Biz ölüyük. Bilirsiz nə vaxt ölmüşük? Yox bilmirsiz. Əlbəttə bilmirsiz. Hardan biləsiz?! Düzünü desəm də, deməsəm də heç özüm də bilmirəm. Niyə bilməliyəm ki?! Siz bilmirsiz, mən də bilmirəm. Biz heç nə bilmirik. Yalnız bir şeydən başqa. O da ölü olmağımızdı. Bax bunu mən də bilirəm, siz də. Fəlsəfəni zadı atın qırağa. Bir onu bilirəm ki, heç nə bilmirəm tipli zir-zibilllə beynimi xarab eləməyin. Bilirəm, eləyənlər olacaq. Axı hamınız ən azından filosofsuz. Hə, hər bir azərbaycanlı ən azından filosofdu. Həkim oldu, hüquqşünas oldu, jurnalist oldu fərq eləmir. O həm də filosofdu.
Belə götürəndə filosof olmağa nə var ee. Özünü ətraf aləmdən bir az təcrid edirsən, fərqli falan görünürsən, oldun filosof. Bir az da Niçşe, Freyd və digərləri barədə az-maz, necə deyərlər quyruğunu sudan çıxara biləcək qədər biliyin olsa bəsindi. Bilirsiz biz niyə fəlsəfəylə falan maraqlanır, dəbdə olan romanları və bu kimi zadları oxuyuruq? Yenə bilmirsiz. Ona görə ki, “cool” görünnmək istəyirik. Danışanda Niçşedən bir az as kəs, Nihilizmdən danış, Coelyonun filan əsərindən bir cümlə zad elə, sonra, əşi nə bilime sonra nə olacaq. Başıma gəlmiyib. Amma təsəvvür elə də nə olacaq, ən azı 2-3 qızın diqqətini çəkəcəksən. Nə çoxdu pessimistka hostedkalar! Nə olsun ki, sən saxta filosof olduğun qədər, onlar da pessimistkadılar, əsas odur ki, diqqətlərini çəkəcəksən. Mərc gəlirəm ki, 90% belə qızlar qlamurkalar, civilərdi. İnanmırsan? Cəhənnəmə ki! Amma o boş beynivi işlədib bir az fikirləş. Hər bir qlamurka özünə “cool” layiq bilmir bəyəm? Görürsən ki, haqlıyam. Fikirləşirəm, mən həmişə haqlı idim. Yadıma gəlir, o vaxt atalarınızla bir mübahisəm olmuşdu. Kişilər deyirdilər ki, ayağı yorğana görə uzatmaq lazımdı.Mən də etiraz edib dedim: – Boya uyğun yorğan tapmaq daha məqsədəuyğundu. Başladılar gülməyə ki, evi tikilənin oğlu, sən nə danışırsan, burda yorğan sadəcə fikri ifadə etmək üçün vasitədi, dərin mənası var bu sözün. Qayıtdım ki, ağalar, axşam mən sizə isbat edərəm haqlı olduğumu. Başladılar gülüşməyə. Axşam oldu, balaca bir yorğan götürmüşdüm yatanda, ayaqlarım yorğandan çöldə qalırdı. Keçdim o biri otağa bir az güc və vaxt sərf edib yorğan-döşək qalağından özümə uyğun yorğanı tapdım. Ağalar başa düşdülər məni. Amma o ağalar qədər hörmətim izzətim yox idi deyə onların sözü çatdı sizə, mənim fikrimsə yox. Hə, hörmət-izzət yolumda maneə oldu. Amma bəzi hörmətlilər var ki, hörmət edilən və qəbul olunan fikirləri özlərinin daha dərin düşüncələriylə ilə insan beynindən silə bilirlər. Məsələn, “çirkaba daş atma üzərinə sıçrar!” deyə bir hikmətli söz var. O vaxt Əli bəy Hüseynzadə adlı çox hörmətli zat əziyyət çəkib aşağıdakı sözləri inci kimi düzdü:
“Bizə dedilər ki, Çirkabə daş atma, üzərinə sıçrar!” Biz də bu sözü bir hikmət zənn edərək atmıyoruz. Lakin… Çirkablara daş atmalıdır, həm də doluncaya yox edilincəyə, ortadan vücudları qaldırılıncaya qədər daş atmalıdır, mümkün qədər böyük daşlar atmalıdır, qayalar yuvarlatmalıdır..”.
Və bu hörmətli zatın inci fikirləri həmin hökmə böyük zərbə oldu. Doğrudan da, axı bir də kim çirkaba daş atmamağın tərəfdarı olar ki?! Ancaq qoyunlar. Bu misalı çəkməkdə məqsədim o deyildi ki, bayaqkı fikrimlə özümü Əli bəy Hüseynzadə ilə bir tutum. Sadəcə oxşar məsələlər olduğu üçün qeyd etdim. Yəni Əli bəy Hüseynzadə kimi, o vaxt mən də əks fikirdə idim atalarınıza qarşı.
Ümumiyyətlə, əks fikirdə olmaq yaxşı şeydi, bu adamı daha bir cool göstərir. Fikirləşməyin ki, gah nala, gah da mıxa vuracaqsız, hər şeyə əks olun. Əksliyin cool`luq gətirdiyinə əminəm mən. Məsələn, Cəfər cabbarlının “Sevil” əsərində bir belə iki surət var – biri hər şeylə razılaşır, məsələn çox vaxt “hə, elə mən də onu deyəcəkdim” deyir, digəri isə heç nə ilə razılaşmır, məsələn, “palaza bürün, ellə sürün” söhbətini qəbul eləmir, deyir ki, mən kəfənə belə bürünərəm, amma palaza yox. Hə, mən Əbdüləli bəydənsə, Mmmədəli bəyi üstün sayıram və o zat mənim üçün daha “cool” biridi.
Deyəsən, bu “cool” məsələsiylə başınızı yaman ağrıtdım. Əslində bunun da tarixcəsi var. Söhbət fikirlərimin tarixcəsindən gedir. Əvvəl, lap əvvəl belə fikirdəydim ki, hamımızın bir dərdimiz var – o da nəfəs almaqdı. “Yemək üçün yaşama, yaşamaq üçün ye” məsələsi də mənim üçün göydəndüşmə olurdu. Amma çox sonralar ağlıma gəldi ki, bizim ikinci bir dərdimiz də var – o isə “cool” görünmək dərdidi. O vaxt yaşamaqla çox ilişmişdim, indi “cool” görünmə istəyiylə normal keçinsəm, yaşamaq inciyər məndən. Nəyisə incitməyi sevmirəm, ümumiyyətlə. Ona görə Niçşeni də sevməmişəm. O vaxt o gədə alman xalqını donuz adlandırmışdı. Yəqin bu sözdən həmvətənləri incimişdilər. Amma bu alman xalqının inkişafına təkan veribmiş və indi almanların Niçşeni nə qədər sevdiyini Azərbaycanda diktatura rejimi olduğunu bildiyimiz qədər bilirik hamımız. Arada mən də gələcəkdə seviləcəyimi düşünüb eqoma hakim ola bilmirəm və azərbaycanlılara hansısa bir heyvanı demək istəyirəm. Amma buna iki səbəb imkan vermir.
Deyim məlumunz olsun ki, o səbəblərdən birincisi bizim ölü olmağımızdı və mən nəsə desəm belə bunun heç bir əhəmiyyəti olmayacaq. Nə inkişaf edə biləcəyik – doğrudan da, ölünün nəyi inkişaf etsin ki, çürüyə bilər ancaq –, nə də mən gələcəkdə hörmət sahibi olacam. Səbəblərdən ikincisi isə bundan ibarətdir ki, bayaq dediyim kimi kimisə incitməyi sevmirəm və bu nəcib alman xalqı olanda ümumiyyətlə bunu edə bilmərəm. Yəni, mən donuzdan daha çox nifrət etdiyim heyvan tanımıram, təkrarçılığı isə sevmirəm. Niçşe donuz demişdisə,ola bilməz ki, mən də onun dediyini deyib təkrarçılığa yol verim. Həm də, axı donuz desəm, azərbaycanlıları nəcib alman xalqı ilə eyni sıraya qoymağım olacaq ki, bu da almanların xətrinə dəyə bilər. Və mənim xoşlanmadığım heyvanlar içində donuz ilk sırada gəldiyi üçün Azərbaycan xalqına deyəcəyim hər hansı heyvan adı Niçşenin donuz təhqiri yanında azacıq bir şey olacaq və bu yenə də nəcib alman xalqının qəzəbinə səbəb ola bilər. Mən isə nə o möhtərəm xalqın qəzəbinə tuş gəlmək istəyirəm, nə də onları xətrinə dəymək. Fikirləşəcəksiz ki, bəs azərbaycanlıların inciyəcəyi fikri məni narahat etmirmi? Cavab sadədir – Yox! Cavab sadə olduğu qədər izahı da sadədir – ölülər inciyə bilməzlər.
Mənbə: tahirovblog.wordpress.com/