Ramana kəndi

Ramana kəndi

Qədimliyi, tarixi-mədəni zənginliyi ilə seçilən Bakı kəndlərindən biri də Ramanadır. Tarixçilərdən S. Aşurbəyli və S. Vəliyevin fərziyyələrinə görə, Ramana kəndinin adı romalılarla, roman tayfaları ilə (Roma imperiyasının legionları eramızın birinci əsrində Abşeronda olmuşlar) əlaqədardır. Digər fərziyyəyə görə, Ramana sözü iki fars sözünün birləşməsindən əmələ gəlmişdir: rahi - yol, mani - kəsən, kəsişən. Əvvəllər Abşeron kəndlərinin yolları Ramanada kəsişərmiş. Hazırda Ramana kəndini ətrafla əsasən iki yol birləşdirir: Şəhər şossesindən ayrılan yol Muxtarov sahəsindən keçib kəndə qədər uzanır. İkinci yol isə aeroporta gedən yolla birləşir.

Sovet hakimiyyətinin ilk illərində Ramana kəndinin ərazisində neft quyuları qazılıb. Bununla əlaqədər kəndin cənub-qərbində (aeroport yolunun kənarında) Yeni Ramana qəsəbəsi inşa edilib, əhalinin bir hissəsi oraya köçürülüb.
Kənddə orta məktəb, poçt, ATS və üç məscid fəaliyyət göstərir. Kəndin ortasındakı meydanda Qurban məscidi, hamam, klub, kitabxana, bələdiyyə, icra hakimiyyətinin nümayəndəliyi, ATS və dükanlar yerləşir. Kəndin şərqində daş və çınqıl karxanaları olub. Hazırda daş karxanaları fəaliyyətdədir. Bakının bir çox köhnə tikililərində Ramananın sarıqaya daşından istifadə olunub.

Tarixi abidələr

Ramana kəndində bir neçə qədim tarixi abidə var. Qərb tərəfdəki yolla kəndə yaxınlaşarkən qaya üzərində inşa edilmiş əzəmətli tikili nəzəri cəlb edir. Bu məşhur Ramana qalasıdır. Eynilə Mərdəkan qalasını xatırladır. Qalanın acınacaqlı tarixi var. Ötən əsrin 30-cu illərində qalanın bir hissəsi, eləcə də qalanın yaxınlığındakı həyətlər, o cümlədən Ramana kəndinin tanınmış tikililərindən olan Bakıxanovların və Hacınskilərin evləri dövlət tərəfindən sökülərək daşları başqa tikintilərdə istifadə edilib. Söküntü işləri zamanı qalanın həyətinə giriş hissəsindəki portalının üzərində olan daş kitabə dağıdılıb.
1950-ci illərdə Qabil adlı kənd sakini öz hesabına qalanı bərpa etməyə başlayıb. Sonra isə qala dövlət tərəfindən bərpa edilib. Bərpa işlərinin layihəsini L. Mamikanov və İ. Revazov tərtib ediblər.
XIV əsr abidəsi olan Ramana qalasında “Koroğlu”, “Nəsimi”, “Babək” filmlərindən kadrlar lentə alınıb. Qalanın qarşısında hündür qaya parçası diqqəti cəlb edir. Dahi sənətkarımız Bülbül Koroğlu ariyasını da məhz o qayanın üzərində oxuyub. Ramana qalası turistləri cəlb etmək üçün əlverişli olsa da, hələlik bu yöndə yetərincə təmir-bərpa işi görülməyib.
Qala məscidi (Xəlifə Əli məscidi) 1323-1324-cü illərdə sal qaya üzərində inşa edilib. Məscidin ərazisi 1636-cı ildən genişləndirilib. Nəriman məscidi 1898-ci ildə inşa edilib. Məscidin adı onu inşa etdirən şəxsin adı ilə bağlıdır. Qurban məscidi də 1901-ci ildə Qurban adlı kənd sakini tərəfindən inşa edilib.
Sovet hakimiyyətinin ilk illərində klub kimi istifadə edilən məscidin mehrabı sökülüb. Məsciddə akustika güclü olduğundan 1937-ci ildə onun günbəzini də söküblər. Sovet hakimiyyətinin süqutundan sonra günbəz yenidən inşa edilib. Yuxarıda qeyd olunan məscidlərdən əlavə, kənddə vaxtilə məhəllə məscidləri də olub.
Kənddə üç böyük hamam fəaliyyət göstərib. Onlardan başqa məhəllə və həyət hamamları olub. Meydanda yerləşən Hacı Mövlud hamamı 1899-cu ildə inşa edilib. Kəlbə Baxşəli hamamının isə 1880-ci ildə inşa edildiyi deyilir. Dörd sütunlu portalı olan hamamı 1939-cu ildə söküb yerində neft quyusu qazıblar.
Puteyev hamamı neft sənayesinin inkişafı ilə əlaqədar inşa edilib. Hamamda su buxar qazanları vasitəsi ilə qızdırılıb.
Kəndin şimal tərəfində dəmir betondan inşa edilmiş maraqlı bir tikili var. Bu tikili dayaqlar üzərində qurulmuş böyük həcmli su anbarıdır. Anbar vaxtilə neft sahibkarları tərəfindən inşa edilib. Kəndin içində 2 ovdan olub. Kəndin Şərq hissəsində Sahib bağı yerləşirmiş. Bağın içində və yaxınlığında qayaya çapılmış 2 ovdan var idi. Əfsuslar olsun ki, bağın sahəsi fərdi evlər tikmək üçün paylandıqdan sonra ovdanlar ləğv edilib.

Qədim tikililər, tarixi evlər

Kənddə əsasən üç böyük məhəllə var: Qala dibi, Aşağı və Yuxarı məhəllə.
Həmin məhəllələr də nəsillərə, tayfalara görə bölünüb. Qala dibi məhəlləsində Bakıxanovların evləri olub. Kəndin qəbiristanlığında Bakıxanovların əcdadlarının üç məzarı var.
Neft sahibkarlarından Zəfər və Qurban Babayevlərin kənddəki evində hazırda klub, kitabxana və bələdiyyə idarəsi yerləşir.
Ramanada Məmmədxanlılar, Maşılılar, Mollalılar, Məmmədtağılılar, Meybalılar, Eyvazlılar, Rəhimlilər, Ərəblilər, Seyidlilər, Mirzəbəylilər, Qənbərlilər kimi geniş tanınan tayfalar olub.
Ramana kəndinin sakinləri, neft sənayesi inkişaf etməmişdən əvvəl əkinçilik və maldarlıqla məşğul olublar. Əkin sahəsinin müəyyən hissəsində pambıq da əkiblər. Qala cinsli qoyun və at saxlayıblar.
Ramana Mədəniyyət evinin bədii rəhbəri Şərəf Talıbova mədəni fəaliyyətlərindən söhbət açır: “Burada müxtəlif özfəaliyyət dərnəkləri, instrumental ansambl, uşaq dram dərnəkləri fəaliyyət göstərir. Hər il müxtəlif konsertlər, tamaşalar hazırlayır, geniş şəkildə bayramları qeyd edirik”. Şərəf xanım ənənəvi baxış müsabiqələrində iştirak etdiklərini də dedi.

Kənd içində yayılan məzəli əhvalatlar

Ramana kəndinin sakinləri arasında bir çox məzəli əhvalatlar yayılıbdır. Onlardan bir neçəsini sakinlər danışıb. Deyilənlərə görə, ramanalı bir kişi mədrəsənin qarşısından keçərkən oğlunun ağlamaq səsini eşidir və oraya daxil olur. Görür ki, molla onun oğlunun ayaqlarını falaqqaya salıb döyür. Ata uşağın ayaqlarını açır və mollanın ayaqlarını falaqqaya salıb onu uşaqlara yaxşıca döydürür.
Digər maraqlı hadisə Lenin ilə bağlıdır. 1924-cü ildə Lenin ölərkən “Leninneft” idarəsinin 12-ci mədənində iclasa yığılırlar. Bir neçə çıxışdan sonra, mədəndə işləyən Əliməmməd adında savadsız fəhləyə söz verilir. O bir qədər fikrə getdikən sonra deyir: “Öldü Lenin, çarəmiz nədir? Yaşasın Stalin!”

Müəllif: Yeganə Cansail
Mənbə: Mədəniyyət qəzeti

Top