəsində axtarışlar həlledici yer tutur. Dəzgah qrafikası növlərində silsilə əsərlər yaradılmışdır. M.Rəhmanzadənin əmək və məişət mövzularına həsr etdiyi «Bizim Xəzərdə» (1953-60), «Sumqayıt-Rustavi» (1962), «Mənim bacılarım» (1965-82) linoqravüra və rəsm silsilələləri obrazların rəngarəngliyi, milli xüsusiyyətləri ilə fərqlənir. Bu keyfiyyətlər rəssamın Nizami, Füzuli, Heyran xanım, M.S.Ordubadi, Ə.Cəfərzadə və başqalarının əsərlərinə çəkdiyi illüstrasiyalar üçün də səciyyəvidir. Ə.Rzaquliyevin «Köhnə Bakı», «Xalçaçılar», R.Babayevin «Qobustan», «Xınalıq» linoqrvavüra silsilələri xalq məişətinin real lövhələri, ifadə yetkinliyi ilə səciyyələnir.
Y.Hüseynov kitab tərtibatı, dəzgah qrafikası və boyakarlıq sahələrində fəaliyyət göstərir. Onun «Xəzərin ənginliklərində» rəngli linoqravüra silsiləsi «Xınalıq», «Odlar yurdu», «Xəzər balıqçıları» əsərləri, Azərb. qrafika sənətinin uğurlarıdır.
Rəssamlardan A.Hacıyev, R.Mehdiyev, Ə.A.Məmmədov, E.Aslanov, C.Müfidzadə, N.Babayev, B.Hacıyeva və başqalarının linoqravüra, ofort və rəsm silsilələri, illüstrasiyaları, obrazların müasirliyi ilə fərqlənir. Orta nəslin nümayəndələri — A.Hüseynov, A.Rüstəmov, A.Ələsgərov, Ə.Səlimov, R.Hüseynovun yaradıcılığı orijinal rəsm və kompozisiya ahəngdarlığı, fərdi üslub rəngarəngliyi ilə xarakterikdir.
Müəllif: Şərəfxanov Yadigar (Muzeyşunaslıq-Diyarşünaslıq ixtisası üzrə əyani şöbənin üçüncü kurs tələbəsi)
Mənbə: Azərbaycan Turizm İnstitutu
“Turizm işinin təşkili və idarə edilməsi” fakultəsi “İctimai fənnlər” kafedrası
“Azərbaycan İncəsənəti” Fənnindən “Müasir dövrdə Azərbaycan İncəsənəti” mövzusunda Referatdan
Bakı – 2010