Muğam — Azərbaycan xalqının bədii yaradıcılığının zəngin bir hissəsi, əsrlərdən bəri şifahi şəkildə inkişaf edərək dövrümüzə gəlib çatmış unikal sənət nümunəsi, Şərq xalqlarının şifahi ənənəli professional musiqisi (ənənəvi musiqi) sistemində özünəməxsus janrdır.
Dahi Azərbaycan bəstəkarı Ü.Hacıbəyov Yaxın və Orta Şərq xalqlarının 14-cü əsrdə inkişafın zirvə nöqtəsinə çatmış musiqi mədəniyyətini 12 sütunlu və 6 bürclü (qülləli) bir binaya bənzədir. 14-cü əsrin sonuna yaxın baş verən ictimai, iqtisadi və siyasi dəyişikliklərlə əlaqədar olaraq bu binanın divarları çatlayaraq, uçub dağılmış və Üzeyir bəyin təbirincə desək, Şərq xalqlarından hər biri bu musiqi binasının qiymətli parçalarından istifadə edərək, özünün yeni musiqi barigahını tikmişdir. Üzeyir Hacıbəyovun qeyd etdiyi 12 klassik muğam Şərq xalqlarının ümumi yaradıcılığının bəhrəsi olmuşdur. Azərbaycan muğamları məhz orta əsrin bu 12 muğamı əsasında təşəkkül tapıb inkişaf etmişdir.
Muğamın yaranması haqda müxtəlif fərziyyələr var. Bəzi alimlərin fikrincə, muğam melodiyalarının meydana gəlməsi orta əsr poeziyası ilə bağlı olmuş və şeirlərin sözlərinin uzadılaraq oxunması muğam reçitasiyasının yaranmasını şərtləndirmişdir. Digər tədqiqatçıların fikrincə, reçitativ üslublu muğam melodiyalarının meydana gəlməsində Quran mətnlərinin uzadılaraq avazla oxunmasının mühüm rolu olmuşdur. Tarixən ilkin olaraq vokal, daha sonra instrumental muğamın meydana gəlməsi şübhəsizdir.
Muğamlar — xalq çalğı alətlərinin (tar, kamança) müşayiəti ilə xanəndə tərəfindən, yaxud musiqi alətlərinin birində ifa olunan çoxhissəli kompozisiyalardır. Muğam kanonikləşdirilmiş incəsənət növlərinə aiddir və burada klassik kanon ilə improvizasiya üzvi vəhdət təşkil edir. Muğamdakı improvizasiya ciddi normalaşdırılmışdır və ifaçı bu improvizasiyanı yalnız müəyyən qanunlar çərçivəsində edə bilər. Muğamlardan hər birinin əsasını müəyyən bir lad (məqam, modus) təşkil edir. Muğamdakı şöbə və guşə adlanan bölmələr bunun əsasını təşkil edən ladın müəyyən pillələri ətrafında gəzişmələrdən ibarət melodiyalardan yaranır. Şöbə və guşələrin növbələşməsi müəyyən ladın qanunauyğunluqlarına tabe olduğuna görə ifa zamanı bunların ardıcıllığı pozulmamalıdır. Muğamın hər şöbəsi ladın getdikcə daha yüksək pilləsi ətrafında gəzişdiyinə görə muğamdakı inkişaf dramaturgiyasının ibtidaidən aliyə doğru olduğunu görürük; bu inkişaf maye adlanan nöqtədən başlayaraq muğamın zilinə, kulminasiyasınadək davam edir. Kulminasiyadan sonra sürətli «enmə» mərhələsi və əvvəlki nöqtədə — mayedə yekunlaşma baş verir.
Muğamda fazalarla gedən bu inkişafı tədqiqatçılar çox zaman müxtəlif emosional vəziyyətlərdən, əhval-ruhiyyələrdən keçərək zirvəyə ucalması, «ekstatik vəziyyətə çatan ruhun inkişafı, yüksəlişi» (S.Bağırova), «etiraf yolu, həqiqətin ekstatik dərk olunması yolu» (G.Abdullazadə) kimi səciyyələndirirlər. Muğam fəlsəfəsinin sufilik, yəni müxtəlif dərviş təriqətləri və s. ideyalar məcrasında təşəkkül tapıb inkişaf etməsi fikri (G.Abdullazadə) geniş yayılmışdır. Muğama aid olan bütün şöbə, guşə, təsnif, rəng və s. bölmələrin məntiqi qayda üzrə düzülüşündən yaranan böyük kompozisiyalar — dəstgahlar Azərbaycanın şifahi ənənəli professional musiqi sənətinin klassik formasıdır. Muğamların mətni klassik Şərq poeziya janrı olan qəzəllərdən ibarətdir ki, bu janr müstəsna olaraq əruz vəzninə əsaslanır. Muğamlar ən çox Nizami, Füzuli, Vaqif, Seyid Əzim Şirvani, Natəvan, Əliağa Vahid kimi şairlərin qəzəllərinə oxunur.
Muğamı yaşadan, bu klassik sənəti nəsildən nəsilə ötürən və inkişaf etdirərək təkmilləşdirənlər — ifaçılar — xanəndə və sazəndələrdir. Muğamın görkəmli ifaçıları olan yaradıcı sənətkarlar müəyyən qanunlar çərçivəsində muğam kompazisiyalarına yeni nəfəs gətirmiş, məzmununu zənginləşdirmişlər. Xanəndə və sazəndə sənətinin inkişafı nəticəsində 19-20-ci əsrlərdə Azərbaycanın muğam sənəti özünün zirvə nöqtəsinə çatmışdır. 19-cu əsrdə Azərbaycanın muğam sənətkarlarının şöhrəti nəinki bütün Qafqazda, həmçinin Türkiyədə, İranda, Orta Asiyada geniş yayılmışdı. Muğam sənətinin inkişafı nəticəsində Azərbaycanın bir sıra yerlərində, o cümlədən Qarabağda, Şirvanda, Bakıda ifaçılıq məktəbləri meydana gəlmişdir.
19-cu əsrdə Şuşada Xarrat Qulunun yaratdığı xanəndəlik məktəbini misal göstərmək olar ki, Azərbaycanın bir çox görkəmli ifaçıları — Hacı Hüsü, Məşədi İsi, Əbdülbağı Zülalov (Bülbülcan), Keçəçioğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu, tarzən Mirzə Sadıq Əsəd oğlu (Sadıqcan) bu məktəbin yetirmələri olmuşlar. Muğam ifaçılığının inkişafında bu məktəblərlə yanaşı Şuşada, Bakıda və Şamaxıda fəaliyyət göstərən «məclislərin» — şair və musiqiçilərin çıxış və sənət haqda söhbətləri, qızğın diskussiyalarla keçən yığıncaqlarının müstəsna rolu olmuşdur. Azərbaycana səfər edən fransız yazıçısı Aleksandr Düma özünün «Qafqaza səyahət»ində belə məclislərdən biri haqqında təəssüratlarını qələmə almışdır.
Əsrlərdən bəri zəngin mədəni ənənələri ilə şöhrət qazanmış Qarabağ torpağı sənətkarlar, şair və yazıçılar, musiqiçilər yurdu kimi Azərbaycandan çox uzaqlarda tanınmış, Qarabağın tacı sayılan Şuşa şəhəri isə «Şərqin konservatoriyası» adlandırılmışdır. Qarabağ muğam ifaçılığı məktəbinin ən görkəmli nümayəndələri içərisində yuxarıda adlarını çəkdiyimiz sənətkarlarla yanaşı Seyid Şuşinski, Məcid Behbudov, Məşədi Cəmil Əmirov, Zülfü Adıgözəlov, İslam Abdullayev, Xan Şuşinski kimi görkəmli musiqiçilər, 20-ci əsrin ikinci yarısında Sara Qədimova, Arif Babayev kimi xanəndələr, Qurban Pirimov, Məşədi Zeynal kimi tarzənlər olmuşdur.
Şamaxıda yetişmiş muğam sənətkarları içərisində Mirzə Məhəmmədhəsən, Mehdi, Əbdül Məbud, Şükür, Davud Səfiyarov kimi xanəndələr, Məhəmmədqulu və Hümayi kimi tarzənlər olmuşdur. Bakı məclisinin rəhbəri olan görkəmli musiqiçi Məşədi Məlik Mansurovun İçərişəhərdəki evində toplaşan musiqiçilər içərisində İrandan, Qarabağdan, Şirvandan gələn muğam biliciləri də iştirak edirdi. Məşədi Məlikin oğlanları Mirzə Mansur və Məşədi Süleyman tarzən olmuşlar. Bakı məktəbinin yetişdirmələri arasında tarzən Mirzə Fərəc, Ağa Səid oğlu Ağabala və Seyid Mirbabayev kimi xanəndələri, 20-ci əsrin ortalarında tarzənlərdən Bəhram Mansurovu, Əhməd Bakıxanovu, ifaçılardan Hacıbaba Hüseynovu, bir qədər sonra Əlibaba Məmmədovu qeyd etməliyik. Xanəndə və sazəndələrdən bilik, bacarıq, zövq, böyük emosional və fiziki qüvvə tələb edən dəstgahlar əvvəllər kişi xanəndələr tərəfindən oxunmuşsa, 20-ci əsrdə Həqiqət Rzayeva, Yavər Kələntərli, Şövkət Ələkbərova, Rübabə Muradova, Sara Qədimova, Fatma Mehrəliyeva, Zeynəb Xanlarova kimi qadın xanəndələr də mahir dəstgah ifaçıları kimi tanınmışlar.
Muğam sənətinin inkişafında yeni mərhələ olan 20-ci əsr həm də Azərbaycan muğamının yeni bədii sistemə daxil olması ilə səciyyələnir. Bir tərəfdən bu janr əvvəlki dövrlərdə olduğu kimi, muğam sənətkarlarının yaradıcılığında yaşayaraq, təkmilləşməkdə davam edir; digər tərəfdən isə milli musiqimizdə yaranmış yeni istiqamət — bəstəkar yaradıcılığı muğamın yeni müstəviyə çıxarılmasını şərtləndirir. Muğamın bəstəkar yaradıcılığına təsiri, buradakı rolundan danışarkən belə bir maraqlı halla qarşılaşırıq ki, ənənənin özü nəinki yeniliyə mane olmur, əksinə, bu yeniləşməyə təkan verir. 20-ci əsrdə dahi Üzeyir Hacıbəyov — Avropa ənənəsinə əsaslanan bəstəkar yaradıcılığının təməlini qoymuşdur. Və muğamın yeni musiqi sisteminə, daha doğrusu, yeni bədii sistemə daxil olması, əsrlərdən bəri Avropa musiqisi məcrasında yaranıb inkişaf edən janrlarla sintezləşdirilməsi də Üzeyir Hacıbəyovdan başlanır.
Bəstəkarın ilk əsəri — bütün müsəlman Şərqində ilk opera olan «Leyli və Məcnun»un musiqisi bütünlüklə muğamlardan ibarət idi. Bundan sonra milli bəstəkalıq məktəbimizin nümayəndələri içərisində elə bir sənətkar olmayıb ki, muğamdan bəhrələnməsin, hansı bir müstəvidə isə muğama əsaslanmasın. Məhz Azərbaycan musiqisində Şərqin ənənəvi professional musiqi sənəti ilə Avropanın professional musiqi yaradıcılığının sintezi baş tutmuş və bu qovuşuq zəminində tamamilə yeni bir üslub yaranmışdır. Muğamın Avropa simfonizmi ilə qovuşuğundan yeni janr — simfonik muğam janrı meydana gəlmişdir — bunun yaradıcısı Fikrət Əmirov idi («Şur», «Kürd-Ovşarı», «Gülüstan-Bayatı Şiraz»). İlk dəfə xor muğamını yaradan Cahangir Cahangirov olmuşdur («Azad» operası). Qara Qarayev, Cövdət Hacıyev, Soltan Hacıbəyov, Arif Məlikov, Xəyyam Mirzəzadə, Aqşin Əlizadə, Firəngiz Əlizadə kimi bəstəkarların yaradıcılığında muğamdan irəli gələn bədii prinsiplər ən müasir kompozisiya texnikası ilə, aleatorika və sonoristika ilə, «yeni musiqi»ni səciyyələndirən vasitələrlə üzvi vəhdətdə qovuşur. Azərbaycan bəstəkarları muğam prinsiplərini estrada musiqisinə (Tofiq Quliyev), caz sənətinə (Vaqif Mustafazadə) gətirirlər. Bir sözlə, muğam tamamilə yeni bədii sistemlərə daxil olur.
20-ci əsrdə Azərbaycan musiqisinin parlaq simalarından olan Vaqif Mustafazadə muğam və caz sənətini çarpazlaşdırmış, Azərbaycan cazının özünəməxsusluğunu şərtləndirmişdir. Müəyyən, reqlamentləşdirilmiş qurumlar çərçivəsində melodik modellərin variant şəklində inkişafında improvizə amilinin olması muğam ilə caz arasında bir körpü salınmasını asanlaşdırmışdır. Ümumiyyətlə, 20-ci əsrin ortalarından başlayaraq Qərb dünyasında əvvəllər onun üçün yalnız uzaqdan seyr edilə biləcək bir ekzotik musiqi aləmi olan muğam tipli ənənəvi musiqi növlərinin mahiyyətinə varmaq meyli güclənməyə başlamışdır.
Şərq xalqlarının ənənəvi musiqisinin unikal janrları, o cümlədən Azərbaycan muğamının qorunub saxlanması son onilliklərdə ümumdünya miqyasında diqqət mərkəzinə gətirilmişdir. Bu sənət növlərinin müasir elmin nailiyyətləri səviyyəsində tədqiqi və inkişaf etdirilməsilə bağlı problemlər dünyanın ən nüfuzlu musiqiçiləri və alimlərinin qarşılıqlı əməkdaşlığı və fikir mübadiləsi zərurətini yaratmış, 20-ci əsrin 70-ci illərindən başlayaraq keçirilən mötəbər simpozium və konfranslarda müzakirə edilmişdir.
Bu gün Azərbaycanın muğam sənətinin inkişafı yolunda dövlət səviyyəsində aparılan böyük işlər, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü və dəstəyi sayəsində həyata keçirilən muğam layihələri, 2003-cü ildə Azərbaycan muğamının YUNESKO tərəfindən bəşəriyyətin şifahi ənənəli mənəvi şedevrləri siyahısına daxil edilməsi bu unikal sənət növünün misilsiz bədii dəyərə malik olduğunu, beynəlxalq miqyasda mədəniyyətlərarası əhəmiyyətini bir daha təsdiq edir.
Şəhla HƏSƏNOVA,əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, Bakı Musiqi Akademiyasının professoru
MUĞAM OXU
Gəl, ey xoşavaz, məclisi şad et, muğam oxu,
söz əhli olan yerdə bir ad et, muğam oxu.
Tanrı dərgahında nə xoş duadı musiqi,
ruhu burda olanları yad et, muğam oxu.
Sal Məcnunu səhralara, Fərhadı dağlara,
çək nalə, bəlayi-eşqdən dad et, muğam oxu.
Öldür Leylini şaqraq səsin zənguləsində,
Fərhad üçün Şirintək fəryad et, muğam oxu.
Hər hıçqırtından qan-yaşlı bir nəşə boylansın,
könülləri yandırıb abad et, muğam oxu.
Bir incə sənətdir ki, anlayar onu hər kəs,
bu sirri-Xudaya etiqad et, muğam oxu.
Fəxrəddintək nə çoxdur musiqi cəfakeşi,
bu əhli-ürfanlara imdad et, muğam oxu.
Şeirin müəllifi: FƏXRƏDDİN ZİYA (Əliyev Fəxrəddin Mansur oğlu).