Kürdlərin xeyli hissəsi özlərini kurmanc adlandırırdılar. Əsasən Cənub Qərbi Asiyada məskunlaşmış kürdlər keçmiş SSRİ-də Ermənistan Respublikası (57min), Gürcüstanda (34 min), Qazaxıstanda (25 min), Qırğızıstanda (14 min), Azərbaycanda (10 min) və Rusiyanın Krasnadar diyarında (5 min) yaşayırlar. Ermənistan Respublikasında kürdlər əsasən Aparan (Avaran), Talin, Üçmədzin rayonlarında yaşayırlar. İcevan, Sevan, Vardeniz (Basarkeçər), Artik, Abovyan, Aştarak, Oktomberyan və Vedi rayonlarının bəzi kəndlərində də kürdlər yaşayırlar. Keçən əsrin 80-cı illərinin sonlarında müsəlman kürdlər erməni quldur dəstələri tərəfindən Ermənistan respublikasından, 1992-ci ilin mayından Azərbaycan respublikasının Laçın rayonundan zorla qovulmuşdular. Gürcüstanda əsasən kürdlər şəhərlərdə yaşayırlar.
Həmçinin bax: Azərbaycan əhalisinin coğrafiyası Müəllif: Həvilova Fəxriyyə Həvil qızı
Kürd dili Hind-Avropa dil ailəsinin İran qrupuna aiddir. Bu dil Şimal (Kurmancı və zaza), cənub (surani) dialektlərinə ayrılır. Cənubi Qafqaz kürdləri əsasən kurmancı dialektlərində danışırlar. Keçmişdə Ermənistan ərazisində yaşayan kürdlər sünnü, Azərbaycanda yaşayan kürdlər isə şiə, Gürcüstan və Ermənistan ərazisində yaşayan kürdlərin bir qismi yezidi kürdlərdir.
Kürdlərin Cənubi qafqaza gəlişləri dəqiq müəyyən edilməmişdir. Onların xeyli kütləsi əsasən bölgəyə XIX əsrin əvvəllərində yerləşdirilib. 1939-cu ildə Ermənistanda yaşayan müsəlman kürdlər, 1944-cü ildə Gürcüstanda yaşayan müsəlman kürdlər Qazaxıstan və Orta Asiyaya sürgün edilmişlər. SSRİ dağıldıqdan sonra qeyd olunan bölgələrə sürgün edilmiş kürlər Krasnodar və Stavrapol, Rastov ərazilərinə və Adıgey vilayətlərinə köçürülmüşlər. Hazırda bu əraziyə Cənubi qafqazdan köçmüş kürdlər də əlavə olunmuşlar.
20-ci illərin əvvəllərinə qədər kürdlər köçəri və yarım köçəri həyat tərzi keçirirdilər. Hər bir nəslin öz yaylaq və qışlaq yeri olurdu. Onlar maldarlıqla yanaşı əkinçiliklə də məşğul olurdular. Azərbaycanda, azərbaycan türklərinin təsiri altında kürdlərdə yun məmulatı istehsalı, xalçaçılıq inkişaf etmişdir. Ənənəvi kürd evləri gil və ya aşdan tikilirdi. Ev beş hissədən ibarət olurdu. I- malatan-durexane (çörək bişirilən, yemək yeyilən və yataq otağı), II-si Kilar (ərzaq anbarı), III-si bom (it saxlanılan yer), IY-sü tabla (tbvlə), Y-si oba (qonaq otağı). Bütün otaqların qapısı bir yerə – sevdara yəni dəhlizə açılırdı. Evlərdə pəncərə yerinə damda deşik açılırdı. Ocaq Evin ortasında qalandığından damda açılan baca, həm də tüstü çıxması üçün nəzərdə tutulurdu. Köçəri kürdlərin mənzilləri kom və ya çadır adlanan alaçıqlardan ibarət olurdu.
Qafqazda yaşayan kürdlərin maddi mədəniyyətləri içərisində daha çox qadın geyimləri öz ənənəviliyini saxlamışdır. Kürd qadın geyimi bunlardan ibarətdir: Şalvar, köynək, qolsuz köynək, tuman, bane və ya beşte adlanan yun qurşaq, kofi adlı baş geyimi, yun corab. Yezidi kürdlər yalnız ağ rəngli şalvar geyinirdilər. Müsəlman kürd qadınları hündür, yezidi kürd qadınları isə alçaq kofi geyirdilər. Qadınlar bəzənməyi çox xoşlayır sırğa, bilərzik, muncuq taxırdılar. Sinə bəzəyi kimi sədəfən, ayaq bəzəyi kimi xırxal adlı muncuqdan istifadə edirdilər. Kürd kişiləri qurşaqlarına xəncər keçirirlər. Müsəlman kürdlərin adət-ənənələri azərbaycanlılardan o qədər də fərqlənmir.
Mənbə: Şərq mədəniyyəti və etnoqrafiyası