Azərbaycan milyonçularının XX əsrin əvvəllərində inşa etdirdiyi imarətlər bu gün ya yaşayış binası kimi istifadə olunur, ya da orada dövlət idarələri yerləşir.
Məsələn,
Ağa Musa Nağıyevin tikdirdiyi 98 binadan çoxu bu gün inzibati idarələr kimi istifadə olunur. Bunlara misal olaraq ARDNŞ-nin və "Lukoyl" şirkətinin, Zabitlər Evinin, Rabitə və İnformasiya Texnologiyalar Nazirliyinin, Milli Elmlər Akademiyasının, "Azərittifaq"ın, İqtisad Universitetinin, bəzi xəstəxanaların yerləşdiyi binaları göstərmək olar.
Hacı Zeynəlabdin Tağıyevin tikdirdiyi binalarda Azərbaycan Tarixi Muzeyi, Elmlər Akademiyasının Rəyasət Heyəti, Şirniyyat Fabriki, Toxuculuq Fabriki və keçmiş Qızlar Məktəbinin binasında isə indiki Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar Fondu yerləşir.
Venetsiyadakı binaların arxitekturasını bəyənən Murtuza Muxtarovun Bakıda həmin binalara oxşar tikdirdiyi saray bu gün Saədət sarayı adlandırılır.
Göründüyü kimi milyonçularımızın tikdirdiyi binaların heç biri öz varislərinə çatmayıb.
Millət vəkili Əli Məsimli deyir ki, bu məsələ Azərbaycanda özəlləşmə qanunu qəbul edilən zaman dəfələrlə qaldırılıb, amma qanunvericilikdə beynəlxalq praktikada tətbiq edilən həmin məqam öz əksini tapmayıb.
"Əmlakın sahibinə qaytarılması məsələsi beynəlxalq praktikada müxtəlif üsullarla həll olunur. SSRİ dağılandan sonra ittifaqa daxil olan ölkələrdə özəlləşmə proqramları həyata keçirilməyə başlanıldı. Bu proqramlarda əmlakın özəlləşdirilməsinin müxtəlif variantları nəzərdə tutulmuşdu. Məsələn, Baltikyanı ölkələrin proqramlarında daşınmaz əmlakın bir hissəsinin onların keçmiş sahiblərinə qaytarılması nəzərdə tutulmuşdu və bu proqram geniş vüsət aldı.
Daşınmaz əmlakın bir hissəsi hansıkı sahibləri tapıldı, onların həmin ölkədə olub-olmamasından asılı olmayaraq bu əmlakın sahiblərinə qaytarılması istiqamətində addımlar atıldı".
Ə.Məsimli keçmiş Sovet ölkələrinin əksəriyyətində , o cümlədən Azərbaycanda bu praktikanın tətbiq olunmadığını və bu nöqteyi nəzərdən həmin əmlakların qaytarılmasının qanuni mexanizmi olmadığına görə belə məsələlər qaldırılsa da, həllini tapmadığını qeyd edib.
"Baba əmlakı poçt, mağaza, anbar və s. kimi istifadə olunubsa, bu məsələ qaldırılan zaman qanunvericiliklə baxılmalıdır. Amma bunun həlli mexanizmi yoxdur. Varis əmlakı özəlləşdirmə proqramında nəzərdə tutulan qaydada ala bilər, ancaq ona qaytarılması məsələsi yoxdur".
Millət vəkilinin sözlərinə görə, hər hansı bina hansısa bəyin, xanın, varlı adamın olubsa, indi orda onun nəsil-nəcabəti yaşamaqda davam edirsə, o bina varislər tərəfindən özəlləşdirilir və bütün qanunvericilkdə nəzərdə tutulan prinsiplər əsasında həmin daşınmaz əmlakın onlara məxsusluğu davam edir.
"Yox əgər bina artıq Sovet hakimiyəti dövründə dövlət mülkiyyətinə çevrilibsə və ordan başqa məqsədlər üçün istifadə olunub, sonra özəlləşmə proqramı üzrə özəlləşdirməyə çıxarılıbsa, artıq daşınmaz əmlakın pulsuz sürətdə varislərinə qaytarılması mexanizmi yox, özəlləşdirmə proqramında nəzərdə tutlumuş qaydada onun özəlləşdirilməsi mümkündür, başqa variant yoxdur".
İqtisadiçi-ekspert Vüqar Bayramov yalnız daşınmaz əmlakın yox, XX əsrin əvvəllərində yaşamış milyonçuların xarici banklardakı vəsaitlərinin də öz davamçılarına və ya varislərinə çatması ilə bağlı problemlərin olduğunu qeyd edib.
"Daşınmaz əmlakın varislərinə çatması ilə bağlı problem onunla bağlıdır ki, əvvəla həmin daşınmaz əmlakın hamısı Sovet dövründə milliləşdirilib. Milliləşdirildiyi üçün sonradan həmin daşınmaz əmlakın bir qismi ya yaşayış binlarına çevrildi, ya dövlət idarələrinin yerləşdiyi binalar oldu, ya da fərdi vətəndaşlara verildi və ya satıldı. Təbii ki, fərdi vətəndaşlar həmin daşınmaz əmlakın sahiblərinə çevrilib".
V.Bayramovun fikrincə, daşınmaz əmlakın varislərinə verilməsi üçün əvvəla həmin binlarada yaşayan, mənzil sahibi olan vətəndaşlara bazar qiymətlərinə uyğun konpensasiya ödənilməlidir və bu da kifayət qədər çətin və xərcli mexanizmdir.
"Çünki məhz həmin milyonçuların inşa etdirdiyi və indi istər yaşayış binası, istərsə də qeyri-yaşayış binası kimi istifadə olunan daşınmaz əmlakların əksəriyyəti şəhərin mərkəzində yerləşir, kifayət qədər bahalı binalardır. Milyonçuların varislərinə həmin binaları qaytarmaq mexanizmi kifayət qədər qaranlıq və qeyri-real görünür. Bütövlükdə isə belə daşınmaz əmlakların heç biri varislərinə çatmayıb".
"Əmlak Məcəlləsində daşınmaz əmlakın varislərinə çatması məsələsi öz əksini tapıb" deyən ekspertin sözlərinə görə, əmlak sahibi rəhmətə gedərsə, onun daşınmaz əmlakı övladları tərəfindən bölüşdürülür.
"Praktiki olaraq əmlak sahibi rəhmətə getdikdən sonra onun əmlakına sahib çıxan övladları olur. Əgər övladı yoxdusa, əmlak sahibi ölməmişdən öncə notarial qaydasında daşınmaz əmlakın varisini müəyyənləşdirə bilər. Əgər yaxın qohumları yoxdusa, o zaman varis olmur və əmlak dövlət tərəindən idarə olunur".
Müəllif:Aytən Əliyeva-modern.az