Nəsrəddin Tusi

Nəsrəddin Tusi

Azərbaycanın XIII əsrdə yaşayıb yaratmış böyük mütəfəkkiri Nəsrəddin Tusinin bütün ömrü təbiəti, cəmiyyəti və insanı dərk etməyə həsr olunmuşdur. Onun əsərlərində səma mexanikasının əsasları qoyulmuşdur. Danimarka alimi Tixo Brage (1546-1601) Tusinin hesablamalarını təkrarlayaraq 700-dən artıq ulduzun kataloqunu tərtib etmişdir. Bragenin əsərlərinə əsaslanan alman alimi İohann Kepler səma mexanikasını yaratmışdır. Onların əsərlərini əsas götürən İsaak Nyuton mexanikanın fundamental qanunlarını ərsəyə gətirmişdir. Tusinin riyaziyyata həsr olunmuş əsərləri dəfələrlə İtaliyada, İngiltərədə, Fransada nəşr olunmuşdur.
Nəsrəddin Tusi müsəlman intibahının ən böyük şəxsiyyətlərindən biri, dünyanın ilk rəsədxanalarından olan Marağa rəsədxanasının əsasını qoymuş böyük alimdir. O öz yaradıcılığında Yaxın və Orta Şərqin hər üç intibah zonasını — ərəbdilli, farsdilli və türkdilli intibah zonalarını birləşdirə bilmişdir.
Sözün əsl mənasında ensiklopedik bilikli alim olan Tusi öz fəlsəfəsində dini görüşləri təbiət elmləri, astronomik, tibbi-bioloji, humanitar biliklərlə bir araya sığışdıra bilmişdir.
Qədim yunan riyaziyyatçısı Evklidin iki paralel xəttin fəzada kəsişməsi haqqında beşinci postulatının həllində Nəsrəddin Tusinin əvəzsiz xidməti olmuşdur. Böyük alimin ideyaları zaman və məkanın qırılmaz əlaqələrini anlamağın elmi əsaslarını yaratmağa, səmanın əyriliyinin məsafələrin dəqiq ölçülməsinə təsir mexanizmini və beləliklə də iki paralel xəttin səmada kəsişməsinin mümkünlüyünü dərk etməyə imkan vermişdir. Nəsrəddin Tusinin əsərlərinə istinadən çox sayda elmi kəşflər edilmişdir. Bunlara ingilis astronomu, fiziki İsaak Nyutonun mexanika qanunları, alman astronomu İohann Keplerin səma mexanikası, rus riyaziyyatçısı Nikolay İvanoviç Lobaçevskinin qeyri-Evklid həndəsələrinə aid əsərləri və s. misal göstərilə bilər. Yeri gəlmişkən qeyd edək ki, Kazan Universitetinin rektoru, professor N.Lobaçevski Nəsrəddin Tusinin elmi nailiyyətlərindən yaradıcılığında faydalanmaq məramı ilə universitetin professoru, azərbaycanlı Kazım bəydən Tusinin astronomiyaya aid bir neçə əsərini fars dilindən rus dilinə çevirməyi xahiş etmiş və Kazım bəy də bu böyük astronomun xahişini yüksək keyfiyyətlə yerinə yetirmişdi.

Tusi yazırdı ki, təbiətdə ikilik yoxdur, bütün təbiət hadisələri daim bir-birini tamamlayır. Təbiəti onun bütün təzahürlərində sevmək lazımdır, ona görə ki, təbiət hər cəhətdən çox yaxşıdır. Böyük Tanrının yaratdığı hər nə varsa, gözəldir. O sənə daim düz yol göstərir, cəsurluq və xoşbəxtlik bəxş edir. İnsan Böyük Allahın yaratdığı ən şərəfli varlıqdır, insanın xoşbəxtliyinin və bədbəxtliyinin açarı onun iradəsinin və idrakının ixtiyarına verilmişdir.
Elm tarixçiləri uzun müddət belə bir fikirdə idilər ki, XI-XIV əsrlərin Şərq astronomları yalnız arxivariusluq vəzifəsini yerinə yetirmişlər. Onların əməyi qədim astronomların irsini Avropa elmi üçün qoruyub saxlamaq olmuşdur.

ABŞ-ın Kolumbiya Universitetinin professoru C.Saliba "İslam astronomiyasının inkişafında Marağa məktəbinin rolu" əsərində yazır ki, Şərq astronomiyasına ötən əsrin 50-ci illərinədək belə bir münasibətə haqq qazandırmaq olar. Ona görə ki, həmin vaxtadək Marağa məktəbinin nümayəndələrinin əsərləri əslində heç kimə məlum deyildi. Elm tarixi mütəxəssislərinin yarım əsr ərzində Marağa məktəbini öyrəndikləri bir olayda astronomiyanın inkişafında «arxivarius» stereotipindən imtina etmək gərəkdir. Bundan əlavə, Şərq astronomlarının təklif etdikləri Kainat modeli əslində Kopernikin təklif etdiyi müvafiq modeli müəyyənləşdirmişdir. Marağa məktəbinin nailiyyətlərinə həsr olunmuş məqalələrin müəlliflərinin fikrincə, Kopernikin səbəb olduğu elmi inqilaba görə bəşəriyyət marağalıların fəaliyyətinə öz minnətdarlığını bildirməlidir. Ona görə ki, Kopernikin marağalıların ən yaxşı nümayəndəsi olması şəksizdir.
Dünyanın çox görkəmli alimlərinin əsərlərində Tusinin çoxtərəfli elmi fəaliyyəti yüksək dəyərləndirilir, onun yaratdığı Marağa rəsədxanasının elmi nailiyyətləri geniş işıqlandırılır. Tusinin titanik fəaliyyəti insan idrakının bir çox sahələrində — riyaziyyatda, astronomiyada, triqonometriyada, fizikada, kosmologiyada, mineralogiyada, fəlsəfədə, ilahiyyatda (teologiyada), məntiqdə, tarixdə, sosiologiyada, hüquqda, etikada, biologiyada, tibbdə, musiqi nəzəriyyəsində, ədəbiyyatşünaslıqda, poeziyada, elmşünaslıqda, coğrafiyada öz əksini tapmışdır. Bu elm sahələrinin hər birində dahi Azərbaycan alimi özünün silinməz orijinal izlərini qoymuşdur.
Tusinin əsərlərində irəli sürdüyü ideyalar Avropa renessansının (intibahının) elm və fəlsəfəsinin bir çox mütərəqqi tendensiyalarını qabaqcadan müəyyənləşdirmiş, eyni zamanda Azərbaycan mədəniyyətində humanist ənənələrin təşəkkülünə böyük təsir göstərmişdir.
Onun fəlsəfi görüşlərinin mərkəzində dünyanın varlığı məsələləri, hüquq və mənəviyyat, dövləti idarəetmə və elmləri təsnifləşdirmə, ailədə xoş əxlaq tərbiyəsi, münasibətlərin təkmilləşdirilməsi problemləri əsas yer tutur. Tusi insanların münasibətlərinin özülündə bərabərlik harmoniyasının necə yer alması səbəblərini araşdırır. O, dövləti yaxşıya və pisə, müharibələri ədalətli və ədalətsiz müharibələrə ayırır, ictimai həyatda xalq üçün nəyin yaxşı, nəyinsə pis olduğu fikrinə aydınlıq gətirməyə çalışır. Tusinin fikrincə, dünya iki şeydən əzab çəkir: birincisi, ölkədə istibdad üsulu hakim olanda, ikincisi, ölkə özbaşına qalanda.
Tusi dövlətin cəmiyyətin həyatında rolunu tədqiq etmiş, dövlətin və adamların qarşılıqlı məsuliyyət konsepsiyasını işləyib hazırlamış, ideal şəhər-dövlət modelini yaratmışdır. Belə şəhər-dövlətdə idrakın hakim olması sayəsində müdrik idarəçilik bərqərar olur, ədalətli qanunlar verilir. Dövlətin uzunömürlüyü onun özülünün ədalət üzərində möhkəm qurulmasından asılıdır. Tusinin bütün əsərlərində ədalət haqqında fikirləri önəmli yer tutur. O, hər bir adamın fərd kimi mükəmməlləşməsi hüququnu müdafiə edir, insanların dostluq və bərabərlik ideyasına xüsusi önəm verirdi. Bütün bunları ədalətin hökm sürdüyü dövlətin yaranması üçün vacib sayırdı.

Məhəmməd Nəsrəddin Tusi 18 fevral 1201-ci ildə dünyaya gəlmişdi. İbtidai təhsilini atasından, sonra da Həmədanda alan Tusi hərtərəfli təhsilini o dövrün görkəmli alimlərindən — İbn Sinanın və Bəhmənyarın ardıcıllarından almışdı. Çoxtərəfli və dərin biliyi sayəsində Məhəmməd alimlər arasında populyarlıq qazanmışdı. Tusinin 32 yaşı olanda Kuhistanın ismaililər sülaləsinin hökmdarı Nəsrəddin Möhtəşəm onu qonaq çağırmış və əxlaq məsələlərinə dair kitab yazmasını xahiş etmişdi. Tusi "Əxlaqi-nasiri" adlı həmin kitabı yazıb 1235-ci ildə başa çatdırmışdı. Lakin azadfikirli müəllifin bu kitabı hökmdara qiyama çağırış təsiri bağışladığından Tusini həbs edib «Qartal yuvası» adlanan alınmaz bir qalaya saldırmışdı. İyirmi ildən artıq bir müddətdə qalada həbs cəzası çəkən Tusi çox çətin və dözülməz bir şəraitdə xeyli sayda əsər yazıb ərsəyə gətirmişdi. Onlardan biri də İbn Sinanın "İşarət" adlı fəlsəfi traktatına şərhlərdən ibarət olan kitab idi. Həyatda hər çətinliyin xoş sonluğu da olur. Belə bir sonluq 1253-cü ildə Çingiz xanın nəvəsi Hülakü xanın Yaxın Şərqə hərbi əməliyyatından sonra baş vermişdi. Hülakünün qoşunları alınmaz sayılan «Qartal yuvası»nı ələ keçirib dustaqda saxlanan alimləri, o cümlədən Nəsrəddin Tusini azad etmişdilər. Hülakü xan Nəsrəddin Tusini özünün şəxsi məşvərətçisi təyin etmişdi. Nəsrəddin Tusi vəzifəyə təyin olunduğu ilk günlərdən Hülakü xanın bir sıra vacib tədbirlərini həyata keçirmək üçün qızğın işə başlamışdı. Hülakü xan müsəlmanların müqəddəs yer saydıqları Bağdadı ələ keçirməyə cürət etmirdi. Nəsrəddinin tutarlı elmi dəlillərindən sonra xan belə addım atmaq qərarına gəlmişdi. Beləliklə də ərəb xəlifələrinin Abbasilər sülaləsinin beş yüz illik hökmranlığına son qoyulmuşdu. Xatırladaq ki, bu sülalənin adı Məhəmməd peyğəmbərin əmisi Abbasın adından götürülmüşdü.
Bağdad 1260-cı ildə ələ keçiriləndən sonra Hülakü xan Azərbaycanı özünün böyük dövlətinin mərkəzi elan etmişdi. Bu yeni dövlətin hakimləri elxanlar, yəni elin xanları, dövlət isə Elxanilər dövləti adlandırılmışdı. Hülakü xan əvvəlcə Marağanı, sonralar isə Təbrizi dövlətin paytaxtı elan etmişdi.

Müasir alimlərin bir çoxu Nəsrəddin Tusini ilk öncə riyaziyyatçı kimi tanıyır. Onun əsərləri yalnız Şərq ölkələrində deyil, həm də Avropa ölkələrində həndəsə və triqonometriyanın inkişafında böyük rol oynamışdır. Tusinin ərəb dilində nəşr etdirdiyi «Evklidin „Başlanğıc“ əsərinin şərhi» kitabı onun Avropada məşhurlaşması üçün güclü təkan olmuşdur. Tusi «Bağdadın tarixi», «Evklidin optikası», «Göy qurşağının öyrənilməsi haqqında traktat», «Qiymətli daşlar haqqında traktat», «Təbabət qanunları», «Dövlət maliyyələri haqqında traktat», astrologiyaya dair «Xoşbəxt günlərin seçilməsi» əsərlərinin müəllifi kimi də məşhurdur. Onun kitabları Bakının, Parisin, Berlinin, Vyananın, Oksfordun, Kembricin, Leypsiqin, Münhenin, Florensiyanın, Qahirənin, İstanbulun, Moskvanın, Sankt-Peterburqun, Kazanın kitabxanalarında və elmi mərkəzlərində saxlanır. Tusi Şərq aləmində etikanın əsaslarına dair «Nasirin əxlaqı» kitabı ilə məşhurlaşmışdır. O, dünya elmində Marağa rəsədxanasının əsasını qoyan alim kimi ad çıxarmışdır. Bu rəsədxananı tikdirmək fikri hələ zindanda qalarkən baş qaldırmışdı. Ona görə də Bağdad alınan kimi o, Hülakü xanın icazəsi ilə inşaat işlərinə hazırlığa başlamışdı. Rəsədxananın yerini müəyyənləşdirmiş, astronomik cihazlar işləyib hazırlamağa başlamış, rəsədxana kitabxanası üçün müxtəlif vilayətlərdən kitablar gətirtdirmiş, Hülakü xanın tələbi ilə astronomiya sahəsində seçilib-sayılan alimləri — Dəməşqdən Müvandəddin Ordini, Mosuldan Fəxrəddin Marağayini, Tiflisdən Fəxrəddin İxlatini və Qəzvindən Nəcməddin Dəbiranini Marağaya dəvət etmişdi. Marağa rəsədxanasında Kütbəddin Şirazi, Şəmsəddin Şirvani, Cəmaləddin Buxari, Fao Mun-il kimi məşhur alimlər fəaliyyət göstərirdilər. Yazılanlara görə, həmin vaxtlar astronom Cəmaləddin Buxari Ugedey xanın hökmdarlıq etdiyi dövlətin paytaxtı Pekində rəsədxananı Marağa rəsədxanasında istifadə olunan cihazların çertyojları əsasında tikib istifadəyə verə bilmişdi.
Marağada rəsədxana yaradılmasına böyük vəsait tələb olunduğu üçün Hülakü xan həmin işə bu qədər xərc çəkilməsinin məqsədəuyğunluğuna şəkk-şübhə ilə yanaşdığını bildirmişdi. Hökmdar alimə sual etmişdi: «Məgər ulduzlar haqqında elm o qədər faydalıdır ki, rəsədxana tikintisinə bu qədər xərc çəkilməsini istəyirsiniz?» Bu suala Xoca Nəsrəddin belə cavab vermişdi: «Gəlin belə bir iş görək. Qoy bir nəfər heç kimin xəbəri olmadan boş tası dağın başına qaldırıb oradan aşağı buraxsın». Belə də etmişdilər. Boş tas dağın başından dəhşətli gurultu qopararaq aşağı gillələnəndə Hülakü xanın qoşunları arasında təşviş doğurmuşdu. Nəsrəddin və Hülakü xan bu gurultunu sakitcə dinləyəndən sonra böyük alim Hülakü xana demişdi: «Biz bu hay-küyün səbəbini bilirik, qoşunlar isə bilmir. Biz sakitik, döyüşçülər isə narahatlıq keçirirlər. Əgər biz səma hadisələrinin səbəblərini bilsək, yerdə rahat yaşayarıq». Bundan sonra, yəni 1259-cu ildə Marağa şəhərinin qərb hissəsindəki təpənin başında rəsədxananın inşasına başlanmışdı. Nəsrəddin rəsədxana binalarının layihələndirilməsində və astronomik cihazların işlənib hazırlanmasında şəxsən iştirak etmişdi. Onun kəşf etdiyi, hazırladığı beş ədəd yeni konstruksiyalı astronomik cihaz və beş ədəd köhnə cihaz rəsədxanada qurulmuşdu. Rəsədxananın nəzdində
400 000 kitabı olan kitabxana və rəsədxana üçün kadrlar hazırlayan məktəb var idi. Rəsədxanada müsəlmanlardan savayı xristianlar, buddistlər, nestorianlar (xristianlıqdakı cərəyanlardan birinin üzvləri), yəhudilər, türklər, farslar, ərəblər, monqollar, çinlilər, gürcülər, tatarlar da çalışırdılar. Tusinin inşa etdiyi rəsədxana Şərqdəki bütün rəsədxanalardan ən əzəmətlisi idi. Orada aparılan elmi-tədqiqatlar sayəsində «Elxanilər astronomik cədvəli» ərsəyə gətirilmişdi. Həmin cədvəllər dörd kitabdan ibarət idi. Birinci kitabda yunan, fars, yəhudi, ərəb və türk təqvimlərinin təsvirləri verilmiş, bir təqvimdən digərinə keçid üsulları göstərilmişdi. İkinci kitab səma cisimlərinin hərəkətinə və onların ekliptik koordinatlarının tapılmasına həsr olunmuşdur. Üçüncü və dördüncü kitablarda astrologiya məsələləri işıqlandırlımışdır.
Tusi 25 iyun 1274-cü ildə Bağdad şəhərində dünyasını dəyişmişdir. Onun üç oğul övladı qalmışdı. Əsiləddin Həsən, Fəxrəddin Əhməd və Sədrəddin Əli.
Nəsrəddinin nəvə-nəticələri XIV əsrdə daimi yaşayış yeri kimi Ordubadı seçmişdilər. Səfəvilər dövlətində onlara böyük dövlət vəzifələri tapşırılmışdı. Hazırda Tusinin həyatda olan nəsilləri Azərbaycanda və İranda məskunlaşmışlar.
Bağdadda imam Museyi Kazımın məzarının yanında bir məzar var. Onun sinə daşının üzərində gözəl xətlə aşağıdakı sözlər yazılmışdır: «Dinin və xalqın yaxın dostu, elm ölkəsinin şahı». Azərbaycanın böyük oğlu, görkəmli filosof, astronom və riyaziyyatçı, tarixçi, maliyyəçi, hüquqşünas Məhəmməd ibn Məhəmməd ibn Həsən Nəsrəddin Tusi bu məzarda əbədiyyətə qovuşmuşdur.

Mənbə: AZƏRBAYCAN qəzeti
Müəllif: Arif HÜSEYNOV
Top