Xəzər dənizi

Xəzər dənizi

Yer kürəsinin ən böyük gölü — Xəzər dənizi vahid Avroasiya materikinin iki böyük hissəsinin sərhədində, geniş materik depressiyasında yerləşmişdir. O, həm də, bizim planetin ən böyək qapalı su tutarıdır. Xəzər dənizi haqqında ən qədim məlumatlara Assuriya gil qablarının üzərindəki yazılarda rast gəlinir və o Cənub dənizi adlanır. Yunan tarix və coğrafiyaçısı Hekatey Miletskinin (e.ə.VI əsr) əsərlərində bu dəniz Kaspiy və Hirkan kimi adlanır. Birinci etnonim o zaman dənizin cənub-qərb sahillərində, müasir Azərbaycanın ərazisində yaşamış Kaspi xalqının adı ilə əlaqədardır. İkinci ad dənizin cənub-şərq küncündə yerləşmiş Hirkan ölkəsindən (farsça «canavarlar ölkəsi» deməkdir) yaranmışdır.
Hər iki ad Herodot tərəfindən də istifadə olunur (e.ə.V əsr). Daha sonrakı qədim müəlliflər bu adlarla yanaşı Alban (albanlar etnonimi ilə əlaqədardır), Coşqun və Hirkan dənizi adlarını işlədirlər. Qədim rus əlyazmaları abidələrində Xəzər dənizi Göy (Monqol-Türklərdən götürülmşdür), Xarəzm (Amudərya çayının aşağı vadisində yerləşən və ərazisi Xəzər dənizinə qədər uzanan Xarəzm döləti ilə bağlı), Xvalın, Dərbənt və s. kimi adlandırılır.
Xəzər ətrafında yaşayan xalqlar da bu dənizə məxtəlif adlar vermişlər, məsələn: ruslar-Xvalın, tatarlar-Ağ Dəniz, türklər-Kiçik Dəniz, çinlilər-Si Hay, yəni qərb dənizi. Venesiya Respublikasının 1474-1477-çi illərdə İrandakı səfiri A.Kontarini onu Bakı dənizi adlandırmışdır. Rusiyada Kaspiy adı XVI əsrin əvvələrində meydana gəlmişdir.
Xəzər ətrafında yerləşmiş digər ölkələrdə bu su hövzəsi: Azərbaycanda-Xəzər (Xəzərlər- V-X əsrlərdə dənizin şimal-qərb sahillərində məskunlaşmış türkdilli millətdir), İranda Mazandaran, Qazaxıstanda və Tərkmənistanda Kaspiy dənizi kimi adlandırılmışdır. Bütövlükdə, məxtəlif vaxtlarda, müxtəlif xalqlar Xəzərə 70-ə qədər ad vermişlər.
* * *

Sahil quruluşu və adaları


Xəzər dənizinin sahilləri dördüncü dövr çöküntülərindən yaranmışdır və özlərinin konfiqurasiyalarının müxtəlifliyi ilə fərqlənirlər. Şimal hissədə onlar dəyişməz və hamar, bəzi yerlərdə isə kəskin şəkildə girintili-çıxıntılıdırlar.
Burada Qızlar, Həştərxan, Manqışlaq körfəzləri və çoxlu sayda xırda buxtalar yerləşmişdir. Aqraxan, Buzacı, Tüb-Karaqan və Manqışlaq yarımadaları xüsusi nəzərə çarpır. Volqa və Ural çaylarının məsəbində sahil xətti, öz yerini dəyişən, çoxlu sayda adacıq və su axarlarının konfiqurasiyasından yaranmışdır.
Dənizin orta hissəsi nisbətən hamar sahil xəttinə malikdir. Qərb sahilində, dənizin cənub hissəsi ilə sərhəddə, Abşeron yarımadası yerləşmişdir. Ondan şərqdə Abşeron arxipelaqının ada və sayları nəzərə çarpır. Bunların içərisində ən iriləri Pirallahı və Çilov adalarıdır.
Abşeron sahillərindən cənubda Bakı arxipelaqının adaları yerləşmişdir: Xara-Zirə, Qum, Çiqil, Gil, Qarasu, Zənbil, Səngi-Muğan, Daş Zirə, Kür daşı və s. Orta Xəzərin şərq sahili daha girintili-çıxıntılıdır. Burada üzərində Kəngərli buxtası, Pesçannıy, Rakuşeçnıy və Sue burunları yerləşmiş Qazax körfəzi diqqəti çəlb edir. Bu sahilin ən böyək körfəzi Qar-Boğaz-Qoldur. Sadalanan adaların və dənizin çənub sahillərindəki bəzi sayların (Livanovo, İvanovo və s.) yaranması dənizin dibində yerləşmiş sualtı palçıq vulkanlarının fəaliyyəti ilə əlaqədardır.
Xəzərdə, irili-xırdalı, ümumi sahəsi 350 km2-ə bərabər olan 50-yə qədər ada vardır. Onların bir hissəsi yuxarıda sadalanmışdır. Cənubda, Hirkan körfəzi girişində iri Aşur-ada və bir sıra xırda adalar yerləşmişdir.
Bu adalar keçən əsrdə Çar Rusiyasının istifadəsində idi və 1921-ci il fevralın 26-da Sovet hökuməti tərəfindən İrana verilmişdir. Səviyyənin dəyişməsindən asılı olaraq Aşur-ada adası dövri olaraq materiklə nazik dillə ya birləşir və ya da aralanır.
Dənizin Azərbayçan sahilləri çox yerdə akkumlyativ ovalıqlardan — şimalda Samur-Dəvəçi ovalığı, mərkəzi hissədə Kür-Araz ovalığının Cənub-Şərqi və Salyan düzləri, cənubda Lənkəran ovalığından ibarətdir. Samur çayı mənsəbindən Abşeron yarımadasınadək sahil xətti az girintili-çıxıntılıdır. Bu hissədə ancaq Samur çayının deltası və Giləzi dili dənizə tərəf kiçik çıxıntılar təşkil edir. Giləzi dilindən cənubda sahil xətti tədricən şərqə dönür və Sarıqayabaşı burnu yaxınlığından Köhnə Bilgəh (Amburan) burnunadək uzanaraq Abşeron yarımadasının şimal sahilini əmələ gətirir.
Böyük Qafqazın cənub-şərq kənarını tamamlayan Abşeron yarımadası Xəzər dənizinin qərb sahilində ən böyük yarımadadır (uzunluğu 60 km-dən çox, eni 30 km-ə qədərdir). Sahilləri çox yerdə girintili-çıxıntılıdır. Akkumlyativ buxtalar və bərk süxurlardan yaranmış burunlar (Köhnə Bilgəh, Şüvəlan, Gürgan və s.) var.
Burunların sahilləri qumludur və çimərlik baxımından çox yararlıdır. Yarımada ilə Pirallahı adası arasında damba tikilməsi (1941) nətiçəsində keçmiş Abşeron boğazı yerində Şimali və Cənubi Abşeron körfəzləri əmələ gəlmişdir. Dənizə doğru 12 km məsafədə uzanan Şah dili Abşeron yarımadasının cənub-şərq qurtaracağıdır.
Abşeron yarımadasından cənuba, Kür çayı deltasınadək sahil xətti girintili-çıxıntılıdr. Bu hissədə bərk süxurlardan təşkil olunmuş Puta, Səngəçal, Ələt, Pirsaat burunları və palçıq vulkanı çöküntülərindən yaranmış Bəndovan burnu və onların aralarındakı körfəzlər (buxtalar) yerləşir. Şıx və Ələt burunları arasında sahil çox yerdə yüksəklik və təpələrdən (400 m-dək) ibarətdir. Bunların çoxu palçıq vulkanı mənşəlidir.
Kür çayının deltası Xəzərin qərb sahilində ən böyük deltadır. Qızılağac körfəzi və eyni adlı qoruq Kürün deltası ilə Sarı yarımadası arasında yerləşmişdir.
* * *

Körfəzləri


Ümumiyyətlə götürdükdə, dəniz on iri körfəzə malikdir: Komsomolets, Manqışlaq, Qazax, Qara-Boğaz-Qol, Tərkmənbaşı (keçmiş Krasnovodsk), Türkmən, Qızıl-Ağaç, Həştərxan və Qızlar. Xəzərin İran sahilində iki iri körfəz vardır: Hirkan (keçmiş Astrabad) və Ənzəli (keçmiş Pəhləvi).
Xəzər dənizinin nəhəng körfəzi — Qara-Boğaz-Qol xüsusi maraq kəsb edir. Dənizin səviyyəsindən asılı olaraq körfəzin sahəsi dövri olaraq dəyişir. Bu sətirlərin yazıldığı zaman onun sahəsi 25 min km2-ə yaxındır. Körfəz dənizlə eni 110-300m arasında dəyişən və uzunluğu 8-10,5km olan dar boğaz vasitəsi ilə birləşir. Qara-Boğaz-Qol körfəzinin səviyyəsi Xəzər dənizinin səviyyəsindən daimi aşağıdır. Səviyyələr arasındakı fərq dəyişəndir, dənizin səviyyəsindən asılıdır və 2-6 metr intervalındadır.
Boğaz vasitəsi ilə körfəzə daimi su axını vardır və bu suyun hamısı körfəz səthindən buxarlanır. Hər il Xəzərdən körfəzə təqribən 8-10 km3, yəni 20-300 m3/san su axır (son məlumatlara görə bu rəqəm daha böyükdür). Bu su vasitəsi ilə dənizdən körfəzə 150 mln. ton duz daşınır. 1980-1984-cü illərdə körfəz süni damba vasitəsi ilə dənizdən ayrılmış, nəticədə Qara-Boğaz-Qol qurumuş və 18 min km2 ərazidə nəhəng duz vadisi yaranmışdır. İldə Qara-Boğaz-Qolun səthindən 1500 mm su buxarlanır, yağıntının miqdarı isə 70 mm/il keçmir.
Ona görə də körfəzin suları əslində duzlardan doymuş məhlula bənzəyir. Onun duzluğu 300 ‰-dir və dəniz tipli duzların çöküntüsünü verən yeganə hövzədir. Qara-Boğaz-Qol körfəzi mirabilit, qalit, astraxanit və s. mineral duzlarla çox zəngindir. Hazırda körfəzdə natrium sulfat, bişofit, epsomit, qlaubor duzu, tibbi və dəniz duzu və müalicəvi xlorlu maqnium istehsal olunur.
* * *

Xəzərin çayları


Xəzər dənizinə 130-dan çox çay axır. Onlardan ancaq doqquzunun mənsəbi delta xarakterlidir. Volqa Xəzərə tökülən ən böyük çaydır, onun çoxillik orta axımı 251-254 km3, uzunluğu 3531 km-dir. Rusiya ərazisindən Xəzərə axan digər iri çay Terekdir (orta illik axım 8,5-11,4 km3).
Xəzərin Azərbayçan ərazisindəki ən iri çayları aşağıdakılardır: Kür (orta illik axım-16 km3), Lənkərançay, Sumqayıtçay, Vəlvələçay, Qudyalçay, Astaraçay (Azərbayçanla İran sərhədində). Rusiyanın Azərbaycanla sərhədində Samur (2,7 km3).
Xəzərin şərq sahillərində hidroqrafik şəbəkə yox dərəcəsindədir. Qazaxıstan ərazisindən Ural (illik axım 8,1 km3) və Emba çayları axır. 1920-ci illərdə Emba çayı bir neçə qolla dənizə tökülən geniş deltaya malik idi. 1930-cu illərdə dənizin səviyyəsinin dəyişməsi Emba çayının dənizə çatmaması ilə nəticələndi. Hazırda bu çay dənizə ancaq çoxsulu illərdə tökülür.
Türkmənistanda yeganə daimi su axarı Atrek çayıdır. Onun suyığma sahəsi — 26,7 km2, uzunluğu — 635 km-dir və bunun 500 km-ə yaxını İran ərazisinə düşür. Türkmən ərazisində Atrekin orta illik axını 240 mln. m3-dir. Çox vaxt aşağı axarında çay quruyur və ancaq yaz mövsümündə onun suları Xəzərə çatır. Xəzərin hövzəsi İranın ümumi suyığma hövzəsinin 12%-ni təşkil edir və ona cəmi çay axınlarının 5%-i düşür.
Nisbətən iri çaylar aşağıdakılardır: Səfidrud (Ağ çay, uzunluğu 720 km), Həraz, Polerud, Babol, Calus, Hirgan, Teçan, Talar. 1040 km uzunluğa malik Araz çayı 300 km məsafədə Azərbaycan və İran arasında sərhəd rolunu oynayır və İranın ən şimal nöqtəsində sərhəd xəttindən öz istiqamətini dəyişir, Kür çayı ilə qovuşur.
Limanları
Xəzərin əsas limanları: Bakı (ən böyük), Türkmənbaşı, Həştərxan, Mahaçqala, Aktau, Atırau, Bəndər-Ənzəli, Nouşəhər.
* * *

Xəzər dənizinin təbii resursları


Kurort-rekreasiya ehtiyatları


Xəzər dənizi sahil zonasının təbii mühiti insan istirahəti və müalicəsi baxımından çox yararlıdır. Bolluca günəş radiasiyası, uzun və geniş çimərliklərdəki narın qumlar və s. Burada kurort-rekreasiya imkanlarının Qafqazın məşhur Qara dəniz sahillərindən üstünlüyünə sübutdur.
Ona görə də hələ 1983-cü ildə Azərbayçan və Dağıstanın dəniz sahili rayonlarında kurortların inkişaf etdirilməsi üçün SSRİ Nazirlər Kabineti «Xəzər dənizi sahillərində ümumittifaq əhəmiyyətli kurort bazasının yaradılması» haqqında qərar verdi. Azərbaycan sahil zonasının 680 km-i kurort-sanatoriya kompleksinin yaradılması üçün yararlı sayılmışdır. Xəzərin Azərbaycan sahil zonasının böyük turizm imkanları vardır.
Birinci turist bazası Bakıda hələ 1958, Yalamadakı «Xəzər» turist bazası isə 1963-cü ildə yaradılmışdır. Hazırda Xəzər dənizi sahilləri Azərbaycan Resrublikası vətəndaşlarının əsas istirahət zonalarıdır. Bu sahillərdə, xüsusən Abşeron yarımadasında, bağ və bağçılıq təsərrüfatları geniş yayılmışdır.
Eyni zamanda, təəssüflə qeyd etmək lazımdır ki, Xəzərin qızıl qumlu çimərlikləri, sahil zonasındakı mineral sular, müalicəvi palçıqlar və s. resurslar sistemsiz və faydasız şəkildə istfadə olunur.
* * *

Karbohidrogen ehtiyatları


Xəzərin Abşeron şelfində ilk neft quyusu 1820-ci ildə qazılmışdır. Ancaq 38 il sonra ABŞ-da, Pensilvaniya ştatında neft qazma işləri başlamışdır. Artıq XIX əsrin ortalarından Xəzər öz varlığının neft erasına daxil olmuşdur.
1913-cü ildə Azərbaycanda Çar Rusiyası imperiyası neftinin 83%-i istehsal olunur, XX əsrin əvvələrində neft emalına görə Azərbaycan dünyada birinci yeri tutur. SSRİ dövründə Azərbayçanda ən çox neft 1941-ci ildə hasil olunmuşdur — 23 mln ton. Xəzərdə ildə 10 mln. ton neft istehsal olunurdu.
Dünyanın nüfuzlu proqnoz institutlarının məlumatına görə Xəzər regionundakı neft və qaz kondensatın ehtimal ehtiyatları 18-20 mlrd. tona yaxındır. Sübut olunmuş neft ehtiyaları isə 10 mlrd. tondur və bunun 3 mlrd. tonu Xəzərin Azərbaycan sektoruna düşür.
Region digər mineral ehtiyatlardan tikinti daşları ilə, o cümlədən bəzək daşlarının qiymətli növləri və məxtəlif duzlarla zəngindir.
* * *

Bioloji ehtiyatlar


Xəzər dənizinin bioloji resursları böyükdür və praktiki olaraq qiymətsizdir, 1809 növ və qruplarda təmsil olunmuşlar. Onlardan 1069-u sərbəst yaşayır, 325 parazitik, 415 onurğalılar növünə daxildir. Xəzərdə qalıb, artan nərə balıqları bu növün dünya ehtiyatı və genofondunun əsasını təşkil edir və xüsusi əhəmiyyətə malikdir.
Hazırda Xəzər dünyada bu növün yaşadığı əsas daxili sututarıdır, bu növün dünya balıq hasilatının 90%-i Xəzərə mənsubdur. Eyni zamanda, voblı, sazana, sudaka kimi qiymətli şirin su balıqlarının ehtiyatına görə də Xəzər daxili sututarları arasında aparıcı yerlərdən birini tutur. Kütüm, kefal, leş, kilkə, karp, okuğ, losos, adi şuka kimi balıqlar da yaxşı qida və ticarət mənbəyidir, balıqçılar üçün xüsusi əhəmiyyət kəsb edir.
Ümumiyyətlə Xəzər dənizində 101 balıq növü qeydə alınmışdır. Xəzərdə üçüncü dövr sarmat və pont dənizləri vaxtının faunası saxlanmışdır. Xəzər suiti yeganə məməli su heyvanıdır.
* * *

Qoruqlar və yasaqlıqlar


Xəzərin florası 728 növ və qruplardan ibarətdir. Çayların aşağı axarı və dənizin dayaz hissələri su bataqlıq quşları üçün qiymətli yem və yuva qurma yerləridir. Ramsar konvensiyasına əsasən onların mühafizəsi üçün Xəzərin sahil zonasında üç qoruq yaradılmışdır: Azərbaycanda — Qızılağac, Rusiyada-Həştərxan, Türkmənistanda — Xəzər (1994-cü ilə qədər Krasnovodsk).
Qızıl-Ağac qoruğu Azərbaycanın ucqar cənub-şərqində, Xəzər dənizinin eyni adlı körfəzində yerləşmişdir, sahəsi 180 ha yaxındır, 1926-cı ildə yaradılmışdır. Böyük və Kiçik Qızıl-Ağac hissələrinə bölünür.
Xəzərdə məskunlaşmış 101 balıq növündən 54-nə burada rast gəlinir. Dənizdə su səviyyəsinin dəyişməsi körfəz-qoruğun hidroloji, hidrokimyəvi və bioloji rejiminə kəskin təsir göstərir. Qoruğun xaraterik nümayəndələri aşağıdakılardır-turac, qızıl qaz, ördəklər, su sonası, lısuxa, nırok, qağayılar və s.
Abşeron qoruğu 2005-ci ildə yaradılmışdır.
* * *

Xəzərin ekoloji problemi


Hazırda Xəzərin ekoloji vəziyyəti olduqca gərgindir. Dənizin şelf zonasında problem daha kəskindir, artıq bu ərazilərdə ölü zonalar yaranmışıdr. Bəzi yerlərdə çirkləndiricilərin qiyməti normanı 10-20 dəfə artır. Xəzərin çirklənmə mənbələri olduqca müxtəlifdir. Bununla birlikdə onları aşağıdakı kimi qruplaşdırmaq olar.
1) Xəzərə axan çaylar vasitəsi ilə gələn çirkləndiricilər,
2) Sahil zonasında yerləşən şəhərlərdən və sənaye obyektlərindən çirklənmə,
3) Dənizdə neft hasilatı və nəqli ilə əlaqədar çirklənmə,
4) Xəzər dənizi səviyyəsinin qalxması nəticəsində sahil zonasında su altında qalmış mənbələrdən çirklənmə.
Bu çirklənmə mənbələri içərisində birinci yeri Xəzərə axan çaylar vasitəsi ilə gətirilən çirkləndirmə tutur. Misal üçün, son məlumatlara görə çaylar vasitəsi ilə Xəzər dənizinə ildə 75 mln. tonn neft məhsulları gətirilir və bunun 95% Volqa çayının payına düşür. Xəzərətrafı ölkələr arasında dənizin mühafizəsi üçün yekdil saziş olmadığından brakonyerlik vüsət almışıdır. Çirklənmənin və brakonyerliyin artması, Xəzər ətrafındakı balıqartırma zavodlarının əvvəlki güclə işləməməsi dənizdə bir çox növlərin, xüsusən nərə balığının ehtiyatının tükənməsi problemini yaratmışdır.

Dəniz səviyyəsinin dəyişməsi problemi

Xəzər dənizi səviyyəsinin dəyişməsi sahil zonasında həmişə sosial-iqtisadi və ekoloji problemlər yaratmışdır. Məsələn, səviyyənin endiyi hallarda bütün hidrotexniki qurğuların, o çümlədən limanların, yenidən tikilməsinə ehtiyac yaranır. Xəzər faunasının məskunlaşdığı və inkişaf etdiyi şelf zonasının sahəsi azalır, balıqların kürü tökmək üçün çaylara keçməsinə əngəl yaranır. Bu zonanın hidrometeoroloji rejimində də mənfi dəyişikliklər baş verir.
Səviyyənin qalxdığı hallarda da sahil zonasının sosial-iqtisadi həyatına külli miqdarda ziyan dəyir, ekoloji şərait pisləşir, bataqlıqlar yaranır, evlər və torpaqlar su altında qalır. Məsələn, 1978-1995-ci illərdə səviyənin 2,5 m qalxmasından Azərbaycan sahil zonasında «ekoloji qaçqınlar» yaranmışdır. Səviyyənin bu qalxmasından Azərbaycana birbaşa dəyən zianın miqdarı 2 milyard ABŞ dollarıdır.
* * *

Status problemi


Əvvəllər Xəzər dənizi iki dövlətin sərhədlərində yerləşmişdir. 1991-ci ildə SSRİ-nin dağılması Xəzər ətrafında beş müstəqil dövlət və yeni geosiyasi şəraitin yaranması ilə nəticələndi. Yeni geosiyasi şəraitlə əlaqədər Xəzərin statusu problemi meydana gəldi. Xəzərətrafı ölkələrin mövqelərinin müxtəlifliyindən bu problem hələ də həll olunmamış qalır.
Azərbaycan Respubliksının fikrincə, Xəzər beynəlxalq daxili göldür və onun suları mediana prinsipi ilə beş sektora bölünməlidr. Qazaxıstanın fikrincə Xəzər beynəlxalq daxili dənizdir (təqribən Rusiya Federasiyasının fikri də belədir) və onun dibi mediana boyunca sektorlara bölünməlidir. Su qatının bölünməsi üçün bu iki dövlət başqa təkliflər verirlər.
İran İslam Respublikası əvvələr dənizə müştərək sahiblik, yəni kondominium variantını təklif edirdi. Son vaxtlar İran tərəfi dənizi 20%-lə beş sahil dövləti arasında bölməyi təklif edir. Bu təklifin elmi və siyasi əsası yoxdur, dünya təcrübəsində heç vaxt tətbiq olunmamışdır.
* * *

Seysmik şərait


Xəzər dənizi olduqca seysmoaktiv regionda yerləmişdir. 1895-ci ildə Krasnovodskda Rixter şkalası ilə 8,2 (12 ballıq şkala ilə11-12) ball güçündə zəlzələ baş vermişdir. Mətəxəssislərin fikirincə intensiv neft kəşfiyyatı və hasilatı Xəzərdə tektonik plitaların hərəkitini sürətləndirməklə seysmik şəraiti aktivləşdirir.
Bunlardan əlavə Xəzərdə tez-tez palçıq vulkanlarının püskürməsi müşahidə olunur. Palçıq vulkanlarının ən çox sayı Bakı arxipelaqı rayonundadır. Burada ada və sayların çoxu vulkan mənşəlidir.
Həmçinin bax: Xəzər dənizi
Top